Mənəviyyata Açılan Pəncərə

Əmisi Əbu Talibin Himayəsi

Abdulmuttalibin bu sözləri əmi Əbu Talib üçün bir ata vəsiyyəti idi. Buna görə də Əbu Talib qardaşı oğlu Məhəmmədi  öz yanına apardı və Onu bir ata şəfqəti ilə bağrına basdı. Artıq Allah Rəsulu baba yerinə Əbu Talibdən şəfqət görəcək, ana  yerinə də Əbu Talibin həyat yoldaşı və Hz. Əlinin anası Hz. Fatimənin[1] isti nəfəsini hiss edəcəkdi.

Əbu Talib yoxsul idi, özünü təmin edəcək var-dövlətə də malik deyildi. Amma onun qardaşı oğluna açdığı şəfqət qucağı hər cür şəraitdə özünü göstərəcək, mal-mülklə açılmayan düyünlər bununla çözüləcəkdi. Çünki Məhəmmədül-Əmin bu evə gələndən bəri ayrı bir bərəkət yaşanır, ailə fərdləri arasında da sevinc hökm sürürdü. Hətta O, süfrədə olmayanda yarıac-yarıtox süfrədən qalxmaq məcburiyyətində qalan ailə, Onunla birlikdə süfrənin  bərəkətləndiyinə şahid olurdu. Buna görə də Əbu Talib övladlarından çox sevdiyi Məhəmmədül-Əmin olmadan süfrəyə oturmaq istəmir və olarkən də Onu öz yanında oturtmağa çalışır, heç kimə göstərmədiyi şəfqət və münasibəti Ona göstərirdi.

Bundan başqa, Məhəmməd yaşıdlarına nisbətdə fövqəladə təmkinli davranır və yoxluğu, yoxsulluğu problemə çevirmirdi. Aclığa və ya susuzluğa görə şikayət etdiyini eşidən olmamışdı. Gedib Zəmzəm suyundan içir, başqaları Onu qonaq etmək istəyəndə bunu arzu etmədiyini, tox olduğunu bildirirdi.[2]

Əbu Talib qardaşının əmanəti və atasının vəsiyyəti olduğu üçün nəzərini Ondan ayırmır, yatarkən yanında səhəri açır və bir yerə gedərkən də əksər vaxtlarda özü ilə aparırdı. Onun qənaəti bəlli idi: bütün  müdriklər eyni məqamla bağlı xəbərdarlıq etdiyi üçün burada mütləq bir həqiqət payı var idi və işi ehtimallara buraxmamaq lazım gəlirdi.[3]

Qureyş gəncləri kimi Əbu Talib də ticarətlə məşğul olurdu. Çox vaxt qardaşı oğlu Məhəmmədi də özü ilə gəzdirir və Onu da gələcəyə hazırlamağa çalışırdı. Bu əsnada Məhəmməd artıq on iki yaşında idi. Sonuncu Nəbi Məkkədə qaldığı zamanlarda Əcyad tərəflərə gedir, bu yerlərdə qoyun otarırdı.[4] Beləliklə, təcrübə qazanır, həyatın hər sahəsinə aid biliklərə yiyələnirdi.

Bir gün Əbu Talib Şam tərəflərə getmək məqsədilə hazırlığa başlamışdı. Bunu eşidən qardaşı oğlu Məhəmməd boynunu bükmüş və əmisi ilə getmək arzusunu dilə gətirmişdi. Bu, Əbu Talibi duyğulandıran bir mənzərə idi və:

− Vallah, Onu aparmamış getməyəcəyəm. Bundan sonra nə mən Ondan uzaq qalacağam, nə də Onun məndən uzaq qalmasına razı olacağam, − deyə söz verir.

Əmisinin bu əhdini eşidən Son Sultanın sevincinin həddi-hüdudu yox idi. Ticarət məqsədilə ilk dəfə Məkkədən kənara çıxacaq, şəhərlərdən keçəcək, kim bilir kimlərlə tanış olacaq və yol boyu neçə-neçə hadisələrə şahid olacaqdı...

Şam səyahəti və rahib Bahira

Beləcə ayrılıq vaxtı gəldi, əmi və qardaşoğlu Məkkə ilə vidalaşıb hərəkət edən karvanla yola düzəldi. Səfər uzun və yorucu idi. Bəzən dayanıb ehtiyaclarını təmin edir, yenidən yola rəvan olub Şam istiqamətində irəliləyirdilər. Nəhayət, Qüdslə Şam arasında yerləşən Busra adlı şəhərin yaxınlığında yenidən fasilə vermiş, dincəlmək üçün dayanmışdılar.

Karvan əhli istirahət etməyə başlamışdı ki, uzaqdan bir nəfərin həyəcanla onlara tərəf gəldiyini gördülər. Gələn görünüş etibarilə dalğın və dünyadan üz çevirmiş  insana bənzəyirdi. Buna görə də karvandakılar gələn adamın onlarla bir əlaqəsi olacağını ehtimal belə etməmiş və ona fikir vermədən istirahətlərinə davam edirdilər. Karvana  yaxınlaşıb:

− Bu monastırdakı rahib Bahira sizi yeməyə dəvət edir, − deyəndə karvandakılar məsələnin onlarla bağlı olduğunu anladılar, amma dəvətin səbəbi ilə bağlı hər hansı məlumata   malik deyildilər.

