Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı”[1] hədisini necə anlamaq lazımdır?
Beyhəqinin nəql etdiyi hədisdə səhabələrdən biri Rəsulullahdan soruşur: “Hud surəsində sizi qocaldan nədir? Peyğəmbər qissələri, yoxsa qövmlərin həlakı?” Rəsulullah (s.a.s.) belə cavab verir: “Bunların heç biri deyil! Mənim belimi bükən surədəki “Sənə əmr edildiyi kimi, düz (yolda) ol”[2] ayəsidir.”[3] Əslində Rəsulullahın (s.a.s.) belini bükən bir çox surə və ayələr var idi. Lakin O (s.a.s.), xüsusilə bu ayəni qeyd etmişdi. Çünki istiqamət (doğruluq, düz yolda olmaq) əmrində sərhəd yoxdur. Bu ayədə beş vaxt namaz qılmaq və ya bir ay oruc tutmaq kimi müəyyən sərhəd qoyulmayıb. Bəli, İlahi vəhyi özünəxas fətanətlə anlayan Rəsulullah (s.a.s.) bu ayədən çox dərin mənalar çıxarırdı. Onun (s.a.s.) nöqteyi-nəzərindən bu ayədəki əmri yerinə yetirmək çox çətin idi.
Təbii ki, bu ayələri hərə öz səviyyəsinə görə anlayır. Sıravi bir insane görə, bu ayədəki düz yolda (istiqamət üzrə) olmaq; beş vaxt namazı şərtlərə uyğun qılmaq, ramazan orucunu tutmaq, malın zəkatını vermək və imkanı olanların ömürdə bir dəfə həcc ziyarətinə getməsi və böyük günahlardan uzaq olmaqdır. Başqasına görə, fərz və vacibləri yerinə yetirmək, haramlardan çəkinmək, məkruhlara qarşı diqqətli olmaq, məkruh olar düşüncəsilə bəzi mübahları tərk etmək, yəni təqvaya uyğun həyat yaşamaq istiqamət üzrə olmaqdır.
Rəsulullah (s.a.s.) istiqaməti necə anlayırdı?
Rəsulullah (s.a.s.) bu ayədən tamam başqa mənalar çıxarırdı. Bəlkə də elə buna görə gecələr ayaqları şişənə qədər ibadət edirdi. Yaşlanda ayaq üstə dayanmağa taqəti çatmayanda nafilə namazları oturaraq qılırdı. Səhabələr bəzən bir rükətdə Bəqərə, Ali-İmran və Nisa surələrini oxuduğunu nəql edirlər. Səcdəyə qapanır, möminləri kainat kitabı haqda təfəkkürə səsləyən ayələri təkrarlayır və hıçqıra-hıçqıra ağlayırdı. Bir gün Onu (s.a.s.) bu halda görən həzrət Aişə: “Uca Allah bütün günahlarını bağışladığı halda nə üçün özünə bu qədər əziyyət verirsən?” deyə soruşdu. Rəsulullah (s.a.s.) həyat yoldaşına belə cavab verdi: “Rəbbimə şükür edən bir qul olmayım?!”[4] Deməli, Rəsulullah (s.a.s.) istiqaməti bu cür anlamışdı.
Səhabələr nəql edir ki, bu ayə nazil olandan sonra Rəsulullahın (s.a.s.) saçlarına dən düşməyə başlamışdı. Bunu Rəsulullaha (s.a.s.) xatırladanda onlara: “Məni Hud surəsi qocaltdı” demişdi. Hud surəsi Rəsulullahın belini bükdü də deyəbilərik. Çünki ayədə elə hökm qoyulmuşdu ki, sadəcə müəyyən ibadətlərlə həmin hökmün icrası bir az çətin idi. İstiqamətin hər hansı sərhəddi olmadığına görə istənilən əməlin bu ayənin gərəyini yerinə yetirdiyini iddia etmək olmaz. Yəni istənilən yaxşı əməl haqda “mən bu əməli işlədim deməli, istiqamətin gərəyini yerinə yetirdim” demək qeyri-mümkündür. Bu nöqteyi-nəzərdən Allahdan gələn bütün əmrlərə səbir, təvəkkül, təslimiyyətlə yanaşan Rəsulullaha (s.a.s.) bu ayə ağır gəlmişdi. Çünki Onun (s.a.s.) ayələri anlaması, həssaslığı tamam başqa idi.
