Mənəviyyata Açılan Pəncərə

Əzrailin surəti hamıya eyni görünür?

Sual: Əzrailin surəti niyə hər kəsə eyni görünmür?

Cavab: Əzrail möminə ayrı surətdə, kafir və münafiqə isə başqa cür görünür. Möminlərə sevimli, gözəl sima ilə göründüyü halda, kafirin qarşısına dəhşətli sima ilə çıxır. Bu da mömin üçün nemət, kafir üçün bir əzabdır. Rəvayətlərə görə, Hz. İbrahim (ə.s) Əzraildən kafirlərə necə göründüyünü soruşur, Əzrail də: “Ey İbrahim sən buna dözə bilməzsən!”– deyir. Hz. İbrahim israr etdikdə isə: “Yaxşı onda üzünü bu tərəfə çevir”, – deyir. Hz. İbrahim ona tərəf baxanda qapqara qorxunc sima, başı göylərə çatan, qulaqlarından və ağzından alov püskürən, tüklü və iri cüssəli bir varlıq görür. Hz. İbrahim tab gətirməyib huşunu itirir. Özünə gələndə Hz. Əzraili əvvəlki surətində görür. Bu dəfə yenə bir dilək diləyir: “Ey Ölüm mələyi!  Kafir sənin bu üzünü görəndən sonra başqa bir əzab görməsə belə, bu, ona kifayət edər! İndi mənə möminlərin ruhunu alarkən göründüyün kimi görün”. Əzrail: “Üzünü çevir”, – deyir. Hz. İbrahim:”Gözəl simalı, ətir saçan, qar kimi ağ libaslı bir gənc! Əgər mömin ölüm anında sənin bu gözəlliyini görəndən sonra başqa bir nemət görməsə belə, bu, ona bəs edər, hələ artıq da olar!” – deyir”.[1]

Nəticə olaraq, ölüm anında Əzrail və ya onun köməkçiləri insana onun əməli, ruhunun gözəlliyi, qəlbinin təmizliyindən asılı olaraq fərqli surətlərdə görünür. Bir gün mütləq hər kəs Əzraillə üz-üzə gələcək, elə isə kim onu necə görmək istəyirsə, o cür yaşamalıdır.

[1] İ. Qəzali, Əhya, IV, 829.

 

Exit mobile version