1. 587 dəfə oxunub ,   0 şərh   Çap et

Nur surəsində İfk hadisəsi ilə əlaqəli belə buyurulur: “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?”[1] Bu ayə möminlərə nə deyir?

 Nur surəsindəki bu ayə xüsusi bir hadisə haqqında nazil olmuşdur. Ancaq ehtiva etdiyi məna bütün möminlərə aiddir. Çünki “Təfsir” üsulundakı əsas qaydalardan birinə görə, ayənin nazil olma səbəbinin xüsusiliyi, hökmün ümumiliyinə mane deyil. Bəli, bu ayə İfk hadisəsi ilə əlaqəli nazil olmuşdur. Ayədə həzrət Aişəyə (r. anha) atılan iftira ilə əlaqəli səhabələrin necə davranmasından bəhs olunur. Bu ayəni həm də bütün dövrlərdə yaşayan möminlərə, onların iftiralara qarşı mövqeyinə, necə hərəkət etmələri, nə demələri gərəkdiyinə də aid etmək olar.

Məlumdur ki, münafiqlər səfərdən qayıdarkən həzrət Aişəyə ağır iftira atmış və bu yalanı müsəlmanlar arasında yaymışdılar. Bəzi səmimi müsəlmanlar belə kütlənin təsirinə düşərək zənnə qapılmış, münafiqlərin yalanlarına inanmışdılar. Bu hadisə həm Rəsulullahı (s.a.s.), həm də həzrət Əbu Bəkrin ailəsini sarsıtmışdı. İffətli, ismətli, namuslu həzrət Aişə də atılan iftiranı eşidəndə xəstələnmiş və ağlamaqdan gözlərinin yaşı qurumuşdu. Möminlərin anasına atılan bu iftira axirətdə qurtuluşu çətin və böyük bir günah idi.

Nəticədə həzrət Aişə (r. anha) təqribən iki səhifəlik ayələr vasitəsilə təmizə çıxarıldı. Bu haqda nazil olan ayələr onun qədir-qiymətini daha da artırdı, hər halı ilə Rəsulullaha (s.a.s.) layiq olduğunu sübut etdi. Nur surəsindəki bu ayələr də sanki onun nuraniliyinin inikasıdır. Qiyamətə qədər bütün möminlər oxuduqları ayələrlə onun təmizliyini bir daha hayqıracaqlar. Quranın təmizliyini bildirməsinə baxmayaraq kimsə onun haqda hər hansı mənfi şey düşünərsə, dindən çıxar. Bütün alimlər bu xüsusda həmrəydir. Çünki bunu edən şəxs Quranın açıq hökmünə qarşı gəlmiş sayılar.

Günahların gizlədilməsi

Əfsuslar olsun ki, müasir dövrdə qeybət, iftira, yalan adiləşib. Bir çox insan başqalarının əleyhində asanlıqda danışır, haqlarında ittihamlar və ehtimallar irəli sürür. Halbuki Quran möminləri bu xüsusda diqqətli olmağa səsləyir:

Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!”[2]

Bu səbəbdən möminlər başqaları əleyhində eşitdiklərini araşdırmalı, əsasının olub-olmadığını dəqiqləşdirməlidirlər. Araşdırılan xəbər iftira yox, həqiqət olsa belə, bunu hər yerdə deməməlidirlər. Görülən bəzi pis əməllər başqalarına deyilməməlidir. Üstəlik bunu etmək ibadət sayılmır və insana savab da qazandırmır. Təbii ki, bəzi günahların cəmiyyətdə yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görmək lazımdır. Ancaq fərdi günahları ifşa etmək, səhv edənləri utandırmaq və ya atılan iftira haqqında əslini bilmədən fikir yürütmək möminə yaraşmır.

Yeri gəlmişkən, İmam Hadiminin bu haqda fikirlərinə nəzər salaq: “Günah işləyən bir mömin görəndə, əmin olmaq üçün yenidən bax və dəqiqləşdir. Sonra gözlərini sil və bir daha nəzər sal. “Bəlkə yanılmışam de” və təkrar bax. On dəfə baxandan və gördüyündən tam əmin olandan sonra belə de: “Ey Rəbbim! Onu bu günahdan qurtar və məni də elə bir günaha düşməkdən qoru!””  

Bəli, möminə yaraşan başqaları haqda deyilən mənfi xəbərlərə: “Bu açıq-aşkar iftiradır.” – deməkdir. Əgər insanlar bir-birinin əleyhində çox danışsalar, ən xırda hadisələri belə böyüdərək başqalarına desələr fitnə qapıları açılar və cəmiyyətin birlik-bərabərliyi pozular. Elə buna görədir ki, Rəsulullah (s.a.s.) insanlar arasında söz gəzdirənlərin Cənnətə girməyəcəyini bildirmişdir.[3] Çünki insanlar arasında söz gəzdirmək böyük günahdır.

