“Həqiqi müsəlman odur ki, din qardaşları onun dilindən və əlindən zərər gəlməyəcəyinə əmin olurlar! Həqiqi mühacir də Allahın qadağan etdiyi şeylərdən uzaqlaşandır”.[1]
İdeal mömin
اَلْمُسْلِمُ “əl-müslimu” sözünün əvvəlində müəyyənlik artikli “lam” hərfi gəlmişdir. Bundan başqa اَلْمُسْلِمُونَ “əl-müslimun” sözü də müəyyənlik bildirən “lam”la işlənmişdir. Bu iki müəyyənlik “lam”ı bir mənaya işarə edir: ideal mömin, həqiqətən, sülh və əmin-amanlıq atmosferinə girib özünü o iqlimdə əridə bilmiş və eyni zamanda heç bir insana əli və ya dili ilə zərər verməyən mömindir. Belə görünən, belə olduğunu iddia edən və ya dini mənsubiyyəti müsəlman tanınan insanlardan deyil, həqiqi və ideal mömindən bəhs edilir. Yəni “mütləq zikr kamalına məsrufdur”[2] prinsipinə istinadən “mömin” deyəndə ilk olaraq ağıla ən kamil mömin gəlir və hədisdə qəsd edilən mömin də məhz budur.
Həqiqi müsəlman etimad və etibar timsalıdır. Belə ki, bütün müsəlmanlar zərrə qədər də tərəddüd etmədən hər şeylərini onlara əmanət edə bilərlər. Ailələrini əmanət etmək istəsələr, tərəddüdsüz onun yanına qoya bilərlər. Çünki onun əlindən və dilindən heç kimə zərər gəlməz. Onunla eyni məclisdə olan bir insan oranı tez tərk etsə də, arxayın gedər, çünki bilir ki, məclisdə qalan o mömin nə onun haqqında qeybət edər, nə də başqalarının qeybətini dinləyər. O, öz şərəf və ləyaqətini qoruduğu kimi başqasının da şərəf və namusunu qoruyar. Yeməz, yedirər; içməz, içirər; yaşamaz, yaşadar. Və başqaları üçün hətta mənəvi feyzlərdən/qazanclardan da keçər.
Silm və müsəlman
“Müslim” sözüylə “səlimə” feli “silm” kökündən gəlir. Bəzi hərflərin oxşarlığına görə onların arasında natamam cinas mövcuddur. Ancaq bu iki sözün babları (ərəb qrammatikasına görə felin formaları) ayrıdır. Bu oxşarlıq və fərq bizə belə bir mənanı da xatırladır: Müsəlman silm, salamatlıq və müslimlik cizgisində yaşayan insandır. O, elə bir ilahi cazibəyə bağlanmışdır, artıq bütün hərəkətləri bu mərkəzəqaçma qüvvəsi ətrafında cərəyan edər.
O, tanıdığı-tanımadığı hər kəsə salam verər. Və beləcə qəlblərdə ona qarşı sevgi oyanar.
Namazını salamla bitirər. İns, cin, mələk, bütün şüurlu varlıqlar onun salamını alar. O görmədiyi bu varlıqlarla da salamlaşar. Onu da qeyd etmək lazımdır ki, indiyə qədər mömindən başqa heç kim salama belə genişlik, ənginlik gətirməmişdir.
İslam namaz, oruc, zəkat, həcc və kəlmeyi-şəhadət kimi əsaslar yerinə yetirilməklə qəbul edilir. Bu da Allah-Təalanın “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin!”[3] əmrinə tabe olmaqla sülh və əmin-amanlıq dəryasında yelkən açmaq deməkdir. Özünü o dəryaya atan insanın hər halı, hər davranışı, hər sözü sülh və İslam ətri saçar. İnsanlar da bu cür mömindən yaxşılıq və xeyirdən başqa bir şey gözləməz.
Nə üçün əl və dil?
Allah Rəsulunun (s.a.s.) hər ifadəsində olduğu kimi, sözügedən cümlələrində də hər söz diqqətlə seçilmişdir. Digər orqanların deyil, yalnız bu iki üzvün adını çəkməklə, əlbəttə ki, bir incə məqamı vurğulamaq istəyir. Bir insan başqa şəxsə iki cür zərər verə bilər. Ya birbaşa, üzbəüz, ya da qiyabi, yəni onun arxasınca… Üzbəüz verilən zərəri əl, qiyabi zərəri də dil təmsil edir. İnsan kiməsə qarşı ya şəxsən zor işlədər və onun haqqını tapdalayar, ya da arxasınca qeybətini edərək, alçaldaraq və hörmətdən salaraq haqqına girər. Mömin heç vaxt bu iki çirkin hərəkətə yol verməz, çünki onun möminliyi istər üz-üzə olduğu insanlara, istərsə də yanında olmayanlara qarşı həmişə mürüvvətli davranmağı tələb edir.
