3. 137 dəfə oxunub ,   0 şərh   Çap et

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır. Hislərin mənəvi tərəqqi və ya tənəzzül etməsi üçün iradə azadlığı verilmişdir, yəni mahiyyət etibarilə mələklərdən üstün məqama yüksələ də bilər, heyvanlardan aşağı səviyyəyə yuvarlana da bilər.

Bu mənada İslami əsaslar iradəyə məhdudiyyət qoyaraq qabiliyyətlərin müsbət istiqamətdə inkişaf etdirilməsini məqsəd seçmişdir. Nəfsin və pis arzuların bu şəkildə müəyyən çərçivəyə salınması labüddür. Nəfsin sərhəd tanımayan istəklərinə boyun əyən insan ona bəxş edilmiş mələklik keyfiyyətindən heyvanlıq səviyyəsinə yuvarlanar.

Qərb mədəniyyətinin acınacaqlı vəziyyəti göz qabağındadır. Çünki bu cazibədar mədəniyyət dünyəvi həvəsləri, şəhvani duyğuları hərəkətə gətirməyə, nəfsani istək və arzuların əldə edilməsini asanlaşdırmağa xidmət edir. Nəticəsi isə səfeh, səfil, nəfsani həyat tərzidir.

Mədənin fəaliyyətini təmin edən bir çox orqan var ki, bunlar bir növ onun köməkçiləri rolunu oynayır. Əgər nəfs müvəqqəti, bir aylıq da olsa, gündüzlər mədəyə istirahət verməsə, mədə “fabrikinin” xidmətçilərinə həqiqi vəzifələrini, ibadətlərini unutdurar, onları məşğul edər. Onları özünə yönəldərək ülvi vəzifələrindən uzaqlaşdırar.

Bu səbəbdəndir ki, bir çox vəlilər (Allah dostları, Allahın sadiq qulları) kamillik zirvəsinə çatmaq, mənən yetkinləşmək üçün özlərini riyazata, az yemək və içməyə alışdırırlar.

Ramazan orucu mədə “fabriki”nin köməkçilərinə sırf mədə üçün yaradılmadığını xatırladır. Digər duyğular da o “fabrikin” boş, mənasız əyləncələrinə deyil, ramazan ayının mənəvi və ruhani ab-havasına yönəlir.

Məhz buna görədir ki, ramazan ayında möminlər iman səviyyələrinə görə ilahi nurlara, feyzə, mənəvi sürur və  sevincə layiq görülürlər. Qəlb, ruh, ağıl, sirr, xafa və əxfa (qəlbə aid incə duyğular) o müqəddəs ayda oruc vasitəsilə yüksəlir və feyz alır. Mədə ağlasa da, onlar feyz içində gülürlər.

Oruc və nəfs tərbiyəsi

Nəfs Yaradanını tanımaq istəmir və “Mən sizin ən böyük rəbbinizəm” deyən firon kimi, özünü ilah sanır. Nə qədə əzab çəkdirilsə də, bu xasiyyətindən əl çəkmir. Nəfsin bu inadını ancaq aclıq qırır.

Ramazan orucu nəfsin fironluq inadını qırır, ona acizliyini, zəifliyini, möhtaclığını göstərir, ona qul olduğunu xatırladır. Halbuki ələ düşəni mədəyə ötürmək nəfsə meydan verir, onun həddini aşıb azğınlaşmasına zəmin hazırlayır.

Kitablarda belə bir hadisə nəql olunur: “Allah nəfsdən soruşur: “Mən kiməm, sən nəsən?” Nəfs: “Mən mənəm, Sən də Sən”, – deyə cavab verir. Allah-Təala bu cavabına görə onu cəhənnəmə atıb cəzalandırır və təkrar soruşur: “Mən kiməm, sən nəsən?” Nəfs yenə eyni cavabı verir: “Mən mənəm, Sən də Sən”. Heç bir cəza nəfsi inadından, qürurundan döndərə bilmir. Nəhayət, Allah-Təala nəfsə aclıqla əzab verir və onu ac qoyur. Yenə soruşur: “Mən kiməm, sən nəsən?” Nəfs bu dəfə belə cavab verir: “Sən mənim Rəbbimsən, şəfqətli Sahibimsən, mən isə sənin aciz, möhtac bir qulun.”

Bəli, şəhvani və nəfsi arzulara qətiyyətlə sərhəd qoymaq və onları itaətə alışdırmaq lazımdır. Bu baxımdan oruc ən uyğun sistemdir. Çünki nəfsin cilovunu çözmək üçün ən praktik yolu fərz olan orucu tutmaqdır. İnsan mənfi hislərə hakim olsa və nəfsin istəklərini yerinə yetirməsə, yolunu azmaz və öz ülvi mahiyyətini qoruyub saxlayar.



Açar sözləri

cilov nəfs Ramazan tərbiyə

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz