2. 052 dəfə oxunub ,   0 şərh   Çap et

سَبْعَةٌ يُظِلُّهُمُ اللّٰهُ فِي ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلُّهُ: اَلْإِمَامُ الْعَادِلُ، وَشَابٌّ نَشَأَ بِعِبَادَةِ اللّٰهِ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِي الْمَسَاجِدِ، وَرَجُلاَنِ تَحَابَّا فِي اللّٰهِ اِجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ، وَرَجُلٌ دَعَتْهُ امْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ إِنِّي أَخَافُ اللّٰهَ، وَرَجُلٌ تَصَدَّق بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لاَ تَعْلَمَ يَمِينُهُ مَا تُنْفِقُ شِمَالُهُ، وَرَجُلٌ ذَكَرَ اللّٰهَ خَالِياً فَفَاضَتْ عَيْنَاهُ

Qiyamət günü yalnız Allahın kölgəsi (hifzi, himayəsi) olacaqdır. Və Allah o gün yeddi (kimsəni) kölgəsi altında hifz edəcək: (Birincisi) ədalətli imam (rəhbər, başçı), (ikincisi) ömrünü ibadət sevinci içində keçirən gənc, (üçüncüsü) məscidlərə dilbəstə (qəlbən bağlı) olan kimsə, (dördüncüsü) Allah üçün bir-birini sevib Allah üçün bir araya gələn və Allah üçün bir-birindən ayrılan iki insanın hər biri, (beşincisi) yüksək məqama və gözəlliyə malik bir qadın yaxınlıq istədiyi zaman (nəfsinə üsyan edib) “Mən Allahdan qorxuram” deyən adam, (altıncısı)  sol tərəfindəki adama sağ tərəfindəki adamın hiss etməyəcəyi şəkildə gizli sədəqə verən, (yeddincisi) tək-tənha olduğu zaman Allahı xatırlayıb gözləri yaşla dolan”[1]

Məhz yuxarıdakı xüsusların hər biri insan iradəsi baxımından öz-özlüyündə böyük əhəmiyyət kəsb edir. Bunların bəzisi çox çətin və müşkül işlər, bəzisi də insana, inanca qurulan tələlərdir. İnsan bu tələlərin bəzilərindən xilas olsa da, hər an digərlərinə düşə bilər. Bu qorxunc tələlərdən xilas olmaq və insan qüvvəsi xaricində olan bu çətin məsuliyyətləri müvəffəqiyyətlə yerinə yetirmək üçün iki şey tələb olunur: (birinci) Allahın inayət (yardım) və himayəsinə səbəb olan ən güclü, ən məqbul vasitəyə – möhkəm iradəyə malik olmaq (və ona uyğun hərəkət etmək), (ikinci) Allahla yaxın irtibatda olmaq..

Bəli, günəşin yeri-göyü istisi ilə qovurduğu, beyinlərin qaynayıb tərin qırtlağa çatdığı və səbəblərin çarəsiz qaldığı, hər şeyin insanın əleyhinə işlədiyi o gün Haqqın himayə və inayətindən başqa kölgə olmayacaq və ola bilməz də. Bu kölgənin ərş kölgəsi və ya başqa bir şey olması əsas deyil, əhəmiyyətli olan o gün bütün nizamın dəyişməsi, ölçülərin alt-üst  olması, yerin-göyün başqalaşmasıdır.

O dəhşətli gündə heç kim heç kimə kömək edə bilməyəcək, himayə və xahişlər bir fayda verməyəcək. Səslərin kəsildiyi, canların boğaza dirəndiyi, başların fırlanıb baxışların bulandığı o gün kim kimi qoruya bilər ki..?

Bəli, məhz o gün bircə sığınacaq, pənahgah vardır ki, o da Allahın himayəsinin kölgəsidir. Və bu kölgədən faydalananlar da:

1. Dünyada məsuliyyətini dərk edən və öhdəsinə götürdüyü əmanətlərə riayətlə haqq, ədalət və doğru yolu təmsil edən lider və dövlət başçısı.

2. Nəfsani istəklərin tuğyan etdiyi dövrlərdə şəhvani və cismani arzularını cilovlayıb özünü Haqq yolunda xidmətə həsr etmiş gənc.

3. Allaha qulluq arzusu və sevgisi nəfsani istəklərinə üstün gələn və ürəyi daima məscidlərlə döyünən ibadət aşiqi.

4. Bir-birini Allah üçün sevən, Allah üçün bir-araya gələn, Allah üçün vidalaşıb ayrılan, Haqq razılığını, Haqq sevgisini mehrab, qayə bilən məhəbbət fədailəri.

