Mənəviyyata Açılan Pəncərə

İslam dininin ətrafa yayılma dövrü

Ətrafa yayılma dövrü

Abdulmuttalibin oğulları ilə bu qədər yaxından maraqlanan və hər fürsətdə onları Haqqa dəvət edən Allah Rəsulu (s.ə.s.) təbliğ halqasını yavaş-yavaş genişləndirirdi. Artıq açıq-aşkar Kəbəyə gedib namaz qılır, insanları dinə dəvət edərək Quran oxuyurdu. Ondan əvvəlki peyğəmbərlərin dedikləri kimi O da:

− Ey qövmüm! Gəlin siz də Özündən başqa ilah olmayan bir Allaha bəndə olun, − deyir və beləliklə, insanlarla Allah arasındakı süni maneələri aradan qaldırmaq istəyirdi.

İlk olaraq  yaxın qəbilələrlə görüşməyə başlayacaqdı. Allah Rəsulu (s.ə.s.) hər vasitəyə əl atırdı; qapı-qapı gəzib könlünün zənginliklərini onlarla bölüşürdü… “Bu məsələləri niyə öz qəbilənlə bölüşmürsən?” – deyə verilən suallara:

− Qureyş Rəbbimin kəlamını təbliğ etməyimə mane olur, − cavabını verir və tərəddüd olmayan bir zəmində təbliğ vəzifəsini yerinə yetirmək istəyirdi. Zaman-zaman kütlələrə üz tutur, müəyyən vasitələrlə insanları bir yerə toplayıb Allahın əmrlərini çatdırırdı. Buna görə də izdihamlı vaxtları seçirdi. Belə günlərdən birində Peyğəmbərimiz (s.ə.s.) Minada durub insanlara belə səslənirdi:

− Ey insanlar! Bilin ki, Allah sizə ata-babalarınızın din deyə ortaya qoyduğu düşüncələrdən əl çəkməyi əmr edir.

O, hələ ilk cümləsini bitirməmiş izdihamın içindən nifrət dolu bir səs eşidilir. Hamı səs gələn tərəfə dönür, gözlər səsin yiyəsini axtarırdı; tapmaqda çətinlik çəkirlər. Bu, bütün iş-gücünü atıb özünü qardaşı oğlunun daş-daş hörməyə çalışdığı gözəllik binasını uçurmağa həsr etmiş Əbu Ləhəb idi. Bu vaxt səmanı yenə qəsvət (zülmət, hüzn) bürümüşdü.

O (s.ə.s.), Allahın Rəsulu idi və nə Əbu Ləhəbin, nə də Əbu Cəhilin inadkarlığı Onu dayandıra bilərdi. Qarşısına çıxan hər maneə Onun sürətini daha da artırır, əvvəl dəvət etdiyi adamlarla yanaşı, yeni simaların axtarışına sövq edirdi. Nəhayət, başqa bir gün də Zilməcaz yarmarkasında insanlara səslənəcək və:

− Ey insanlar! Gəlin “Lə iləhə illəllah” deyin və siz də xilas olun, − deyəcəkdi.

Ancaq bu sözləri deyərkən də rahat görünmürdü, çünki arxasında Onu addım-addım izləyən, hətta izləmək bir tərəfə, ovucladığı daşlarla Onu (s.ə.s.) daş yağışına tutan tanış sima − öz əmisi Əbu Ləhəb vardı. Rəsulullahın (s.ə.s.) fürsət tapıb insanlara bir cümlə də olsa, “həqiqətləri çatdıraram” deyə çıxdığı yolda mübarək ayaqları qana qərq olmuşdu, amma O, yenə də yoluna davam edib vəzifəsini yerinə yetirmək istəyirdi. Elə ilk cümləsini söyləmişdi ki, özünü saxlaya bilməyən Əbu Ləhəbin səsi Zilməcazın havasını pozur. Artıq məlum idi ki, can çıxmayınca xasiyyət çıxmayacaqdı. Rəsulullahın (s.ə.s.) müxatəblərinə  belə deyirdi Əbu Ləhəb:

− Ey camaat! Qətiyyən bu adama qulaq asmayın, çünki o, yalançıdır![1]

Budur, yalan buna deyilirdi: hələ dünənə kimi Əmin deyə başlarının üstündə saxladıqları, ən qiymətli əşyalarını aparıb əmanət saxlaması üçün verdikləri bu şəxsi − həm də bu şəxs Əbu Ləhəbin qardaşının oğlu idi − Ona yaraşmayan tükürpədici həqarətlərlə gözdən salmağa çalışırdılar. Əlbəttə, onların cəhdləri baş tutmayacaqdı, əksinə, bu cəhdlər onların özlərinə qarşı çevriləcək və imanla tanış olmaları bir gün də gecikəcəkdi.

