5. 181 dəfə oxunub ,   0 şərh   Çap et

 

Beyət bir dinə, sistemə və ya həmin sistemin təmsilçisinə itaət etmək, ona sadiq qalacağına və üzərinə düşəni edəcəyinə söz verməkdir.

İslam mədəniyyətində daha çox xalqın dövlət rəhbərinə tabe olması mənasındadır. Bu prinsipə əsasən dövlət başçısı üzərinə düşən vəzifələri yerinə yetirdiyi müddətcə vətəndaşlar ona itaət etməlidirlər.

Beyət İslamdan əvvəl də mövcud olmuşdur. İslam dinində də beyətə əhəmiyyət verilmişdir. Quran və Sünnədə bununla əlaqəli bir çox ayə və hədis var. Həmçinin beyət Rəsulullahın və Raşid xəlifələrin həyatında müxtəlif formalarda tətbiq olunmuşdur.

Quran və Sünnədə beyətlə əlaqəli fərqli tətbiqatlar görə bilərik. Məsələn:

“(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, – deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, – deyə buyurmuşdu![1] ayəsi ilə Allahın peyğəmbərlərdən əhd aldığı bildirilir ki, bu da Allahın peyğəmbərlərdən beyət tələbidir.

Əhd alınan peyğəmbərlərin çoxu özlərindən sonra göndərilən peyğəmbərləri və həzrət Muhammədi (s.a.s.) görməmişdilər. Bu ayədəki xitab peyğəmbərlərə olsa da, əslində onların timsalında ümmətlərinə xitab olunmuşdur.

Bəli, ayədə peyğəmbərlər və onların timsalında ümmətləri ilə bağlanmış bir əhddən söhbət gedir. Bu əhdə görə, Allah onlardan bunu istəyir: “Sizdən sonra gələn hansı peyğəmbəri görsəniz ona iman edin və gətirdiklərinə tabe olun. İsanı görsəniz onun dediklərini qəbul edin. Muhammədin dövründə yaşasanız ona tabe olun.” Peyğəmbərlər də bu əmri qeyd-şərtsiz qəbul etmişlər. Bu əhd baş tutandan sonra öhdəlikləri yerinə yetirməmək Allaha qarşı böyük günahdır. Verilən əhdi yerinə yetirməmək müəyyən xüsuslarla razılaşmamaqdırsa, zəlalət, etiqad səviyyəsindədirsə, irtidad (dindən çıxma) sayılır.

Rəsulullah (s.a.s.) da müxtəlif vaxtlarda Allahdan aldığı və peyğəmbərlər silsiləsində davam edən beyət ənənəsini tətbiq etmişdir. Məsələn: Peyğəmbərliyin 11 və 12-ci ili baş tutan Əqabə beyətləri buna nümunədir. Rəsulullah (s.a.s.) burada mədinəli müsəlmanların tək-tək əllərini sıxmış, onlardan Mədinədə özünü canları bahasına qoruyacaqlarına və İslama xidmət edəcəklərinə dair əhd almışdır. Mədinəli müsəlmanlar bu beyətin əvəzində nə əldə edəcəklərini soruşduqda Allah Rəsulu “Cənnət” – demiş, onlar da buna razı olduqlarını bildirmişlər. Həmin vaxt orada olan həzrət Abbas onlara “Siz nəyə beyət elədiyinizi (verdiyiniz sözün məsuliyyətinin böyüklüyünü) bilirsinizmi?” deyərək məsələnin əhəmiyyətini vurğulamışdır.

Hicrətdən sonra Rəsulullahın (s.a.s.) hüzuruna tək-tək gələrək Ona (s.a.s.) beyət etmişdir. Hicrətdən illər keçməsinə baxmayaraq yeni müsəlman olanlar da Rəsulullahın (s.a.s.)  hüzuruna gələrək beyət ənənəsini davam etdirmişdir.   

