3. 760 dəfə oxunub ,   1 şərh   Çap et

Küçədən, yoldan və ya hər hansı bir yerdən itirilmiş, sahibi olmayan mal (əşya, pul və s.) tapan şəxs sahibi tapılana qədər həmin malı özündə saxlaya bilər.

İtirilmiş malı sahibinin tapma ehtimalı varsa və ya kimə aid olduğu bilinirsə həmin malın götürülməsi doğru deyil.

Tapılan mallar qiymətli və qiymətsiz olmaqla iki növdür. Çöllərdə, tarlalarda, bağlarda tərk edilən və sahibindən (sahibi yığdıqdan sonra) artıq qalan taxıl, meyvə, fındıq, qoz və s.-nin hamısı qiymətsiz mallara aiddir. Alimlərin bəzilərinin fikrincə həmin məhsulları tapan kimsə ondan istifadə edə bilər. Belə məhsulların sahibini tapmaq üçün elan etməyə ehtiyac yoxdur. Əgər mal sahibi haqqını istəyərsə bu ödənilməlidir.  

Qiymətli hesab olunan malları tapan şəxs isə əvvəlcə tapdığı mala kimisə şahid tutmalı və malın bütün xüsusiyyətlərini müəyyənləşdirməlidir. Sonra da tapdığı malı elan etməlidir.

Ubey ibn Kab nəql edir: Bir dəfə mən bir kisə pul tapdım. İçində yüz dinar vardı. Onu Rəsulullaha (s.ə.s) göstərdim. Rəsulullah (s.ə.s) həmin kisəni bir il boyunca elan etməyimi istədi. Mən də bir il elan etdim. Sahibi tapılmadı. Yenidən Rəsulullahın (s.ə.s) yanına gəldim. Rəsulullah (s.ə.s) yenə bir il elan etməyimi istədi. Yenə sahibini tapa bilmədim. Bu dəfə Rəsulullah (s.ə.s) belə buyurdu: “Bu kisəni, içindəki pulun məbləğini yaxşı yadında saxla. Sahibini tapsan ona geri qaytar. Əgər sahibini tapmasan özün üçün xərclə.” (Buxari, Luqata, 1).

İtirilən malı tapan şəxs bir il ərzində ictimai yerlərdə-bazarlarda, məscidlərdə və s. müxtəlif üsullarla tapılan malı elan etməldir. Əgər sahibi ortaya çıxmasa həmin malı sahibinin adından kasıblara, ehtiyacı olanlara paylaya bilər. Əgər özü həqiqətən kasıbdırsa həmin maldan istifadə edə bilər. Özü həmin maldan istifadə etsə sonradan malın sahibi məlum olarsa istifadə elədiyi malın əvəzini ödəməlidir.

Yaşadığımız dövrdə qiyməti bahalı olan əşya, yüksək məbləğdə pul, telefon, önəmli sənəd  və s. tapıldıqda ən yaxın polis bölməsinə və medya qurumlarına məlumat verilməlidir. Polis bölmələrində tapıntılar bürosu fəaliyyət göstərir.




1 şərh yazılıb
  1. Azer , 18/02/2014 tarixində, saat 13:02

    Çox sağ olun!

Şərh yaz