2. 804 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Rəsulullahın (s.a.s.) həyat yoldaşları da insan idilər. Onların da hiss və duyğuları vardı. Sevinc və kədərlərini birgə yaşayırdılar. Ancaq yaşadıqlarının heç biri onlarda qalıcı izlər buraxmır, məsələnin mahiyyətini anlar-anlamaz dərhal geri addım atırdılar. Ortada bir anlaşılmazlıq varsa, bunu da düzəldirdilər. Onlar haqpərəst olduqlarına görə, hislərinin əsiri olmur və həqiqətin tərəfini saxlayırdılar.

Rəsulullahın (s.a.s.) ailəsində də müəyyən anlaşılmazlıqlar olmuşdur. Ancaq O, (s.a.s.) peyğəmbər fətanəti ilə məsələlərə yanaşmış və bu anlaşılmazlıqları asanlıqla həll etmişdir. Ən gözəl nümunənin (s.a.s.) ailədaxili problemlərə yanaşma tərzinə bəzi nümunələrə nəzər salaq:

Rəsulullah (s.a.s.) bir gün evə bir əsir gətirmiş və onu Aişə anamızın otağında qoyub bayıra çıxmalı olmuşdu. Bu zaman otaqda həzrət Aişə ilə birlikdə bir neçə qadın da vardı. Söhbət edirdilər. Söz sözü çəkmiş, xeyli vaxt keçmişdi. Əsiri yaddan çıxarmışdılar. Əsir də fürsətdən istifadə edib sivişib qaçmışdı.

Bir müddət sonra Rəsulullah (s.a.s.) evə qayıtdı. Otağa girdi, əsirin nə izi qalmışdı, nə tozu! Bərk qəzəbləndi. O, adəti üzrə daima kölələri, əsirləri əsarətdən xilas etmişdi. Güman ki, həmin əsiri də azad edəcəkdi. Ancaq bu kimi işlərin də öz vaxtı vardı. Əmanət qoyub getdiyi adamın qaçdığını görəndə Aişə anamızdan soruşdu:

− Ey Aişə! Əsir necə oldu? Haradadır?

Həzrət Aişə təəssüflə sadəcə bu sözləri deyə bildi:

− Qadınlar kimi mənim də başım söhbətə qarışıb.

Bir insanı azad etmək fürsəti əldən çıxmışdı. Peyğəmbərimiz Aişə anamızı bir az da zarafatyana tənbeh elədi:

− Ay əlləri sınası![1]

Rəsulullah (s.a.s.) dərhal bayıra çıxdı. Əsiri yaxalamaq üçün camaata səsləndi. Tezliklə əsiri tapıb hüzuruna gətirdilər. Aradan bir qədər keçdikdən sonra Allah Rəsulu (s.a.s.) evinə geri döndü. Aişə anamız özünə yer tapa bilmirdi. Tez-tez əllərini çevirib baxırdı. Qorxurdu ki, Rəsulullahı incitdiyinə görə bir bəlaya düçar olar. Allah Rəsulu onun var-gəl elədiyini görüb səbəbini soruşdu:

− Sənə nə olub? Yoxsa dəstəmaz almaq istəyirsən?

Aişə anamız ömür-gün yoldaşının sualını fürsət bilib bir az da nazlı əda ilə cavab verdi:

− Bayaq mənə bəddua elədin. İndi baxıram görüm, əllərimdən hansı yerindən qopacaq!

Beləliklə, o, həm Rəsulullahın bədduasından qorxduğunu, həm də bədduanı xeyirli duaya çevirmək istəyini dilə gətirmiş oldu. Rəsulullah da əllərini açdı, Allaha həmd-sənadan sonra belə dua etdi:

Allahım, Mən də bir bəşər övladıyam, bir bəşər kimi qəzəblənə bilərəm! Kişi və ya qadınlardan hansı möminə bəddua etmişəmsə, Sən o bədduanı onların maddi və mənəvi kirlərdən arınmasına bir vəsilə et![2]

Rəsulullah (s.a.s.) gündəlik işlərinin çoxluğuna rəğmən həyat yoldaşlarına vaxt ayırardı. Peyğəmbərimiz əziz zövcələrinin hal və davranışlarından bir narahatçılığın olduğunu oxuyur və aranı düzəltmək üçün ilk addımı atırdı. Həzrət Aişə ilə olan dialoqu buna nümunədir:

Rəsulullah (s.a.s.) bir gün sevimli xanımına belə dedi:

− Sənin Məndən məmnun, yaxud incik olduğunu dərhal hiss edirəm.