Bahira dünyadan əl-ətəyini çəkmiş, qalan ömrünü monastırda Rəbbinə ibadət etməklə keçirən bir rahib idi. Yaxşı bir xristian alimi idi. Hətta yəhudi olduğu halda, sonralar xristianlığı qəbul etmiş və bununla da kifayətlənməyib, dərin dini biliklərə yiyələnərək həmin dövrün barmaqla göstərilən insanlarından birinə çevrilmişdi. Yaşadığı kilsədə rahiblər arasında əldən-ələ gəzən tarixi bir kitab var idi və bu kitabı oxuyub anlayan  bir neçə adamdan biri də, əlbəttə ki, o idi. Dünyadan gözünü çəkmiş, kilsədə ruhani həyat yaşayırdı.

Onun gözündə nə ticarət məqsədilə gəlib-gedənlərin, nə də mal-mülk naminə ortaya qoyulan səylərin bir dəyəri vardı. Ancaq olacağa çarə yox idi və bir dəfə nəzəri kiçik dəhlizlərdən səhraya yönəlir. Əslində onun məhz o vaxt  bir anlıq səhraya nəzər salması da Allahın bir qədəri idi. Həmişəki kimi yenə bir karvan gəlirdi.  Ancaq bu karvanda əvvəlkilərdən fərqli özünəməxsusluq vardı. Karvanla birlikdə bir bulud yolçuları izləyir və onları qızmar günəşin yandırıcı şüalarından qoruyurdu. Beynində şimşəklər çaxmışdı... Bulud... Kölgələr... Axırzaman... Sonuncu Peyğəmbər... Əhməd... Tarixi kitab... Yaddaşında ildırım sürəti ilə canlanan bu mövzular onun karvana marağını daha da artırır. Yoxsa qismət qapısınamı gəlirdi? Əgər həqiqətən, belədirsə? Elə isə burada miskin-miskin dayanmağın nə mənası vardı?

Dünyadan üz çevirən bu ixtiyar qoca birdən gəncləşmiş və həmin günədək heç etmədiklərini eləməyə başlamışdı... İllərdir, ümidini kəsdiyi bir itiyi tapmağın sevinci vardı gözlərində. Yoxsa qapısının ağzına qədər gələn Faran dağlarında zühur edəcək Faraklit idi?

Buludlar karvan üzərində bir nöqtəyə cəmləşmiş, bir adamı günəş şüalarından qoruyurdu. Hətta karvan fasilə üçün dayanınca, bu şəxs bir ağacın altında istirahətə çəkilmiş və Onunla birlikdə bulud da ağacın üstünə yönələrək Ona kölgə salmaqda davam edirdi. Ağacın budaqları belə hərəkətə gəlmiş, günəş şüalarının aralarından keçməməsi və aşağıdakı Şəxsi istinin təsirindən qorumaq üçün bir-birinə kipləşmişdi.

Gördüklərinin öyrəndikləri ilə hər hansı bir əlaqəsinin olub-olmadığını başa düşmək üçün daha yaxın olmaq lazım idi və elə buna görə də, Bahira onlara belə deyirdi:

− Ey Qureyş camaatı! Mən bu gün sizin üçün bir yemək süfrəsi hazırladım və böyük-kiçik, qul-azad − hamınızın  gəlməsini arzu edirəm.

Karvan əhli təəccüblənmişdi...Çünki buradan çox keçmişdilər, amma monastırdakı bir rahibin, xüsusən, Bahiranın onlarla maraqlandığına şahid olmamışdılar. Aralarından biri:

− Allaha and olsun ki, ey Bahira, bu gün səndə qəribəlik var, daha əvvəllər sən belə işlər etməzdin, − deyir.

− Düz deyirsən, − deyə Bahira təsdiqləyir və sözlərinə davam edir, − dediyin kimi bu gün bir qəribəlik var. Lakin siz qonaqsınız. Sadəcə birdən içimdə sizlərə ziyafət vermək arzusu oyandı. Hamınız süfrənin başına keçin və ondan yeyin.

Heç bu qədər səmimi bir dəvətə getməmək olardımı? Həm də həftələrdir yollarda idilər, doğrusu, belə bir dəvət üçün darıxmışdılar (lap ürəklərindən oldu). Buna görə də karvandakı işini sahmana salan hər kəs kilsənin yolunu tuturdu.

Bir  tərəfdə də kilsə sakinləri səylə ora-bura qaçır, karvanı qonaq etmək üçün gözəl bir süfrə hazırlamağa çalışırdılar.

Hamı gəlmişdi, amma rahib Bahiranın diqqətini çəkən mənzərə hələ də karvanı tərk etməmişdi. Gələnlərin arasında axtardığı simanı görə bilməmişdi. Maraq onu boğur və daha özünü saxlaya bilmir, soruşur:

− Ey Qureyş camaatı! Sizdən yeməyə gəlməyib karvanın yanında qalan oldumu? Görəsən, bura gəlməyən qalıbmı orada?

− Dəvət olunan hər kəs gəldi. Təkcə balaca bir uşaqdan savayı, − deyirlər. Sonra:

− O, yaşca ən kiçiyimizdir və əşyalarımıza göz-qulaq olsun deyə, Onu karvanın yanında qoyduq, − deyə əlavə edirlər.

− Elə etməyin, − deyir Bahira və əlavə edir:

− Onu da çağırın və O da sizinlə birlikdə yeməkdə iştirak etsin.

