1. 239 dəfə oxunub ,   0 şərh   Çap et

İslamı təbliğ etməyə çalışan bəzi müsəlmanlar bəzən ətrafındakılarla sərt rəftar edir, onların xətrinə dəyirlər. Bəşəri münasibətlərdə tarazlığı qorumaq üçün nə etmək lazımdır?

Cəmiyyətin içərisində kök salan problemləri həll etməyə çalışmaq, bu istiqamətdə daim yeni təklif və layihələr hazırlamaq həm Allah, həm də insanlar nəzdində təqdirəlayiq işdir.  Fəqət bu işi görərkən səmimi olmaq lazımdır. Bir mömin gördüyü işdə səmimi olmasa və gördüyü (görəcəyi) işi hər hansı bir məqsədə − özünü göstərmək, vəzifəyə yüksəlmək, dünyəvi mənfəətlər əldə etmək ­– görə görərsə, Axirət günü bütün əziyyəti puç olar. Gördüyü işə görə dünyada insanların onu təqdir etməsi, xatirə şəklinin divardan asılması heç bir fayda verməz.

Allahın rizasını ikinci plana ataraq insanların alqış və təqdirinə meyl edən insanın Allah dərgahından alacağı heç nə yoxdur. Quranı-Kərim bu məsələyə işarə edərək insanların içərisinə düşə biləcəkləri bu boşluğu xəbər vermişdir: “Siz dünya həyatınızda bütün nemətləri israf edib qurtardınız və onlardan ləzzət aldınız.”[1] Hədisdə də düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparan, elmi ilə insanlara faydalı olan və səxavəti ilə inşalara əl tutan üç qrup insandan bəhs edilir. Məhşər günü əleyhinə ilk hökm oxunacaq şəxslər bunlardır. Çünki gördükləri işləri Allah rizasından başqa məqsədlərlə görmüşlər.[2]

Ümidvar olaq ki, bəşəriyyəti düşdüyü “quyu”dan çıxarmaq üçün könüllü olaraq bu yolu seçən möminlər arasında, dünyəvi məqsədlərinin ardına düşənlər yoxdur. Zatən yorulma bilmədən dinə xidmət edən fədakar möminlər arasında, məqsədi tamamilə şəxsi mənfəətlər, dünyəvi arzular olanlar uzun müddət qala bilməz. Əsas məsələ Allahın razılığını qazanmaq olsa da, onların bu fədakarlıqları sonrakı nəsillər tərəfindən həmişə xeyirlə yad ediləcək. Açdıqları bu cığır – Allahın izni ilə – sabah yol olacaq.  “Bir işə vəsilə olan, onu edən kimidir.” Bu düstura əsasən  sabah o yolda davam edəcək şəxslərin də savablarına ortaq olacaqlar.

Bəşəri münasibətlərdə Quran əxlaqı

Əfsus ki, bəzi müsəlmanlar təbliğ kimi ülvi qayə üçün gözəl işlər görməklə yanaşı, bəzən əsl müsəlmanın sahib olması gərəkən əxlaqi keyfiyyətlərə zidd hərəkətlər edirlər. Məsələn, içlərindən biri dinə xidmət üçün gözəl lahiyələr düşünür. Bu düşüncəsində də olduqca səmimidir. Fəqət arzuladığı kimi rəğbət görməyincə insanlara qarşı kobudluq edir. Yoldaşlarının ən kiçik xətalarını, laqeydliyini bağışlamır, xırda-para nöqsanlardan ötrü tez hiddətlənir, qarşısına çıxana qəzəbini boşaldır. Beləliklə iş yoldaşlarını incidir, özündən küsdürür.

“Boyunduruğun” yerdə olduğu bir dövrdə Allah yolunda cəhd göstərmək, addım atmaq mömin sifətidir. Başqalarına əziyyət vermək, zülm eləmək və onların qəlbini qırmaq kafir sifətidir. Quranda Təbük səfərinə iştirak etməyən bəzi səhabələr haqqında belə buyurulur: Onlar yaxşı işlərlə pis işləri bir birinə qarışdırdılar.”[3] Yuxarıda haqqında danışılan möminlər də etdikləri gözəl işlərə, xoşagəlməz davranışlarını qarışdırırlar.

Buna görə də müsəlmanlar arasındakı rəhbər vəzifədə olan şəxslər gördükləri işlərdəki müvəffəqiyyətləri ilə yanaşı, insani münasibətlərdə də əldən gəldiyi qədər həssas olmalıdırlar. Gördükləri xəta və qüsurlar qarşısında anlayışlı davranmalıdırlar. Bərabər xidmət etdikləri insanlara qarşı son dərəcə şəfqətli və mülayim rəftar etməli, imkan nisbətində bağışlayıcı olmalıdırlar. Sadalananlar İslam əxlaqı ilə əxlaqlanmağın da bir gərəyidir.