5. Həmişə “məxafətullah”[2] və “məhabətullah”[3] istiqamətində yaşayan, iffət və ismətini mühafizə etməkdə fövqəladə həssas, şəhəvani istəklərlə mübarizədə qətiyyətli olan və nəfsin istəklərini “Mən Allahdan qorxuram” düşüncə və hayqırtısı ilə dəf edən gənc.

6. Allaha sədaqət və vəfanın rəmzi olaraq, boğazından kəsib Haqq rizası üçün verdiyi malını, Allahdan başqa heç kimin bilməsini arzu etməyən, hətta başqasının bilməsini qısqanan, sağına verdiyini solundakından gizləməyə çalışan ixlas qəhrəmanı.

7. Tənha olduğu anları təfəkkür və müraqibə (nəfsini hesaba çəkmək) ilə dərinləşdirən, bəzən könlündə bəstələdiyi duyğuları göz yaşları ilə səsləndirən, hər zaman iradə gücünü Allahdan alan və bir dalğaqıranı xatırladan güclü iradəsi ilə masiyət (günah) arzularını qırıb darmadağın edən hiss və könül qəhrəmanıdır.

Bəli, başqa hədislərdə də bildirildiyi kimi, bu hədis ədalətlə hökm edən hakimin o biri aləmdə nurdan minbərlər üstündə məskən salıb Haqqın sonsuz lütflərindən həzz alması,[4] gəncliyində cövlan edən nəfsini yenmiş cavanın Haqqın razılığı (rizası) ilə mükafatlandırılması,[5] həyat “xalçası”nı məscid-ev-iş yeri arasında toxumağa müvəffəq olmuş ibadət aşiqinin ilahi himayə ilə hifz olunması,[6] kainata qardaşlıq beşiyi nəzəri ilə baxıb Allah üçün sevərək, sevilərək ömür sürənlərin məhşərdə ilahi məhəbbətlə mükafatlandırılması,[7] dünya həyatını “məhabət və məxafət”[8] xəmiri ilə yoğuran könül ərənin o biri aləmdə əmin (arxayın) olması,[9] sədəqəsini sədaqət nişanəsi kimi verən vəfa timsalının o ən Vəfalıdan müstəsna müamilə görməsi[10] və nəhayət, zahiri mənalı, batini dərin, el-aləmə ən mükəmməl nümunə olan, xəlvətdə də dərdini göz yaşları ilə Ona açan o duyğu və könül insanının bütün maneələri aşıb diləklərinə çatması kimi[11] üxrəvi mükafatları ifadə etməklə yanaşı, bir ideal cəmiyyətin xüsusiyyətlərini göz önünə sərməklə mükəmməl bir millətə çevrilmənin prinsiplərini təqdim edir.

Bilmirəm, izahı cildlərə sığmayan bu dərin mənanın bir neçə cümlə ilə, başqa sözlə dəryanın damla ilə ifadə edildiyini təkrarlamağa lüzum varmı..?

 [1]Buxari, Əzan 36; Müslim, Zəkat 91.

[2]Allahdan qorxma

[3]Allaha sevgi

[4]Baxın: Müslim, İmarə 18; Nəsayi, adabul-qudat 1.

[5]Baxın: Əbu Nuaym, Hilyətül-övliya, 4/139; Deyləmi, Müsnəd, 4/112.

[6]Baxın: Buxari, Səlat 28; Müslim, Məsacid 261-262.

[7]Baxın: Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/229, 233, 236, 239; Təbərani, əl-Mücəmül-kəbir, 20/80-81.

[8]Allah sevgisi və Allah qorxusu

[9]Baxın: İbn Mübarək, əz-Zühd, s. 51; Təbərani, Müsnədüş-Şamiyyin, 4/339; Hakim Tirmizi, Nəvadirul-usul, 1/418.

[10]Baxın: Buxari, Zəkat 8; Müslim, Zəkat 63-64.

[11]Tirmizi, Fəzailül-cihad 8; Nəsayi, Cihad 8.




Bənzər məqalələr

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

İmam Şafei

İmam Şafei 767-cı ildə (h. 150) Qəzzada dünyaya gəlmiş, 820-ci ildə (h. 204) Misirdə vəfat etmişdir.

Namazı imamdan gec bitirmək

Sual: İmama tabe olan şəxs “təhiyyat”dan sonrakı duaları oxumadan imam salam versə nə etməlidir? Cavab: Rəsulullah (s.ə.s) müsəlmanları camaatla namaza təşviq edərək belə buyurmuşdur: “Camaatla qılınan namaz, təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.”

Quran axirəti necə isbat edir?

Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.

Qadın kişilərə imam ola bilərmi?

Qadın kişilərə imam dura bilməz. Qadın qadınlara imam dura bilər. Ancaq bir şərt var ki, kişilərdən fərqli olaraq qadın imam olanda camaatla eyni cərgədə/səfdə durar.


Şərh yaz