3. 693 dəfə oxunub ,   0 şərh   Çap et

29 – əl-Ənkəbut
əl-Ənkəbut (Hörümçək) surəsi

(Məkkədə nazil olmuşdur, 69 ayədir)

1
Əlif, Lam, Mim!
2
İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)
3
Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!
4
Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
5
Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!
6
(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdikləri əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir).
7
İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya: gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq).
8
Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!
9
İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar Cənnətin yüksək təbəqələrində sakin olacaqlar!)
10
Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” – deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (möminlərə) bir zəfər gəlsə, mütləq: “Biz də sizinləyik!” – deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı) bilmirmi?!
11
Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!
12
Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!
13
Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla (yoldan çıxartdıqları kimsələrin günahlarına) yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!
14
Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
15
Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.
16
(Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!
17
Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”
18
(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!
19
Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)
20
(Ya Rəsulum!) De: “Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!
21
(Allah) istədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız!
22
Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməzsiniz! (Yerdə də olsanız, göyə də çıxsanız Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz!) Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!”
23
Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.
24
Tayfasının (İbrahimin sözlərinə) cavabı: “Onu öldürün, yaxud da yandırın!” – deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!
25
(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!”
26
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”
27
Biz ona (İbrahimə) İshaqı və Yəqubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq (yüksək dərəcələrə layiq) salehlərdən olacaqdır!
28
(Ya Rəsulum!) Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz?
29
Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?” Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməkdən ibarət oldu.
30
(Lut:) “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!” – dedi.
31
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər.
32
(İbrahim) dedi: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər.
33
Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı. (Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub məyus oldu). Onlar dedilər: “Qorxma və kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!
34
Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”
35
Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət alsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq.
36
Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət gününə ümid bəsləyib savab işlər görün. Onun əzabından qorxun!) Yer üzündə fitnə-fəsad törətməyin!”
37
Amma (mədyənlilər) onu təkzib etdilər. Buna görə də onları (dəhşətli) bir sarsıntı (zəlzələ) bürüdü. Onlar dizüstə çöküb evlərində qaldılar (hamısı həlak oldu).
38
Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.
39
Biz Qarunu da, Fironu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük etdilər və (buna görə də əzabımızdan) sovuşa bilmədilər!
40
Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.
41
Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar).
42
Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
43
Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar.
44
Allah göyləri və yeri haqq olaraq (lazımınca) yaratmışdır. Həqiqətən, bunda (bu yaradılışda) möminlər üçün bir ibrət vardır!
45
(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!
46
Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”
47
(Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Quranı da sənə belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər ona (Qurana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!
48
(Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər).
49
Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizim ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər.
50
(Müşriklər: ) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) möcüzə nazil olmadı?” – dedilər. (Ya Rəsulum!) De: “Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
51
Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!
52
De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!”
53
(Müşriklər istehza ilə) səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər (bunun üçün) əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.
54
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən, Cəhənnəm kafirləri qapayacaqdır!
55
O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. (Allah) onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyə buyuracaqdır.
56
Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!
57
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!
58
İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!
59
O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!
60
(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. (Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman məişət çətinliklərindən qorxub başqa ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz!)
61
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?
62
Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi (yerli-yerində) biləndir!
63
Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz! (Müşriklərin xeyirlərilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).
64
Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).
65
(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.
66
Onlara verdiyimiz neməti inkar etsinlər və (dünyada istədikləri kimi) kef çəkib zövq alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır nəticəsini) mütləq biləcəklər!
67
Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?
68
Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Quran və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk etmirlər?)
69
Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)



Açar sözləri

əl-Ənkəbut surəsi

Şərh yaz