21. 329 dəfə oxunub ,   0 şərh   Çap et

 Saqqalla əlaqəli Quranı Kərimdə hər hansı bir hökm yoxdur. Saqqal saxlamaqla əlaqəli hökm hədislərə əsaslanır.  Allah Rəsulu (s.ə.s) bu haqda belə buyurur.

On şey fitrətdəndir: Bığları qısaltmaq; saqqal saxlamaq; misvak ilə ağzı, dişləri təmizləmək; su ilə burnu təmizləmək; dırnaqları kəsmək; kir yığılan yerləri yumaq; qoltuq altındakı qılları yolmaq; övrət yerini qırxmaq; ayaqyoluna getdikdən nəcasət yolunu su ilə yuyaraq təmizləmək.”[1]

Bığları qısaldın, saqqalları isə uzadın.”[2]

Müşriklərə müxalifət edin; Bığları qısaldın, saqqalları çoxaldın.“[3]

Bığları qırxın, saqqalları saxlayın. Mecusilərə (atəşpərəstlərə) bənzəməyin.“[4]

Bığları qırxın, saqqalları buraxın, yəhudilərə bənzəməyin.“[5]

Allah Rəsulu (s.ə.s) özü saqqal saxlamış və əshabına da bunu tövsiyə etmişdir. Buna görə də saqqal saxlmaq kişilər üçün fitri bir şeydir və sünnədir.  Bu xüsusda bütün İslam alimləri həm rəydir. Bunun yanında Allah Rəsulu saqqalına qulluq etmiş uzandığında ucundan və yanlarından qısaltmışdır.[6] Bir tutamdan uzun saqqalı kəsmək Sünnətdir.

Saqqalın uzunluğunu bir tutamın altına düşəcək şəkildə saxlamaq sünnət deyildir.[7] Yəni, sünnət olaraq saqqal saxlanılacaqsa ən az bir tutam olmalıdır. Bununla bərabər, şöhrət və göstəriş məqsədi ilə saqqal saxlamaq, uzatmaq və ya qısaltmaq caiz deyildir.[8] İmam Malik, “Müsəlman, əhalinin əksəriyyəti saqqalını necə saxlayırsa o qədər saxlamlı, artığı kəsilməlidir, belə etmək məndubdur.

Saxlanılan saqqalı qırxmaq Maliki və Hənbəli məzhəbinə görə haram, Hənəfilərə görə təhrimən məkruhdur (harama yaxın məkruhdur). Şafei məzhəbindən Qazali, İbn Həcər, Rəmli, Rafii, Nəvəviyə, Şirbini kimi alimlərə görə isə saxlanılan saqqalı qırxmaq tənzihən məkruhdur.[9]

Saqqal saxlamaq sünnətdir. Heç saxlmamaq da sünnəti tərk etməkdir. Ancaq sünnəti tərk etdiyi üçün hər hansı bir şəxsi böyük günah işləyir deyə günahlandırmaq doğru deyildir. Yaşadığımız dövrdə bir şəxs fərzləri yerinə yetirirsə sünnətləri tərk etdiyi üçün tənqid edilməməlidir. Saqqal saxlamayan müsəlman, bir sünnəti tərk etmiş olur, fəqət saqqal saxlmadığı üçün onu tənqid edən, onun haqqında qeybət və suizən edərək günah işləmiş olur. Bir topluluğu saqqal buraxmadığı üçün tənqid və qeybət edən daha çox haqqa girər.

Müasir alimlərdən Mahmud Şəltut ve Muhəmməd Əbu Zəhra, Qardavi kimi alimlərə görə saqqal saxlamaq zəvaid sünnətərdən biri olub, üzü təraş etmək mübahdır, caizdir. Onlar fikirlərini bu şəkildə əsaslandırırlar.

