1. 903 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Yasin surəsinin 21-ci ayəsindəki (“Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!”) təbliğ ilə əlaqəli xüsusları necə anlamalıyıq?

Cavab: Yasin surəsinin ikinci səhifəsində bir bölgə xalqı ilə onlara göndərilən elçilər arasında baş verənlərdən danışılır. Onlara göndərilən ilk iki elçini qəbul etmədikləri üçün Cənabı-Haqq onlara üçüncü elçini göndərir. Ancaq vəziyyət olduğu kimi qalır, heç nə dəyişmir. Əhali onları yalançılıq və özlərinə uğursuzluq gətirməkdə günahlandırır. Allaha dəvətə davam etdikləri müddətcə onları daş-qalaq edəcəklərini deyir, onlara əziyyət və işkəncə edəcəkləri ilə hədə-qorxu gəlirdilər.

Elə bu vaxt şəhərin digər ucunda yaşayan, kübar təbəqəyə aid etibarlı bir insan kimi tanınan bir nəfər gəlir və əhaliyə, özlərinə göndərilən elçilərə tabe olmaq lazım gəldiyini deyir. Fikrini əsaslandırmaq üçün də elçilərin onlardan heç bir məvacib istəmədiklərini və doğru yolda olduqlarını söyləyir. Eynilə Firon ailəsindən həzrət Musanın köməyinə gələn bir nəfər kimi onun da adı çəkilmir. Təfsirlərdə burada qeyd olunan bölgənin Antakya, göndərilən elçilərin həzrət İsanın həvariləri, onlara köməyə gələn bu şəxsin isə Həbibi-Nəccar olduğunu bildirilir. Xüsusilə, Hammaminin Yasin surəsinin təfsirində mövzu ilə əlaqəli olduqca geniş məlumatlar verilir. İnsanlar da bunu belə qəbul ediblər. Əslində Antakyada Həbibi-Nəccar adına inşa edilmiş bir məscid və məsciddə ona aid olduğu deyilən bir türbə var.

Quranda əsas fikrə diqqət çəkildiyi üçün vaxt, məkan və şəxs adları verilməyib. Buna görə də bu məsələni gözardı etmək düzgün deyil. Allahın Quranda dəqiq məlumat vermədiyi məsələlər haqqında tədbirli və ehtiyatlı olmaq lazımdır. Əgər hər hansı bir fikir bildirmək lazım gələrsə, “doğrusunu Allah bilir” demək daha yaxşıdır. Qurani-Kərimdə və Sünnədə açıq-aşkar bəhs olunmayan məsələlərlə bağlı təfsirlərdə edilən şərh və izahlar da belə qiymətləndirilməlidir. İstər Beyzavi, istər Əbu-Səud, Fəxrəddin ər-Razi və ya başqasının təfsiri olsun, məsələyə ehtiyatla yanaşmaq və “ən doğrusunu Allah bilir” demək faydalıdır. Necə ki, fərqli izahları tamamilə görməzdən gəlmək hörmətsizlikdir, həmçinin onları yeganə doğru qəbul etmək də düzgün deyil.  Doğruluq ehtimalını nəzərə almaq və belə şərhləri nəql edərkən “bu mövzuda başqa əsərlərə də baxmaq lazımdır” deməyi unutmamaq ən gözəlidir.

Təfsir üsulu ilə bağlı izahdan sonra Həbibi-Nəccarın sözlərinə də diqqət yetirək. O, sözə əvvəlcə “Ey qövmüm” deyə başlayır. Bu, mülayimlik və şəfqətin göstəricisidir. Çünki bu açıqlama ilə xalqına olan diqqətini və qayğısını ortaya qoyur. Onlarla eyni mühiti, eyni mədəniyyəti paylaşdığını vurğulamaq istəyir.

Həzrərt Nuh, həzrət Hud, həzrət Salih, həzrət Musa və s. peyğəmbərlərin də qövmlərinə xitabı eyni şəkildə olmuşdur. Bu səbəbdən insanların deyiləni daha yaxşı anlaması üçün müraciət şəkli böyük əhəmiyyətə malikdir.