Başqa bir misala nəzər salaq: Rəsulullah (s.a.s.) Hüdeybiyyədə olarkən Məkkəyə elçi olaraq göndərdiyi həzrət Osmanın öldürüldüyü xəbərini eşidir. Beyət edən müsəlmanları yenidən bir yerə yığaraq onlardan bir daha söz alır. Tarixdə bu hadisə Ridvan beyəti adlanır.  

Rəsulullahın (s.a.s.) aldığı əhdlər İslamın gətirdiyi sistemə, bu sistemin təmsilçisinə və Yaradanına qarşı söz vermək demək idi. Əhd almaq və ya beyət etmək tədricən səhabələr arasında da yayılmış və adət halını almışdır. Bu ənənə Raşid xəlifələr dövründə də davam etmişdir. Həzrət Əbu Bəkir, həzrət Ömər, həzrət Osman və həzrət Əli xəlifə seçiləndə səhabələr onlara beyət etmişlər.

Sonrakı dövrlərdə tətbiqatında müəyyən dəyişikliklər edilsə və əsas məqsədindən uzaqlaşılsa da beyət ənənəsi davam etmişdir. Yəni bir mənada insanlar beyət etməklə başlarındakı rəhbəri qəbul etdiklərini bildirmişlər. Bu ənənə sadəcə dövlət başçıları və vətəndaşlar arasında qalmamış, müxtəlif dövrlərdə yaşayan din adamları (şeyxlər və s.) da müridlərindən əhd almışlar.

İnanc və ideal ortaqlığı

Bu gün dünyanın müxtəlif yerlərində İslamın gözəlliklərini və ümumbəşəri əxlaqi dəyərləri təbliğ edən müxtəlif qruplar, cəmiyyətlər var. Bu qruplara və cəmiyyətlərə rəhbərlər öndərlik və liderlik edir. İnsanlar həmin rəhbərlərin ətrafında birləşirlər. İnsanların bir rəhbərə tabe olması mütləq mənada həmin rəhbərə beyət, itaət etmək deyil. İslama xidmət edənləri bir-birinə bağlayan inanc, ideal və məfkurə ortaqlığıdır. Məhz bunlar möminləri ortaq hədəflərə istiqamətləndirir. Bu, bir mənada cümə və ya bayram namazı qılmaq, Kəbəni təvaf etmək, həcc ibadətini yerinə yetirmək üçün Ərəfata toplanan insanların etdiyinə oxşayır. Onları birləşdirən əsas dəyər inancları və ortaq hədəfləridir. Eynilə bunun kimi İslamı təbliğ edənləri də ortaq inanc və ideallar birləşdirir və birgə hərəkət elətdirir. Qısacası görülən işləri bir şəxsə aid etmək doğru deyil.  

Bəs təbliğlə məşğul olanların ortaq hədəfləri hansılardır?

Dövrümüzkə İslam alimlərdən birinin fikrincə, İslam dünyasının əsas üç böyük “xəstəliyi” var: cəhalət, iftiraq (ayrılma, parçalanma) və kasıbçılıq. Ümumi nəzər saldıqda bu fikrin doğru olduğunu görə bilərik. Bu problemlərlə mübarizə aparmaq möminlərin əsas hədəfi olmalıdır. Problemlərin həlli yolu keyfiyyətli və hər kəsin gücünün çatacağı təhsil vermək, sevgi dili ilə qardaşlıq bağları təsis etmək, əldəki imkanlarla ehtiyacı olanlara kömək etməkdir.

Bu amal uğrunda bir araya gələn insanlar dinin hökmləri ilə yanaşı görəcəkləri işi dövrün tələblərinə uyğun görməlidirlər. Ümumbəşəri dəyərlərə bağlı qalmalı, heç kimsəyə irqinə, millətinə, dininə və cinsiyyətinə görə fərqləndirməməlidirlər. Bununla yanaşı olduqları ölkənin qanunlarına riayət etməli və dövlətin ali məqsədlərini nəzərə alınmalıdırlar. Bu nöqteyi-nəzərdən İslamı təbliğ etmək üçün kiməsə beyət etməyə və bu işi görənlərə də müəyyən adlar verməyə gərək yoxdur. Onsuz da həyat fəlsəfəsi və amalı İslamı təbliğ olan insanlar bunun üçün əllərindən gələni edirlər. Onların bu birgəliyi və təbliğ eşqi zəvvarların zilhiccə ayının doqquzuncu günü Ərəfata axın etməsinə bənzəyir.