Bundan başqa Allah Rəsulu (s.a.s.) “dili” “əl”dən əvvəl qeyd edir. Çünki əllə verilən zərərə qarşı tərəfin cavab vermə ehtimalı var. Halbuki kiminsə arxasınca edilən qeybət və ya kiməsə atılan böhtan əksəriyyət etibarilə qarşılıqsız, cavabsız qalır. Bu səbəbdən belə bir hərəkət rahatlıqla fərdləri, cəmiyyətləri, hətta millətləri bir-birinə düşmən edə bilər. Dil ilə verilən zərərlərə nəzarət və onu aradan qaldırmaq əllə verilən zərərlərə nisbətən daha çətindir. Onun üçün də Allah Rəsulu dili birinci qeyd etmişdir. Digər tərəfdən bu ifadədə müsəlmanın Allah qatındakı dəyər və qiymətinə də işarə edilmişdir. Müsəlman olmağın Allah qatında yüksək dəyər və qiyməti bir müsəlmanın din qardaşı ilə münasibətdə əlinə və dilinə sahib olmasını tələb edir.
Cahanşümul əmin-amanlıq və asayişin bərqərar olması üçün İslamiyyətin mühüm bir əxlaqi meyarı müsəlmanın özünə maddi-mənəvi cəhətdən zərər verən şeylərdən uzaqlaşmasıdır. Digər önəmli meyarı isə başqalarına zərrə qədər də ziyan verməməkdir. Zərər vermək bir yana, cəmiyyətin hər təbəqəsində inam və etimadı layiqincə təmsil etmək onun vəzifəsidir.
Bəli, müsəlmanın müsəlmanlığı güvən və etibar təlqin etməsi ilə ölçülür. Həqiqi bir müsəlman da gəzib-dolaşdığı, oturub-durduğu hər yerdə “əs-səlam” mənbəli, “əs-səlam” ruhlu bu hissə, duyğuya tərcüman olur: o, möminlərlə görüşəndə salam verər, əmin-amanlıq arzular, ayrılarkən “salamat qal” deyərək sağlıq-salamatlıq diləyər, namazın təhiyyatlarını salamlarla bəzəyər və Haqqın hüzurundan da möminləri salamlayıb ayrılar. İndi bu cür “salam” mehvərində ömür sürən bir insanın əmin-amanlığa, etimada, asayişə və maddi-mənəvi, dünyəvi-üxrəvi qurtuluşa zidd bir yol tutması, özünə və başqalarına zərər verməsi mümkündürmü?!
Hədisin ruhundan süzülən digər məqamlara da qısaca nəzər salaq:
a. Həqiqi müsəlman yer üzündə cahanşümul sülhün ən etibarlı, ən layiqli təmsilçisidir.
b. Müsəlman ruhunun dərinliyində yaşatdığı bu ali duyğunu hər yerə saçar.
c. O, əziyyət vermək, cəfa etmək və zərər yetirmək bir yana qalsın, hər yerdə sülh və asayişin təmsilçisi kimi yad edilər.
d. Onun nəzərində əllə verilən zərərlə qeybət, böhtan, təhqir, alçaltma kimi dillə verilən zərər və dedi-qodu arasında fərq yoxdur. Heç birini işləməməyə çalışar. Hətta bəzi hallarda ikincisi birincisindən daha böyük günah sayılır.
e. Bir mömin bu günahlardan bəzilərini işləsə də, yenə mömindir və dindən çıxmış sayılmır.
f. Hər məsələdə olduğu kimi, iman və İslam məsələsində də ali hədəflərə yönəlməlidir. İnsanı kamilliyə aparan yolda sıravi bir müsəlman qalmaqla kifayətlənməməli, həqiqi möminlik zirvəsinə doğru yönəlmək lazımdır.
[1] Buxari, “İman” 4; Əbu Davud, “Cihad” 2.
[2] Bu qaydaya görə, bir anlayış, məfhum əlavəsiz söylənildiyi zaman həmin anlayışın ən kamil təmsilçisini ağıla gətirir. Məsələn; Peyğəmbər deyəndə dərhal ən mükəmməl Peyğəmbər olan Allah Rəsulu ağlımıza gəlir.
[3] “Bəqərə” surəsi, 2/208