1. 383 dəfə oxunub ,   0 şərh   Çap et

Qırx günlük fasilə

Hirada artıq vüslət başlamışdı, amma günlər keçsə də, bu vüslətin arxası gəlmirdi. İllərdir bu anı gözləyən Allah Rəsulu “Artıq qovuşdum” dediyi  bir vaxtda Cəbrailin həyat verən nəfəsinə həsrət qalmışdı.

Bu müddətdə yenə özünü tənhalığa vermişdi: bəzən Sebir dağına gedir, əksər hallarda Hiraya yollanırdı. O qədər sıxılmışdı ki, bu geniş yer üzü Onun üçün daralmış, zaman ayaqlarını sürüyür, keçmək bilmirdi.

Qırx yaşına kimi gözlədiyi vəhyin kəsilməsindən qırx gün də ötmüşdü ki,[1] səmada Cəbrailin səsi eşidilir:

− Mən Cəbrailəm, − deyirdi. Peyğəmbərimiz səsin gəldiyi tərəfə dönür, başını səmaya qaldırır. Bu səsin sahibi Hirada gördüyü Cəbrail idi. Səma ilə yer arasında bir taxtın üstündə:

−  Ey Məhəmməd!  Sən Allahın haqq peyğəmbərisən, − deyirdi.

Bəli, yenidən səma ilə bir əlaqə qurulmuş, iki Əmin təkrar görüşmüşdü. Bu, gözü aydın edən, könülə sürur gətirən görüş idi. Əslində Allah Rəsulu (s.ə.s.) Cəbraillə yeni bir görüş üçün intizarla yanıb-yaxılmış, bir də görmək arzusu ilə qovrulmuşdu. Eyni zamanda belə bir fasilə bundan sonra vəhyin ard-arda (fasiləsiz) gələcəyinə bir işarə idi. Çünki Quran insanları bir hədəfə doğru aparmaq, əsrlərdir insanların şüuraltına işləmiş yanlış fikirləri, düşüncə tərzlərini söküb yerində öz taxtını qurmaq üçün gəlirdi. Elə isə hər enən yeni vəhy cəmiyyət tərəfindən mənimsənilir, sosial həyat üçün bir prinsip halına gəlirdi.

Bu, şükür tələb edən, şükrə layiq bir nemət idi və Allah Rəsulu (s.ə.s.) əvvəlcə yerə qapanıb  şükür səcdəsi edir. Sonra da vaxt itirmədən səadət xanəsinə üz tutur. Yenə vəhyin ağırlığı üstünə çökmüşdü. Yayın qızmar istisində bir yandan tir-tir titrəyir,  digər tərəfdən inci-inci tər tökürdü. Xədicə anamızın yanına gəlir, üstünü dərhal örtməsini istəyir. Qəlbinə nəqş edilən vəhylə yeni bir mərhələ başlayırdı. Çünki Allah (c.c.) Onu müxatəb kimi qəbul edib bunları buyururdu:

– Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!  Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş![2]

Yenə beş ayə nazil olmuşdu: amma bu dəfə fasilə olmayacaq, ardı-arası kəsilmədən başqa ayələr də enəcək, insanlıq Cəbrailin nəfəsi ilə külli aydınlığa qovuşacaqdı. Qısa fasilədən sonra yenidən başlayan vüslətdə diqqəti cəlb edən əsas məqamlar təbliğ vəzifəsinin Ona açıq-aşkar bildirilməsi, Rəbbinin böyüklüyünə təzim edib bu böyüklüyü var gücü ilə ətrafına hayqırması, son olaraq da maddi-mənəvi bütün mənfiliklərdən arınıb dünyəvi həyat yaşamaqla bunu başqalarına da şamil etməsi idi.

