Mənəviyyata Açılan Pəncərə

57 – əl-Hədid

57 – əl-Hədid
əl-Hədid (Dəmir) surəsi

(Mədinədə nazil olmuşdur, 29 ayədir)

1
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
2
Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!
3
Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).
4
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
5
Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır!
6
Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!
7
(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!
8
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl (Allah sizi ulu babanız Adəmin belində, yaxud ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz barəsində) sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin – bu sizin üçün daha yaxşıdır!)
9
Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
10
(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
11
Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!
12
O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin və qadınların (səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!
13
O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” – deyəcəklər. (Onlara istehza ilə) belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” (Bu sözlərdən sonra) onların (möminlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.
14
(Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!
15
(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!”
16
İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!
17
(Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!
18
Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!
19
Allaha və peyğəmbərinə iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir. Onların (qiyamət günü) öz mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.
20
(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.
21
(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!
22
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!
23
Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!
24
O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim (Allahın əmrlərindən, öyüd-nəsihətindən) üz döndərsə (ancaq özünə zərər edər). Həqiqətən, Allah ehtiyacsızdır, şükrə (və tərifə) layiqdir! (Onun bütün əməlləri bəyəniləndir!)
25
And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik (mədənlərdən çıxartdıq) ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
26
And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və kitabı (Tövratı, Zəburu, İncili və Quranı) onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə (Allahın itaətindən çıxmış) fasiqlərdir!
27
Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və başqa) peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd əleyhissəlamın peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir.
28
Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!
29
(Muhəmməd əleyhissəlama iman gətirməyən) kitab əhli bilsin ki, onlar Allahın lütfünə (mərhəmətinə, dilədiyi kimsəyə peyğəmbərlik əta etməsinə) heç bir vəchlə mane ola bilməzlər. Şübhəsiz ki, lütf (mərhəmət, nemət) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah çox böyük lütf (kərəm) sahibidir! [Və ya: kitab əhli Allahın lütfündən heç bir şeyə nail olmayacaqlarını, həqiqətən, lütfün (mərhəmətin) Allahın əlində olduğunu, Allahın da onu istədiyi kimsəyə bəxş etdiyini bilmədikləri üçünmü küfrdə israr edib dururlar? Halbuki bunu çox əla bilirlər].

Exit mobile version