2. 283 dəfə oxunub ,   0 şərh   Çap et

Allah insanı ən gözəl surətdə yaratmış, ona mükəmməl qabiliyyət və məziyyətlər vermiş, bacarıq və qabiliyyətini göstərsin, Rəbbini tanıyıb ibadət etsin deyə imtahan meydanı olan dünyaya göndərmişdir. “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik[1] ayəsi də bu həqiqəti bildirir. Başqa bir ayədə də Uca Allah belə buyurur:

Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır[2]

Hər iki ayədən aşkar göründüyü kimi, dünya həyatı, əslində, başdan-ayağa imtahandır. Bu həqiqəti həmişə xatırlamalı, ömür boyu yaddan çıxarmamalıyıq. Çünki fani dünya həyatının həqiqi mahiyyət və qayəsini ancaq bu həqiqət sayəsində anlamaq mümkündür. Demək, dünya axirətin tarlasıdır, burada nə əksək, orada onu biçəcəyik.

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.

İmanla imtahan

İnsan üçün ən böyük və mühüm sınaq məhz imanla imtahandır. Hər bir müsəlmanın Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, qəzavü-qədərə və axirət gününə inanması şərtdir. Şeytan əvvəlcə insanda Allahın var və bir olmasına dair şübhə oyatmağa, min bir hiyləyə əl atıb onu Allahdan uzaqlaşdırmağa çalışır. Bunu bacarmayanda dinin digər əsasları barəsində vəsvəsə verməyə, onu bu mövzularda şübhəyə, tərəddüdə sövq etməyə səy göstərir. Axirətini və əbədi səadətini düşünən ağıllı insan buna olduqca diqqət etməlidir. Çünki imanda açılan hər bir boşluq, Allah qorusun, insanı küfr bataqlığına bir addım yaxınlaşdırır.

Əsas məsələ imandır. Əməllər ancaq imanla dəyər qazanır. Bir insanın ömrü boyunca yaxşılıq etməsinə, bütün sərvətini xalqa xərcləməsinə baxmayaraq, əgər qəlbində Allaha iman yoxdursa, əməllərini Onun rizası üçün işləməyibsə, bütün bunların ona heç bir xeyri olmaz. Qurani-Kərimin hər ayəsi bu həqiqəti bəyan edir. İki ayəni nümunə verək:

“Sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, işlədiyin bütün əməllər hədər gedəcək və mütləq ziyana uğrayanlardan olacaqsan”[3].

“Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı kül yığınına bənzəyir. Onlar işlədikləri əməllərdən heç bir savab əldə edə bilməzlər. Budur haqq yoldan azıb uzaqlaşmaq!”[4]

Bu ayələrdə də buyurulduğu kimi, Allahın var və bir olduğuna iman gətirmədən edilən yaxşılıqların, görülən xeyirli işlərin axirətdə insana heç bir faydası olmayacaq. Gözəl əməllər ancaq imanla bir məna kəsb edir. Ona görə də imana gəlmək və imanı dəyərli bir almaz kimi qorumaq ən vacib məsələdir.

Bu yolda nəfsə və şeytana aldanmamaq üçün ayıq-sayıq olmalı, imanımızı ibadətlərlə, saleh əməllərlə, dini kitablar oxumaqla, imanlı dostlarla söhbət etməklə, Rəbbin nemətlərini və yaradılışın hikmətlərini düşünməklə daima yeniləməliyik.

Əməllə imtahan

Namaz, oruc, zəkat kimi ibadətlərlə yanaşı, yeyilməsi, içilməsi və ya edilməsi günah olan şeylər də imtahandır. Şeytan bir insanın imanına xələl yetirə bilmədiyini görəndə bu dəfə ibadətləri onun gözündə çətinləşdirir, haramları isə cazibədar göstərməyə çalışır. Burada bir-iki mühüm məsələyə də toxunmaq istərdik.

Birincisi, ibadətlər iman qalasının bürclərinə bənzəyir. İmanın qorunmasında və qüvvətlənməsində mühüm rol oynayır. Bu səbəbdən Qurani-Kərimdə Allah-Təala möminlərdən bəhs edərkən “iman gətirib namaz qılanlar”, “iman gətirib yaxşı işlər görənlər” deyə iman və əməlin adını qoşa çəkir. Çünki imanını əməllə gücləndirməyən bir mömin onu hər an itirmək təhlükəsi ilə üz-üzədir.

İkincisi, hər günahda küfrə gedən bir yol var. Ona görə də ən kiçik günahdan belə çəkinmək lazımdır. Allahın qoyduğu qadağaları pozub haram əməlləri işləmək – tövbə edilmədiyi təqdirdə – insanı yavaş-yavaş küfr bataqlığına çəkib aparar.