Kiçik uşaq olsa da, O da gəlməli idi və İnsanlığın Əmini dəvət edilir. Onlardan bir nəfər qaçıb karvana getmiş və gözlərin aradığı Zatı yeməyə dəvət etmişdi. Artıq O da gəlirdi. Onun yerindən qalxması və kilsəyə tərəf hərəkət etməsi ilə üstündə kölgə salan bulud da hərəkət etmiş və dəvət edilən məkana doğru irəliləməyə başlamışdı. İndi istədiyinə nail olmuşdu. Bahiranın qənaəti bir az da yəqinləşmişdi, cavabını gözləyən suallarına cavab tapmaq ümidindən doğan həyəcan  az qala ürəyini dayandıracaqdı.

Yanına gəlib nurlu camalını görəndə artıq bütün tərəddüd və şübhələrinə son qoyulmuş, məsələ çözülmüşdü. Gözləri, sanki, Məhəmmədin üstündə kilidlənmişdi. Əvvəlcə Onu uzun-uzadı  süzür. Ona başdan-ayağa göz gəzdirir və axtardığını tapmağın sevinci bürüyür bütün vücudunu. Heç şübhə yox idi ki, O, qədim kitabların müjdələdiyi Əhməddən başqası deyildi.

Süfrədə artıq yeməklər yeyilmiş və qonaqlar yavaş-yavaş getməyə hazırlaşırdı. Birdən danışmadan gedərsə? Hansı yolla olur-olsun, Onunla danışmalı, fiziki şəraitdən çıxardığı nəticəni Onun özü ilə görüşüb dəqiqləşdirməli idi. Bir fürsət tapıb yanına yaxınlaşır:

− Ey  yeniyetmə, − deyir və əlavə edir, – Sənə bir neçə sual verəcə­yəm. Ancaq Lat və Uzza xatirinə, soruşduqlarıma cavab ver.

Ancaq İnsanlığın Əmini  Bahiranın sözlərindəki  bəzi adlardan narahat olur və:

− Mənə Lat və Uzzanın adını çəkib sual vermə. Allaha and olsun ki, mən hər şeydən çox  onlara  qəzəblənirəm, − deyə etiraz edir. Bahira Qureyşin daha çox bu iki bütə and içdiyini bildiyi üçün bu adları dilə gətirmiş və bəlkə də, bununla Son Sultanın bütpərəstliyə münasibətini öyrənməyə çalışmışdı. Aradığını tapırdı. Hər yeni əlamət digərini təsdiq edir və ona daha böyük əminlik verirdi.  Sezdiyi  fərqlilik açıq-aşkar idi.

− Elə isə Allah adına söz ver və yalnız soruşduqlarımı cavablandır, − deyərək verəcəyi  suallara zəmin  hazırlayırdı. Cavab Bahiranı daha da  rahatladır.

− İstədiyinizi soruşun.

Artıq Bahira Hz. Məhəmməddən (s.ə.s.) yatmağındandan yuxularına, gündəlik həyatından   arzularına qədər bir çox şey soruşub öyrənir. Bahira sual verir, Hz. Məhəmməd də təmkinlə cavablandırırdı. Hər şey aydın idi: bütün bunlar kitablarda oxuduğu kimi cərəyan edirdi. İşin dialoq mərhələsi yekunlaşmışdı, bütün əlamətlər həmsöhbətinin O olduğunu ucadan hayqırırdı. Bircə peyğəmbərlik möhürü qalmışdı. Onu da görmək istəyirdi. Ancaq mərifət insanı gələcəyin Rəsulu səbəbini bilmədən belini açıb kürəyini hər kəsə göstərən deyildi. Başqa çarə olmadığını görən Bahira əlacsız qalıb qulağına pıçıldayır. O da maraqlı qocanı çox gözlətmir. Bəlkə də, elə “Görmədən gedirəm” deyərkən özünü Onunla şərəfləndirən Rəbbinə ürəyində şükür edirdi.

Daha tərəddüd üçün bir zərrə belə qalmamışdı. Onun tarixi bir vəzifəsi vardı və o da üzərinə düşən bu vəzifəni yerinə yetirəcəkdi. Bu məqsədlə üzünü  Əbu Talibə tutub soruşur:

− Sən bu oğlanın nəyisən?

Ərəblərdə ata olmayan yerdə əmi və baba ata əvəzi sayılardı və  buna görə  də Əbu Talib:

− Atası, − cavabını verir.

Bu ana qədər ehtimalları düz çıxan Bahira diksinir, çünki Əbu Talibin cavabı onun üçün gözlənilməz idi. Bir müddət duruxur və cavabın təsiri ilə başını sərt şəkildə yelləyir. Bu halı ilə sanki: “Xeyr, bu ola bilmə” deyirdi. Çünki bilirdi ki, atası O, hələ anadan olmamış  vəfat etməli idi.

− Xeyr, sən bu uşağın atası ola bilməzsən. Bunun atası yaşaya bilməz. O hələ anadan olmamış atası vəfat etməli idi, − deyir.

Onsuz da Əbu Talib də həm əmisi, həm də vəlisi olduğu üçün belə cavab vermişdi. Başqa sözlə artıq Əbu Talib üçün həqiqəti söyləmək vaxtı idi və o:

− O, mənim qardaşım oğludur, − soyuqqanlılıqla deyir. Əbu Talib suallardan narahat olmağa başlasa da, Bahira soruşmağa davam edirdi:

− Bəs atası nə işlə məşğuldur?

Əbu Talib kəsə cavab verir:

− Anası Ona hamilə olanda vəfat etdi.

