2. 105 dəfə oxunub ,   0 şərh   Çap et

Əslində dəyər, etibar, böyüklük, ülviyyət, şərəf və heysiyyət mənalarına gələn “izzət” kəlməsi mahiyyətcə “könül toxluğu” anlamını ifadə edir.

Bəli, ” könül toxluğu” fəzilətinə ucalmış insanlara görə, izzət və etibar boy-buxun, əsil-nəcabət, geyim-kecim, pal-paltar, vəzifə və ya mal-mülk, sərvətlə əldə edilmir. Şərəf və heysiyyəti xalqa xidmətdə, haqq və həqiqət tərəfində olmaqda, dinə sədaqətdə və qulluq vəzifəsini layiqincə yerinə yetirməkdə axtarmaq lazımdır. Bu inancın insanları dəbdəbə və ehtişam axtarmağı mənasız və boş məşğuliyyət sayarlar, çünki onlar imanın nuru sayəsində könül toxluğu və mənəvi hüzuru qazanmış insanlardır.

Bəli, dinə mənsubluqdan və iman nurundan qaynaqlanan izzəti hiss edənlər başqa yerdə şərəf axtarmazlar. Çünki Allaha mənsubluğun necə böyük bir payə (dərəcə) olduğunu qavrayan, dinin ruhunu mənimsəyən və dini həyatı yaşayan bir insanın hərəkətləri, davranışları, oturuşu-duruşu, hadisələri dəyərləndirmə və dünyaya baxış tərzini əsla əynindəki libasla ölçüb-biçməyəcəklər, əksinə hərəkət və davranışlarının ciddiyyəti ilə, imanından əks olunan şüalarla qiymət verəcəklər. Çünki belə insan daim eyni inanc və könül toxluğu ilə hərəkət edər. O həmişə ciddi, təmkinli və üxrəvi aləmlərlə həmhaldır, sanki, hər an məsciddə, namazda, Allahın hüzurundadır. O, özünü dərk etmiş, özünü tapmışdır, mənən doludur, gözü-könlü toxdur və qəlbən hüzurludur. Bu qədər könlü zəngin bir insanın oturuşu da, duruşu da, yerişi də, qaçişı da, danışığı da, sükutu da… hər hərəkəti insanlara təsir edər, ehtiram hissi oyadar. Heç kim onun əynindəki libasına əhəmiyyət verməz. Onun əynindəki hər şey şəffafdır. İnsanlar yalnız onun duyğu və düşüncələrinə, hətta ruhunun dərinliklərinə nəzər yetirərlər.

Boşluğu doldurma cəhdi

Bu cür könül toxluğunu və İslamın bəxş etdiyi şərəf və heysiyəti duya bilməyən insanlar isə izzəti geyim-kecimdə, pal-paltarda və şan-şöhrətdə axtarırlar. Qəlbdəki izzət boşluğunu bəzən geyimlə, bəzən müəmmalı ifadələrlə, bəzən sağdan-soldan aşırdıqları parlaq görünüşlü quru məlumatlarla, bəzən də qəribə hərəkətlərlə, əcaib davranışlarla doldurmağa çalışırlar. Çoxlu nöqsan, nə qədər boşluq var qəlblərində, hərəkət və davranışlarında. Dini biliyi ya heç yoxdur, ya da çox azdır onların. Bu çatışmazlıq böyük boşluq meydana gətirir könül dünyalarında.. dini həyatı mənimsəyə bilmədiklərinə görə duyğu-düşüncələri dayaz qalır. Bu dayazlıq ruhlarında yeni bir boşluq meydana gətirir… onların biliyi qəlbdə və ağılda mərifətə, nəzəri əmələ çevrilməmişdir, bu səbəbdən onlar xamdır, yetişə bilməmişlər, xarakterin eniş-yoxuş arasında “var-gəl”indən qurtulmamışlar.. bu da onlarda başqa-başqa boşluqların əmələ gəlməsinə səbəb olur. Belə insanlar bu boşluqlarını doldurmaq üçün –bir az əvvəl ifadə etdiyim kimi– hərəkət, davranış, geyim-kecim, danışıq, əl-ayaq hərəkətləri, hətta mimikalarda daim yad ünsürlərə əl atır, lüks və fantaziyalara baş vurur və boşluğu bunlarla doldurmağa çalışırlar. Bir mənada boşluğu lükslə doldurmağa, nöqsanları fantaziyalarla aradan qaldırmağa səy göstərirlər. Dolayısilə onlar ülvililiyi qəlbdə, məna dərinliyində deyil, kənarda və boşluq dolduran vasitələrdə axtarırlar.

