7. 956 dəfə oxunub ,   0 şərh   Çap et

Heç kim öz əlinin zəhməti və alnının təri ilə qazandığından daha xeyirli bir ruzi yeməmişdir. Allahın Peyğəmbəri Həzrət Davud (ə) da öz əlinin əməyi ilə dolanırdı”.[1]

İnsanın özünün və ailəsinin ruzisini təmin etmək, borcu varsa, qaytarmaq üçün işləyib qazanması fərzdir. Ticarət, əkinçilik və sənət üç əsas qazanc yoludur və bunların hansı ilə olur-olsun, əl əməyi və alın təri ilə əldə edilən halal qazanc müqəddəsdir və ən fəzilətli dolanışıq yoludur. İnsanı dəyərli edən şey də əl əməyi və alın təridir. Qida, geyim və ev kimi mühüm ehtiyacları təmin etmək üçün tökülən alın təri və çəkilən zəhmət  səadət və bərəkətin mənbəyidir.

Allah  Rəsulu “Hansı qazanc daha halal və təmizdir?” deyə soruşulan suala “İnsanın öz əlinin əməyi, hər bir məqbul və halal alış-satış ən təmiz və halal qazancdır”[2] cavabını vermişdir. Peyğəmbərimiz “Ruzinin onda doqquzu ticarətdədir…”[3] – buyuraraq ticarətin böyük bir dolanışıq və ruzi mənbəyi olmasına işarə etmişdi. Allah Rəsulu başqa bir hədisində: “Allah əlinin zəhməti ilə dolanan qulunu sevər”,[4] – demiş və əl əməyi ilə güzəranını təmin edən şəxslərin ilahi sevgiyə layiq görüləcəyini müjdələmişdi.

İşləməyən insan fərd və topluma yük olur. Buna görə də ən çətin şəraitdə belə işləyib dolanışığı təmin etmək zəruri əhəmiyyət daşıyır. Çünki Allah Rəsulu işləməyi, bir yolla istehsala kömək edib dullara və kimsəsizlərə əl tutmağı Allah yolunda cihada və ya gündüzləri oruc, gecələri namazla keçirməyə bərabər saymışdır.[5]

Allah Rəsulu peyğəmbərliyindən əvvəl həm çobanlıq, etmiş həm də ticarətlə məşğul olmuşdur. Verilən məlumatlar əsasında deyə bilərik ki, Allah Rəsulu hələ 17-18 yaşlarında ticarət həyatına atılmış və bu məqsədlə qonşu ölkələrə, xüsusilə, sərhədyanı Yəmən, Bəhreyn, Suriya bazarlarına, hətta ehtimal ki, Həbəşistana qədər getmişdi. Ailə qurandan sonra Yəmən, Nəcd və Nəcrana getdiyi məlumdur. Bununla yanaşı, O, həcc mövsümlərində Uqaz və Zül-Məcaz bazarlarında ticarətlə məşğul olmuşdu.

Bir gün Peyğəmbərimiz: “Allahın göndərdiyi hər bir peyğəmbər çobanlıq etmişdir” – demiş, səhabə: “Siz də mi?” – deyə soruşmuşdu. Rəsulullah da: “Bəli, mən də Məkkənin Qararit adlı yerində (və ya Məkkədə bir haqq müqabilində) qoyun otarmışam”, – deyə cavab vermişdi[6]. 

Digər tərəfdən də İslam alimləri halal sahələrə sərmayə qoyulmasını və yeni iş yerlərinin açılmasını Allah yolunda infaq etməyə bərabər saymış, Allah yolunda verməyənlərə ciddi xəbərdarlıq edən ayələri isə sərvətini yığıb iqtisadi həyatın canlanmasında iştirak etməyən şəxslərə də şamil etmişlər. İstər əməyin, istərsə də sərmayənin istehsal və xidmətlərə cəlb olunması sərvətin yığılıb istifadəsiz saxlanılmasının qarşısını alır və  iqtisadi həyatı canlandırır. Bir çox insan bu yolla işləmək imkanı əldə edir və ailəsinin dolanışığını qazanır. Bu da bir mənada ibadətdir.

Peyğəmbərimiz belə buyurur: “Kim bir mülk və ya ev satıb pulunu ona oxşar bir şeyə yatırmazsa, onun bərəkətini görə bilməz”[7].

Zübeyr ibn Avvamın rəvayətinə görə, Peyğəmbərimiz: “Birinizin ipini belinə atıb bir dəstə odun gətirərək satması və beləcə Allahın bununla onun şərəfini qoruması xalqdan istəməsindən daha xeyirlidir. (Kim bilir, bəlkə də, bir şey) verərlər (minnət altında qalar) və ya (heç bir şey) verməzlər, (zillətə düşər)”[8],– deyərək dilənçiliyi pisləmiş və işləməyi təşviq etmişdir.