İnsanların İslamı tanımasına  mane olmaq cəhdləri

Bu vaxt həcc mövsümünün yaxınlaşması ilə Qureyş təşvişə düşmüşdü. Təbii ki, onlar üçün ən çox narahatlıq doğuran məsələ Peyğəmbərimizin kənardan Kəbəyə gələnlərlə görüşməsi və gələn ayələri onlara da çatdırıb təbliğ etməsi idi. Bütün vasitələrdən istifadə edilməli və bir çarə tapılmalı, Onun həccə gələnlərlə danışmasının qarşısı alınmalı, danışsa da, sözlərinə etibar edilməməsi üçün əleyhinə təbliğat aparılmalı idi. Sırf bu məsələni həll etmək üçün Vəlid ibn Müğirənin evinə yığışırlar. Məqsədləri insanlarla Allah Rəsulunun (s.ə.s.) arasına girib İslamı təbliğ etməsinə mane olmaq və yeni bəyanların qəlblərdə böyüyüb yetişməsinin qarşısını almaq idi.

Əvvəlcə yaşlı və təcrübəli Vəlid sözə başlayır:

− Ey qureyşlilər! Bilirsiniz ki, həcc mövsümü gəlib çatıb, ərəblər qruplar şəklində bura gələcəklər. Bu adamınızın da halını bilirsiniz. Onunla bağlı bir qərara gəlin ki, sabah aranızda fikir ayrılığı olmasın. Yoxsa biriniz digərinizi təkzib edər və ya dediklərinin əksini söylərsə, etibarınız şübhə altına düşər.

− Ey Abdişəmsin atası, əvvəlcə sən bizə bir şey de və yol göstər ki, bunu müzakirə edək, − deyirlər. Vəlid də onlardan bu cavabı gözləyirdi:

−  Əksinə, əvvəlcə siz fikirlərinizi deyin, mən dinləyim, − deyə təkid edir.

− Gəlin Ona “kahin” deyək.

− Yox, Allaha and olsun ki, bu, qətiyyən baş tutmaz. Çünki O, kahin deyil, biz çox kahinlər görmüşük. Onun sözləri kahinlərin etdiyi kimi eşidilməyən, gizli və ya qafiyəli kəlmələr deyil.

− Onda “Məcnun” deyək.

− Bilirsiniz ki, O, məcnun da deyil. Biz neçə məcnunlar, neçə dəlilər görüb tanıdıq, O, heç birinə bənzəmir. Onda ağılsızlıqdan sağa-sola yırğalanaraq yerimək, nə də bir vəsvəsə görürük.

− Elə isə “Şair” deyək.

− Axı O, şair də deyil. Şeirin qafiyəsini, ahəngini, rəngini və musiqisini biz yaxşı bilirik. Onun dedikləri şeir də deyil.

− Onda ”sehrbaz” deyək.

− İşin qəribə tərəfi odur ki, O, sehrbaz da deyil. Biz neçə sehrbazlar, neçə sehrlər gördük… Onun isə sehrbazlar kimi nə üfürüb oxumağına, nə də ip düyünləməsinə heç kəs şahid olmamışdır…

Ağıllarına gələn bütün üsulları müzakirə etmiş, amma heç cür yekun qərara gələ bilməmişdilər. Bu qocaya da bir şey bəyəndirmək mümkün deyildi. Sözü bu qədər uzadıb onları dağa-daşa salınca, birbaşa öz fikrini desəydi, nə olardı? Buna görə də bəziləri:

− Yaxşı, bəs sənin fıkrin nədir, ey Əbu Abdişəms, − deyərək məsələni yekunlaşdırmaq istəyirdilər. Amma onun da bir fikri yox idi:

− Mənə bir az möhlət verin, fikirləşim, − deyir və uzun-uzadı fikirləşir. Heç cür bir fikir gəlmirdi ağlına. Bir az əvvəl deyilənləri fikrində bir-bir götür-qoy edir. Bəli, bunlardan birini seçmək olardı. Məclisə dönüb bunları deyir:

− And olsun ki, Onun sözlərində fərqli bir dad, cazibə var; kökü möhkəmdir, bol və bərəkətli meyvəyə “hamilədir”… Bununla bağlı siz nə deyirsiniz deyin, dediklərinizin doğru olmadığı dərhal başa düşülər. Onun haqqında iddia edə biləcəyimiz ən münasib təklif “sehrbaz” ifadəsidir. O söylədiyi sözlərlə ata ilə oğulun, ərlə arvadın və insanlarla qəbilələrinin arasını vurur.

