7. 024 dəfə oxunub ,   0 şərh   Çap et

İslamın Allah tərəfindən bəşəriyyətə son və ən mükəmməl din olaraq göndərildiyindən şübhə yoxdur. Bəs necə ola bilər ki, İslamda köləliyə icazə verilib?

Qul – bir insanın azadlığının əlindən alınıb başqasının tabeçiliyinə daxil edilməsi, onun malı və mülkü olmasıdır. Başqasının malı və mülkü halına gətirilən adama kölə və ya qul, kölə sahibinə isə ağa və ya himayədar deyilir. Qadın kölələr isə cariyə və ya kəniz adlanır. Ta qədim dövrlərdən döyüşdə əsir düşənlər, ağır cinayət işləyənlər, borcunu ödəyə bilməyənlər, quldurlar tərəfindən qaçırılanlar qul qəbul edilir və qul bazarlarında satılırdı. Kişi qulların uşaqları da qul olurdu. Cariyələrin ağalarından olan oğulları yəhudi və ərəb cəmiyyəti kimi bəzi cəmiyyətlərdə kölə qəbul edilmirdi.

Qədim dövrlərdə Roma və Misirdə kölələrə qarşı olan qeyri-insani münasibəti, zülm və işkəncələri haqqında indi kitablarda oxuduqda belə insan dəhşətə gəlir. Elə buna görədir ki, üstündən əsrlər keçməsinə baxmayaraq kölələrin ehramlara daş daşıdığını, zalım rəhbərləri əyləndirmək üçün aslanlarla döyüşdüyünü və bənzəri qeyri-insani davranışları görür, köləlikdən və insanları bu şəkildə kölələşdirənlərdən nifrət edirik.

Yaxın keçmişdə və günümüzdə əsirlərə qarşı rəftar hər vicdan sahibi insan kimi bizi də narahat etmişdir. İnsanın hürriyətini əlindən aldığı, onu müəyyən haqlardan məhrum etdiyinə görə insanlarda köləliyə nifrət oyanmış, bunu müdafiə edənlərə düşmən kəsilmişlər. Mövzuya tarixi, sosioloji və psixoloji aspektdən baxmaq lazımdır. Bu düşüncə özünə görə haqlı olsa da, İslama qarşı tənqidlərdə haqsızdır. Əslində köləlik İslama əsaslanmır yəni köləliyi İslam dini gətirməyib və davam eləməyinin də İslamla heç bir əlaqəsi yoxdur. Köləlik keçmişdə və bu gün də həmişə başqa millət və dövlətlər tərəfindən öz mövcudluğunu qoruyub saxlamışdır. Buna görə də onu ortaya çıxaran səbəblər üzərində dayanmaqda fayda var.

Köləlik əsasən müharibələr nəticəsində ortaya çıxmışdır. Məsələn, daha rahat həyat sürməyi qarşısına məqsəd qoyan qədim Roma zövq və səfa dövləti idi. Onların həyat tərzi gözəl paltarlar geyinmək, süfrələri hər cür naz-nemətlə doldurmaq, insanı utandıracaq ən səfil arzular içərisində bir həyat yaşamaq idi. Bu israf və səfehliyin, rahatlıq və əyləncələrin davam etməsi üçün tükənməyən sərvət, qənimət və əsirlər lazım idi. Romalılar bunun üçün müharibələr edir, müstəmləkələr qurur və dünyaya hakim olmaq istəyirdilər. Müsəlmanlar Misiri fəth edəndə onların elədikləri çirkinlərin şahidi oldular. Orda gördükləri qul bazarları, insanların qadın-kişi fərqi qoyulmadan lüt-üryan alınıb-satılması, gecələr ağır qoxusu olan və həşəratlarla dolu yerlərdə yatırılması, bəzi hallarda onlara yatmağa belə icazə verilməməsi, 50-100 əsirin bir yerdə qalması müsəlmanların görmədiyi şeylər idi. Bunları gördükdə dəhşətə gəlmişdilər. Ancaq yerli əhali İslamla tanış olsa da aludə olduğu həyat tərzindən bir anda qurtula bilməmişdi.

İslam əvvəlcə köləliyə xüsusi olaraq yanaşdı. Sonra kölələrin bir əşya kimi alınıb-satıla bilməyəcəyini, əyləncə vasitəsi olmadığını “Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış etiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın).”  (Nisa, 4/25), “Kim köləsini öldürərsə onu öldürər, kim onu həbs edər və yemək verməzsə, onu həbs edər və yemək vermərik, kim onu xədim edərsə biz də onu xədim edərik”.[1] kimi ilahi prinsipləri ilə bəyan elədi.