İndi hər şey yerinə oturmuşdu. Bahiranın öyrəndiyi məlumatlarla o gün qarşılaşdıqlarını müqayisə etmə işi yenidən  öz axarına düşmüşdü  və o:

− İndi doğru söylədin, − deyir Əbu Talibə. Ardınca da Bahira Əbu Talibi bir kənara çəkəcək, ona ciddi şəkildə bunları deyəcəkdi:

− Sən qardaşın oğlu ilə gəldiyiniz yerə − öz yurdunuza qayıt.  Bu uşaq mövzusunda buradakı paxıl din adamlarından ehtiyatlı ol! Allaha and olsun ki, əgər mənim gördüklərimi onlar da görər, xüsusiyyətlərindən Onu tanıyarlarsa, bu uşağa bir pislik edərlər. Çünki sənin bu qardaşın oğlu üçün dünya miqyasında böyük bir hadisə baş verəcək. Gəldiyiniz yerə dönməyə tələsib cəld tərpənin.[5]

İllərin təcrübəsi ilə danışan rahibdən bu nəsihəti eşidən Əbu Talib də atasının ona vəsiyyət edib əmanət qoyduğu qardaşı oğlunun başına bir iş gəlməməsi üçün dərhal geri qayıtmaq qərarını verəcək, əvvəlcə gətirdiyi malları Busrada satacaq və ardınca da qardaşı oğlunun əlindən tutub Məkkəyə yola düşəcəkdi.

 “Onu Allah qoruyur!”

Əbu Talib artıq qardaşı oğluna qarşı daha diqqətli idi. Bu günə kimi eşitdikləri ilə yanaşı, bir də Bahiranın sözlərini fikirləşəndə Onun üstündə tir-tir əsir və günlərini Onun başına bir iş gələcəyi  qorxusu ilə keçirirdi.

Artıq qardaşı oğlu Məhəmməd də yetkinləşmiş, böyümüşdü. Görkəmi (yerişi-duruşu, boy-buxunu, qəddi-qaməti) ilə hamının diqqətini cəlb edirdi... Üstəlik, insanların ümumi adət-ənənələri barə­də də fərqli düşünür və toplumda yaşananları öz tərəzisinin gözündə çəkib dəyərləndirir, nəticə çıxarırdı. Bu səbəbdən, bütlərlə arası heç də yaxşı deyildi. Həmyaşıdları kimi O, nəinki pis vərdişlərə meyil göstərir, əksinə,  belə vərdişlərdən  olduqca uzaq idi. Xülasə, başqalarının bişirib hazır şəkildə təqdim etdiyi həyat tərzi yerinə, özünəxas həyat fəlsəfəsi vardı. Çünki bəşəriyyətin qurtuluşu naminə əzəldən məhz O seçilmişdi və hər halı ilə seçkinliyi təmsil edirdi.

Buvanə adlı yerdə Qureyşin ehtiram və sayqı göstərdiyi böyük bir büt var idi və ilin müəyyən günlərində insanlar bura gəlib qurban kəsər, ətrafına halqa-halqa düzülüb  arzu və istəklərinin həyata keçməsi üçün dua edərdilər. Bir il günün yarısını, o biri il bütününü bu bütün yanında keçirər, burada saçlarını təraş etdirib uzun-uzadı dua edərdilər.

Yenə belə günlərin birində Əbu Talib özündən  ayırmaq istəmədiyi qardaşı oğlu Məhəmmədi də Buvanənin yanına aparmaq istəyir. Yanına gəlib məqsədini Hz. Məhəmmədə söyləyəndə təklifini qəbul etmir. Necə gedə bilərdi? O, bütün bunları aradan qaldırmaq üçün seçilmiş bir insan idi. Hələ peyğəmbərlik vəzifəsi verilməmişdi, o gün də bu gələcək risalətin tələblərindən kənara çıxmayacaq və adət-ənənənin  qeyri-əqli anlayışlarına “bəli”  deməyəcəkdi.

Qardaşı oğlundan gözləmədiyi cavab eşidən Əbu Talib əvvəlcə hirslənir. Buna əsəbiləşən təkcə Əbu Talib deyildi. Peyğəmbərimizin bibiləri də araya girərək:

− Ey Məhəmməd! Qövmünün bayram günündə onlarla birlikdə olmağı qəbul etməməklə sən nə etmək istəyirsən? Həqiqətən, biz ilahlarımızdan bu qədər uzaqlaşdığına və onlara qarşı davranışlarına görə başına bir iş gələcəyindən qorxuruq, − deyir və Onu  tənbeh edirdilər.

Bəli, onlar Onun böyükləri idi. Böyüklərə ehtiram qüsursuz olmalı idi. Amma təklif də qəbuledilməzdi. Onların yanlış düşüncələrində bu qədər israr etmələrini anlamaq qeyri-mümkün idi. İş o yerə çatır ki, Həbibi-Zişan (şanı uca ola) danışılanlardan  usanır və məclisi tərk etmək məcburiyyətində qalır. Evdən çıxıb bir müddət tək qalmaq,  şirk dolu bir mühitdən uzaqlaşaraq öz qəlbinin səsini dinləmək istəmişdi.

Bir qədər sonra İnsanlığın  Əmini təlaş və qorxu içində geri qayıdır. Onun bu gəlişini görən bibiləri də qorxuya düşürlər:

− Sənə nəsə oldu? Nə baş verdi? Nədən qorxdun? − deyərək Ona təskinlik verməyə çalışırlar.

