5. 849 dəfə oxunub ,   0 şərh   Çap et

Alış-verişin caiz olması üçün alınacaq malın halal olması vacibdir. Bu səbəbdən haram buyrulan şeylərin alqı-satqısı caiz olmadığı kimi, oğurluq və ya qəsb edilərək ələ keçirilən malın da satılması və ya alınması caiz deyil. Çünki oğurluq və ya qəsb olunan mal oğru və qəsbkar üçün haram sayılır. Həmçinin oğru və qəsbkar malın həqiqi sahibi sayılmadığına və mal sahibinin razılığı olmadığına görə bu cür ticarət haram hesab edilir. Peyğəmbərimiz (s.ə.s) bir möminin malını başqasının ancaq xoşluqla ala biləcəyini bildirmişdir. (Darəqutni, Sünən, III, 424 (2885); Əhməd ibn Hənbəl, əl-Müsnəd, 34/299 (20695).)

Alıcının alacağı malın oğurluq və qəsb olunan mal olduğunu bilərsə həmin malı alması caiz deyil. Bununla bağlı Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Aldığı  malın  oğurluq  olduğunu  bilərək onu alan şəxs oğrunun günah və xətasına ortaq olar.” (Hakim, əl-Müstədrək, II, 41 (2253); Beyhaqi, əs-Sünənül-kübra, V, 547 (10826); İbn Əbi Şeybə, əl-Müsənnəf, IV, 453 (22060)).

Üstəlik oğurluq malı almaq “…günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin…” (Maidə, 5/2.) ayəsinə də ziddir. Belə ki, bu cür malı alan insan batil yollarla qazanc əldə edən insanları dəstəkləmiş və cəsarətləndirmiş olur ki, bu da ayədə buyurulduğu kimi düşmənçilik hesab olunur.

Bununla birlikdə yuxarıda qeyd etdiyimiz hədisdə “bilərək” almaqdan söhbət gedir. Çünki bir insanın bilmədən oğurluq mal alması günah sayılmır. Ancaq malın oğurluq və ya qəsb edilərək satıldığını ehtimal və güman edən şəxs, həmin malı almaqdan çəkinməli, hədisdə də buyurulduğu kimi şübhəli şeylərdən uzaq durmalıdır.

Mövzuyla bağlı Fətavayi-hindiyye əsərində belə yazılıb: “Bazarda satılan malların çoxunun haram olduğunu və satışda faizdən istifadə olunduğunu bilən  alıcı ilə əlaqəli üç maddə var:

  1. Əgər alıcı alacağı malın başqasından qəsb olunduğunu bilirsə o, həmin malı almamalıdır.
  2. Alıcı alacağı malın haram olduğunu, lakin halal olan başqa bir malla qarışdığını və ayrılmasının da mümkün olmadığını bilirsə həmin malı da almaqdan çəkinməlidir. Aldığı təqdirdə məkruh olmaqla yanaşı bu mal onun mülkiyyəti sayılır.
  3. Əgər alıcı alacağı malın qəsb edilməmiş olduğundan və faizlə alınmadığından əmindirsə onu ala bilər. Bu caizdir.” Bu hökmlər fətva məqsədi ilə verilmiş və ən doğru əməlin şübhəli şeylərdən qaçmaq olduğu ifadə edilmişdir. (Heyət, əl-Fətavayı-Hindiyyə, V, 364.)

Bu hökmlər bu günki şərtlərdə də alış-veriş edərkən doğru qərar verməyimiz üçün bizə istiqamət verir. Bir sözlə alınacaq malın oğurluq mal olduğu qətidirsə bu bilgiyə əsasən hərəkət edilməlidir. Bilinmədiyi halda isə ehtimallara baxılmalıdır. Məsələn, malın qəti olaraq oğurluq olduğu bilinməsə belə, oğurluğu ilə tanınan birinin satdığı malı almaq caiz deyil. Çünki  belə bir insanın əlində olan malların haram yollarla əldə edildiyinə hökm verilir.

Oğurlanan və ya qəsb edilən mal əmanət hökmündədir. Bu mal qorunmalı və sahibinə qaytarılmalıdır. Belə ki, malın əsl sahibi malının ona aid olduğunu isbat etdikdə onu oğrudan və qəsbkardan ala bildiyi kimi, malın satıldığı şəxsdən də almağa ixtiyarı var. Oğurluq malı alan insanın isə, həmin mala pul verdiyini deyərək etiraz etməyə haqqı yoxdur. O, aldığı malı əsl sahibinə qaytarmalı, ödədiyi pulu da oğurluqla satan satıcıdan almalıdır.




Bənzər məqalələr

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.

Tapılan əşyanı nə etməli?

Tapılan əşyanı nə etməli? Tapılan əşya ilə əlaqəli hökümlər

Mağazada qırılan əşya

Sual: Almaq üçün yoxlandığınız mala zərər dəysə bunu kim ödəməlidir? Cavab: Bu mövzu günümüzün aktual məsələlərindən biridir. Məsələn, mağazaya girirsən, çini qaba baxırsan (ki, xoşuna gəlsə, alasan). Ancaq elə olur ki, qab nəyəsə toxunur, ya da başqa bir səbəbə görə sınır. Təbii ki, bu vaxt zərərin kim tərəfindən ödənilməsi məsələsi ortaya çıxır.

Halal qazancın əhəmiyyəti

Səhabə Ənəs ibn Malik Rəsuli-Əkrəmə: “Ya Rəsulallah! Dualarımın qəbul olunmasını istəyirəm. Mənə bunun yolunu göstərərsinizmi?” – demiş, Peyğəmbərimiz (s.ə.s) də: “Ənəs! Halal qazan, duan qəbul olunar. Çünki insan ağzına haram bir loğma apararsa, duası qırx gün qəbul olunmaz”, – buyurmuşdu.

Nə yeyirik, haradan yeyirik?

Bu günlərdə gündəmi məşğul edən ən əsas məsələlərdən biri halal qida mövzusudur. Əslində nə yediyimiz qədər haradan yediyimiz də əhəmiyyət kəsb edir. Aldığımız maaşa layiq olmaqdan tutun, qazancımızı boş yerə xərcləyib israf etməyə qədər bir çox məsələ birbaşa olmasa da, dolaylı yolla haram sayılır.


Şərh yaz