Həbibi-Nəccar bu müraciətidən sonra: “Elçilərə tabe olun!” − deyir. Ancaq dedikləri təkcə bundan ibarət deyil. O, həm də nə üçün peyğəmbərlərə itaət etməyin zəruri olduğunu da izah edir: “Sizdən heç bir maddi qarşılıq istəməyən, doğru yolda olan insanlara itaət edin”.

Əvvəlcə elçilərin heç kimdən heç bir şey ummadığını vurğulayır. Yəni, demək istəyir ki, elçilər sırf sizi doğru yola dəvət etmək, sizə haqq və həqiqəti çatdıra bilmək üçün o qədər yol qət edib, o qədər problemə sinə gərib və bəlkə də özlərini təhlükəyə atıblar. Lakin, buna rəğmən etdikləri xidmət qarşılığında sizdən heç bir maddi qarşılıq tələb etmir və heç bir şey ummurlar.

Habelə, sizə Rəbbinizi tanıtdıqları, Cənnət yolunu göstərdikləri və rəhbərlik etdikləri üçün heç bir vəzifə istəmirlər. Nə xüsusi sevgi və hörmət, nə tərif, nə də alqışlanmaq kimi bir tələbləri də yoxdur. Üstəlik onların bu dəvətinə qarşılıq vermək onlara heç bir mənfəət qazandırmır. Həmçinin dəvəti qəbul edənlər də heç bir şey itirmirlər.

Həbibi-Nəccar daha sonra elçilərin doğru yolda olduqlarına və haqq yolundan çıxmadıqlarına nəzər yetirir. Buradan məlum olur ki, elçilər o günə qədər də, hal və hərkətləri, davranış və münsibətləri ilə hər kəsin etibarını qazanıblar. Pislik etməyib, günah işləməyib və heçkimi incitməyiblər. İnsanlar da onları yaxından tanıyıb, səbrinə və mərhəmətinə şahid olublar.

Deməli onlar, hədisdə də deyildiyi kimi hər zaman Allahı xatırladan səmimi möminlər idilər. Onların doğru yolda olduğunu sadecə sözlə ifadə etmək kifayət deyil. Əgər insanlar onları tanımasaydı “Onların doğru yolda olub-olmadığını hardan bilək?”, − deyərdilər. Onlar yaddaşlarda iz qoyduqları üçün Həbibi-Nəccar da onların itaət ediləcək və tabe olunacaq insanlar olduğunu dəlil olaraq göstərmişdir.

Elçilərin doğru yolda olduqlarını göstərən  “muhtədun” sözünün ərəb dili qrammatikasına görə isim cümləsi ilə, həmçinin “iftial” babından gəlməsi önəmlidir. İsim cümləsi davamlılıq bildirir. Belə ki, davranışlarını heç vaxt dəyişmədiklərini və doğruluqlarında sabitqədəm olduqlarını göstərir. Kəlmənin “iftial” babından gəlməsi isə onların hidayəti dərindən mənimsədiyinə dəlalət edir. Doğruluq və istiqamətin xarakterə çevrilməsi və davamlı olması çox vacibdir.

İxlas və səmimiyyəti bu qədər qorumağı çox az insan bacarır. Şübhəsiz ki, ixlası ən gözəl şəkildə təmsil edənlər peyğəmbərlərdir. Onlar etdikləri təbliğ qarşılığında heç nə tələb etmədikləri kimi, özlərindən sonra da sərvət qoyub getməyi düşünməyiblər.