Üçüncüsü, bütün ibadətlər, əmr və qadağalar insanın dünya və axirət səadətini qazanması üçündür. Allah-Təalanın nə bəndənin ibadətlərinə, nə də yaxşılıqlarına, xeyirxah işlərinə ehtiyacı vardır. Bu əmr və qadağaları Rəbbimizin sonsuz mərhəmətinin bir təzahürü bilmək və onlara əməl etmək üçün var qüvvəmizlə çalışmaq, əslində, biz bəndələrin bəndəlik vəzifəsidir.

Unutmayaq ki, Uca Rəbbimiz saf qəlblə, ixlas və səmimiyyətlə Ona inanıb güvənən iman və Quran yolçularının işlərini asanlaşdırar. Əsas odur ki, iradəmizi işlədib Onun yolunu tutaq, ağıl kimi bir nemətdən düzgün istifadə edək, səbirlə addım ataq. Yetər ki, Cənabi-Haqdan başqasının qapısını döyməyək, xəta işlədikdə dərhal tövbə ilə Onun dərgahına pənah aparaq. O zaman Rəbbimizin inayətini, rəhmət və əfvini açıq-aşkar görərik.

Qorxu, aclıq, mal və canla imtahan

“Bəqərə” surəsinin 155-ci ayəsində Allah-Təala buyurur:

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Ya Rəsulum, sən bu sınaqlara səbir edən şəxslərə müjdə ver!”.

Bu ayədə imtahanın bir neçə növü bir yerdə verilmiş və çətinliklərə səbir edənlər müjdələnmişdir.

Hər bir insan ömrünün hansısa döngəsində bu sınaqlardan biri və ya bir neçəsi ilə üzləşir. Şeytan insanın qorxu damarını tutub onu Allah yolundan, haqq və həqiqətdən döndərmək, aclıq və yoxsulluq narahatlığından istifadə edib zəkat və sədəqə kimi xeyirli işlərdən çəkindirmək istəyir. Həmçinin çalışır ki, insan firavan və xoşbəxt günlərində nemətlərin Allahdan gəldiyini unudub həmd və şükür etmək yerinə təkəbbürlənsin, gözü ayağının altını görməsin. Qazancı və məhsulu azaldıqda, işi alınmadıqda, xəstələndikdə, şikəst olduqda və ya bir yaxını vəfat etdikdə isə səbir və təvəkkül etmək əvəzinə,  ümidsizliyə düşsün, Allaha üsyan etsin.

Ona görə də bir neçə məsələdə diqqətli olmalıyıq:

Birincisi, unutmayaq ki, münafiqlərlə həqiqi müsəlmanların bir-birindən ayrılması, imanın möminlərin qəlbində möhkəmlənməsi üçün bu cür imtahanların olması bir zərurətdir.

İkincisi, hər bir müsəlman xeyir və şərin, başına gələn hər şeyin Allahdan olduğuna inanmalıdır.

Üçüncüsü, bu cür müsibətlər çox vaxt bizim öz səhvlərimiz, xətalarımız və ya günahlarımızın bir nəticəsi kimi ortaya çıxır. Allah-Təala belə buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Hətta Allah günahlarınızın çoxunu bağışlayır”[5]. Elə isə başımıza bir müsibət gəldikdə “yazıya pozu yoxdur” deməkdənsə, özümüzü hesaba çəkməli, xətalarımızı düzəltməli, günahlarımızı görüb tövbə və gözəl əməllərlə təmizlənməyə çalışmalıyıq.

Dördüncüsü, sağlamlığımız, həyatımız, ümumiyyətlə, sahib olduğumuz hər şey həm Allahın bizə lütfüdür, həm də əmanəti. Hamımızın həqiqi sahibi Uca Yaradandır. Alan da, verən də Odur. Bizim vəzifəmiz isə səbəbləri yerinə yetirmək və sonra da Allaha yönəlib nəticəni Ona həvalə etməkdir.

İnsanların bir-biri ilə imtahan olması

Allah-Təala Qurani-Kərimdə belə buyurur:

“(Ey insanlar!) Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur…”[6]

Bu ayədən aydın olur ki, var-dövlət, elm, məqam, mövqe baxımdan insanların eyni səviyyədə olmaması da bir imtahandır.

Bəli, insan ictimai varlıqdır, ünsiyyətsiz yaşaması müşküldür. O, bir ömür boyu yaxın-uzaq insanlarla ünsiyyət qurur. Bəzi adamlarla anlaşılmazlığı da, söz-söhbəti də olur.

İstər yaxınlar, doğmalar olsun, istərsə uzaq insanlar, kiminlə ünsiyyət varsa, orada imtahan var. Evdə ana-atamızla, bacı-qardaşımızla, məktəbdə sinif yoldaşlarımız, müəllimlərimizlə, müstəqil həyatda iş yoldaşlarımızla, həyat yoldaşımız, uşaqlarımızla imtahan olunuruq.