Bu haqdakı hədislərdən bəziləri belədir: “Hamınız Adəmin övladlarısınız. Adəm də torpaqdandır”.[2]

Unutmayın ki, ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın da ağdan heç bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir”.[3]

İslamın bu xoşgörü iqlimində kölə olaraq doğulan, sonralar müsəlmanlar tərəfindən azad edilən neçə-neçə insanlar vardı ki, insanlar tərəfindən hörmət görürdülər. Hz. Ömər (r.a) “Bilal böyüyümüzdür və onu böyüyümüz Əbu Bəkir azad eləmişdir.” deyərkən bunu ifadə eləmək istəmişdir.[4]

İslam gətirdiyi ümumbəşəri prinsiplər çərçivəsində kölələri da qardaş qəbul edir və hər şeydən əvvəl “Qulluqçu və kölələriniz qardaşlarınızdır. Qardaşı əlinin altında işləyən hər insan ona öz yediyindən yedirsin, geyindiyindən geydirsin. Onlara görə bilməyəcəkləri işləri tapşırmayın. Çətin iş tapşırdıqda mütləq kömək edin.”[5] “Heç biriniz “Bu mənim köləmdir, bu mənim cariyəmdir” deməyin. Qızım, oğlum və ya qardaşım deyin”.[6] – buyururdu.

Hz. Ömər (r.a) Məscidi-Əqsanı təslim almaq üçün gedərkən yolboyu miniyinə qulluqçusu ilə növbələşərək minmişdir. Hz. Osman (r.a) xəlifə olduğu halda köləsinin qulağını çəkdiyinə görə xalqın gözü qarşısında öz qulağını köləyə çəkdirmişdir. Əbu Zər (r.a) dəst paltarının birini qulluqçusuna geyindirir, birini də özü geyinirdi.[7]

Bütün bunlarla İslam kölənin də digər insanlar kimi bir insan olduğunu bildirirdi. Dünyanın ucqar yerində yaşayan və çox şeydən bixəbər olan cəmiyyət üçün bu böyük inqilab idi. İslam mövcud dövlətlər tərəfindən kölənin insan sayılmadığı, arenalarda vəhşiliklərə və bir çox insanlıqdan uzaq hərəkətlərə məruz qaldığı dövrdə ən gözəl davranışı təqdim edirdi.  

İslamın gətirdiyi bu ümumbəşəri qaydaların kölələr üzərində müsbət təsirləri çox idi. Kölə bu bərabərlik prinsipi ilə insanlığına qovuşmuş, sahibi ilə bərabərhüquqlu olmuşdu. Kölələr azadlığına qovuşandan sonra belə sahibinin yanından ayrılmaq istəmirdilər. Zeyd ibn Harisə (r.a) ilə başlayan bu vəziyyət soralar da davam etməkdəydi. Rəsulullah (s.ə.s) Zeydə istəsə öz yanında qala biləcəyini, istəsə də gedə biləcəyini, yəni azad olduğunu  bildirsə də Zeyd Rəsulullahın (s.ə.s) yanında qalmağı seçmişdi. Onun bu hərəkətindən sonra bir çox kölə də eyni şeyi etmişdi. Çünki onlar sahiblərindən o qədər xoş münasibət və yaxşı rəftar görmüşdülər ki, özlərini onların ailələrindən sayırdılar. Sahibi olan insanlar da onlarla xoşrəftar edir, onların haqq və hüquqlarına riayət edirdilər. Başqa cür edə də bilməzdilər. Bu düşüncə İslamın gətirdiyi qaydalara əsaslanırdı. Bir hədisdə belə buyrulur: “Kim köləsini öldürərsə onu öldürərik. Kim köləsinin həbs edər və qidasını kəsərsə onu həbs edər və qidasını kəsərik.”[8]

Bu qaydalar qarşısında kölə özünü təhlükəsiz hiss edir, sahibi də onun haqqına riayət etməsi gərəkdiyini bilirdi. Bütün bunların hamısı tarixdə misli görülməmiş müsbət hadisələr idi və bu xüsusda İslamın gətirdiyi prinsiplərin birinci mərhələsini təşkil edirdi.