Həzrət Aişə təəccüblə soruşdu:

− Bunu nədən anlayırsan?

Allah Rəsulunun cavabı həmişəki kimi düşüncələrə işıq saçdı:

− Məndən xoşnud olduğun vaxtlar “Muhammədin Rəbbinə and olsun ki!” deyirsən, incik olanda isə  “İbrahimin Rəbbinə and olsun ki!” sözünü işlədirsən.

Doğrudan da, elədir, – deyə Aişə anamız Onun sözlərini təsdiqlədi və əlavə etdi,  − ya Rəsulallah, vallah, doğru deyirsən! Ancaq Sənə söz verirəm ki, bundan sonra Sənin adından başqasını dilimə gətirməyəcəyəm![3]

Bəzi həyat yoldaşları Rəsulullaha (s.a.s.) naz edir, bəzən də səslərini yüksəldirdilər. Bunlar təbii idi. Heç kimə kobudluqla cavab verməyən Allah Rəsulu (s.a.s.) zövcələrinin bu hərəkətlərini də səbirlə qarşılayır, problemlər böyümədən həll yolları tapırdı. Məsələn:

Günlərin birində Aişə anamız nəyəsə hirslənmişdi, bir qədər ucadan danışırdı. Bu vaxt atası həzrət Əbu Bəkir (r.a.) onlara gəlmişdi. Həzrət Aişənin bu davranışından Allah Rəsulu razı qala bilməzdi. Qızının bu hərəkətinə şahid olan atası onu bir kənara çəkib üstünə acıqlandı: “Ey filan qadının qızı! Sən hansı cürətlə Rəsulullahın hüzurunda belə yüksək səslə danışırsan?!”

Həzrət Əbu Bəkir bu sözləri deyə-deyə əlini havada hazır vəziyyətdə saxlamışdı. Bu vaxt Allah Rəsulunun onlara baxdığını hiss elədi. Utandı. Allah Rəsulunun görkəmindən məsələni başa düşüb oradan səssizcə uzaqlaşdı.

Onun getdiyini görən Rəsulullah (s.a.s.) Aişə anamızın yanına gəldi. Xəcalət hissi ilə ömür-gün yoldaşına baxırdı. İndi aranı düzəltmək vaxtı idi. Hüznü sevincə çevirmək üçün bir addım atmaq lazımdı, onu da Allah Rəsulu (s.a.s.) atdı. Ayrılıb gedən qudası Əbu Bəkri (r.a.) göstərib dedi: “Gördün, aranıza girib səni onun əlindən necə aldım?!”

O gün Əbu Bəkir (r.a.) qızının evindən kədərli halda getmişdi. Çox keçmədən o evə bir də gəldi. Bu səfər isə onu tamam bambaşqa mənzərə gözləyirdi. Allah Rəsulu (s.a.s.) ilə Aişə anamız onu gülər üzlə qarşıladılar. Həzrət Əbu Bəkir təbəssüm edib dedi:

Bayaq aranızdakı gərginliyə məni ortaq etdiniz, indi də sevincinizə şərik edin![4]

Bəzən əzvaci-tahirat arasında da inciklik olurdu. Bu kimi hallarda yenə Allah Rəsulu (s.a.s.) araya girib zarafatları ilə onları barışdırırdı. Hətta bəzən sözləri deyil, əl-qolu da işə qarışdırmalı olurdu!

Bir gün Aişə anamız Rəsulullaha (s.a.s.) süd və ya su ilə qarışdırılmış bir un yeməyi bişirmişdi. Bu vaxt Sevda anamız da Rəsulullahın düz yanında durmuşdu. Peyğəmbərimizə yemək verən həzrət Aişə Sevda anamızı da yeməyə dəvət etdi. Ancaq o, yemək istəmədi. Aişə anamız ona:

− Ya sən oturub bu yeməyi yeyəcəksən, ya da yeməyi üz-gözünə yaxacağam, – deyib onu məcbur eləmək istədi.

