Allah ləfzi ilə bağlı İslam alimləri -Onun özünü qullarına tanıtmış olduğu bəyanları əsas götürərək- belə demişdirlər: Allah varlığı özündən (Vacibul-vücud) olan və bütün həmd və təriflərə layiq olan ən uca varlığın adıdır. Bu tərifdəki ‘varlığı özündən olan’ ifadəsi Allahın yoxluğunun düşünülə bilməyəcəyini, var olmaq üçün başqa bir varlığın dəstəyinə möhtac olmadığını, bu səbəbdən Onun kainatın yaradıcısı və idarəçisi olduğunu ifadə etməkdədir. ‘Bütün həmd və təriflərə layiq olan’ ifadəsi isə kamal və hüdudsuzluq ifadə edən adlara və sifətlərə sahib olduğunu bildirir. Allah ləfzi İslami mətnlərdə gerçək məbudun (ibadət edilən varlığın) və tək yaradıcının xüsusi adı olaraq istifadə edilmişdir. Bu səbəblə bu ad Ondan başqa bir varlığa ad olaraq verilməmişdir. Müsəlman millətlərin dilində də hər hansı cəm halda istifadə edilməmişdir.