“Muddəssir” surəsi eyni zamanda bütöv halda nazil olan ilk surə idi. Çünki “Ələq” surəsinin ilk beş ayəsi Hirada gəlmiş, amma digər hissəsi sonralar nazil olmuşdu. Buna görə də bir qisim alimlər peyğəmbərliklə (nəbiliklə) bağlı ilk gələn surənin “Ələq”, risalətlə (rəsulluq, elçilik) bağlı gələn ilk surənin isə “Muddəssir” olması şəklində surələr arasında fərq qoyurlar.[3]

Həmçinin bu dəfə enən ayələr Son Peyğəmbərin missiyasını müəyyənləşdirir, Ondan başqa insanlara da əl uzatmaq və Rəbbinin adını hamıya eşitdirmək tələb olunurdu. Belə ki, Peyğəmbərlik vəzifəsi ilə birlikdə belə bir məsuliyyət lap başlanğıcdan Onun çiyninə yüklənmişdi. Artıq O (s.ə.s.),  Allahın varlığını və tək olduğunu insanlara anladacaq və başa salacaq, axirət gününə inamın vacibliyi üzərində israrla dayanacaq və iman həqiqətlərinin bütünlüklə cəmiyyətdə kök salmasına çalışacaqdı. Bunu həyata keçirmək üçün ilk müxatəblərindən bu kimi şeylər istəyir, özlərini Haqqa həsr edənlərin şəxsi həzlərdən uzaqlaşmaqla həyatlarını cəmiyyətin islahına  fəda etməsi  zərurətini ifadə edir və səbəblərdə qüsura yol verməməklə yanaşı, nəticəni Allaha həvalə etmənin vacibliyinə  diqqət çəkirdi.

Aydın olurdu ki, fərdi mənada inkişaf dövrünə sosial inkişaf mərhələsi əlavə edilmişdi. Bundan sonra hər iki istiqamətdə fəaliyyət göstərmək lazım idi. Açıq desək, bu, pak vicdanlı insanların mənfiliklərdən uzaqlaşmaları və Haqqın razılığını qazandıran əməllər işləmələri üçün onlara xəbərdarlıq etməyin zəruriliyi mənasına gəlirdi. Bundan sonrası əvvəlkilərdən çox fərqli olmalı idi. Çünki bu ayə Peyğəmbərimizə “Qalx” deyərək hər yönü ilə fərqli bir cəmiyyətin inşası məsuliyyətini yükləyir, qəlb və ağıl süzgəcindən keçməyən hər şeyə qarşı da əks mövqedə durma prinsipi müəyyənləşdirirdi.[4]

Bu gələn ayələrdə diqqət çəkən bir xüsus da səbir etməyin vurğulanması idi. Hələ hər şey təzə başlamışdı. Qət ediləcək məsafə çox  idi və bu işə könül verən  insanların sayı da məlum idi. Məkkə kəskin etiraz edir və məkkəlilərin münasibəti baş verəcək hadisələrdən xəbər verirdi. Yol uzun, sular dərin, azuqə isə məhdud idi. Elə isə, bu çətin mərhələdən sahilə sağ-salamat çatmaq üçün səbir adlı sirli qüvvədən möhkəm yapışmaq lazım idi. Çünki səbir güclü düşmənlərə qarşı ən təsirli cavab demək idi. Allaha ibadət və itaət vəzifəsini icra edərkən günahların cazibəsi qarşısında səbr edib harama əyilmədən və din düşmənlərinin qopardığı fırtınada başa gələn hər cür müsibətə sinə gərərək onu qəbul etməklə səbir etmək… Bütün bunları edərkən də qətiyyən yerində saymamaq və hər dəqiqəni Haqqın razı olduğu fəaliyyətlə dolu keçirmək… Quranın müəyyən etdiyi səbrin mənası bu idi  və Quran hələ işin başlanğıcında inananlara səbri tövsiyə edirdi.

Çox keçmədən Allahın Onu insanların təhlükələrindən şəxsən qoruyacağı da bildiriləcək və:

− Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni − Quranı təbliğ et. Əgər bunu etməsən, risalət vəzifəsini yerinə yetirmiş olmazsan. Allah Səni zərər vermək istəyən insanların şərindən qoruyacaq,[5] − buyurulacaqdı. Bundan sonra da təbliğ vəzifəsinin Peyğəmbərimizə aid bir vəzifə olduğu tez-tez xatırladılacaq, haqq-hesab işinin isə Allaha məxsus olduğu vurğulanacaqdı.[6]