Peyğəmbər yolunun sadiq təmsilçiləri də hər zaman ixlaslı olmağı və qarşılıq güdmədən xidmət etməyi özlərinə borc biliblər. Məsələn, Allah Rəsulundan (s.a.s.) sonra Raşid xəlifələr və Ömər ibn Əbüləzizin çox gözəl nümunə olduğunu deyə bilərik. Hadisələrə ədaləti-izafiyə (çox üçün azı fəda etmək) prinsipi ilə yanaşmış, ədaləti-məhzəni (tam ədalət) həqiqəti-məhzəni (həqiqətin özü) təmsil etməyə müvəffəq olmamışlar. Onlar həqiqətə yaxınlaşdıqca, daha çox qəbul olunurdular.

Bir İslam alimi qeydlərində “İman həqiqətlərini yaymaq üçün Peyğəmbərə tabe olmaqla mükəlləfik” deyir. Daha sonra isə Həbibi-Nəccarın sözü ilə birlikdə peyğəmbərlərin ortaq üslubu olan: “Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir…” (Hud surəsi 29) − ayəsini xatırladır. Bu səbələ də heç kimdən hədiyyə qəbul etmədiyini bildirir. Üstəlik bunu deyən alim olduqca sadə həyat yaşayaraq daim başqalarına da nümunə olmuşdur. Bu, peyğəmbərliyə necə varis olacağımızı çox ciddi şəkildə göstərməyin ifadəsidir.

Doğru yolda getmək və göstərilən xidmətlər müqabilində bir şey gözləməmək peyğəmbər varisləri üçün həyati prinsipdir. Nəticəsindən aslı olmayaraq onların vəzifəsi xidməti qarşılıqsız etmək və könüllü olmaqdır. Hətta edilən xidmətlərdəki əsas məqsəd Cənnəti qazanmaq və ya Cəhənnəmdən çəkinmək olmamalıdır. Cəhənnəmdən çəkinmək də Allahın qəzəbinin önünə keçən sonsuz rəhmət və məğfirətinə bağlı olmalıdır.

Allah yolunda edilən xidmətlər maddi-mənəvi, dünyavi-üxrəvi heçbir şey üçün istifadə edilməməlidir. Dini təbliğ edən möminə hökümdarlıq təklif edilsə və “Bu sənin etdiyin xidmətlərin qarşılığıdır” deyilsə, o bu cür cavab verməlidir: “Belə bir xidmətə qarşılıq nəsə almaq çox ucuz olardı. Gördüyüm işin maddi əvəzi yoxdur. Çünki mən yalnız Allahın riza və razılığına müştağam”.

Biz Allah rizasına nail olmağın Allahla vəhdətə qovuşmağın necə bir hiss olduğunu bilmirik. Axirətdə bunların necə qarşımıza çıxacağını təxmin etməkdən acizik. Allahın “Mən sizdən razıyam” sözünün bizi necə rahatladacağını, milyonlarla fərqli növ ləzzəti bir anda yaşadacağını, min qat Cənnət zövqünü birdən daddıracağını idrak etmək bizim üçün çətindir. Ancaq “Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!” (Tövbə surəsi 72) ayəsinə əsasən bilirik ki, Allah rizasından üstün, ondan daha böyük bir nemət yoxdur. Elə buna görə də biz sadəcə ona can atırıq.

İslama və Qurana xidmət yolunda hərəkət edən möminlərin hədəfində də sadəcə Allah rizası olmalıdır. Onlar bundan başqa heçnə düşünməməlidirlər. Xidmətlərini dünyəvi qazanclara, mənsəbə, vəzifəyə, şöhrətə, etibar əldə etməyə və özünü tanıtmağa fürsət bilməməlidirlər. Bu düşüncələrini də hər zaman və hər yerdə dilə gətirməlidirlər. Dünya nemətləri arxasınca qaçmadıqlarını, idarəçiliyə namizəd olmadıqlarını, siyasi məqsədlərinin olmadığını hər vəsilə ilə vurğulamalıdırlar. Çünki arzu və istəklərinin əsiri olan, duyğu və düşüncələrini planlarına məhbəs edən insanlar hər kəsi özü kimi bilər. Bunun belə olmadığının xatırladılmasına və əyani olaraq əməllərdə göstərilməsinə ehtiyac var.




Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?


Şərh yaz