− Başıma bir iş gəlməsindən qorxuram, − deyir Allah Rəsulu (s.ə.s.).

− Allah (cəllə cəlaluhu) Səni şeytanla imtahan etməyəcək. Gördüyüm qədər Səndə həmişə yaxşı, xeyirli məziyyətlər olub, − aralarından biri dillənir. Artıq bütün bunlara nöqtə qoymaq, onların vaqif olmadığı, amma özünün həmişə gördüyü fərqlilikdən söz açmaq vaxtı çatmışdı və Peyğəmbərimiz onlarla  gördüklərini bölüşür:

− Hər dəfə sizin bütlərinizin yanına yaxınlaşanda qarşıma uzun boylu və ağ paltarlı bir adam çıxır və mənə:

− Ona yaxınlaşmaqdan çəkin və olduğun yerdə qal, ey Məhəmməd, − deyir.

Bu, mövzu ilə bağlı son söhbət oldu və belə bir məsələ də bir daha  gündəmə gəlmədi.[6]

Hələ anadan olmamış atasını, altı yaşında anasını və nəhayət, səkkiz yaşında babasını itirən İnsanlığın Əmini, aydın idi ki, insanfövqü bir tərbiyə işığında yetişir və hər yönü ilə Aləmlərin Rəbbi tərəfindən istiqamətləndirilirdi. Və illər keçəcək, Allah Rəsulu (s.ə.s.) bu həqiqəti belə ifadə edəcəkdi:

− Məni şəxsən Rəbbim tərbiyə etdi, O, nə gözəl tərbiyəçidir![7]

Hələ risalət vəzifəsi verilməsə də, O (s.ə.s.), Allahın açıq-aşkar mühafizəsinin kölgəsində ömür sürür və  pak bir həyat yaşayırdı. Harada xeyir yolunda bir hərəkət varsa, ora gedir və işin bir qulpundan da O yapışırdı. Bəzən uzun-uzadı fikrə dalır, qulağını didib gözlərini narahat edən mənzərələrdən xilas olmaq üçün dərin düşüncələrə qərq olurdu. İçkiyə bənzər bütün pisliklərdən uzaq  durur, bütlərin adına kəsilən heyvanların ətinə əlini də vurmurdu. Hər şey öz dili ilə Haqqı anlatdığı halda, insanların öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş etməsindən ciddi narahat olur, yanında Lat və Uzzaya and içiləndə bu narahatlığını açıq şəkildə bildirirdi.

Allah Onu hər yönü ilə qoruyurdu. Məkkə ətrafında qoyun otardığı günlərin birində yoldaşından qoyunlara baxmağı xahiş edir və şəhərə düşmək istəyir. Yoldaşı da Onun bu ricasını qəbul  edir və gələnə kimi qoyunlara baxacağını söyləyir. Məkkəyə girəndə  bir səs  eşidir. Bu, bir toy elanı idi. Orada oturub bunu izləmək  istəyirdi ki, birdən qulağının üstündə bir zərbə hiss edir və huşunu itirir. Xeyli vaxt keçəndən sonra Günəşin qızmar şüaları ilə özünə gəlib ayağa qalxa bilir. Çarəsiz qoyunlarını əmanət etdiyi yoldaşının yanına qayıdır.[8]

Kəbənin  təmiri  vaxtı Peyğəmbərimiz (s.ə.s.) də əmisi Abbasla birlikdə daş daşıyırdı. Daşları çiyinə qaldırıb aparırdılar. Daşlar Peyğəmbərimizin çiynini əzib yara eləmiş, Ona əziyyət verməyə başlamışdı. Vəziyyətdən xəbər tutub çarə göstərən əmisi Abbasın:

− Paltarının bir tərəfini çiyninin üstünə çək ki, daşın əziyyətindən Səni qorusun, − tövsiyəsini yerinə yetirmək istəmişdi. Əlini paltarına uzadan kimi başı fırlanmağa, gözləri qaralmağa başlamış və oradaca yerə yıxılmışdı. Ayılıb özünə gələndə həyəcanla:

− Paltarım,  paltarım, − deyə səslənir və üstündəki paltardan bərk-bərk tuturdu. Allah Rəsulu nə bundan əvvəl, nə də bundan sonra bədəninin qadağan olan (haram) yerlərini heç kimə göstərməyəcəkdi.[9]

Necə göstərə bilərdi ki?! O (s.ə.s.), ismət sifətləri ilə təchiz edilmiş nəbilərin və rəsulların ən sonuncu halqasi idi. Hər bir nəbi Onun gəlişini müjdələmiş və insanları gələcəyi günə hazırlamağa çalışmışdı. Kövnü-məkan (kainat) ilk hərəkəti Onunla aldığı kimi, varlıq ağacının son meyvəsi də O idi. Onun amalı yalnız müəyyən bir bölgəyə və məhdud sayda insanlara məxsus deyildi; O (s.ə.s.), qiyamətədək gələcək bütün insanlar üçün kamil bir rəhbər (Rəhbəri-Əkməl) idi. Elə isə O, yalnız peyğəmbərlik vəzifəsi veriləndə deyil, bu vəzifədən əvvəl də pisliklərdən qorunmalı, yalnız və yalnız xeyir və bərəkət görməli, xeyir və bərəkətlə yaşamalı idi.  Vaqiələr də bunu göstərirdi.