Onu peyğəmbər kimi vəzifələndirən Allah (c.c.) özü təminat verir və Ona Rəbbinin adını yaymaq üçün səy göstərməyin vacibliyini bildirirdi.[7] Təbii ki, belə bir yolda bəziləri narahat olacaq və Haqqın dərgahından gələn hökmləri dilləri ilə, sözləri ilə söndürməyə çalışacaqdılar. Amma inkar karvanının başını çəkən və şirk bataqlığına batmış küfr fanatikləri  istəməsə də, Allahın təminatı vardı, kim nə  edir-etsin, O (c.c.), nurunu mütləq tamamlayacaqdı.[8] Buna görə də Onun istədiyi ortaya güclü və sarsılmaz bir iman, təqva ölçülərinin biçdiyi bir həyat tərzi və səbəblərə riayət edən saleh bir əməl nümayiş etdirmək idi.[9] Elə isə başqalarının dediyinə qulaq asmadan, Rəhmanın çağırışlarını əldə rəhbər tutub yer üzündə Onun razı olduğu şəkildə yaşamaq lazım idi.

Tez-tez tarixdən nümunələr verilir, peyğəmbərlik vəzifəsinin yeni zühur edən bir təsisat olmadığı bildirilərək haqq düşüncəsinə mane və qarşı olanların hər zaman məğlubiyyətə məhkum olduqları misallarla və dönə-dönə edilirdi. Hz. Adəmdən Hz. Nuha, Hz. İbrahimdən də Hz. İsaya kimi bəşəriyyət səmasının ay və günəşləri olan rəhbər şəxsiyyətlərdən nümunələr gətirilir, onların risalət vəzifəsini yerinə yetirərkən nələrə məruz qaldıqları göstərilir, bundan sonra baş verə biləcək hadisələrə qarşı hazır olmağın  əhəmiyyəti vurğulanırdı.

Ölümdən sonrakı həyatla bağlı mövzular gündəmə gətirilir, haqq-hesab dünyasının qapıları açılır, həyatı hesabı veriləcək şəkildə yaşamağın vacibliyi ortaya qoyulurdu.

Xülasə, artıq nazil olan vəhy müntəzəm şəkildə enirdi və riza dairəsində yeni toplumun qurulmasında ən təsirli faktor rolunu oynayırdı. Bu mərhələ vəhyin leysan kimi yağdığı dövr idi. Beləliklə, “Muzzəmmil”in ardınca “Muddəssir”, “Təbbət”in arxasınca “Təkvir” enəcək, “Əla”dan “Leyl”ə, “Fəcr”dən də “Mutaffifin”ə kimi, demək olar ki, Quranın yarısı  Məkkədə nazil olacaqdı.[10]

Küsmək də yoxdur, inciklik də...

Digər tərəfdən Məkkə müşrikləri bu mərhələni (40 günlük fasiləni) diqqətlə izləyir və vəhyin dayanmasına için-için sevinirdilər. Onlar elə fikirləşirdilər ki, Peyğəmbərimiz (s.ə.s.) addım atdığı bu yolda cəmiyyətdən təcrid edilib tək qaldığı kimi, səma ilə də əlaqələri kəsilmiş və O, hərtərəfli bir “qürbət” yaşayırdı. Hətta məkkəli bir qadın Allah Rəsulunun  yoluna çıxaraq:

− Ey Məhəmməd! Görürəm ki, şeytanın Səni tərk etmişdir, − deyirdi. O, özünə görə bununla Rəsulullahı məsxərəyə qoyurdu. Ancaq Hz. Məhəmmədi kədərləndirən bu hadisə səmanın qapılarını yerindən oynadacaqdı. Çünki çətin vəziyyətdə imdada yetişən bir Cəbrail vardı.

Cəbrail yenə gəlmiş və bu ayələri gətirmişdi:

− Ya Peyğəmbər! Günəşin yüksəlib ən parlaq olduğu duha vaxtına və getdikcə sakitləşən gecəyə and olsun ki, Rəbbin nə Səni tərk etdi, nə də Sənə acığı tutdu. Əlbəttə, Sənin üçün gələn hər yeni gün əvvəlkindən, hər zaman işin axırı əvvəlindən daha xeyirlidir. Həqiqə­tən, Rəbbin sənə elə şeylər bəxş edəcək ki, nəticədə Sən həm Ondan, həm də verəcəklərindən razı qalacaqsan![11]

Bunlar necə də gözəl iltifatlar idi… Mərhəmətli Rəhman Həbibi-Zişanın əlindən tutur, Onu, sanki, pillə-pillə gələcəyə aparırdı. Elə isə, yerində saymağın nə mənası vardı?