Allah dostlarından biri şükürlə əlaqəli belə deyir: “Ey Rəbbim! Sənə olan şükrümü necə əda edə bilərəm?” Mənə şükür etmək nemətini verdiyin üçün ayrıca şükür etməliyəm. Ömür boyu sənə şükür eləsəm də, sənin lütf elədiyin nemətlərin şükrünü yerinə yetirə bilmərəm.”
Sədi Şirazi də məşhur “Gülüstan” əsərində şükür haqda belə yazır: “Hər nəfəs üçün iki dəfə şükür etmək lazımdır.” Çünki insan nəfəs almadığı təqdirdə ölə bilər. Eynilə bunun kimi aldığı nəfəsi geri verməsə, yenə ölər. Allah sadəcə nəfəs alıb-verməklə belə insana iki həyat bəxş edir. İnsan ona kiçik yaxşılıq edənlərə belə təşəkkürü özünə borc bilir. Bu səbəbdən ona sonsuz nemətlər lütf edən Rəbbinə görəsən necə şükür etməlidir? Rəsulullah (s.a.s.) da məhz bu məsələnin şüurunda olduğuna görə “Əmr edildiyin kimi doğru ol” ayəsi qarşısında qəddi bükülürdü.
İstiqamətin meyarı
Allaha və Rəsuluna inanan möminlər də Rəsulullahın (s.a.s.) anladığı istiqamətə uyğun yaşamağa çalışmalıdırlar. Onlar elədikləri ibadətləri böyük görməməli, həmişə “daha artığı yoxdurmu?” düşüncəsilə hərəkət etməldirlər. Həmişə daha çox ibadət eləməyə çalışmalıdırlar ki, istiqaməti qoruya bilsinlər. Uca Allah istiqamətdən ayrılmayan bəndələrinə belə buyurur: “Əgər onlar o yolda doğru olsaydılar, Biz onlara bol yağış verərdik.”[5] Ayəni bu cür izah edə bilərik: “Əgər siz istiqaməndən ayrılmasanız, nemətlərə qərq olarsınız.”
Buna görə də möminlər istiqamət haqda yaxşıca düşünməlidirlər. Görəsən, doğruluğun meyarı nədir? Doğru ol əmri ilə Allah bizdən nə istəyir?
Şübhəsiz ki, bunu anlamaq və yaşamağın yolu peyğəmbərlərin müqəddəs yoluna tabe olmaqdan keçir. Keçmiş qövmlər düz yolda olmaq üçün göndərilən peyğəmbərlərə tabe olmalı idilər. Müsəlmanlar da istiqamətdən ayrılmamaq üçün bütün peyğəmbərlərin həqiqətlərini özündə ehtiva edən Rəsulullahın (s.a.s.) gətirdiklərinə tabe olmalıdırlar. Bu nöqteyi-nəzərdən biz də Rəsulullah (s.a.s.) kimi doğru həyat yaşamaq istəyiriksə, Onun (s.a.s.) sünnəsinə tabe olmalı və Onun (s.a.s.) yolu ilə getməliyik. Əgər bunu bacarsaq və istiqamətdən ayrılmasaq, Allah da bizə bolluq və bərəkət lütf edər.
Keçmişdə həlak edilən qövmlərin həyatına nəzər salanda görürük ki, düz yoldan çıxan bir qövm, Allahın lütf elədiyi nemətlərdən sui-istifadə etməyə başlamışdı. Lütf edilən nemətlər onların azğınlaşmasına səbəb olmuşdu. Sahib olduqları sərvətlər, məqamlar və imkanlar onları yoldan çıxarmış və istiqamətdən uzaqlaşdırmışdı. Nəticədə Quranda buyurulduğu kimi: “Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!”[6] Allah zalım tayfanın kökünü kəsmişdir.
Bəli, insan əlindən gələn bütün imkanları səfərbər edərək istiqaməti qorumağa, düz yolda olmağa çalışmalıdır. İstiqamət həm də peyğəmbər yolunda olmaqdır. Möminin əsas hədəfi də istiqaməti qorumaqdır. Düzdür, heç kim peyğəmbərlərlə eyni dərəcəyə çata bilməz. Ancaq əsas məsələ onların sahib olduğu xüsusiyyətlərə sahib olmağa çalışmaq və buna cəhd etməkdir.
İslamın əsasının istiqamət olduğunu desək yanılmarıq. Buna görədir ki, hər gün namazlarımızda “Bizi doğru yola yönəlt”[7] deyərək Allahdan istiqamət və doğruluq diləyirik. Yəni doğruluq və istiqamətdən ayrılmamaq üçün gündə 40 dəfə dua edirik.