Şübhəsiz ki, hər şeyə görə hirslənən, ətrafındakı insanları tənqid və kiçik yanlışları belə böyük xəta kimi görən müsəlman, etdiyi xeyirli işlərə də ciddi ziyan vurar. Kobud rəftar etməklə ətrafındakı insanların qol-qanadını qırar, onların mənəvi güc-qüvvələrini sarsıdar, onları ümidsizliyə düşürər. Bəlkə də vəziyyətə görə onları küsdürərək dairənin kənarına çıxmasına səbəb olar.

Bunların hər biri ayrı-ayrılıqda kafir sifətidir. Üzərində bu qədər küfr sifəti olan şəxsin – Allah qorusun – uzun müddət dinin təlqin etdiyi istiqaməti qorumaq ehtimalı azdır. Bir İslam alimi: ““Diqqətli ol, (addımını) diqqətlə at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir qığılcım, bir işarə və bir öpməklə batma! Dünyanı udan böyük lətifələrini (hislərini) onda batırma!” – deyir. Əslində bunlar çoxaldıla bilər. “Bir qışqır-bağırla, bir hiddətlə, bir qəzəblə batma!” – da deyə bilərik.

Əslində müsəlman rəhbərlərin əsas vəzifəsi tabeliyindəki insanların həyəcanlarını artırmaq, ümidlərini coşdurmaq və onların dinə daha yaxşı xidmət etmələrini təmin etməkdir. Həmçinin, onlar heç kəsi nöqsan və əskikliklərinə görə məzəmmət etməməli, xətalarını üzə vurmamalıdırlar. Ətrafındakıların xidmət etmək arzu və istəklərini qırmamamlı, lazımi düsturları tədricən və yavaş-yavaş qəbul etdirməlidirlər.

Xidmət edən mömin tək qanadlı olmamalıdır. O, sağlam xidmət düşüncəsinə və fəlsəfəsinə sahib olmaqla yanaşı, xidmət edərkən ortaya qoyulan yol yoldaşlarına qarşı xoşrəftar olmalı, gözəl davranmalı, danışığına diqqət etməli, düzgün ünsiyyət qurmalıdır. Əgər inandığı və başqalarına təbliğ etdiyi fikirləri özü yaşayır, davranışlarına əks elətdirir, onlara gözəl nümunə ola bilirsə, deməli, hər iki qanaddan istifadə edir. Əks təqdirdə inandıqları “iflic” olar.  

Əsl günahkar kimdir?

İnsan xəta, qüsur axtararkən əvvəlcə özünə baxmalı, səhvi özündə axtarmalıdır. Gördüyü səhvlər, xoşuna getməyən şeylərə günahlarının üzünə çırpılması kimi baxmalıdır. Bu mömin davranışdır. Zəhmət çəkib başqasının xəta və yanlışını araşdırmağa ehtiyac yoxdur. O, əsl müqəssirin kim olduğunu bildiyindən problemin həlli yolunu da tez tapar. Əgər əksikliklərimiz başqalarının bizə qarşı davranışlarında ortaya çıxırsa, günahkarı kənarda axtarmaq beyhudədir. Çünki tapa bilməyəcəyik.

Buna görə də bərabər işlədiyimiz dostlarla, bərabər olduğumuz insanlarla problem yaşadıqda, dönüb özümüzə “Görəsən mən nə etdim ki, bu başıma gəldi?” sualını öz-özümüzə verməliyik. Sonra da Allaha üz tutub tövbə-istiğfarla davranışlarımızı götür-qoy etməliyik. Bəlkə başqasının bostanına daş atmış, arı yuvasına çomaq soxmuş, birinin yarasına şiş batırmışıq o da bizə qayıdıb.  Bəlkə bir nəfərə haqsız yerə söz atmış, bir şey demişik, qədərin ədaləti ilə, bir başqasından onun cəzasını çəkirik.

Ola bilsin ki, bir nəfər haqqında sui-zənn etmişik, xətasına görə içimizdən onu qınamışıq Allah da qınadığımız şeyi bizə yaşadır. Bəlkə düşüncə dünyamızı kirlətmiş, düşüncədə istiqaməti qoruya bilməmiş, xoşagəlməz fikirlərlə beynimizi məşğul etmişik. Nəticədə də canımızı sıxan hadisə başımıza gəlib. Bəzən ayağa batan tikan etdiyimiz xətanın əvəzi ola biləcəyi kimi, mömin qardaşımıza görə məruz qaldığımız müsibətlər də eyni kateqoriyada dəyərləndirilə bilər. Quranı-Kərim, “Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız üzündəndir.”[4]  ayəsi ilə bu ilahi qanuna işarət edir.

 Yaşa görə hörmət gözləmə!

Bəzi insanlar yaş etibarı ilə daha çox xidmət etmiş ola bilər. Bunu böyüdərək sonradan gələnlərə hökmlü davranar, onlara əhəmiyyət verməzsə məqamından sui-istifadə etmiş olar. Bəli, hamıdan qabaq düşüb bir işə dəstək olmaq gözəldir. Başqalarının ona göstərdiyi hörməti yeni fürsətləri dəyərləndirmək, insanları faydalı işlərə sövq etmək istiqamətində istifadə etmək olar.

Əgər biz insanlara qarşı kobud davransaq onlar bizim ucbatımızdan dindən uzaqlaşarlar. Rəsulullah (s.a.s.) bir hədisində belə buyurur:Bir-birlərini sevmədə, şəfqət göstərmədə möminlərin bədənin üzvləri kimidir. Onlardan hansı biri xəstələnəndə, digərləri də qızdırma və yuxusuzluqda onun dərdinə şərik olar.”[5] Bizim səhvimizə görə başqasının getməsi, bədəndən bir üzvün kəsilib atılmasına və ya şikəst qalmağa bənzəyir.

 Günahların üstünü örtmək

Allahın gözəl adlarından biri də “Səttar” – xəta və günahları örtəndir. İlahi əxlaq ilə əxlaqlanmaq möminin şüarı olmalıdır. İmkan nisbətində insanların qüsurlarını üzlərinə vurmamaq, başqalarına danışmamaq, əksinə üzərini örtmək lazımdır. Əks təqdirdə onlarda ümidsizlik yaradaraq böyük günah işləmiş olarıq. Bir insanın Allahla özü arasında gizli qalan günahını faş etməklə, bir tərəfdən onun özünü günahkar bilməsinə, digər yandan da başqalarının onun haqqında mənfi fikir formalşadırmasına səbəb olarıq. Həmin şəxs də artıq hər kəs bilir, nə olacaq deyə günahda israr edə bilər. Günah bir insan üçün deformasiya olsa da, günahı ortaya çıxararaq onu ümidsizliyə salmaq ondan da böyük günahdır.

Bununla yanaşı xəta və yanlışları heç deməmək də doğru deyildir. Üsul və üsluba diqqət edərək buraxılan səhvləri, edilən yanlışları qarşı tərəfə uyğun dillə başa salmaq lazımdır. Bunu edərkən də həmin şəxsin necə reaksiya verəcəyini nəzərə almalıyıq.

Əgər bizim söyləməmiz qarşı tərəfin yersiz qıcıqlanmasına səbəb olacaqsa, başqası vasitəsilə bunu etmək də olar. Mütləq hər kəsin hörmət etdiyi, sözünü yerə salmayacağı şəxslər var. Bu tip şəxslər hörmət etdiyi şəxsin xəbərdarlıq və tənbehini özü üçün iltifat qəbul edər. Əsas məsələ insanın içinə düşdüyü yanlışdan çıxması, xətasından dönməsidir.

 Fərdi qabiliyyətləri nəzərə almaq

Quranı-Kərim hər kəsin xeyirli işlərdə bir-biri ilə yarışmasını tövsiyə edir.[6] İnsanların hamısı eyni fitrətdə olmur. Hər kəsin qabiliyyət və istedadı fərqlidir. Ona görə də hər kəsdən eyni  performans gözləmək doğru deyil.

Xidmət də bir yarış meydanıdır. Hər kəs bu yarışı, ayağının gücünə və nəfəsinin qüvvətinə görə fərqli sürətdə davam etdirəcək. Sürətlər də dəyişkən olduğu üçün kimi gec, kimi də tez nəticə əldə edəcək. İdarəçilər insan fitrətini nəzərə almasalar, hər kəsdən eyni nəticəni gözləsələr xəta edərlər. İnsanlara qaldıra bilməyəcəyi yükü yükləmək doğru deyildir. Hələ bu iş könüllülük prinsipinə əsaslanırsa buna daha çox diqqət etmək lazımdır. Yoxsa, yorulub yolda qalan çox olar.

Bu şəkildə rəftar etmək ilahi əxlaqa da ziddir. Allah-Təala insanlara qaldırıla bilməyəcəyi yükü yükləməyib. Rəsulullah  (s.a.s.) da Hz. Əliyə verdiyi çətin tapşırıqları Əbu Zərr əl-Qifariyə verməyib. Xalid ibn Vəlidin görə biləcəyi ağır işi Əbu Hüreyrəyə tapşırmayıb.  Bütün səhabələr çox dəyərli insanlar idi. Fəqət hər kəsin müvəffəq olacağı sahə fərqlidir. Əgər onlardan hər hansı birinə qaldıra bilməyəcəyi işi tapşırılsaydı onun altında qalıb əzilərdilər.

