2. 361 dəfə oxunub ,   0 şərh   Çap et

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın (lütfü) genişdir[1].

Mudar qəbiləsindən gələnlər

Hizacın istisində Allah Rəsulu və səhabələr məscidə çəkilib xurma ağaclarının yarpaqlarından hörülmüş tavanın kölgəsində oturmuşdular. Bir müddət sonra Mudar qəbiləsindən müsəlman olanlar bir-bir məscidə gəldilər. Bu vaxt içəri ağır tər və yun qoxusu yayılmağa başladı. Uzun yoldan gələn qonaqların əyinlərində yun paltar var idi. Geyinməyə başqa paltarları da yox idi.

Bir yandan qızmar isti, bir yandan yun paltar onları bərk tərlətmişdi. Tərlə yunun qoxusundan baş çatlayırdı. Onların yoxsul halı Rəsulullahın (s.ə.s) riqqətinə toxundu, gözləri doldu. Qonaqlarına az da olsa, kömək etmək üçün infaq ayələrini oxudu. Səhabələrinə “Qonaqlara əl tutun!” demək istəyir, amma açıqca dilə gətirə bilmirdi. Səhabələr Onun (s.ə.s) niyyətini hələ anlaya bilməmişdi.

Xeyli sonra bir səhabə qalxıb qaça-qaça evinə doğru getdi. Çox keçmədən əlləri dolu geri qayıtdı və gətirdiklərini Peyğəmbərimizin (s.ə.s) önünə tökdü. Uca Rəsul bundan çox məmnun oldu. Çünki adını bimədiyimiz bu səhabə Allah Rəsulunun nə demək istədiyini düz başa düşmüşdü. Bunu görən o biri səhabələr də evlərinə tələsdilər.

Hər kəs imkanına görə bir şey gətirdi və Peyğəmbərimizin (s.ə.s) qarşısında kiçik bir oğlaq boyda yardım toplandı. Bu səfərbərlik Allah Rəsulunu (s.ə.s) çox məmnun etdi. Bir maddi sıxıntı da himmətlə,[2] yardımla yoluna düşdü. Səhabələr də onlara yaraşan fədakarlığı göstərdilər. Beləliklə, əshab da himmət etməyi öyrənmişdi. Bu gözəl təcrübədən sonra Allah Rəsulu (s.ə.s) belə buyurdu:

Bir işə səbəb olub yol göstərən adam onu etmiş kimidir.”[3]

Təbük səfəri

Peyğəmbərimiz (s.ə.s) müxtəlif səbəblərlə əshabından yardım istəmiş, səhabələr də hər dəfə bütün imkanlarını ortaya qoyaraq Onun tələbinə əliaçıqlıqla cavab vermişdilər. Bunlar arasında ən məşhuru Təbük səfəri üçün yığılan yardımlardır. Peyğəmbərimiz (s.ə.s) səfər xərcləri üçün səhabələrini köməyə çağırmış, səhabələr də sırf Allah rizası üçün can-başla yardım etmiş, kimi malının dörddə birini, kimi yarısını, kimi də hamısını gətirmişdi.

Qadınlar qollarındakı bilərzikləri, qulaqlarındakı sırğaları, ayaqlarındakı xalxalları gətirib Həzrət Aişə anamızın otağında sərilmiş süfrənin üstünə qoyurdular.[4] Həzrət Əbu Bəkir kimi malının hamısını verənlər, Həzrət Ömər və Əbdürrahman ibn Avf (r.a) kimi sərvətinin yarısını bağışlayanlar vardı.

Həzrət Əbu Bəkir bütün sərvətini gətirib Allah Rəsuluna (s.ə.s) təslim edəndə Peyğəmbərimiz: “Ey Əbu Bəkir, ailənə bir şey saxladınmı?” – deyə soruşdu. Həzrət Əbu Bəkr bu cavabı verdi: “Ya Rəsulallah, mən onlara Allahı və Peyğəmbərini saxladım.”