Ancaq həzrət Sevda fikrini dəyişmədi. Bəlkə də, onların arasında inciklik olmuşdu, ona görə də yeməyə yaxın durmurdu. Elə bu vaxt Aişə anamız yeməkdən bir qədər götürüb Sevda anamızın üzünə yaxdı! Bu hərəkətini Allah Rəsulu təbəssümlə qarşıladı. Rəsulullah (s.a.s.) Aişə anamızın bu zarafatyana hərəkətindən onları barışdırmaq üçün yaxşı faydalandı. Yeməyi götürdü və Sevda anamıza uzadaraq:

− Sən də ona eyni şeyi elə, – buyurdu.

Həzrət Sevda Peyğəmbərimizin dediyi kimi elədi, yeməyi Aişə anamızın üzünə yaxdı. Hamısının simasına təbəssüm qonmuşdu.

Bu əsnada bayırdan həzrət Ömərin gur səsi eşidildi:

− Abdullah, Abdullah!

 Hər halda, oğlu Abdullahı çağırırdı.

Peyğəmbərimiz (s.a.s.) onun içəri girəcəyini düşünüb zövcələrinə: “Di durun, üzünüzü yuyun”, – dedi.

Zarafat da olsa, hər hadisə bir həqiqətə söykənir. Deməli, ailə içində olanları kənar şəxslərin bilməsi doğru deyildi. Həzrət Ömərin Allah Rəsulunun yanında müstəsna yeri vardı. Aişə anamız bundan özü üçün bir nəticə çıxardı. Belə deyirdi: “Rəsulullahın o sözündən bu yana mən onun (həzrət Ömərin) heybətindən çəkinirəm!”[5]

Bu da bir həqiqətdir ki, onların bu vəziyyəti müvəqqəti idi. Bəzən dəqiqələr çəkirdi və uzunmüddətli incikliklərə səbəb olmurdu. Bu cür anlaşılmaz vəziyyətləri dərhal aradan qaldırardılar.

Həzrət Sevda Peyğəmbərimizin (s.a.s.) digər həyat yoldaşlarından bir az yaşlı və artıq çəkili idi. Bunu özünə dərd edən həzrət Sevda Peyğəmbərimizin (s.a.s.) onu boşayacağını zənn edib yanına gəlmiş və:

– Nə olar, məni boşama və yanından ayırma! Eybi yox, mənə ayırdığın günü də Aişəyə verirəm. Həyat yoldaşlarının səndən istədiklərini istəmirəm. Yeganə istəyim axirətdə sənin zövcən olmaqdır.[6]

Bir dəfə də Peyğəmbərimiz (s.a.s.) həzrət Səfiyyəyə narazılığını bildirdi. Bununla Səfiyyəyə bəzi yanlışlıqlarını bildirmək istəyirdi. Ərinin ondan narazı olduğunu hiss edən Səfiyyə anamız həzrət Aişənin yanına gələrək ona belə demişdi:

− Ey Aişə, Rəsulullahın könlünü ala bilərsən? Bunu bacarsan, əvəzində öz günümü sənə verəcəyəm.

Aişə anamız dərhal razılaşdı:

− Yaxşı, olar, – dedi və Həzrət Səfiyyənin zəfəran rəngi ilə boyanmış baş örtüyünü götürüb su ilə islatdı. Bunu başörtüyünün özünəxas qoxusu gəlsin deyə etdi. Sonra da gedib Rəsulullahın yanında oturdu.

Aişə anamızın başqa zövcəsinin günündə yanına gəldiyini görən Allah Rəsulu təəccübləndi. O, zövcələri arasında bölüşdürülmüş günlərin ardıcıllığına riayət etməkdə son dərəcə ədalətli davranırdı. Ona dedi:

− Bu gün sənin növbən deyil.

Həzrət Aişə:

− Ya Rəsulallah, – dedi, – bu, Allahın dilədiyi insana bəxş etdiyi bir lütfdür!

Həzrət Aişə söhbəti Səfiyyə anamızdan salıb məsələni xırdalığınadək Allah Rəsuluna bildirdi. Həzrət Səfiyyə ilə söhbət elədiyini və onun üzülüb peşman olduğunu danışdı. Aişə anamızın onların arasını düzəltməyə çalışdığını hiss edən Rəsulullah sevindi və bu süruru qəmər üzlü simasında əks olundu.[7]

Bir gün də Aişə anamız Allah Rəsuluna (s.a.s.) nazlı əda ilə Səfiyyə anamızın boyunun qısalığına diqqət çəkib:

– Bəsdir Səfiyyəyə bu qədər dəyər verdiyin, – dedi. Rəsulullaha bildirmək istədi ki, Səfiyyə anamıza daha çox vaxt ayırmasın.