Onunla gələn yağış bərəkəti

Onsuz da qızmar istidən qovrulan Məkkədə uzun müddət idi ki, quraqlıq hökm sürürdü. Səma rəhmət qapılarını bağlamış, torpaq da susuzluqdan cadar-çadar olmuşdu. Nə yaşıllıqdan əsər-əlamət, nə də bulaqlarda bir damcı su qalmışdı. Heyvanlar tələf olur, insanlar da ən ağır  günləri yaşayırdı.

Adamlar bir ümidlə Əbu Talibin yanına gəlirlər:

−Ey Əbu Talib, − deyirlər, – quraqlıqdan vadilər qurudu. Artıq uşaqlar da bu dözülməz fəlakətin qurbanı olurlar. Gəlin  yağış duasına çıxaq!

Onsuz da bu vəziyyətdə başqa çarə yox idi və Əbu Talib qardaşı oğlunu özü ilə götürüb yağış duasına qatılmaq üçün evdən çıxır. Onun üstündə addımlarını izləyən bulud var idi. Nəhayət, Kəbəyəcən gəlirlər.

Kürəyini Kəbənin divarına söykəyən Əbu Talib əvvəlcə qardaşı oğlunun əlindən tutur. Onun əlləri ilə birlikdə öz əllərini də qaldırıb yağış yağdırması üçün Kəbənin Rəbbinə yalvarmağa başlayır. Çox keçmədən üfüqün dörd tərəfindən hərəkətə gələn buludlar Məkkənin səmasını örtür. Dua sona çatmamış, səma Kəbə həyətini rəhmət damcıları ilə yumağa başlayır. Ardı-arası kəsilməyən bir rəhmət çağlayırdı. Nəhayət, vadilər yenidən yaşıl donunu geyinmiş, canlılar da hərəkətə  gəlmişdilər. Qıtlıqdan əziyyət çəkən Məkkənin  çöhrəsində təbəssüm nişanələri parlayırdı.

Əksər adamların diqqətindən qaçsa da, Əbu Talib edilən dua və bu duanın müqabilində göndərilən rəhmət yağışından çox təsirlənmiş, səbəbkarın qardaşı oğlu olduğuna şübhəsi qalmamışdı. Onun gələcə­yi mövzusunda həssas davranmaq zərurətini  bilirdi. Bu hadisə Əbu Talibin qənaətini daha da qətiləşdirmiş, qardaşı oğluna olan qayğısını (ehtiramını) bir daha artırmışdı. Buna görə də hisslərini şeirin sirli qəliblərinə tökərək o gün qardaşı oğlu ilə Kəbədə yaşadığı və gördüyü bu ilahi inayəti gələcək nəsillərə şirin bir xatirə olaraq ərməğan edəcəkdi .[10]

Ficar döyüşləri və Hilful-Füdul

Davranışları ilə yaşıdlarından seçilən Hz. Məhəmməd (s.ə.s.) artıq iyirmi yaşına çatmış, hal və hərəkətləri ilə Məkkə əhlinin təqdirini qazanmışdı. Hadisələrə münasibəti və nəticə etibarilə irəli sürdüyü qənaətləri diqqətlə izlənirdi. Səbatlı və doğru qərarlarından dolayı insanların müraciət yerinə çevrilmiş, yaşadığı həyat prinsiplərinə görə “ən etibarlı adam” mənasında “əl-Əmin” adını almışdı.

Bu ərəfədə Qureyşin də daxil olduğu Kinanə qəbiləsi ilə Qaysoğulları arasında yeni bir döyüş[11] alovlanmışdı. Bu iki qəbilə münasibətlə­­­­rin tənzimlənməsində tətbiq olunan qaydaları da pozub bir-birinə hücum edirdi. Bu döyüşdə Haşimoğullarının bayraqdarı Peyğəmbərimizin əmisi Zübeyr ibn Abdulmuttalib, Qureyşin rəhbəri isə Əbu Süfyanın atası Harb ibn Ümeyyə idi.

Əslinə qalsa, əsasən, ticarətlə məşğul olan Məkkə əhalisi ticarətin daha qızğın getdiyi müəyyən aylarda bölgədə sülh və əmin-amanlığın təminatı üçün aralarında razılığa gəlmiş  və bu aylarda döyüşməyi haram qəbul etmişdilər. Bu, o qədər geniş yayılmışdı ki, ən azğın  qəbilələr belə bu prinsipə sadiq qalar və həmin aylarda qılınclarını qınlarından çıxarmazdılar. Bu döyüşlərin “həddi aşmaq” və “günah” mənasında “ficar” adlandırılması da belə bir qaydanın pozulması ilə qadağalara məhəl qoyulmamasından irəli gəlirdi. Çox ağır günlər idi. Belə ki, müharibənin rəngi hər an dəyişə bilir: bəzən günortayadək qalib olan  axşamüstü məğlubiyyətin acısını dadırdı.

Məhəmmədül-Əmin şəxsən döyüşdə iştirak etməsə də,[12] döyüşən əmilərinə kömək edir: cəbhədə əlbəyaxa vuruşan yaxınlarına ox daşıyırdı.[13]

Nəhayət, insanların bu mənasız müharibədən yorulduğu bir vaxtda Qureyş arasından bir nəfər irəli çıxıb hər iki tərəfi sülhə dəvət edir. Təklif qəbul edilir. Belə ki, hər iki tərəfin ölüsü sayılacaq, ölü sayı çox olan tərəfə qarşı tərəf bu artıqlıq miqdarında qanpulu (diyət) ödəyəcəkdi. Beləliklə, Məkkədə yenidən dinclik və əmin-amanlıq hakim olmağa başlamışdı.