Bir dəfə səhabələrdən biri Rəsulullahdan nəsihət istəyir. Rəsulullah (s.a.s.) ona belə deyir: “Rəbbim Allahdır de! Sonra da doğruluq və istiqamətdən ayrılma!”[8] Bu tövsiyə də istiqamət və doğruluğun nə qədər əhəmiyyətli olduğundan xəbər verir. Mömin gündə namazlarda 40 dəfə doğruluq diləməklə yetinməyib onun ardınca düşməli, onu əldə etmək və ömür boyu buna uyğun həyat yaşamaq üçün əlindən gələni etməlidir.
Bədən üzvlərindən düzgün istifadə
Doğruluqdan ayrılmamağın şərtlərindən biri də bədən üzvlərindən yaradılış məqsədlərinə uyğun istifadə etməkdir. Allah insana əl, ayaq, göz, qulaq, dil, dodaq kimi nemətlər lütf etmişdir. Əfsus ki, insan bu nemətlərin fərqinə ancaq bunları itirəndə varır. Bələd surəsindəki: “Məgər ona iki gözü Biz verməmişikmi? Bir dillə iki dodaq (verməmişikmi)? Ona iki yoxuşlu yola yönəltmədikmi?”[9] ayələr insana bu nemətləri xatırladır və təfəkkürə səsləyir.
Buna görə də insan gözünü günahlardan, qulağını və dilini qeybət və yalandan, əl və ayaqlarını da haramlardan qorumalıdır. Quran və Sünnədə günah, haram və pis əməl sayılan şeylərin hamısı bildirilmişdir. Mömin bədən üzvlərinin hər birini halal sərhədlər daxilində və yaradılış istiqamətində istifadə etməlidir. Əks təqdirdə: “Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”[10] Ayədə bildirildiyi kimi bədən üzvləri insanın əleyhində şahidlik edəcək.
Hər orqanın yaradılışa uyğun bir məqsədi var. Məsələn, gözün vəzifəsi kainat kitabını doğru oxumaq, oradakı hadisələri müşahidə edərək uca Allaha gedən yolları tapmaqdır. Əgər insan gözündən günahlara baxmaq üçün istifadə edərsə, axirətdə gözü əleyhində şahidlik edərək belə deyər: “Ey Rəbbim! Sənin bəndən “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)[11] ayəsinə müxalif hərəkət elədi. Yaradılış məqsədimdən sui-istifadə elədi.” Dünyada günahlarla kirlənən gözün axirətə aid görmə bucağı daraldılar və axirətdəki nəsibi də əlindən alınar. Belə bir göz axirətə aid gözəllikləri sahib oluğu potensiala uyğun görə bilməz.
Sadalananlar digər orqanlara da aiddir. Qulağın yaradılış qayəsi Allahın kəlamına, Rəsulunun bəyanına və bu mənbələrdən ilhamlanan böyüklərin sözlərinə qulaq verməkdir. Əgər qulaq boş və mənasız söhbətlərlə kirlədilərsə, sahib olduğu potensial qabiliyyətlərdən məhrum qalar və axirətdə eşidiləcək gözəllikləri eşidə bilməz. Axirətdə bir peyğəmbər kəlamı və ya səhabə sözü eşitmək necə də gözəldir. Uca Allahdan bir kəlmə belə eşitmək insana xoşbəxtlik olaraq kafidir. Ancaq bu dünyada günahlarla kirlənən bir qulaq bu gözəllikləri əsla eşidə bilməz.
Eynilə bu dünyada yalan, qeybət və iftira kimi günahlara bulaşan dilin, gözəl sözlər deməsi mümkün deyil. Haramların ardınca düşən ayağın da axirətdəki yerimək qabiliyyəti əlindən alınar. İnsan sahib olduqlarını kirlətmişsə, yarımçıq qalan qırıntılar axirətdə onun işinə yaramaz. Axirətdə hər şeyi danışdıran Allah bədən üzvlərini də danışdıracaq onlar da sahibi haqda hər şeyi deyəcəklər.
Axirətdə heç kimə bədən üzvlərinin elədiyi şahidliyə etiraz haqqı da veriləməyəcək. Çünki Uca Allah belə buyurur: “Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.”[12] Bəziləri orada da bəhanələr gətirərək belə deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar.”[13] Bəlkə də Allah onların ağızlarını möhürləyəcək və danışmalarına icazə verməyəcəkdir. Dilləri susandan sonra digər üzvləri işlənilən xətaları danışmağa başlayacaqdır.