Peyğəmbərimiz onun sözlərinə qəzəblənib belə dedi:

– Sən elə bir söz işlətdin ki, onu dənizlərə töksəydin, suyunu bulandırardı.

Həzrət Aişə dediyinə min peşman oldu. Ona görə də Rəsulullaha dönüb:

– Mən ancaq onun xarici görünüşünü təsvir etmək istəmişdim, – dedi.

Allah Rəsulu buyurdu:

Əvəzində dünyalar da verilsə, başqasının bu cür təsvir edilməsinə razı olmaram![8]

Həzrət Aişə bu hadisədən sonra Səfiyyə anamızı Rəsulullahın bir əmanəti kimi gördü. Qəlbini hər cür xoşagəlməz hislərdən təmizləyərək onunla xoş münasibət qurdu və ən çətin anlarda, ən çətin məsələlərdə onunla birgə hərəkət etdi.

Bir gün Aişə anamızın başı ağrıyırdı. Ağrıyan başını tutaraq belə dedi:

– Vay bu baş ağrısı məni birtəhər elədi!

Bunu eşidən Peyğəmbərimiz (s.a.s.) ona belə dedi:

– Əsas mənim başım ağrıyır! Ardınca əlavə elədi:

– Məndən əvvəl ölməyinin heç bir əhəmiyyəti yoxdur. Səni yuyar, kəfənləyər, cənazə namazını qıldırar və məzarına öz əllərimlə dəfn edərəm.

Rəsulullahdan (s.a.s.) heç gözləmədiyi sözləri eşidən Aişə anamız əvvəl təəccüblə Ona baxdı. Rəsulullahın şəfqətli baxışları ilə qarşılaşdı. Zarafat elədiyini anladı. Bu zarafata zarafatla cavab vermək lazım idi. Peyğəmbərimizin təbəssümünə səbəb olacaq bu cümləni dedi:

Mən öləndən sonra dəfn işlərimi tamamlayıb ardınca digər zövcələrinlə bərabər olmaq, onlarla daha çox vaxt keçirmək istəyirsən eləmi?[9]

Bu nümunələrin sayını artırmaq mümkündür. Bəli, Allah Rəsulu (s.a.s.) peyğəmbərliyin ağır məsuliyyəti və ciddiyyətinə rəğmən ailəsinə və övladlarına qarşı çox tələbkar davranmamışdır. Əksinə onlar kimi sadə və təbii bir həyat yaşamışdır. Hətta vaxtaşırı onlarla birgə əyləncəyə də vaxt ayırmışdır. Məsələn: Bir bayram ərəfəsində həzrət Aişə ilə birgə məsciddə səhnəciklər göstərən həbəşlilərə tamaşa etmişdir.[10]

Bunu da bilməliyik ki, Rəsulullah (s.a.s.) əyləncədə dinin sərhədlərinin aşılmasına dərhal müdaxilə etmiş və bu sərhədləri həssaslıqla qorumuşdur.

Günlərin birində Peyğəmbərimizin hüzuruna bir qadın çalğıçı gəlmişdi. Hər halda, məharətini göstərmək istəyirdi. Rəsulullah (s.a.s.) Aişə anamıza:

− Ey Aişə, – deyə buyurdu, – bunu tanıyırsan?

Aişə anamız Peyğəmbərimizin göstərdiyi qadına baxdı. Yox, tanımırdı.

− Xeyr, ey Allahın Nəbisi, – deyə cavab verdi.

Rəsulullah:

− Bu qadın filan qəbilədəndir, özü də çalğıçıdır, – buyurdu və ardınca soruşdu, – sənin üçün bir şey çalsın?

Aişə anamız:

− Bəli, – dedi.