Bir gün Peyğəmbərimizin yanına mədinəli bir dilənçi gəldi. Allah Rəsulu ondan evində bir şey olub-olmadığını soruşdu, o da evində bir bez parçası olduğunu, bundan həm döşəkçə, həm də geyim kimi istifadə etdiyini bildirdi. Həmçinin evdə bir kasanın da olduğunu dedi. Rəsuli-Əkrəm həmin əşyaları gətirməyi tapşırdı. O, əşyaları gətirdi, Allah Rəsulu da onları açıq artırma ilə iki dirhəmə satdı və pulu ona verib bir dirhəmi ailəsinin dolanışığına ayırmağı, bir dirhəmlə də bir balta almağı, sonra da yanına gəlməyi tapşırdı. O da deyilənlərə əməl etdi. Peyğəmbərimiz öz əli ilə baltaya bir ip bağladı və bununla odun toplamağı, on beş günə kimi yanına gəlməməyi məsləhət gördü. O da çıxıb getdi. Bir müddət sonra yenidən Peyğəmbərimizin hüzuruna gəldi. Allah Rəsulunun tövsiyələrinə əməl edib on dirhəm qazanmışdı. Peyğəmbərimiz ona qazandığı pulun bir hissəsi ilə ərzaq, qalan qismi ilə geyim almağı tövsiyə etdi və belə buyurdu: “Bu cür etmək (odun toplayıb satmaqla dolanışığı təmin etmək) qiyamət günü üzdə dilənçilik ləkəsi ilə gəlməkdən daha yaxşıdır”. 

Səhabələr işləmiş, qazanmış və hətta sərvət sahibi olmuşdular. Əbu Zərr (r.a) kimi zahid həyatı yaşayan səhabələr belə müəyyən qədər qazanc əldə etmiş, ancaq kimsəyə əl açmamışlar. Əbdürrəhman ibn Avf Mədinəyə hicrət edəndə Allah Rəsulu onu ənsardan Səid ibn Rəbi ilə qardaş elan etmişdi. Səid (r.a) varlı idi, mal-mülkünün yarısını Əbdürrəhmana təklif etmiş və onu evləndirmək istəmişdi. Əbdürrəhman (r.a) bu cazibədar təklifi qəbul etməyib qardaşına belə cavab vermişdi: “Allah malını və ailəni sənə bağışlasın. Sən mənə bazarın yolunu göstər”. Daha sonra bazara getmiş, yağ, pendir və s. alıb satmış və qazancla geri dönmüşdü.

Digər tərəfdən səadət əsrində faizin qadağan olunması ilə sərmayəsi olanlar ortaq olaraq  istehsal və ticarət fəaliyyətlərinə girişmiş və faiz qarışmamış sərmayələri ilə böyük risklərə girməyə cəsarət etmişdilər. Avropa və Amerikanın əsrlər sonra tətbiq etdiyi əmək-kapital (commenda və venture) üsullarını ilk dəfə Müsəlmanlar orta əsrlərdə həyata keçirmişdilər.

Səhabə dövründə kişilər kimi qadınlar da ticari və iqtisadi həyatda iştirak edirdilər. Bunun ən bariz nümunəsi Həzrət Xədicə anamızdır. Bundan başqa Əsma binti Muharribə oğlu Abbasın Yəməndən göndərdiyi ətriyyatı satardı. Havlə binti Süveybə, Saib ibn Akranın anası Müleykə, Qeylətül-Ənmariyyə, Hind binti Utbə kimi qadınlar ticarətlə məşğul olurdular. Hətta dörd xəlifə dövründə bəzi xanım səhabələr xəzinədən yardım almışdılar. Məsələn, Əbu Süfyanın xanımı Hind Həzrət Ömərə müraciət etmiş və dörd min dirhəmlik ticari yardım almağı bacarmışdı.

Bununla yanaşı, Allahın Elçisi əmək əlillərini belə işləməkdən kənarlaşdırmamış, verdiyi hökmlərlə onların ticarətlə məşğul olmasını asanlaşdırmışdı. Allah Rəsulunun əlillərin topluma faydalı olmasını asanlaşdırması diqqətəlayiq hadisədir.

Həzrət Ömər xəlifəliyi dövründə tez-tez bazarı yoxlayır, yalnız əcnəbilərlə qarşılaşdığı üçün məyus olurdu. Buna görə də möminlərə ticarətə laqeyd yanaşmamağı tövsiyə edirdi. Müsəlmanlar ticarətə ehtiyaclarının olmadığını deyəndə isə belə buyururdu:

 “Allaha and olsun ki, siz ticarətdən uzaqlaşsanız, kişiləriniz əcnəbi kişilərə, qadınlarınız da əcnəbi qadınlara möhtac olar”.

Bütün bu məlumatlar və hadisələr göstərir ki, İslam işləməyi təşviq etmiş, ticarətin əhəmiyyətini vurğulamış və dolanışığını əlinin zəhməti ilə çıxaranları alqışlamışdır. O halda möminlərin vəzifəsi Allaha arxalanmaq, əzmlə çalışmaq və hikmətə ram olmaqdır…

[1]Buxari, Büyu, 15; Təbərani, Mücəmül-kəbir, 20/267, 268; Beyhaqi, Sünəni-kübra, VI, 127.

[2] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 141.

[3] Münavi, Feyzül-qədir, III, 244-245.

[4] İbn Macə, Zühd, 5.

[5] Buxari, Nəfəqat, 1.

[6] Buxari, İcarə, 2; Müslim, İman, 302.

[7] İbn Macə, Rübün, 24.

[8] Buxari, Zəkat, 50, 53; Müslim, Zəkat, 106.




Bənzər məqalələr

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

Ramazandan kimlər “qazanclı” çıxır?

Həqiqi xoşbəxt ramazan ayına yetişib Allahın əvfinə nail olan insandır. Ramazan ayında ibadətlərdə müvəffəq olmaq və bu ayı layiqincə əhya etmək üçün müəyyən xüsuslara diqqət etmək lazımdır.

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.


Şərh yaz