Bu gün biz gündəlik həyatımızı nizama salmağa çalışır, yemək-içməyimizə və geyim-kecimimizə diqqət edirik. Hətta əksəriyyətimiz avropa tərzində geyinməyə alışıb, geyim-kecimimizi müəyyən qəliblər əsasında tənzimləyirik. Növ-növ fantaziya və təmtəraq var həyatımızda, bütün bunları davranışlarımızın bir parçasına çevirmişik. Bu səbəbdən bizim insanlarla münasibətdə fəqiranə və zahidanə davranışlar nümayiş etdirməyimiz süni çıxır. Bu gün normal qəbul edilən və bizə görə də təbii sayılan bir əməli sırf “görünmək” hissi ilə dəyişdirmək, sözün əsl mənasında “riya”dır və qarşıdakı insanın ürəyinə də şübhə salar. Təvazökarlıq niyyətində olmaq təvazökarlıqdan əsər-əlamət qoymaz, “görünmək” məqsədi ilə bir qəlibə girmək insanları aldatmaq mənasına gəlir. Beləliklə, biz ümumiyyətlə necə isək, insanlarla da elə davranmalıyıq, olduğumuz kimi görünməli və əsla süniliyə baş vurmamalıyıq. Təbiiliyi əldən verməməli, həmişə təbii davranmalıyıq.

Xülasə, “Allah bizi İslam dini ilə əziz etmişdir, bundan qeyri şeylərdə izzət axtarmaq bihudədir” deməyi bacarmaq, Haqqa bağlılıq şərəfini qəlbən hiss emək bütün qərəzli düşüncələrdən uzaqlaşıb “könül toxluğu” adlandırdığmız qəlb itminanına çatmaqdan asılıdır. Çünki mənən tox insan Yaradana yönələn, üzünü həqiqi qibləyə çevirən və arzu-istəyə, güc-qüvvəyə, şəhvətə, şöhrətə qulluqdan qurtularaq, yalnız Haqqa qul olmaqla ən böyük payəni qazanan insandır. O, Həzrəti Mövlana ədası ilə “Qul oldum, qul oldum, qul oldum… Hər kölə azadlığa çıxanda məsud və bəxtiyar olur. Mən Sənə qulluğumla səadət və sevinci tapdım” deyən və qulluqla birgə bir mənada sultanlıq taxtına çıxan bəxtiyardır.

Xülasə

  1. Bir mömin üçün ən böyük şərəf Allah və Rəsuluna iman etməkdir. Qeyri-yerdə bir vəsilə axtarmaq öz-özünü aldanmaqdan başqa bir şey deyildir.
  2. Könül toxluğunu və İslamın bəxş etdiyi şərəf və heysiyəti duya bilməyən insanlar isə izzəti geyim-kecimdə, pal-paltarda və şan-şöhrətdə axtarırlar.
  3. Bu gün normal qəbul edilən və bizə görə də təbii sayılan bir əməli sırf “görünmək” hissi ilə dəyişdirmək, sözün əsl mənasında “riya”dır.

Qardaşlığa qurban olmaq

Qurban Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) çox əhəmiyyət verdiyi bir ibadətdir. Hənəfi məzhəbində “vacib” sayılan qurbanın, Şafi məzhəbində “sünnət” olması (bu iki məzhəb arasındakı istilah fərqi də nəzərə alınmalıdır) qətiyyən etinasızlığa səbəb olmamalıdır. Qurban bayramı bir tərəfdən möhtaclara yardım istiqamətində çox yaxşı dəyərləndirilməli, digər tərəfdən bu mübarək ibadət hər kəsə sevdirilməli, hər kəsdə ona qarşı rəğbət hissi oyadılmalıdır.