Hilful-Füdul

Bu arada Məkkədə gözlənilməz bir hadisə baş verdi. Haram aylarının birində bir nəfər Günəş yenicə doğmağa başlayanda Əbu Kubeys dağına çıxıb avazı yetdiyi qədər qışqırırdı. Görünür, yenə mühüm bir hadisə, əmin-amanlığı pozan olay vardı. Çox keçmədən izdiham ətrafını bürümüşdü. Çarəsizlik içində qıvrılan və hər şeyini itirməyin ağrısı ilə qəzəb dağarcığına dönmüş bu adama yaxınlaşan Peyğəmbərimizin əmisi Zübeyr oldu. Yanına yaxınlaşır və:

− Nə olub sənə? Nəyə görə bu qədər qəzəblisən? − deyə soruşur.

Adam çox dərdli idi. Dərdini dinlətməyə bir adam tapmaq və bu vəsilə ilə dərdinə çarə axtarmaq ümidi ilə danışmağa başlayır. Qısası, Qureyşdən olan As ibn Vail bu adamın gətirdiyi malları əlindən almış və mallarının haqqını illər keçməsinə baxmayaraq, ödəməmişdi. “Bu gün-sabah” deyib borcu yubatmış, indi də borcunu inkar edərək ödəməyəcəyini açıq-aşkar bildirmişdi. Həmin şəxs bir neçə adama müraciət edərək onlardan araya girib ona kömək etməsini xahiş etmiş, onlar da bu işə qarışmaq istəməmişdilər. Heç kim durduğu yerdə başını bəlaya salmaq istəmirdi. O da yeganə əlacı “bir ümid” deyib bura çıxaraq məsələni hamıya danışmaqda görmüşdü.

Məsələnin aydınlaşıb ortada bir haqsızlığın olduğu təsdiqlənincə Məkkənin bəzi vicdanlı böyükləri yaş və nüfuzca hamıdan üstün olan Abdullah ibn Cüdanın[14] evində toplanmış, şərtindən asılı olmayaraq bu cür hallarda məzlumun haqqını zalımdan alaraq ədaləti bərqərar edəcəklərinə söz vermişdilər. İnsan haqlarının heç sayıldığı, güclünün haqlı, zəifin də xor görüldüyü cahiliyyə dövründə bu hadisə inqilabi mahiyyətli bir addım idi və bəşəriyyətin fəxri olan Peyğəmbərimiz (s.ə.s.) də bu addımı atanların arasında idi.[15]

Yığıncaq dağılarkən artıq hər kəs  bunu çox yaxşı bilirdi:  bundan sonra Məkkədə kimsə öz ailəsi tərəfindən və ya kənardan, başqa bir adam tərəfindən zülmə məruz qalardısa, onun pənah aparacağı ünvan bu məclis olacaqdı. Qəbiləsinin gücünə, şərəfinə və mövqeyinə baxmadan dəyərləndirmə ədalətli aparılacaq və zülm edəndən, kim olursa-olsun, məzlumun haqqı tələb ediləcəkdi.

İlk icraat, təbii ki, Əbu Kubeys dağında camaatı ayağa qaldıran Zəbidli məzlumla bağlı oldu. Hamısı birlikdə As ibn Vailin qapısının ağzına toplaşaraq adamın haqqını tələb edirlər. Qarşısında Məkkə böyüklərinin birgə haqq tələb etdiyini görən As ibn Vail  bir bəhanə tapa bilmir,  məcbur  qalıb Zəbidli şəxsin haqqını qaytarır.[16]

Son Sultan Məkkədə artıq barmaqla göstərilən, müraciət ünvanı bir “Əmin” idi. Bu məziyyət Onun qədər heç kimə yaraşmırdı və bunu yaşadığı cəmiyyət yekdilliklə Ona layiq görür və adından da çox bu ləqəblə çağrılırdı. Ən yaşlı, təcrübəli və bilikli adamların arasında Onun qapısı da tez-tez döyülməyə başlamışdı.

İkinci Şam səyahəti

Hz. Məhəmməd (s.ə.s.) artıq iyirmi beş yaşında idi. Bir gün əmisi Əbu Talib Onu qarşısında oturdur və bunları deyir:

− Ey qardaşım oğlu! Bilirsən ki, mən malı-mülkü olmayan bir adamam. Gündən-günə sıxıntılarımız da çoxalır və hər il xoşagəlməz çətinliklərlə qarşılaşırıq. Ortada nə malımız qaldı, nə də ticarətimiz.

Məlum idi ki, bu sözlərin ardınca bir təklif gələcəkdi. Çünki bunlar uzun müddət düşünülüb bir-bir seçilmiş cümlələr idi. Bunları deyərkən Əbu Talibin üzündə yanlış bir işə addım atmaq  ehtimalından doğan bir tərəddüd oxunurdu. Bəlli ki, çətin bir qərar qəbul etmək üzrə idi:

− Eşitdim ki, yaxınlarımız ticarət məqsədilə Şam tərəflərə bir karvan hazırlamışlar. Hüveylidin qızı Xədicə də bu karvanda vəzifə verməyə, ticarətdə özünə şərik olmağa etibarlı bir adam axtarırmış. Mən sənin Şam tərəflərə getməyinə nə qədər razı olmasam da, oradakı bəzi paxıl din adamlarının Sənə pislik edəcəyindən nə qədər qorxsam da, əlacsızam. Onun yanına getsən, sanıram ki, Sənə duyulan etibar, əminlik hissi, həmçinin təmiz fitrətinə görə bu iş üçün  başqalarının əvəzinə Səni seçəcəkdir...