İftiralara imkan verməmək

Mövzunu sadəcə şəxsi günahlar nöqteyi-nəzərindən düşünməmək lazımdır. Əslində bu ayə təkcə şəxslər yox, həm də müəyyən qruplar atılan əsassız iftiralara qarşı möminlərin mövqeyini də göstərir. Ayədə buyurulduğu kimi möminlər bu cür iftiralar qarşısında: “Bu iftiralar haqda danışmaq bizə yaraşmır. Bu çox böyük böhtan və iftiardır.” – deməlidirlər.

Bu xüsusda qərarlı olmaq və atılan iftiralara dərhal münasibət bildirmək lazımdır. Əks halda insanlar arasında incikliklər yayılar və nifaq artar. Çünki iftira ortaya çıxarkən təkzib edilmədiyi təqdirdə, getdikcə daha çox yayılar. Nəticədə insanların bir-birinə inam və etibarı zədələnər və cəmiyyətin birlik və bərabərliyi pozular. İnsanların bir-birinə güvənmədiyi, birlik və bərabərliyin olmadığı cəmiyyətə İlahi yardım da olmaz.

İstər Əsri-səadətdə baş verən İfk hadisəsi, istərsə də sonrakı dövlərdə baş verəcək iftiralara möminin münasibəti haqdakı başqa ayə isə belədir:

Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?”[4]

Deməli bu cür hadisələr qarşısında “Bu, açıq-aydın bir böhtandır!” – deməyi bacarmaq həm də hüsn-zənnin gərəyidir. Rəsulullah (s.a.s) bir hədisində hüsn-zənnin ən gözəl ibadətlərdən biri olduğunu bildirmişdir.[5] Mömin başqa müsəlmanlara atılan iftiralara hüsn-zənlə yanaşaraq bu cür cavab verərsə, iradəsinin haqqını vermiş və buna görə də savab  qazanmış olar. Möminlər haqda gözəl düşünmək, bunun üçün çalışmaq, əleyhlərində deyilənlərə qarşı susmaq ilk baxışda asan görünə bilər. Əslində bunlar müsəlmanlıq üçün çox əhəmiyyətli əməllərdir.

Mömin bu cür iftiraları yaymamaqla yanaşı, açıq-aşkar mövqeyini də ortaya qoya bilərsə, münafiqlərin fitnə-fəsadlarına mane olmuş olar. Beləcə haqpərəst insanların bu qərarlılığı qarşısında atılan iftira və əsassız xəbərlər çox yayılmaz və nifaq “şəbəkə”sinin səsi kəsilər.

Başqa ayədə isə iftiraları atanların cəmi bir neçə nəfər olduğu bildirilir: “yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir”[6] Bəzən mömin görünüşlü münafiqlər müəyyən insanları qaralamaq, etibarlarını zədələmək üçün mütəmadi olaraq yalan və iftiralar ortaya ata bilərlər. Bəzi media vasitələri də həmin iftiraların yayılmasına kömək edə bilər. Bu cür situasiyalarda səmimi möminlər iftiraya məruz qalan müsəlman qardaşlarına arxa çıxmaz və onları müdafiə etməzlərsə, qısa müddətdə bu əsassız xəbərlər daha çox yayılar. Bu səbəbdən bu cür iftiraya məruz qalan insanlara ta əvvəldə sahib çıxmaq lazımdır. Bunun üçün də möminlər doğruluqdan ayrılmamaq şərtilə özlərini ifadə etməyi bacarmalı və səslərini insanlara duyurmalıdırlar.

Mövzunu təkcə müsəlmanlarla da məhdudlaşdırmaq olmaz. Haqsızlığa məruz qalan, iftira atılan kim olur olsun dininə və millətinə baxmadan onun yanında olmaq insanlıqdır. Tutaq ki, bir xristian və yəhudi bəzi iftiralara məruz qalıb. Düzdü, bir müsəlmanın bunu özünə edilmiş kimin qiymətləndirməsi mənsub olduğu dini dəyərlərlə düz gəlmir. Ancaq bu o demək deyil ki, mömin heç nə etməməlidir. Belə vəziyyətlərdə müsəlman sadəcə dinindən, əqidəsindən və millətindən asılı olmayaraq istənilən bir insana iftira atmağın pis əməl olduğunu deyə bilər. Çünki bütün insanların, şəxsiyyətini, şərəfini və mənliyini təhqir edən xüsuslar qarşısında diqqətli və təmkinli olmaq möminə vacibdir. Bu möminin əxlaqı olmalıdır.


[1] Nur surəsi, 24/16.
[2] Hucurat surəsi, 49/6.
[3] Buxari, Ədəb, 50; Müslim, İman, 168.
[4] Nur surəsi, 24/12.
[5] Əbu Davud, Ədəb, 88.
[6] Nur surəsi, 24/11.



Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Mənəvi xəstəlik – sui-zənn

Sui-zənnin əsas səbəbləri hansılardır? Sui-zənndən necə qorunmaq olar?


Şərh yaz