207. 546 dəfə oxunub ,   9 şərh   Çap et

Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.

(Bəqərə surəsi, 2/154)

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər.

Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.

Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.

Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.

 Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.

Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Xalqımızın müsətqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır. Belə ki, 1990-cı ilin 20 yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin ağır texnika ilə silahlanmış ordusu öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımıza divan tutmaq və xalqın mübarizə əzmini qırmaq üçün vəhşiliklər törətdi. Həmin gün paytaxt Bakı dəhşətli anlar yaşadı. Evlər gülləbaran edilir, küçələr dağılır, bağlar viranəyə dönür, məsum körpələri atəş səsləri diksindirir, igidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara daşınırdı. Xalqımız matəmə bürünmüşdü. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı və mübarizə əzmini göstərdi.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

Bəxtiyar Vahabzadə “Şəhidlər” şeirində həmin günü və şəhidləri belə təsvir edir:

Şəhidlər

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

Bəxtiyar Vahabzadə

Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!




Bənzər məqalələr

Şəhid

Şəhidlik nədir? Həqiqi şəhid, Dünya şəhidi, Axirət şəhidi, Kimlər şəhid sayılır? Səhvən özünü öldürən şəhid sayılırmı?

Şəhidlər haqqında

Şəhidlər beş cürdür: vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar


9 şərh yazılıb
  1. aynur , 27/09/2015 tarixində, saat 08:09

    Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin

  2. Nəsibə , 19/01/2016 tarixində, saat 16:01

    Çox gözəl mətndir.

  3. Nəsibə , 19/01/2016 tarixində, saat 16:01

    G özeldir

  4. Aze_boy , 21/01/2016 tarixində, saat 15:01

    Cox gozel

  5. Aqshin , 26/01/2016 tarixində, saat 13:01

    salam aleykum qul haqqi nedir? Sualimi cavablandirardiz zehmet olmasa.

  6. Pelin , 02/02/2016 tarixində, saat 17:02

    Ela mətndir istifade etdim 👍👍👍👍👍👍

  7. nurcan , 10/02/2016 tarixində, saat 17:02

    gozel

  8. hayel , 25/02/2016 tarixində, saat 18:02

    Doğrudan şəhid adı gələndə mənim ürəyim burulub
    Allah bütün şəhid analarına səbr versin!AMİN
    Mənim də əmim şəhid olmuşdu😣😣

Şərh yaz