67 – əl-Mulk
əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
1
Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!
2
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
3
Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
4
Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!
5
And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.
6
Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
7
Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər!
8
O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar.
9
Onlar deyəcəklər: “Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: “Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!”
10
Onlar: “Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” – deyəcək,
11
Və beləcə öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
12
Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir!
13
(Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
14
Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!
15
Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!
16
(Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!
17
Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz.
18
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar etməyim) necə oldu.
19
Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!
20
Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!
21
Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmirlər.
22
Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!
23
(Ya Peyğəmbər!) De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükür edirsiniz!”
24
De: “Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!”
25
Onlar (müşriklər) deyirlər: “Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu vəd (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?”
26
De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
27
Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) və onlara: “Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib inanmadığınız) əzab budur!” – deyiləcəkdir.
28
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman gətirmək lazımdır!)
29
De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!”
30
De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!