Hər gələcək günün əvvəlki gündən daha xeyirli olacağı bildirildiyi üçün bu gün görüləsi iş − ara vermədən xeyri tövsiyə edib ilahi gözəllikləri Allahın bəndələri ilə bölüşmək, onları çirkin və pis olanlardan uzaqlaşdırmaq naminə səy göstərmək idi. Müəyyən müddət sonra ilahi bəyan da nazil oldu:

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun![12] − deyərək eyni şeyləri buyuracaqdı. Çünki bundan sonra yenidən formalaşdırılan ümmət orta yolun təmsilçisi olacaq və Allaha imanda dərinliklə, xeyir məsələsində xeyirxahlığın, şərə qarşı davranışı ilə doğruluğun şüarı olacaqdı.[13] (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız).

Həmçinin bu, cəmiyyətin bütün zümrələrini bir-birinə bağlayan ən mühüm əsaslardan biri idi. Çünki bu, sosiallaşmanın bir nəticəsi idi. Səhvlərin görməməzliyə vurulduğu, gözəlliklərin də bölüşülmədiyi cəmiyyətlərdə daxili tənəzzül özünü hiss etdirirdi ki, belə cəmiyyətlərin də ömrü əsla uzun ola bilməzdi. Quranın bir ibrət vəsiləsi kimi təqdim etdiyi israiloğulları bu vəzifəni layiqincə yerinə yetirə bilmədiyi üçün aralarında ixtilaflar meydana gəlmiş və onlar parçalanmışdılar.[14] Demək ki, görünən şərə laqeyd yanaşmaq müsibətlərə dəvətnamə göndərmək mənasına gəlir və bu vəziyyətdə qurunun oduna yaş da yanırdı. Elə isə ümumi qurtuluş xeyir naminə canından keçmək yarışından: bəndələri  Allaha, Allahı da bəndələrinə sevdirməkdən asılı  idi.[15]

Məhəmməd ümməti sonu, yekunu təmsil edəcəkdi və bu təmsil əvvəlkilərdən də ibrət götürməklə yaxşı icra olunmalı idi. Çünki günəş artıq qüruba yönəlmiş və insanlıq üçün zaman qürubun astanasında idi. Buna görə də “ikindi vaxtı”na and içiləcək, ehtimal olunan sapmaların baş verməməsi üçün imanın nə qədər zəruri olduğu bildirilməklə bu yolun yolçularına haqq yolunda səbir və dözümlülük tövsiyə ediləcəkdi.[16]



[1]. Bəziləri bu müddətin üç ilə kimi davam etdiyini qeyd edir. İyirmi üç illik vəhy mərhələsi ərzində bu müddət çox böyük zaman kəsiyi deməkdir. Halbuki Quranın haradasa yarısı Məkkədə nazil olmuşdur və Peyğəmbərimizin Məkkə həyatında elə bir il olmamışdır ki, Quran ayələri nazil olmasın.

[2]. “Muddəssir” surəsi, 74/1-5

 [3]. Bəzi təfsirçilər isə ilk nazil olan surənin “Fatihə” olduğunu bildirir, bir qrup alim də “Fatihə” surəsinin “Ələq” və “Muddəssir” surələrindən sonra gəldiyini qeyd edirlər. Nəticəsindən asılı olmayaraq, ilk nazil olan ayənin “Bismilləhir Rahmənir Rahim” olduğuna heç bir şübhə yoxdur. Bax: Suyuti, İtkan, 1/75-77

 [4]. Bu nə qədər böyük həssaslıqdır ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Uca dostluğa qovuşacağı günə kimi bu köynəyi əynindən çıxarmayacaq, o, axirətə köçərkən də bu əmri yerinə yetirmək məqsədilə təşkil etdiyi Üsamə ordusu ilə Haqq məfkurəsini başqa yerlərə çatdırmağın ağrısını çəkəcəkdi.