Bu hadisəni də müfəssəl şəkildə nəql edib onun gələcək nəsillərə örnək olması üçün yenə Cəbrail gələcək və məalən bu ayələri gə­ti­rə­cəkdi:

− O fikirləşdi və ölçdü-biçdi.

Qəhr olsun! Necə ölçdü-biçdi?!

Yenə də qəhr olası!

Necə ölçdü-biçdi?! Sonra baxdı. Üz-gözünü turşutdu, qaşlarını çatdı. Sonra da imandan üz çevirdi, təkəbbür göstərdi. Və dedi: “Bu, öyrənilən sehrdən başqa bir şey deyildir! Bu, yalnız bəşər sözüdür!”[2]

Vəlidin də dediyi kimi, onların deməyə başqa sözləri qalmamışdı və buna görə də, “sehrbaz” sözünün üstündə razılaşıb dağılışdılar. Artıq ümumi istiqamət qəbul edilmiş və Rəsulullahı (s.ə.s.) cəmiyyətdən təcrid etmək məqsədilə müştərək üsul seçilmişdi. Bundan sonra hər biri eyni sözü danışacaq və yalanda ittifaq edib bilə-bilə Allah Rəsuluna (s.ə.s.) qarayaxma yarışına girişəcəkdilər. Müasir anlamda bu, bir yalan informasiyanı eyni anda bütün kütləvi informasiya vasitələrinə ötürmək və müxtəlif mənbələrlə təqdim etmək idi.

Vaxt yetişib hacılar axın-axın Məkkəyə üz tutanda şəhərin hər tərəfinə yayılan  qureyşlilər ziyarətçiləri qarşılayır və hamısı da sözü Allah Rəsuluna (s.ə.s.) gətirib (özləri inanmasalar da) Onun sehrbaz olduğunu deyirdilər. Bununla da insanların Onun hüzuruna gəlməsinə mane olduqlarını və ilahi bəyanın qarşısına sədd çəkdiklərini sanırdılar.[3]

Bir tərəfdə isə Allah Rəsulunun üstünə yeni vəhyin ağırlığı çökmüşdü: Cəbrail yeni bir bəyan gətirirdi. Nazil olan ayələrdə Uca Allah bu gizli plandan xəbər vermişdi. Allah Rəsulunun əleyhinə məkrli plan hazırlayanların halını bir-bir qeyd edir, bu işi quranlar, xüsusilə, Vəlid ibn Müğirə haqqında bunları deyirdi:

− Məni Öz yaratdığım kimsə ilə tək burax! Bol mal-dövlət əta etdiyim, yanında hazır duran oğullar, artıqlaması ilə nemətlər verdiyim o adamın öhdəsindən Mən gələcəyəm![4]

Bu işin bir də sabahı vardı. Ancaq bu gündən etibarən atılası addımlar, görüləsi işlər olacaqdı. Hər kəs özünə görə səy göstərirdi və bütün bu cəhdlərin sonunda Allah üçün addım atanların nəticəyə varması lazım idi. Buna görə də həcc mövsümü ilə əlaqədar insanlar axın-axın Məkkəyə yönəlincə, Allah Rəsulu (s.ə.s.)  Ukaz, Məcənnə və Zilməcaz yarmarkalarında addımlarını yeyinlədəcək və rast gəldiyi hər kəsə:

− Ey insanlar! Gəlin siz də “Lə iləhə illəllah” deyin və xilas olun, − deyərək Rəbbinin adını eşitdirməyə çalışacaqdı.

Qureyşin bütün cəhdlərinə və Allah Rəsulunu addım-addım izləyib kərpic-kərpic  hördüyü binanı yıxmağa çalışan Əbu Ləhəbin səylərinə baxmayaraq, həcc mövsümü gəlib-keçəcək və geri qayıdan­ların yad­daşında yalnız Allah Rəsulunun bəyanı və səmalardan gətirdiyi xəbərləri qalacaqdı. Çünki onların Məkkədə görüb-eşitdikləri yeganə yenilik bu idi və bu yenilik təkcə Məkkəni deyil, bütün dünyanı dəyişdirəcək miqyasda idi.