İkinci mərhələ kölələri azadlığa qovuşdurmaq mərhələsi idi. İslama görə insan azad yaradılmışdır. Azad yaradılan insanı kölələşdirmək böyük günahlardan sayılır. Bir insanı kölələşdirməklə ondan əldə olunan gəlir də haramdır. İnsan azadlığına xələl gətirən istənilən hərəkət və davranış qınanmış, insana dəyər verən darvanışlar isə təqdir edilmişdir.

İslamda kölə azad eləmək insanların bir-biri ilə yarışdığı mövzulardandır. Çünki İslamda bir insanı köləlikdən qurtarmaq bəzən bir vəzifə, bəzən də fəzilətdir ki, ən son və ümumbəşəri din olan İslam insanları buna təşviq etmişdir. Bu İslamın zühuru ilə başlamışdır. Məlumdur ki, Rəsulullah (s.ə.s) və Hz. Əbu Bəkr (r.a) bir çox insanı köləlikdən azad eləmişdir.

Əvvəllər şəxslər tərəfindən həyata keçirilən bu fəaliyyət sonralar dövlət tərəfindən icra edilmişdir. Necə ki, Peyğəmbərimiz (s.ə.s) maddi imkanların zəif olduğu bir dövrdə on nəfərə oxuyub-yazma öyrədəni əsirlikdən azad etmişdir. Ömər ibn Əbdüləzizin dövründə isə zəkat mallarından əldə olunan gəlirlə əsirlər azad edilirdi. Bundan əlavə əgər bir insan dini mükəlləfiyyətlərin icrasında hər hansı xətaya yol verərdisə məsələn, andı pozmaq, zihar və adam öldürmək kəffarəsində kölə azad etmək şərti vardı. “Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir… ”  (Nisa, 4/92)

İslamda kölə azad etmək üçün başqa yollar da mövcuddur.

Sahibi ilə kölə arasında müəyyən miqdar mal qarşılığında razılaşma əldə oluna bilər. Kölənin təklifinin sahibi tərəfindən qəbul edildiyi təqdirdə, o azad olmaq üçün razılaşdırılan malı ödəməlidir.  

Müsəlman bir kişinin bu cariyələrlə əlaqəsi halal sayılır. Sahibindən uşağı olan bir cariyə sahibinin ölümü ilə azad vəziyyətə gəlir. 

Sahibi vəfat elədiyi və ya “mənim vəfatımdan sonra artıq azadsan” deyə hər hansı vəd verdiyi təqdirdə kölə azad sayılır.

Bundan əlavə savab qazanmaq məqsədilə kölə azad etmək olar. Minlərlə əsiri Allahın rizasını qazanmaq üçün azad edildiyi dövrlər olmuşdur.

Sual oluna bilər ki, “İnsanlığa yaraşmayan bir çox adətləri dəyişdirən İslam dini nəyə görə köləliyi qəbul elədi? Niyə ortadan qaldırmadı?”

Yuxarıda da qeyd edildiyi kimi, köləliyi İslam gətirməmişdir və müdafiə edib davam etdirən də İslam olmamışdır. Köləlik müharibələr nəticəsində ta qədimdən ortaya çıxmışdır. Bütün dövürlərdə, müharibələr davam elədiyi müddətcə əsarət və köləliyin qarşısını almaq mümkün olmayacaq. Təsəvvür edin ki, bir dövlət başqa bir dövlətlə müharibə edir və bir çox əsir ələ keçirir. Əsirləri nə etməlidi?

  1. Hamısını edam edər ki, bu zalım insanların işidir. Heç bir vicdanlı insan uşaq, qadın, qoca demədən insanların öldürülməyinə razı olmaz. Üstündən əsrlər keçsə də tarixdə edilən bu cür soyqırım edən, qətliam törədənlər pislənmişdir.
  2. Əsir düşərgələrinə göndərə bilər. Əsir düşərgələrində əsirlərə edilən işgəncələr də insanlıq adına işlənmiş cinayətlərdən sayılır. İyirminci əsr bir çox belə cinayətlərə şahid olmuşdur. Qarabağ müharibəsində əsir düşən soydaşlarımıza düşmənlərin elədikəri də bu növ cinayətlərdəndir.
  3. Onları azad edərək öz məmləkətlərinə yollamaqdır ki, bu da düşməni cəsarətləndirmək və gücləndirməkdir. Lakin qarşılıqlı razılaşma ilə bunu etmək mümkündür.
  4. Və ya qənimətin bir hissəsi kimi möminlərə pay olaraq verməkdir ki, İslamda bu yol seçilmişdir. Yuxarıdakıların hamısından faydalı olan da elə budur.