Həmçinin bir insanın hər işin öhdəsindən gələcəyini düşünməsi, hətta özünü belə görməsi də yanlışdır. Hər kəsdən eyni performansı gözləmək xəta olduğu kimi, hər işi də “mən edə bilərəm” düşüncəsi ilə yüklənmək, sonra da onun altında qalıb əzilmək doğru deyildir. Öhdəsindən gələ bilməyəcəyimiz bir işə “mən bu işi qaldıra bilmərəm” deməyi də bilmək lazımdır. Qaldıra bilməyəcəyimiz yükün altına girib yarı yolda qalmaqdansa, əvvəlcədən o məsuliyyətin altına girilməməli, görə biləcəyimiz işi tələb etməliyik.  

Olduğu yerin haqqını vermək

Yuxarı vəzifədə olmaq və yaşca digər insanlardan üstün olmaq insanlara əmr vermək səlahiyyəti vermir. Böyüklüyün əlaməti, təvazökarlıq və sadəlikdir. Durduğu məqamı başqalarına əmr vermək üçün istifadə etmək təkəbbür və kibir əlamətidir. Təkəbbür isə kiçiklik əlaməti sayılır. Təkəbbürlü insanların boyu “qısa” olduğundan onlar böyük görünmək üçün “barmaq ucunda” dayanarlar. Bu natamamlıq kompleksidir. Başqalarına mütəmadi əmr vermək istəyi, səviyyəsinin onlardan üstün olduğunu göstərməyə çalışmaq həmin şəxsin xarakterində problem olduğunu göstərir. “Hamı məni dinləməli, gözümün içinə baxmalıdır” kimi düşüncələr müsəlmana yaraşmır. Başqalarından hörmət gözləməyə haqqımız yoxdur. İnsanlardan nə isə ummaq etdiyimiz işin dəyərinin düşməsinə səbəb olar. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Allahın bəxş edəcəyi mükafat yerinə insanlardan alqış eşitmək, uşağın əlidəki dəyərli əşyanı parıldayır deyə şüşə qırıntıları ilə dəyişməsinə bənzəyir. Unutmayaq ki, bu yol peyğəmbərlər yoludur. Ancaq onlar da etdikləri iş qarşılığında heç nə istəməyiblər. Hər zaman ortaq sözləri: “Mən sizdən bir qarşılıq gözləmirəm! Mənim mükafatım ancaq Allahdandır” [7]– olub.

Gənc nəslə düşən vəzifə də rəhbər vəzifədə olub, vaxtilə ona yaxşılıq edənlərə hörmət etməkdir. Belə edilsə, fərqli yaş təbəqələri arasında ahəng əmələ gələr, insanlar öhdəliklərini layiqincə yerinə yetirərlər.

Son olaraq bunu da qeyd edək ki, hər kəsin az və ya çox xəta və nöqsanları ola bilər. Ülvi prinsipləri olması gərəkdiyi kimi təmsil etməyə bilərik. Xəta və yanlışlarımıza görə bizi tənqid atəşinə tuta bilərlər. Unutmamaq lazımdır ki, xətasız insan olmaz. Könüllü olaraq bir araya gələn insanlar arasında yolda qalan, yol yorğunu olan, bir az nəfəsini dərmək üçün kənara çəkilmək istəyənlər ola bilər. Belə olanda pessimist olmamalı, insanların ümid və inanclarını qırmamalıyıq. Tarixə baxdıqda görürük ki, hər zaman çox önəmli kütlə hərəkatlarında və insanlığa faydalı işlər görmək üçün bir araya gələn insanlar arasında az və ya çox, böyük-kiçik deformasiyalar olmuşdur və olacaqdır. Əsas məsələ, ümidlərin qırıldığı bu dövrdə insanları təkrar həyəcanlandırıb, ümidlərini coşduraraq əl-ələ verməsini təmin etmək, dağınıqlığı aradan qaldırıb, sınıqları təmir edərək hədəfə doğru istiqamətləndirmək lazımdır. Yazımızı Uca Allahın Uhud sonrası Allah Rəsuluna (s.a.s.) tövsiyə etdiyi ayə ilə tamamlayaq: Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.”[8]


[1] Əhqaf surəsi, 46/20.
[2] Müslim, Əmirlik 152; Tirmizi, Zühd 48.
[3] Tövbə surəsi, 9/102.
[4] Şüəra surəsi, 42/30.
[5] Müslim, Birr 66; Buxari, Ədəb 27.
[6] Baxın: Bəqərə, 2/148; Maidə, 5/48.
[7] Yunus surəsi, 10/72.
[8] Ali İmran surəsi, 3/159.



Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Çətin dövrlərdə təbliğ

İslamı təbliğ edənlər çətinlik və problemlərə qarşı ümidsizliyi aradan qaldırmaq üçün nə edə bilərlər?


Şərh yaz