O gün ilahi rizanın “bazarı” qurulmuşdu və hər kəs o bazardan nə isə almağa çalışırdı. Heç imkanı olmayan sahabələr belə bu xeyirxah işdə iştirak etmək üçün əlindən gələni edir, kimi başındakı sarığı açıb verir, kimi səhərə qədər su çəkib qazandığı bir ovuc xurmanı gətirir, kimi də evindəki yeganə su tuluğundan keçirdi. O gün hər kəs könüldən inanaraq və heç bir bəhanəyə əl atmadan ürəyini ortaya qoymuş, gücünə və imkanına görə himmət karvanına qatılmışdı.[5]

Həzrət Osman da böyük səxavət göstərdi. Orduya üç yüz dəvə və yüz at bağışladı, on min əsgəri su qabına qədər təmin etdi. Üstəlik min qızılı da Allah Rəsulunun qabağına qoydu. Bu böyük fədakarlığı görən Allah Rəsulu (s.ə.s): “Allahım, mən Osmandan razıyam, Sən də razı ol!” – deyə dua etdi, ardınca da: “Bundan sonra Osmanın əməlləri ona zərər verməyəcək. Allah onu günahdan qoruyacaq,” – deyə müjdə verdi.[6]

O gün imkansızlıq ucbatından bu xeyir yarışından kənarda qalanlar, himmət edən səhabələri gözü yaşlı, boynu bükük, kədərli-kədərli uzaqdan seyr edənlər də var idi. Allah-Təala onları Qurani-Kərimin “Tövbə” surəsinin 92-ci ayəsi ilə belə təsəlli edirdi: “(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, – deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!”

Bir gün yenə Rəsulullah: “Himmətə tələsin!” – deyə car çəkdirərək möminləri yardıma səslədi. Əbdürrəhman ibn Afv irəli atıldı və Allah Rəsuluna (s.ə.s) dörd yüz dirhəm verdiyini bildirdi. Allah Rəsulu onun ilk addımı ataraq  möminləri şövqə gətirməsindən məmnun oldu. Səhabələr “Nə verə bilərəm?” deyə düşünürdü. İmkanı çatan bir şey verirdi, bəs imkanı olmayan nə edəcəkdi? Onlar da verməyə bir şey axtarırdılar.

İmkanı az, amma ürəyi dəryalar qədər geniş Əbu Aqil də bu düşüncələr içində iztirab çəkirdi. Cəmi iki qab xurması var idi, ancaq o da himmət edənlər arasında olmaq istəyirdi. Böyük fədakarlıq göstərərək həmin xurmanın yarısını ailəsinə saxlayıb qalanını Rəbbinin yolunda fəda etdi. Münafiqlər isə, ona rişxənd edirdilər. Uca Allah onun fədakarlığı haqqında bu ayəni nazil etdi, “Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!”[7].

 Əbu Aqil o gün çox az himmət etsə də, fədakarlığı ilə infaq qəhrəmanlarından biri ola bilmişdi.


[1]  “Bəqərə” surəsi, 5/261
[2] Himmət (hümmət): əl-ələ vermək, səy göstərmək, xeyirli işlərdə yardımlaşmaq.
[3] Tirmizi, Elm, 14.
[4] Əl-Vaqidi, Kitabul-məğazi 3/991-992, İbn Əsakir, 1/111-112.
[5] Əbu Davud, 2/129, Tirmizi, Sünən 5/615, Darimi, 1/329, Əbu Nuaym, Hilyə, 1/32, Beyhaqi, Sünən 4/181, İbn Əsir, Üsdul-ğabə 3/326-327; Əl-Vaqidi, Kitabul-məğazi 3/991.
[6] Tirmizi, Sünən 5/625; Əhməd İbn Hənbəl 4/75; əl-Hakim, əl-Müstədrək 3/102; İbn İshaq, İbn Hişam, 4/161, ət-Təbəri, Tarixul-uməm vəl-muluk 3/143; Beyhaqi, 5/219, Süheyli, 7/366.
[7] Tövbə surəsi, 9/79.



Bənzər məqalələr

Sədəqeyi-cariyə

Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

“Kasıba” əl uzatmaq

“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.”

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?


Şərh yaz