 [5]. Bax: “Maidə” surəsi, 5/67

[6]. Bax: “Rəd” surəsi, 13/40; “Bəqərə” surəsi, 2/272

[7]. Mövzu ilə bağlı bax: “Maidə” surəsi, 5/55, 56; “Nur” surəsi, 24/55; “Saffat” surəsi, 37/171-173; “Mumin” surəsi, 40/51, 52; “Mucadələ” surəsi, 58/20, 21.

[8]. Bax: “Ali-İmran” surəsi, 3/139; “Tövbə” surəsi, 9/32, 33; “Səd” surəsi, 38/8, 9; “Saff” surəsi, 61/9.

[9]. Bax: “Bəqərə” surəsi, 2/212; “Əraf” surəsi, 7/128; “Hud” surəsi, 11/49; “Qəsəs” surəsi, 28/83; “Mumin” surəsi, 40/51; “Ənbiya” surəsi, 21/105.

[10]. Bunları nazil olma ardıcıllığına görə sıralamaq lazım gələrsə, Məkkədə bu  surələr nazil  olmuşdur:   “Ələq”   (bəzi  rəvayətlərdə “Ələq” surəsindən sonra “Nur” surəsinin gəldiyi bildirilir), “Muzzəmmil”, “Muddəssir” (bəzi məlumatlarda “Muddəssir” surəsinin “Qələm” surəsindən sonra nazil olduğu nəql edilir), “Təbbət”, “Təkvir”, “Əla”, “Leyl”, “Fəcr”, “Duha”, “İnşirah”, “Əsr”, “Adiyat” (bəzi rəvayətlərdə “Əsr” və “Adiyat” surələrinin yeri dəyişdirilərək qeyd olunur), “Kövsər”, “Təkasur”, “Maun”, “Kafirun”, “Fil”, “Fələq”, “Nəs”, “İxlas”, “Nəcm”, “Əbəsə”, “Qədr”, “Şəms”, “Buruc”, “Tin”, “Qureyş”, “Qariə”, “Qiyamə”, “Huməzə”, “Mursəlat” (bəzi rəvayətlərdə “Mursəlat” surəsinin “Qiyamət” surəsindən sonra nazil olduğu bildirilir), “Qaf’, “Bələd”, “Tariq”, “Qəmər” (bəzi rəvayətlərdə “Qəmər” surəsinin “Qaf’ surəsindən sonra gəldiyi qeyd olunur), “Sad”, “Əraf’, “Cinn”, “Yasin”, “Furqan”, “Fatir”, “Məryəm”, “Taha”, “Vaqiə”, “Şüəra”, Nəml”, “Qəsəs”, “Saff”, “Yunus”, “Hud”, “Yusuf”, “Hicr”, “Ənam”, “Saffat”, “Loğman”, “Səba”, “Zumər”, “Mumin”, “Səcdə”, Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə”, “Əhqaf’, “Zariyat”, “Ğaşiyə”, “Kəhf”, “Nəhl”, “Nuh”, “İbrahim”, “Ənbiya”, “Muminun”, “Səcdə”, “Tur”, “Mülk”, “Haqqa”, “Məaric”, “Ammə”, “Naziat”, “İnfitar”, “İnşiqaq”, “Rum”, “Ənkəbut” və “Mutəffifin”… Digər surələr isə sonralar Mədinədə nazil olacaqdı. Uzun surələrin arasındakı bəzi ayələrin də Məkkədə ikən nazil olması bir həqiqətdir. Bax: Suyuti, İtkan, 1/38, 39; Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 20/117, 118; Zuhri, Tenzilu’l-Kur’an, 1/23-29

[11]. Bax: “Duha” surəsi, 93/1-6

[12]. Bax: “Ali-İmran” surəsi, 104

[13]. Bax: “Ali-İmran” surəsi, 3/110

[14]. Bax: “Maidə” surəsi, 5/78, 79

[15]. Mövzu ilə bağlı bax: Buhari, Sahih, 2/520 (1368), 3/1314 (3393); Muslim, Sahih, 1/69 (78), 1/69 (80)

[16]. Bax: “Əsr” surəsi, 103/1-3




Şərh yaz