Düşmənçilik kampaniyası genişlənir

Qureyş gündən-günə böhtan, təqib və təhdidin dərəcəsini artırır və insanları Allah Rəsulundan uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırdı. Onun barəsində nalayiq ifadələr işlədir, Onun adına ağ yalanlar uydururdular. Onlar bütün bunlarla müsəlmanların mənəvi gücünü sarsıtmaq, təhqir, böhtan və qarayaxmalarla alçaltmaq və müsəlman olmayanları da qorxudaraq Ona yaxınlaşmalarına mane olmaq istəyirdilər.

Vəlid ibn Müğirənin evindəki plan istədikləri nəticəni vermədiyi üçün artıq ağıllarına gələn hər şeyi Ona şamil edirdilər. Rastlarına çıxanlara Allah Rəsulu barədə hər cür sözlər deyirdilər. Demək olar ki, dili söz tutan hər məkkəli ətrafına yığdığı adamlara bu haqda danışır və Onun əleyhinə ictimai rəy formalaşdırmağa çalışırdı.

Buna görə də, xüsusilə, Allah Rəsulunu hədəf seçmişdilər. Bir gün Rəsulullaha (s.ə.s.) “dəli”, başqa vaxt “sehrbaz”, bəzən “yalançı”, başqa gün də “şair” deyir,  özlərinə görə, Hz. Məhəmmədi “ələ salırdılar”. Bəzən:

− Bu, necə peyğəmbərdir ki, bazarları gəzib dolaşır, yemək yeyir?[5] − deyə ağız-burun əyir, zaman-zaman da:

− Məgər bu Quran iki bölgədən olan böyük bir adama gəlməli deyildimi?[6] − kimi mənasız sözlərlə elə hərəkət edirdilər ki, sanki, Allahın mərhəmətini bölüşdürmək və bu məsələdə seçim etmək onların işi idi. Halbuki, bu işin yeganə sahibi Allah idi və O (cəllə cəlaluhu) da peyğəmbərlik vəzifəsini kimə verəcəyini çox yaxşı bilirdi.[7]

− Siz də bizim kimi adi insansınız, − deyərək Rəsulullahın adi bir insan olmasını qəribə qarşılayırdılar. Halbuki, risalətin kamilliyi üçün göndərilən peyğəmbər də təbliğ edilənlər cinsindən olmalı idi və Allah (c.c.) da peyğəmbərlik vəzifəsini istədiyi bəndəsinə verir və bununla da ona ehsan edirdi.[8]

Bir gün də ağıllarına başqa bir fikir gəlir və Peyğəmbərin təkliyindən söz açırdılar istehza ilə:

− Məgər ona özü ilə birlikdə yardımçı bir mələk göndərilməli deyildimi? Yaxud bir xəzinəyə qonmalı və ya hər cür nemətlərin olduğu cənnət kimi bir bağı olmalı deyildimi?”[9]

Bütün bunların kökündə peyğəmbərlik kimi mühüm bir vəzifə üçün Hz. Məhəmmədin  seçilməsini qəbul edə bilməmək, ictimai qınaq, təəssübkeşlik, həsəd, inadkarlıq, qorxu, təkəbbür və lovğalıq kimi şəxsi problemlər dayanırdı.

Küfrün heç bir qayda-qanunu, sərhədi yoxdu və çox keçmədən iffətsiz üzlərini Qurana tərəf çevirdilər. Onlar Qurani-Kərim barədə bəzən “keçmişin nağılları”, bəzən “faydasız və bərbəzəkli söz”,  başqa vaxt “şeytan və cin sözü” və zaman-zaman da “bəşər sözü” kimi ifadələr işlədir və bununla da Allah kəlamının insanlar üzərindəki təsirini qırmaq istəyirdilər.[10]

Məkkədə qılınclar qınından sıyrılmazdan əvvəl söz müharibəsi çox sürətlə davam edirdi. Bir yandan da öz tərəfdarlarına:

− Bu Qurana qulaq asmayın! Ona üstün olmaq üçün tez-tez qarışıqlıq salın,[11] − deyərək düşmənçiliyi körükləyir, digər tərəfdən də haqq surətində görünmək üçün ağıla gəlməyən hiylələrə əl atırdılar. Hər cür söz oyunlarından istifadə edir və müsəlmanları təsirsiz hala gətirmək üçün təsəvvürə sığmayan oyunlar qururdular. Hətta müəyyən müddət özlərini iman gətirmiş kimi göstərir, bir müddət sonra isə təkrarən ata-baba dininə qayıtdığını elan edərək axtardığını tapa bilməyən adam rolunu oynayır, öz tərəfdarlarının əhvali-ruhiyyəsini yüksəltməyə çalışarkən Peyğəmbərimizin və Onunla birlikdə olanların mənəvi gücünü sarsıtmaq istəyirdilər.[12] Çox qəribə idi ki, zəlalət və küfrün ən qatısını çiyinlərində daşıdıqları halda, eyni sifətləri müsəlmanlara yaraşdırmağa çalışır, ən məsum insanları zəlaləldə ittiham etmək istəyirdilər.

Bəziləri bir az da irəli getmişdi: “Qureyşin şeytanı” kimi də tanınan Nadr ibn Haris Hirədən təzəcə gəlmişdi. Bu adam tez-tez uzaq ölkələrə gedir, məlik və hökmdarlarla eyni məclislərdə iştirak edir və beləcə, müxtəlif mədəniyyətlərlə tanış olurdu. O günkü Məkkə ilə müqayisədə Nadr çox geniş dünyagörüşə malik idi. Buna görə Rəsulullah (s.ə.s.) nə vaxt İslamı insanlara anlatmaq üçün bir məclisə getsə, o da dərhal ardınca gələr və oradakılara:

− Ey Qureyş camaatı, Allaha and olsun ki, mən Ondan daha gözəl danışıram. Həm də Məhəmmədin hansı özəlliyi var ki, məndən daha yaxşı danışa bilsin? − deyərək Peyğəmbərimizin səylərini  təsirsiz hala gətirmək istəyirdi.[13]

Həmin Nadr bir kəniz satın almışdı, bu kənizdən İslamı qəbul etməyə hazırlaşanları qərarından döndərmək üçün istifadə edirdi. Allah Rəsulunun evinə üz tutanların yolunu kəsərək bu kənizinə təslim edir və kənizə o şəxslərlə çox yaxşı “davranmağı” tapşıraraq həmin adamların Bəşərin Fəxri ilə görüşməsinə mane olmağa çalışırdı.[14]

Küfr budur… O, ağıla-xəyala gəlməyən yeni üsullarla, hər gün yeni bir üzlə özünü göstərir və bütün bunlar o günün gündəmini təşkil edirdi. Küfr içində olanlar Peyğəmbərimizlə rastlaşanda arzularını bildirir, sanki, iman gətirəcəklər kimi rol oynayaraq fikirləri qarışdırmaq istəyirdilər. Müşrik və kafirlər bəzən Hz. Məhəmmədin peyğəmbərliyini isbat etmək üçün nərdivan qoyub göyə çıxmalı olduğunu iddia edir, bəzən də cənnətə uzanıb onun meyvələrindən onlara bir süfrə açmasını istəyirdilər. Rəsulullah (s.ə.s.) bütün bunları yerinə yetirsəydi belə, onlar yenə inanmayacaqdılar. Bütün bunlardan  yalnız öz düşüncələrini haqlı çıxartmaq üçün istifadə edir, özlərinə  görə əylənirdilər.

İnancları sarsılmış, varlığa baxışları xəstə, xarakterləri dönük, yolları çıxılmaz dalan, ağılları da  nəfslərinin dustağı idi. Bilə-bilə imandan qaçırdılar! Əksəriyyət etibarilə özlərini ilah kimi qəbul edir və etdikləri hər səhvi fəzilət əsəri kimi göstərməyə çalışırdılar. Xülasə, o günədək yaşadıqları həyatın yanlışlığını heç cür qəbul etmir və “Biz səhv edirmişik!” demək fəzilətini ortaya qoya bilmirdilər. Əlbəttə, bu etiraf böyük fəzilət əlaməti olardı və o gün onların əksəriyyəti bu fəziləti göstərmək səviyyəsində deyildi. Buna görə də, səhvlərini dilə gətirənləri ən böyük düşmənləri sayır və hamısına (həqiqəti deyənlərə) müharibə elan edirdilər.