 Peyğəmbərimizin (s.ə.s) Sünnətləri adətlərlə əlaqədar olub-olmama baxımından ikiyə ayrılır:
Sünnəti-xuda, azan və iqamət oxumaq kimi, bunlar İslam dininin rəmizləridir. Başqa dinlərdə yoxdur.
Sünnətu-zaidə, çoxluq olaraq sünnəti-zəvaid deyilir. Rəsulullahın (s.ə.s) paltarı, paltar geymə şəkli, yemək yemə tərzi, gəzişi, yatması, vasitəyə minməsi, bir işə sağdan və ya soldan başlaması, saç şəkli kimi adətləridir.
Rəsulullahın(s.ə.s) adətlərlə əlaqədar sünnələrinə tabe olmaq da böyük şərəf və çox savabdır. Amma etməmək günah, hətta məkruh da deyildir. Məsələn, Peyğəmbərimiz (s.ə.s) dəvəyə minərdi. Dəvəyə minməmək günah və ya məkruh belə deyildir. Ərəblərin adəti olaraq mübarək topuqlarına qədər uzun köynək (əntari) geyərdi. Bu gün ərəblərin çoxu əntari geyinir. Azərbaycanda isə adət olmadığı üçün kişilər əntari geymir. Sünnəti-zaidə olduğu üçün əntari geyinməmək günah və məkruh deyildir. Sarıqla gəzmək də adəti idi. Kafirləri də sarıqlı idi. Hədisi-şərifdə: “Sarıq Ərəblərin tacıdır” – buyuruldu. (Bəyhəqi) Saqqal da adətə aid sünnətlərdəndir. Kafirlərin də saqqallı olanlar var idi. Bəzi şəxslər nəqli əsas almadan saqqal qırxmaq kafirlərə bənzəyəcəyi üçün haramdır deyirlər. Bu, səhvdir. Çünki “Bir qövmə bənzəyən onlardandır” hədisi-şərifindəki bənzəmək ibadətlərdə bənzəməkdir. Paltarla, geyimlə, bəzənməklə əlaqədar şeylər adətdir.

Nəticə etibarı ilə deyə bilərik ki, sünnət olduğu üçün saqqal  saxlayanları təqdir etməli və onlara hörmət edilməlidir.Saqqal saxlayan şəxsə rişxənd edən şəxs önəmli bir sünnətə qarşı gəlmiş olar. Ancaq üzrlü səbəbdən üzünü qırxan şəxslərə də xor baxmaq, tənə etmək, onları günahkar, bidətçi kimi baxmaq da islami davranış deyildir. Yaşadığımız dövürdə hər kəs Allah Rəsulunun hər bir sünnətini yaşamır və yaşaya bilmirsə onları tənqid etməyə kimsənin haqqı yoxdur. Ancaq bunu da göz ardı etməməliyik ki,  saqqalın kişilər için fitri bir şey olub, Rəsulullahın (s.ə.s) sünnətidir. Üzünü qırxmaq məcburiyyətində olanlar-hər dəfə üzünü qırxanda- sünnəti və fitri olanı tərk etmənin iztirabını, hüznünü hiss etməlidirlər.

 


[1] Müslim, Təharət 56; Əbu Davud Təharət 29; Nəsəi, Zinət 1

[2] Buxari, Libas 63

[3] Buxari, Libas 64; Müslim, Təharət 54

[4] Müslim, Təharət 16,55

[5] Tahavi, Mənil-əsar:4/230, Ali Əl-Müttaqi, Kənzul -ummal :17218,6/649

[6] Tirmizi, Ədəb, 17

[7] İbn Hümmam, Fəthu- Qədir, 2/77; İbn Abidin, 2/113, Cəzəri, 2/44

[8] Tuhfətul Ahvəzi, 8/38-39; Muvatta, Şa’r 7

[9] Məzahibul-Ərbaa, II/44-45; İanətul-Talibin, II/340



Bənzər məqalələr

Top saqqal saxlamaq caizdirmi?

Top saqqal bu gün dəb halını alıb. İnsanlar özlərini bir şəkildə fərqli göstərməyə çalışırlar. Bu caiz deyil. Çünki olduğundan fərqli və süni görünməyi dinimiz xoş qarşılamamışdır.


Şərh yaz