İslamı haqqı ilə təbliğ və təmsil edən möminlər Quranın prinsiplərindən ayrılmadığı, peyğəmbər yolu ilə getdikləri müddətcə Allah da onlara insanlar vasitəsilə yardım edəcəkdir. Yəni bir insanın İslamı təbliğə və ya təbliğ edənlərə yardım etməsi, onun kiməsə beyət etməsi demək deyil. Bunun üçün bir qrupa aid olmaq şərti yoxdur. Yetər ki bu işi görən şəxslər yuxarda qeyd edilən prinsiplərə ciddi riayət etsinlər.

Fədəkarlıq

İctimai hərəkatlarda könüllülük prinsipi əsasdır. Bəzi insanlar fədakarlıq hisləri ilə özlərini İslamı təbliğə həsr edə və özlərinə müəyyən əhdlər verə bilərlər. Məsələn: “Allahın izni ilə ömrüm boyu İslamı təbliğə davam edəcəm. Uca Allahın və Rəsulunun adını insanlara çatdırmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Əsas amalım dinimi insanlara tanıtmaq olacaq. Bunun üçün yeri gələndə maddi-mənəvi feyzlərdən də üz döndərəcəm. Ölənə qədər bu yoldan ayrılmayacaq və Allahın hüzuruna belə gedəcəm.”

Bəli, təbliğ Quran və Sünnənin əmridir. Bu səbəbdən özünə belə bir söz verən insan bu əhdinə sadiq qalmalıdır. Necə ki, İslamda hər hansı bir məsələ ilə əlaqəli deyilən nəzir mütləq yerinə yetirilməlidir. Təbliğlə məşğul olan möminin təbliğ yolundan ayrılmayacağına dair verdiyi əhdə bəlkə də məcazi beyət demək olar.

Bu gün dünyanın müxtəlif yerlərində insanlar İslamı qəbul edirsə, bu, özünə yuxarıdakı şəkildə söz verən, səhabələrin yolu ilə gedən təbliğ fədailəri sayəsindədir. Onlar maddi-mənəvi qarşılıq gözləmədən etdiyi fədakarlıqlarla bəşəriyyətə xidmət etmişlər. Səhabə nəslinin davamı olan və günümüzdə səmimi olaraq İslamın gözəlliklərini insanlara çatdırmaq üçün yola çıxan bu fədakar insanları təqdirlə qarşılamaq lazımdır.  

Ortaq ağıla bağlı qalmaq

Bunlarla yanaşı İslamda məşvərət də çox önəmlidir. Bu səbəbdən dini təbilğ edən möminlər də görüləcək və ediləcək işləri məşvərətlə etməlidirlər. Şəxsi qənaəti, düşüncəsi ilə hərəkət edən bir insan istənilən qədər dahi olsa da məşvərətlə gəlinən qənaətə çata bilməz. Çünki bir mövzu haqda fərqli fikirlər deyilə bilər. Ancaq problemin həllində doğru qərar vermək üçün məşvərət etmək lazımdır. Bəlkə də elə buna görə Rəsulullah (s.a.s.) məşvərət edənin zərər görməyəcəyini bildirmişdir.