Nə yaxşı ki, möminlərin Allahı, inananların yanında Rəsulullah vardı… Müşriklərin geniş vüsətli, necə gəldi təhdid və təhqirləri müqabilində Quran möminləri nazil olan hər yeni ayəsi ilə əhatələyir və haqqı təmsildə səbatlı olmağın vacibliyini xatırladır, Rəsulullah (s.ə.s.) da hər fürsətdə bunları səhabələri ilə bölüşüb imanlarını qüvvətləndirirdi. Xeyirli işlərin həmişə zərərli maneələrlə üzləşdiyi, şeytan və şeytanvari düşüncənin xeyir yolunu seçənləri daim məşğul edəcəyi xəbər verilir və bununla da onlar planlarını ortaya qoymamış, möminlərin öz mövqelərini müəyyənləşdirməsi təmin edilirdi. Tez-tez əvvəlki ümmətlərdən nümunələr verilir və Haqq yolu getməyin asan olmadığı vurğulanır, ardınca da nəticənin mütləq inanan və həyatını təqva ölçülərinə görə şəkilləndirənlərin lehinə olacağı bildirilirdi.

Bəzən də gələn ayələr ilk növbədə və şəxsən Allah Rəsuluna təsəlli verir və:

− Doğrusu, Biz onların istehzalı sözlərindən Sənin qəlbinin sıxıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə birlikdə ol! Və ölüm gələnədək Rəbbinə ibadət et![15] − kimi əmrlərlə təmkinli olmağı təlqin edirdi.

Başqa vaxt isə:

−  Şübhəsiz ki, istehza edənlərə qarşı Biz Sənə kifayət edərik. O kəslər ki, Allaha başqa ilah şərik qoşdular! Onlar başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini mütləq biləcəklər![16] − deyir və axırda gülən tərəfin möminlər olacağını müjdələyirdi.

Müjdə verən Allah olunca Ona güvənməmək olardımı? Onsuz da, başlarına gələn hər hadisə onları Allaha bir addım da yaxınlaşdırırdı. O da başlarını oxşayıb kürəklərini sığallayırmış kimi mərhəmətini hiss etdirir və:

− Əlbəttə, Səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi,[17] − deyərək bunu Quran ayəsi kimi qarşılarına qoyurdu. Çünki bu cür etirazlar, əslində, şəxslərə qarşı deyildi, müşriklərin və kafirlərin əsas dərdi İlahi dəvətin yayılmasına əngəl olmaq, Allahın adını yer üzündən silməkdi. Müsəlmanlar səbəb planında öndə göründükləri üçün onların düşmənçiliyindən əziyyət çəkirdi. Amma Onun yolunda çəkilən bu məşəqqətlərin mükafatı da böyük olacaqdı. Uca Allah Sevgili Peyğəmbərinə təsəlli verərkən:

− Bilirik ki, onların dedikləri söz Səni çox kədərləndirir. Həqiqətdə isə onlar Səni yalançı hesab etmirlər. O zalımlar bilə-bilə Allahın ayələrini inkar edirlər. Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə, nəhayət, Bizim köməyimiz onlara yetənə kimi dözdülər,[18] − ifadələrindən istifadə edəcək və bütün bunların davamında İlahi yardımın (zəfərin) olduğunu ortaya qoyacaqdı. Necə böyük şəfqət! Necə böyük mərhəmət! Necə böyük iltifat və necə böyük təsəlli!



[1]. Bax: Halebi, Sire, 2/154

[2]. Bax: “Muddəssir” surəsi, 74/18-25

[3]. Bax: ibn Hişam, Sire, 2/105

[4]. Bax: “Muddəssir” surəsi, 74/11-30. Vəlid ibn Müğirənin on oğlu var idi. Hudeybiyyə müqaviləsindən sonra müsəlman olan Xalid ibn Vəlid də bunlardan biri idi.

[5]. Bax: “Furqan” surəsi, 25/7.

[6]. Bax: “Zuxruf” surəsi, 43/31.

[7]. Bax: “Ənam” surəsi, 6/124.

[8]. Bax: “İbrahim” surəsi, 14/10, 11.

[9]. Bax: “Furqan” surəsi, 25/7-8.

[10]. Ətraflı məlumat üçün bax: Haylamaz, Reşit, Guller ve Dikenler, 1/206 və b.

[11]. Bax: “Fussılət” surəsi,  41/26

[12]. Zurkani, Menahilu’l-İrfan, 2/296

[13]. Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 14/47

[14]. Şevkani, Fethu’l-Kadir, 4/335.

[15]. Bax: “Hicr” surəsi, 15/97-99.

[16]. Bax: “Hicr” surəsi, 15/95-96.

[17]. Bax: “Ənam” surəsi, 6/10.

[18]. Bax: “Ənam” surəsi, 6/33, 34.

Exit mobile version