“Get” demək asan idi, amma sözü əmələ çevirib getmək asan görünmürdü. Buna görə də işi ehtimallara buraxmaq olmazdı. Bu məqamda Peyğəmbərimizin xalası Atiqə söhbətə müdaxilə edir və “həya abidəsi bir insan” üçün özünü ifadə etməyin çətin olduğunu diqqətə çatdırır. Belə ki, Peyğəmbərimizin xalası Atiqə Xədicə binti Hüveylidin qardaşı və Zübeyr ibn Avvamın da atası olan Avvam ibn Hüveylidlə evli idi. O, hər iki tərəfi yaxşı tanıyan bir insan kimi danışır və həyata keçməsini arzuladığı bir işə rəhbərlik etmək istəyirdi.

Bəli, işin çoxu Əbu Talibin çiyinlərinə düşürdü. Ancaq buna görə də əvvəlcə Məhəmmədül-Əminin razılığı alınmalı idi. Fəqət bu da çətin olmayacaqdı. Cavab gözləyənlərə Sultanlar Sultanı:

− Necə istəyirsiniz, elə də olsun, − deyir və məsələni  müsbət qarşılayır.



[1]. İllər sonra Hz. ƏIinin anası Hz. Fatimə vəfat edəndə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onların evlərini şərəfləndirmiş və üstündəki əbanı Hz. Fatimənin üstünə örtərək məzara da şəxsən özü endirmişdi. Başqalarına etmədiyi bu cür hərəkətin səbəbini soraşanlara da: “Əbu Talibdən sonra mənə onun qədər yaxşılıq edən olmadı. Əbamı onun üstünə cənnət paltarlarından geyinməsi üçün örtdüm və məzarına da asan hesab verməsi üçün özüm qoydum,” – cavabını vermişdi.  Bax: Süheyli, Ravdü’l-Ünf, 1/112; İbn Abdilberr, İstiab,1/369, 370
[2]. Bax: Kadı İyaz, Şifa, 1/729, 730
[3]. Bax: İbn Sa’d, Tabakat, 1/119, 120
[4]. Bax: Buhari, Sahih, 2/247, 248; Muslim, Sahih, 6/125; İbn Mace, Sünen, 2/727; İbn Sa’d, Tabakat, 1/125, 126
[5]. İbn Sa’d, Tabakat, 1/153-155; Semani, Ensab, 1/96, 97, Taberi, Tarih, 1/194, 195
[6]. Bax: ibn Sa’d, Tabakat, 1/158; Halebi, Sire, 1/164
[7]. Munavi, Feyzu’l-Kadir, 1/91
[8]. Süheyli, Ravdü’l-Ünf, 1/81
[9]. Buhari, Sahih, 1/143 (357); Ahmed b. Hanbel, Müsned, 3/310 (14371); İbn Seyyidinnas, Uyunu’l-Eser, 1/105
[10]. Bax: Heysemi, Mecmaü’z-Zevaid, 8/222
[11]. Bu döyüş qədim vaxtlardan davam edən Ficar döyüşlərinin sonuncusu idi. Bundan əvvəl də üç dəfə belə döyüş olmuş və qeyd edilən qəbilələr əsrlərlə müharibə şəraitində, fövqəladə vəziyyətdə yaşamışdılar.
[12]. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu müharibələrdə şəxsən iştirak etməməsi döyüşlərin haram aylarda baş verməsindən və ya tərəf etibarı ilə birini digərinə üstün tutacaq dini bir fikir, yaxud fəzilət baxımından bir üstünlük olmamasından irəli gəlirdi.
[13]. İbn Hişam, Sire, 1/326 və b.
[14]. Abdullah ibn Cüdan səxavətli adam idi. Bu yığıncaqda da gözəl bir süfrə hazırlamış və Məkkənin aparıcı adamlarına yaxşı ziyafət vermişdi. Yaxşılığa meyilli və yetkin insan idi. Hz. Aişə anamızın əmisi, Zuheyrin də atası idi. Buna görə Aişə anamız bir gün: “Ey Allahın Rəsulu! Şübhəsiz ki, İbn Cüdan insanlara yemək verər, qonaqdan əlindən gələni əsirgəməzdi. Bütün bunların ona qiyamət günündə bir xeyri olacaqmı?” – deyə soruşmuş və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də: “Xeyr! Çünki o, bütün bunları edərkən bir dəfə də olsa “Rəbbim, nə olar, din günündə mənim xətalarımı təmizləyib bağışla” demədi,” − cavabını vermişdi.  Bax: Muslim, Sahih, 1/196 (214)
[15]. İllər sonra bu hadisəni xatırlayan Allah Rəsulu: “O gün, Abdullah ibn Cüdanun evindəki sözləşməyə mən də şahid olmuşdum. Mənim üçün o sözləşmə vadi dolusu qırmızı dəvələrdən daha xeyirlidir. Vallah, mən indi də belə bir səy üçün dəvət alsam, tərəddüd etməz, bu dəvətə razılıq verərəm,”− buyuracaqdı.
[16]. Bax: İbn Sa’d, Tabakat, 1/128; Süheyli, Ravdü’l-Ünf, 1/91