Rəsulullah (s.a.s.) peyğəmbər olmasına baxmayaraq Allahın vəhy ilə bildirmədiyi işləri səhabələri ilə məşvərət etmişdir. Yəni gəldiyi qənaətləri səhabələri ilə bölüşmüş, onların fikirlərini soruşmuş və ortaq alınan qərara əsasən hərəkət etimişdir. Hətta Rəsulullah (s.a.s.) bəzi məsələlərdə öz fikri fərqli olsa da məşvərətdə alınan qərara əməl etmişdir. Məsələn: O, (s.a.s.) Uhud döyüşünə getmək istəmir, Mədinədə qalıb müdafiə olunmağın daha yaxşı olacağını düşünürdü. Ancaq bu döyüşə gedib-getməmək üçün səhabələrlə məşvərət eləmiş və alınan qərara görə döyüşə getmişdir. Nəticədə müsəlmanlar 70 şəhid vermişdir. Yəni O (s.a.s.), insanlara məniməstmək istədiyi məşvərəti nəticəsi nə olursa-olsun, hər şeydən vacib sayırdı.  

Bu nöqteyi-nəzərdən insan öz düşüncəsinin doğruluğundan nə qədər əmin olsa da, məşvərətdə ortaya çıxan qərara tabe olmalı və lazım gələrsə, öz fikrindən daşınmalıdır. Həqiqəti tapmağa çalışmaq insana namaz qılmaq və oruc tutmaq qədər savabdır. Öz fikrindən daşınmaq da günah və müsibətlərə səbir etmək kimidir. Yalnız öz ağlına güvənmək və özbaşına hərəkət etmək isə xoş qarşılanmır.  

İnsanın yaşı, təcrübəsi, elmi dərəcəsi və vəzifəsi nə olur olsun, yeri gələndə başqalarının fikrini qəbul etməyi də bacarmalı, öz düşüncələrini başqalarına məcburi qəbul elətdirməməlidir. Xüsusən də könüllülərdən mütəşəkkil bu fəaliyyətlərə rəhbərlik edənlər vəzifəsindən, titulundan sui-istifadə edərək fikirlərini qəbul etdirməyə çalışmamalıdırlar. Ətrafındakı insanlar düşüncələrini asanlıqla deyə bilməlidir. Rəhbərlər də onların qənaətlərini də dinləməyi bacarmalıdır. Düşüncə və qərarları onları deyənin vəzifə və mövqeyinə görə yox, doğruluq və məntiqiliyinə görə qiymətləndirməlidir. Deyilənləri tətbiq etmək isə İslamı tətbiq etməklə əlaqəlidir.

Nəticə etibarilə demək olar ki, məşvərətin olduğu yerdə heç bir “ağıl” başqası tərəfindən manipulyasiya edilə bilməz. Yəni məşvərət insanların bir-birini manipulyasiya etməsinə imkan vermir. Qərarların alınmasında hamının fikrinə müraciət edilən yerdə qeyd-şərtsiz itaətdən söhbət gedə bilməz. Burada ancaq düşüncə və fikir azadlığı ola bilər.

Yaşadığımız dövrdə dini təbliğ etmək üçün birləşən insanların da keçmişdəki kimi kiməsə beyət etməsinə ehtiyac yoxdur. Eyni amal ətrafında bir araya gələn insanlar gücləri nisbətində məsuliyyət altına girə bilərlər. Əsas məsələ onları bir arada tutan dəyərlərin dini hökmlərə zidd olmaması, dövrün tələblərinə uyğun olmasıdır. Bununla yanaşı onlar dövlətin qanunlarına da riayət etməli, etdikləri fəaliyyət dövlətin əsas strategiyası ilə eyni olmalıdır.

[1] Ali İmran surəsi, 3/81.




Bənzər məqalələr

Məşvərət

Məşvərət, bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə mnasına gəlir. Leksik mənası bir şeyi olduğu yerdən almaq, götürmək və ortaya çıxarıb görünür hala gətirmək” deməkdir.

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Məşvərət necə olmalıdır?

Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Bir çox məsələlərin həllində məşvərət əvəzolunmaz yerə sahibdir. Məşvərət sözünün əvəzinə müşavirə, şura, istişarə və məsləhət kəlmələrindən də istifadə olunur. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir.


Şərh yaz