Hər möminin evindəki əsir haqq və həqiqətlərdən xəbərdar olacaq, doğruluq və gözəllikləri sahibindən öyrənəcəkdi. Beləcə gördüyü xoşrəftarla İslamı qəbul edəcək sonra da əsirlikdən qurtulacaqdı. Azad olmaqla müsəlmanlarla eyni haqlara sahib olacaqdı. Bu üsulla minlərlə kamil insan yetişmişdir. İmam Malikin şeyxi Nafi, Tavus ibn Keysan və Məsruk kimi yüzlərlə tabeun imamının daxil olduğu məvali adlandırılan insanlar buna nümunə göstərilə bilər.  

İslamda azadlıq əsas sayıldığına və əsirləri azad eləmək üçün bir çox yol olduğuna görə köləliyi İslama aid etmək doğru deyil. Dünya dövlətlərinin köləliyə münasibəti İslamdakı kimi olana qədər köləlik davam edəcək.

Soruşula bilər ki, nəyə görə müəyyən dövrlərdə kölə və cariyələr olmuşdur?

Bəli, ilk əsrdən başlayaraq müəyyən dövrlərdə müsəlmaların kölə və cariyələri olmuşdur. Bunun biri kölə, digəri də sahibi ilə əlaqəli iki səbəbi var: Yuxarıda da qeyd edildiyi kimi İslamda insanın azadlığı əsasdır. Müəyyən səviyyəyə gəlib çatmayan fərdlər üzərlərinə düşəni layiqiylə icra edə bilməzlər. Həmin fərdlərin peyğəmbər əxlaqını öyrənənə qədər müsəlmanın yanında qalması təbiidir.

Adı müsəlman olsa da, ara-sıra bəzi insanların köləlikdən öz həva və həvəsinə görə sui-istifadə etməsini, İslama aid edib İslamı onların etdikləri ilə qiymətləndirmək insafsızlıqdır.

Kölələrlə əlaqəli hökmlərə baxdıqda, bu xüsusda İslamın gətirdiyi qaydalardan daha gözəli yoxdur. İlk müsəlmanlar kölələri əvvəlcə insan olduqlarına inandırır, sonra azadlıqlarına qovuşdurur və ailə qurmağı tövsiyə edirdilər. Yəni kölələrlə insan kimi rəftar edirdilər.

Anadangəlmə insanda olan vərdişlərin dəyişməsi çox çətin olsa da insan ikinci xarakter qazana bilər. Öyrənilmiş vərdişləri yeniləri ilə əvəz eləmək vəhşi heyvanı tərbiyə eləmək qədər çətindir. Köləlik də belədir. Bir mənada xarakter deformasiyasıdır. Bunun üçün xeyli zaman lazımdır. Möminlər də bunu etmişlər.

Hər mömin qardaşım deyə bağrına basdığı köləsinə müstəqil işləmək, qazanmaq, ailə qurmaq kimi xüsusları tək-tək öyrətmiş, tam öyrəndiyinə əmin olduqdan sonra da azad etmişdir.

Əgər kölələşdirilmiş insanlar sadalananlar edilmədən cəmiyyət içərisinə çıxarılsaydı çiyinlərində daşıdıqları ağır köləlik yükünün təsirindən akvariumun içərisindəki balıqlar kimi nə edəcəyini bilməyəcəkdilər. Bu isə kölələrə heç bir xeyir gətirməyəcəkdi. Necə ki, tarixə nəzər saldıqda bunun şahidi oluruq. Amerika prezidenti Abraham Linkoln bir qərarla bütün kölələri azad etmişdi ki, nəticədə kölələrin hamısı sahiblərinin yanına qayıtmışdı. Başqa cür ola da bilməzdi. Ömrü boyu və ya ömrünün çox hissəsini əsir olaraq yaşamış insan əmr almağa öyrəşmişdir. Bəlkə də yaxşı qabiliyyət və istedadları var. Ancaq həmişə başqası tərəfindən idarə edildiyinə görə əlli yaşında olsa da balaca uşaq kimi, həyatın qanunlarını öyrənmək üçün birinə ehtiyacı olur ki, bu da onun sahibidir. Bu azadlığını itirmiş kölələr və müstəmləkə halına salınmış dövlətlərin ortaq problemidir. Bəli, istismara məruz qalan millətlər də belə tərbiyə edilməsə, şəxsiyyət qazanmasa başqa dövlətlərə asılılıqdan əsla xilas ola bilməyəcək. Hətta deyə bilərik ki, şəxsiyyətini itirmiş millətlərə yenidən mənlik şüuru qazandırmaq, əsirlərə insan olduğunu öyrətməkdən daha çətindir.