Bəs necə edək ki, bu imtahandan alnıaçıq çıxaq?

Birincisi, bir adamla aramızda anlaşılmazlıq olduqda xətanı əvvəlcə özümüzdə axtarmalıyıq. Belə eləsək, problemi soyuq­qanlı şəkildə aradan qaldıra bilərik.

İkincisi, hadisənin üstündən bir müddət keçdikdən sonra sakit beyinlə düşünüb səhvin bizdə olduğunu başa düşəndə üzr istəməyi bacarmalıyıq. Bu, zəiflik deyil, əksinə, fəzilətdir. Yox, günah qarşı tərəfdədirsə və bunun başqa insanlara, topluma bir ziyanı yoxdursa, onu bağışlayaq ki, Ğafur və Rahim olan Allah da bizim günahlarımızdan keçsin.

Üçüncüsü, ana-atamız da daxil olmaqla uzaq-yaxın qohumlarımızla, dost-tanışlarımızla ilahi rizanı qazanmaq niyyəti ilə münasibət qurmalı, əlaqə saxlamalıyıq. Onlarla Allah üçün oturub-durmalı, onları Allah üçün sevməli və Allah üçün hörmət göstərməliyik. Sırf Allah rizası ilə hərəkət eləsək, qarşı tərəfdən soyuqluq və laqeydlik görsək də, münasibətlərə xələl gətirmərik. Çünki ən kiçik yaxşılığın, bircə təbəssümün belə Allah qatında dəyərli olduğuna inancımız bizə güc verər.

Dördüncüsü, təbii olaraq dostlarımızın, böyüklərin xətalarına şahid oluruq. Bu cür hallarda onlara baxıb ibadətlərdən soyumamalı, yalnız Allahın rizasını düşünməli və haqq yoldayıqsa, təkbaşına qalsaq belə, yolumuza davam etməliyik.

Arzu və istəklərlə imtahan

İnsanın dünyaya gəlişindən gedişinədək qurtarmaq bilməyən arzu və istəkləri də onun üçün bir imtahandır. Əslində, insan halal olan hər şeyi istəyə bilər və dində buna heç bir qadağa qoyulmamışdır. Ancaq bu məsələdə bir neçə məqama diqqət yetirməliyik:

Birincisi, arzu və istəklərimizdə müvazinəti gözləməli və həddi aşmamalıyıq. Fikrimizi sadə bir misalla izah edək: tutaq ki, təzə ayaqqabı alınmalıdır. Ürəyimizdən keçir ki, rahat, gözəl görünüşlü ayaqqabı olsun. Ancaq ailəmizin maddi vəziyyəti o qədər də yaxşı deyil. İndi biz arzumuza çatmaq üçün iki ayağımızı bir başmağa dirəsək, ailəmizi pis vəziyyətdə qoyarıq. Belə hallarda, necə deyərlər, ayağımızı yorğanımıza görə uzatmalıyıq.

İkincisi, vacib məsələlərdə qərar verərkən başda valideynlərimiz olmaqla, etimad bəslədiyimiz təcrübəli böyüklərlə məsləhətləşsək, heç nə itirmərik. Rəbbimiz Rəsuluna: “… görəcəyin işlər barədə onlarla (səhabələrlə) məsləhətləş[7], – buyuraraq Onun (s.ə.s.) simasında bütün müsəlmanlara məsləhətli iş görməyi əmr edir.

Üçüncüsü, həmişə maddi və ya mənəvi bir şey istəyəndə xeyirlisi nədirsə, onu diləməliyik. Doğrudur, bəzən bir şeyi çox arzulayır, bizə faydalı olacağını düşünürük. Ancaq yaddan çıxarmamalıyıq ki, arzuladığımız şeyin həm dünyada, həm də axirətdə bizim üçün nə dərəcədə faydalı olub-olmadığını bilə bilmərik. Çünki ağılın hökmü müəyyən yerlərə qədər işləyir, onun da sərhədləri var. Xeyirli gördüyümüz şeylərin zərərli, zərərli bildiklərimizin isə xeyirli olması mümkündür.

Qurani-Kərimdə Uca Rəbbimiz: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz[8], – buyurur.