Çalğı alətlərini əlinə alan qadın elə təzəcə ortaya çıxıb məharətini göstərməyə başlamışdı ki, Rəsulullahın üzündə narazılıq əlamətləri görünməyə başladı. Aişə anamız təcrübəli idi. Bir dəfə otağında oyun oynayan iki qızın hərəkətlərindən Allah Rəsulunun xoşnud olmadığını görmüşdü. Əyləncə əndazəsini aşdımı, Rəsulullah dərhal xəbərdarlıq edirdi. İndi də eyni şey təkrarlanırdı. İstər qadının oxuduğu nəğmələr, istərsə də elədiyi hərəkətlər mömin ciddiyyətinə qətiyyən yaraşmırdı. Rəsulullahın xəbərdarlığı özünü çox gözlətmədi. Üzünü Aişə anamıza tutdu və narahatlığının səbəbini dilə gətirdi:

− Şeytan bu qadının səs tellərinə sirayət edib![11]

Bəli, Rəsulullahın (s.a.s.) ailəsində həm dini məsələlərə ciddiyyətlə yanaşılır, həm də ev əhlinin haqlarına riayət edilirdi. Həmçinin Onun ailəsi axirəti düşünərək yaşamağa çalışır, dünyadan da nəsibini unutmurdu. Rəsulullah (s.a.s.) ömrünün son üç ilini eyni anda doqquz zövcəsi ilə birgə keçirmişdir. Fərqli mühitlərdə və xarakterlərdə olan doqquz xanımla birgə yaşamasına baxmayaraq, onların hər birinə ayrıca vaxt ayırmışdır. Hərəsi ilə ayrılıqda qibtə ediləcək ailə həyatı yaşamışdır ki, bu da Onun fətanətindən irəli gəlir. Bütün zövcələri Peyğəmbərimizin (s.a.s.) xətrini çox istəmişdir. Allah Rəsulu (s.a.s.) həyat yoldaşlarını əsla incitməmiş və heç vaxt onlara fiziki şiddət tətbiq etməmişdir.

Xülasə, həzrət Peyğəmbərin ailə həyatı möminlər üçün çox gözəl nümunələrlə zəngindir. Ailə daxilində zorakılığın yerinə gözəl rəftar, sevgi, hörmət və nəzakətin, toqquşma və çəkişmənin yerinə xoşbəxtlik və dincliyin, səbirsizliyin yerinə anlayışın və bir-birini başa düşməyin, haqların pozulmasının yerinə haqlara hörmətin, sədaqətsizliyin yerinə iffət, həya, sədaqət, vəfa və etimadın, ikiüzlülük və səmimiyyətsizliyin yerinə doğruluq, dürüstlük və səmimiliyin ən gözəl nümunələrini özü ən gözəl nümunə olan Allah Rəsulunun (s.a.s.) ailə həyatında görmək mümkündür.


[1] Burada Allah Rəsulunun işlətdiyi ifadə “Allah əlinin birini və ya hər ikisini qoparsın!” mənasına da gəlir.
[2] Əhməd ibn Hənbəl, Müsnəd, 6/52 (24251). Bəzi rəvayətlərdə Allah Rəsulunun sözügedən əsiri Aişə anamıza deyil, Hafsa anamıza (Heysəmi, Məcməüz-zəvaid, 8/266) və ya bir başqa şəxsə tapşırdığı da bildirilir. (Beyhəqi, Sünən, 9/89; Hənbəli, əl-Əhadisül-muxtara, 5/20.
[3] Buxari, Nikah, 107 (4930); Müslim, Fəzailüs-səhabə, 80 (2439); Əhməd ibn Hənbəl, Müsnəd, 6/61 (24363).
[4] Əbu Davud, Ədəb, 92 (4999); Nəsai, Sünənül-kübra, 5/139 (8495).
[5] Əbu Yala, Müsnəd, 7/449.
[6] Bax: Buxari, Nikah, 97 (4914); Müslim, Rada, 47 (1463); Tirmizi, Təfsiru Quran, 5 (3040).
[7] Bax: Buxari, Hibə, 14; Şəhadət 30 (2542); Müslim, Rada, 47 (1463).
[8] Əbu Davud, Ədəb, 40 (4875); Tirmizi, Sifətül-Qiyamə, 51 (2502).
[9] Buxari, Mərda 16; Əhməd ibn Hənbəl, Müsnəd, 6/228 (25950); İbn Macə, Cənaiz 9; Darimi, Müqəddimə, 80.
[10] Buxari, İdeyn 2, 3; Cihad 81; Mənaqib 15; Müslim, Salətul-ideyn 17, 18.
[11] Əhməd ibn Hənbəl, Müsnəd, 3/449 (15758); Təbərani, Mücəmül-kəbir,  7/158 (6686).



Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Təvazö və ixlas

Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.


Şərh yaz