Quranda da ifadə edildiyi kimi, qurban kəsməkdə məqsəd ixlas, təqva və Allaha yaxınlaşmaq olmalıdır. Bu məqsəd və qayə olmadıqdan sonra kəsilib paylanan ətin, tökülən qanın Allah dərgahında heç bir dəyəri yoxdur. Çünki Allahın nə insanın ibadətinə, nə də qurbanına ehtiyacı var. Onun dərgahında qəbul olan ixlas və səmimiyyətdir. Buna görə də bu ibadəti yerinə yetirərkən hədəf və məqsədimiz Allahın rizası olmalı və kəsdiyimiz qurbanla lazım gəlsə həyatda ən qiymətli malımızı Onun yolunda fəda etməyə hazır olduğumuzu göstərməliyik.

Mələklər yalnız feil və əməlləri yazırlar. Qəlbi əməl sayılan təmiz niyyət, təqva, ixlas və mülahizə dərinliyinə gəlincə, onları bircə Allah bilir və axirətdə sürpriz olaraq qulların qarşısına qoyacaq. İbadətlərin savabı birə on, yetmiş, yeddi yüz… yəni kəmiyyətə görə verilir. Allahla münasibətdə ortaya qoyduğunuz qəlbi əməllər, yəni niyyət, ixlas, təqva və s. kimi qəlbə xas əməllər isə keyfiyyət müstəvisində mükafatlandırılır… onlarda riyazi ölçü və rəqəmlər yoxdur.

Somali, Həbəşistan və Keniya kimi ölkələri bürüyən quraqlıq və qıtlıq xəbərlərini seyr edəndə də ağladım, oralarda yağış müjdəsini xəbər alanda da sevincdən göz yaşı tökdüm. Mənə elə gəlir, hər tərəfə yardım əli uzatmağa çalışan Anadolunun həssas insanları da eyni hisləri daşıyır. Bu hislərlə də, o ölkələrin möhtac sakinlərinin düçar olduğu dəhşətli yoxsulluğu görəndə “Türkiyədəkilər pis-yaxşı dolanırlar, bir az da Efiopiya, Somali, Keniya, Uqanda və ya Tanzaniyaya əl uzadaq” deyə bilərlər”. Məncə, bu günə qədər bir qurban kəsən, mümkünsə, bu il iki qurban kəssin. Gücü çatan üçünü kəssin. Birini oralara göndərsin. İmkanı olan hər kəs cənub-şərqi Anadolu və yoxsul məhəllələrdə yardım gözləyən insanlara bayram sevincini yaşatsın.

Qurban ayı təkcə möhtaclara yardım baxımından deyil, eyni zamanda bizim sarsılmaz qardaşlığımızın göstəricisi kimi də çox yaxşı dəyərləndirilməlidir. Hasbi ruhlar özlərindən çox o bölgələrdəki qardaşları üçün tir-tir əsməlidirlər. Çünki bu gün bəzi kimsələrin “çatlama”, “qırılma” və “qopma” meydana gətirmək məqsədilə qorxunc səy göstərməsinin müqabilində mütləq nəhəng qalalar inşa edilməli və bu cür hadisələrə əsla imkan verilməməlidir.

Sözün cövhəri

İnsan dedektor kimi əcz və fəqrini dəyərləndirməli, vicdanında gizli olan istinad və istimdad nöqtəsindən istifadə edərək Allahla irtibat yollarını mütləq axtarmalıdır. Bu səviyyəyə çatan insan hədisin ifadəsi ilə, Allahın əli ilə tutar, gözü ilə görər, qulağı ilə eşidər, dili ilə danışar. Yəni, bir mənada, riza məqamına çatan bu insanın nə əlindən, nə dilindən, nə gözündən, nə də ayağından elə bir əməl çıxmaz ki, Allah-taala onu təsdiq etməsin.



Açar sözləri

iman

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.


Şərh yaz