Dördüncüsü, hər bir müsəlman bütün işlərində olduğu kimi, arzu və istəklərində də birinci növbədə axirəti düşünməli və fani dünyanın əbədi səadəti qazanmaq üçün bir vasitə olduğunu qətiyyən yaddan çıxarmamalıdır. Qurani-Kərimdə Allah-Təala bizə bu həqiqəti tez-tez xatırladır. Məsələn, ayələrin birində belə buyurur: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?”[9]

Səhv başa düşülməsin deyə burada bir məsələni qeyd etmək istərdik. Hər insanın yüksək təhsil alıb yaxşı bir peşəyə yiyələnmək, gözəl ailə həyatı qurub xoşbəxt ömür sürmək kimi arzuları ola bilər və bunlar təbii istəklərdir. Bəndəsini yaxşı tanıyan Uca Yaradan ona sirati-müstəqimi (doğru yolu) göstərir:

“Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Cəhənnəm əzabından qoru!” – deyənlər də vardır. Belə şəxsləri qazandıqlarına (işlədikləri əməllərə) görə axirətdə mükafat gözləyir!”[10]

Hər işdə, hərəkət və sözdə dinin qaydalarına əməl etsək və birinci növbədə Onun rizasını düşünsək, Allahın izni və inayəti ilə dünya işlərindəki hədəflərimizi belə axirəti qazanmaq və Allaha yaxınlaşmaq üçün vasitəyə çevirə bilsək, dünyada da heç nə itirmərik. Yəni həm dünya, həm də axirət həyatımız abad olar. Ağıllı adam başqa yolu seçər?!

Səbəblər və təbiət qanunları

Allah-Təala bu dünyada işlərini bir qisim səbəblər və təbiət qanunları ilə pərdələmişdir. Məsələn, ağaclar üçün çəyirdəyi, torpaq, su, hava və istilik ünsürlərini, eləcə də böyümə, inkişaf etmə və fotosintez kimi qanunları yaratmışdır. Nəticə etibarilə, çəyirdəyi də, meyvəni də, onların meydana gəlməsindən ötrü bütün səbəbləri və təbiət qanunlarını da yaradan Allahdır.

Şəfa tapmaq üçün həkim və dərman, uşağın dünyaya gəlməsi üçün ana və ata, ölüm üçün də xəstəlik və qəzalar  bir səbəbdir. Əslində isə, xəstəliyi də, şəfanı da verən Allahdır. Həyatı da Allah yaratmışdır, ölüm də Ondandır.

Əfsuslar olsun ki, bu gün insanlar bu zahiri səbəblərə həddən artıq dəyər verir və bir çox hallarda Allah-Təalanın bu səbəblərin arxasında dayanan qüdrət əlini görmürlər. Halbuki bütün səbəblər və təbiət qanunları sadəcə bir pərdə, eyni zamanda bir imtahandır. Bütün səbəbləri, bu səbəblərin nəticələrini də yaradan sonsuz qüdrət sahibi Uca Allahdır. “Sizi də, sizin elədiklərinizi də Allah yaratmışdır!”[11] ayəsi bu həqiqəti açıq-aşkar ifadə edir.

Mömin həmişə ayıq-sayıq olmalı, səbəblərin imtahan olduğunu qətiyyən unutmamalı və bütün hadisələrin arxasında Allahın qüdrət əlini görməyi bacarmalıdır.

Xülasə

İnsan təkcə bunlarla imtahana çəkilmir. Ölüm, xəstəlik, şikəstlik, tənhalıq, kasıblıq kimi maddi-mənəvi hər cür bəla və müsibətlərlə yanaşı, səhhətin, ağılın, şüurun yerində olması, mal-mülk, gözəllik, mövqe, vəzifə kimi nemətlər də öz-özlüyündə bir imtahandır. Bir sözlə, həyat başdan-başa imtahandır.

Bu imtahanların da insandakı qabiliyyətlərin kamilləşməsi, səmimi və riyakar insanların bir-birindən ayrılması, bəndənin günahlardan təmizlənib Allaha yönəlməsi və mənən yüksəlməsi kimi bir çox hikmətləri vardır.

Bu imtahandan üzüağ çıxmağın bir yolu var, o da Allaha ürəkdən inanıb güvənmək, Onun qoyduğu qaydalara və Şanlı Nəbisi Həzrət Məhəmməd Mustafanın (s.ə.s.) sünnəsinə əməl etməkdir. Əgər biz bu baxımdan öhdəmizə düşəni yerinə yetirsək, qüdrəti sonsuz, əfvi, rəhmət və mərhəməti əngin olan Rəbbimiz də köməyini bizdən əsirgəməz.


[1] “İnsan” surəsi, 76/2.
[2] “Mülk” surəsi, 67/2.
[3] “Zumər” surəsi, 39/65.
[4] “İbrahim” surəsi, 14/18.
[5] “Şura” surəsi, 42/30.
[6] “Ənam” surəsi, 6/165.
[7] “Ali-İmran” surəsi, 3/159.
[8] “Bəqərə” surəsi, 2/216.
[9] “Ənam” surəsi, 6/32.
[10] “Bəqərə” surəsi, 2/200-202.
[11] “Saffat” surəsi, 37/96.



Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

İradənin önündəki maneələr

İnsan iradəsinin önündəki maneələr nələrdir?

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?


Şərh yaz