Bəli, bu dünyadakı bəzi səhvlər və günahlar axirətdə mahiyyətini bilməyəcəyimiz fərqli şəkillərdə sahibinə qaytarıla bilər. Bu səbəbdən bu dünyada insan elə işlər görməli, bədən üzvlərini doğru işlətməlidir ki, axirətdəki nəticəsi onu sevindirsin. Sahib olduğu orqanları günahlarla kirlətmək və qabiliyyətlərini yanlış istifadə etmək əvəzinə, onları yaradılışa uyğun inkişaf etdirməlidir. Bunun üçün də ömür boyu doğruluqdan, istiqamətdən ayrılmamaq lazımdır.
Fədakarların yolu
Doğruluq və istiqaməti qorumaq o qədər də asan deyil. İnsanın həyatı ziqzaqlarla doludur. Bəzi insanlar müəyyən yerə qədər mələk kimi görünə bilərlər. Əgər bir insan doğruluğu xarakterə çevirməyibsə, süni davranışlarla fərqli görünməyə çalışırsa, bir gün xoşuna gəlməyən nə isə baş verəndə mütləq əsl üzü görünər və həqiqi xarakteri üzə çıxar. Belələrinin vəziyyəti suda boğulmaqdan xilas edilən əqrəbin qurtaranı sancandan sonra “Nə edim xasiyyətim belədir” deməsinə bənzəyir. Əsas məsələ insanın yaxşılıq və gözəlliklərdə sabitqədəm olmağı bacarmasıdır.
Doğruluğu kəşf edə bilməyənlərin başqalarının yanında inandırıcı olması bir az çətindir. Bir gün elə, bir gün belə olan insanlar başqalarına ümid vəd etməzlər. İnsan comərd, fədakar, səxavətli olsa da bunu xarakterə çevirmədiyi müddətcə inandırıcı ola bilməz.
Möminlə ünsiyyət quranlar onda heç bir təzada şahid olmamalıdır. İnsanlar ünsiyyətdə olduqları kəslərin oturuşmuş xarakterə sahib olduqlarını görəndən sonra onlara inanırlar. Bu nöqteyi-nəzərdən təbliğlə məşğul olan fədakar möminlər üçün doğruluq və istiqamətin əhəmiyyəti daha böyükdür.
Nəbilər, siddiqlər, şəhidlər və əməlisalehlər bu günə qədərə dəfələrlə sınaqdan keçirilmiş ancaq heç bir ziqzaq çəkməmişlər. Yəni onların davranışlarında dediklərinə zidd heç nə olmamışdır. Onların Allah tərəfindən sevilmələrinin və təqdir edilmələrinin səbəbi də budur. Onlar istənilən çətin və asan vəziyyətlərdə doğruluq və istiqaməti qorumağı bacarmışlar. Nemətlərin çoxluğu və məhrumiyyətlər onları yollarından azdırmamışdır. Həmişə əlif kimi düz dayanmağı bacarmışlar. Məhz buna görə də ardıcılları üçün ən gözəl nümunədirlər.
Bəli, əlif kimi düz olmayan, əyri-üyrü xətlər çəkən, gah ora, gah da bura gedən insanların hədəfə çatması mümkün deyil. İki nöqtə arasındakı məsafəni ən sürətli və ən qısa ancaq düz xətli hərəkətlə getmək mümkündür. Möminlər də Allaha səmimi bəndə, etibar edilən insan olmaq istəyirlərsə, istiqamətdən ayrılmamalı, həmişə doğru düşünməli, doğru danışmalı və doğrunun ardınca düşməlidirlər. Dünyəvi arzu və istəklər, şan-şöhrət, vəzifə və məqamın gözəllikləri onlara ziqzaq çəkdirməməlidir. Unutmaq olmaz ki, istiqaməti qorumaq, düz yolda qalmaq üçün edilən cəhdlər də bir ibadət sayılır.
Quranda öyrədilən: “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.”[14] bu dua bizə sabitqədəm olmağın əhəmiyyətini göstərir. Mənqibələrdə bildirilir ki, elm və ibadəti ilə tanınan Bəlam ibn Baura və ya Bərsisa kimi çoxları, dünyəvi torlara düşmüş və şeytana ov olmuşlar. Dünyanın möminə küsməyinin onun üçün bir əhəmiyyəti yoxdur. Qayəsi axirət olan insanların dünyəvi dərdi yoxdur və olmamalıdır. Möminlər Allahın rizası xaric heç nəyin ardınca düşməməlidirlər.
Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.
İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.
Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.
Təvazö öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmək, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olmaq və sadəlik deməkdir.
Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?