İslamın məqsədi də köləyə mənlik və insanlıq şüuru qazandırmaq, onlarda ictimai şüurun oyanmağına səbəb olmaq və onları cəmiyyətin bir fərdi halına gətirmək olmuşdur. Zeyd ibn Harisənin (r.a) yetişdirilib azad edilməsi və ardınca zəngin, soylu qadınla evləndirilməsi (Zeynəb binti Cahş), sonra içərisində bir çox seçkin səhabənin olduğu orduya komandir təyin edilməsi bu məqsədin mərhələ-mərhələ, tədricilik prinsipinə əsasən gerçəkləşdiyinin sübutudur.

Bilal Həbəşinin ilklərdən olması, Hüzeyfənin köləsi Salimin müsəlmanların qibtə edəcəyi səviyyəyə çatması, Salman Farisinin Əhli-beytdən sayılması kölənin müsəlmanlıqda və müsəlmanların evlərində hansı mövqedə olduğunu göstərən əyani nümunələrdir. Bunların sayını artırmaq da mümkündür. Qısacası, İslam dövlətlərində qullara Qədim Yunanıstanda olduğu kimi qəddar münasibət göstərmək qadağan edilmişdi. 

Qul əməyinin ləğvi ilə əlaqəli ilk qanunlar İngiltərədə və ABŞ-da XIX əsrin əvvəllərində – 1807-ci ildə qəbul olunmuşdur. İngiltərədən sonra köləliyi ilk ləğv edən Osmanlıdır. Osmanlıda qul əməyi 1847-ci ildə Sultan Abdülməcidin dövründə  qadağan edilmişdir. 1926-cı ildə Millətlər Cəmiyyəti bütün dünyada qul əməyini qadağan etmiş, daha sonra Birləşmiş Millətlər Təşkilatı da bu hökmü qəbul etmişdir.

Xülasə deyə bilərik ki, köləliyi İslam gətirməmişdir. Əksinə köləlikdən qurtuluş yollarını göstərmişdir. Sosioloqlar tarixi materializm pəncərəsindən insanlığın keçdiyi yol ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm kimi dövrlərə bölürlər. Quldarlığın ta qədim dövrdən davam etdiyini bildirirlər. Avropada sənaye inqilabı olarkən, Afrikada insanlar kölələşdirilir və amansızlıqla öldürülürdü. İkinci dünya müharibəsi illərində əsir düşərgələrində edilən zülmlər, əsirlərin ağır işlərdə işlədilməsi, günümüzdə davam edən insan alveri, qadın zorakılığı köləliyin hələ də qalxmadığını göstərir. İslam dinini bu məsələdə ittiham edənlər öz ölkələrində baş verənləri və bu gün dünyada yaşananları görməzlikdən gəlirlər. Dünyada müharibələr, insan alveri, bəzi insanların öz mənfəətləri üçün başqalarını istismar etmələri davam elədiyi müddətcə köləlik davam edəcəkdir.

İnsan həyatının, ləyaqət və azadlığının toxunulmazlığı kimi dəyərlər müsəlmanlar üçün əsas İslami dəyərlərdir və heç kəsin bu dəyərləri insanların əlindən almağa haqqı yoxdur.


[1] Əbu Davud, Diyet 7; Tirmizi, Diyet 16; əl-Hakim, əl-Müstədrək 4/408.
[2] Əbu Davud, Ədəb, 120.
[3] Müslim, İmarə 36; Tirmizi, Cuma 80, Cihad, 28.
[4] İbn-Əsir, Üsdul-ğabə, 1/209.
[5] Müslim, Eyman 29; Müsnəd 5/161.
[6] Muslim, Əlfaz 3; Müsnəd 2/484.
[7] Əbu Avanə, Müsnəd 4/72; Beyhəqi, Sünən 8/7.
[8] Əbu Davud, Diyet 7; İbn Macə, Diyet 23; Nəsai, Qəsəm 10.



Bənzər məqalələr

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Azad düşüncə nədir?

Mütləq mənada azad olmaq mümkündürmü?

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?


Şərh yaz