Nəzir insanın fərz və ya vacib olan hər hansı ibadəti edəcəyinə dair Allaha verdiyi sözdür. Nəzir sözünün əvəzinə əhd sözü də işlədilir. Nəzir deyən şəxs üzərinə borc almış olur və mütləq yerinə yetirməlidir. Nəzir orucu da fərz olan oruc ibadətini Ramazan ayı xaricində yerinə yetirəcəyinə dair Allaha söz verməkdir. Nəzirlər iki cürdür: şərtə bağlı olan və şərtə bağlı olmayan.
Müəyyən bir şərtə bağlı olan əhdlərə, “xəstəliyim sağalsa oruc tutacam” və ya “qurban kəsəcəm” deyə edilən nəzirləri misal göstərmək olar. Həmin xəstəlik sağalarsa deyilən əhdin yerinə yetirilməsi vacibdir.
Meydana gəlməsini istəmədiyimiz bir hadisə üçün edilən əhdlər var ki, buna da bir şəxsin “Bundan sonra yalan danışmayacağam. Əgər yalan danışaramsa bir ay oruc tutacam”, – deyə əhd etməsini misal vermək olar. Bu şəkildə deyilən nəzirlər həmin şərt gerçəkləşdiyi təqdirdə yerinə yetirilməlidir. Belə bir oruc tutacağını deyən şəxs, həmin orucu niyyətinə görə tuta bilər. Əgər fasiləsiz tutacam deyibsə ara vermədən tutmalı, müddət göstərməyibsə fasilələrlə otuz günə tamamlamalıdır. Fasiləsiz tutmağa əhd edən bir qadın heyzli olduğu müddətdə fasilə verər, təmizlənəndən sonra qaldığı yerdən davam etməlidir.
Əhd yerinə yetirilmədiyi təqdirdə yəmin kəffarəsi gərəkir.
Şərtə bağlı olmayan nəzirlər də iki cürdür: Şərtə bağlı olmadan müəyyən bir vaxtda edilmək üçün deyilən nəzir. Məsələn, “Bu ayın son günü oruc tutacağam”, deyərək nəzir etmək. Əgər bu şəkildə deyilən nəziri deyilən gün yerinə yetirmək mümkün olmasa başqa gün edildiyi təqdirdə bu nəzir yerinə yetirilmiş sayılır.
Bundan əlavə hər hansı bir şərt və ya vaxt qeyd olunmadan edilən nəzirlər var. Buna da “Üç gün oruc tutacağam” deyərək nəzir etməyi misal vermək olar. Hər hansı bir şərtə bağlı olmayan nəzirlərin də yerinə yetirilməsi lazımdır.
Müəyyən bir gün üçün edilən nəzir, başqa bir gün qəza edilə bilər.
Nəzir orucunun hökmü də nəzirin hansı növünə uyğun edildiyinə görə dəyişir.
Yəmin kəffarəsi
“Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” (Maidə, 5/89)
Ayədə verilən əhdi pozduqda on nəfərə özümüzün və ailəmizin yediyi tərzdə səhər və axşam yeməyi yedirmək, ehtiyac sahibi on nəfərə bədənini örtəcək paltar almaq və yaxud bir kölə azad etmək əmr olunur. Kölə azad eləmək bu gün keçərli deyil. Ayədə bildirilən ardıcıllığa riayət olunmalıdır. Buna maddi imkan çatmadıqda isə dalbadal üç gün oruc tutulmalıdır.
Nəticə etibarı ilə deyə bilərik ki, əhd etmişiksə, onu mütləq yerinə yetirməliyik. Verilən söz sənəddir və buna görə də məsuliyyət daşıyırıq. Ancaq əhdimizi pozmaq məcburiyyətində qaldıqda və ya əhdimizi pozmağın bizim üçün daha xeyirli olduğunu gördükdə poza bilərik. Əhdimizi yerinə yetirmək Allah Təalaya qarşı boynumuzda borcdur və həmin borcu vaxtında yerinə yetirmək lazımdır.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.