2. 358 dəfə oxunub ,   0 şərh   Çap et

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir. Həmin ayə belədir: “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (Tövbə surəsi 9/24)

Allah Peyğəmbərimizin (s.a.s) özü ilə bəndələri arasında bir vasitə olduğunu ifadə etmək üçün ayəyə “De” xitabı ilə başlayır. Bu üsul həm də daha sonra bildirilən vəzifə və məsuliyyətlərin əhəmiyyətini vurğulayır və əmrlərin birbaşa Allahdan gəldiyini göstərir. Bu, həm də bir çox qərəzli insanların Peyğəmbərimiz (s.a.s) haqqındakı yanlış zənlərinin qarşısını alır. Ayə həmin insanlara Onun (s.a.s) özündən uyduraraq danışmadığını xatırladır.

Ardınca dünyəvi şeylərin Allahın və Rəsulunu sevgisinə mane olacağı təqdirdə insanın başına nələrin gələcəyi bildirilir. Ayədə Allahı unutduracaq şəkildə dünyanın cazibədar gözəlliklərinə bağlanan kəslərə “gözləyin” deyilir. Nəyi gözləyəcəklər? Allahın əmrini. Burada nəzərdə tutulan məna gələcək cəza və əzab, bəla və müsibətlərdir. Çünki bu tip insanlar yalnış seçimlər etmiş və ya nəyə əhəmiyyət verəcəklərini ayırd edə bilməmişlər.

Ayənin sonunda isə Allahın fasiqləri sevmədiyi bildirilir. Yəni dünyəvi şeylərə göstərilən maraq Allah sevgisindən çox olduqda insanı yoldan çıxardıb fasiq edə bilər.

Fasiq nə deməkdir? Dinin əmrlərini yerinə yetirməyənə fasiq deyilir. İslamda etiqada, əmələ, əxlaqa, duyğu və düşüncəyə, Allahla münasibətə, fiziki və mənəvi həyata aid sərhədlər bildirilib. Ayədə bildirilir ki, bu sərhədlərə əməl etməyin ilk şərti Allah və Peyğəmbər sevgisinin, Allah yolunda mübarizə və təbliğ eşqinin hər şeydən üstün tutulmasıdır. Əgər insan bu mövzuda yanlış seçim edərsə fasiq ola bilər.

Qədərində sevgi

Əslində ayədə sadalananların hər biri insan üçün çox əhəmiyyətlidir. Əlbəttə ki, hər bir insan valideynlərini sevməli və onlara itaət etməlidir. Övladlarına sevgi və şəfqət göstərməli, həmçinin onların tərbiyəsi ilə məşğul olmalıdır. Bacı-qardaşlarına qarşı mehriban olmalı və imkanı nisbətində onlara yardım etməyə çalışmalıdır. Həmçinin həyat yoldaşını da sevməli, onun qohum və yaxınları ilə də maraqlanmalıdır. Bunlar sevilən əməllərdir.

Hər kəs bu məsələdə həssas olmalı, həmişə yaxınlarına xoş davranmalıdır. Necə ki, bir çox ayə və hədisdə insanın yaxınlarına qarşı sevgi, şəfqət və digər vəzifələrindən bəhs edilir. Heç kim nə valideynlərinə, nə övladlarına, nə də qohum-əqrəbalarına qarşı biganə olmamalıdır. Əks halda vəzifələrini lazımınca yerinə yetirmədiyindən dolayı axirətdə sorğu-sual edilər.

Həmçinin insanın işləməyi, pul qazanmağı, ticarətlə məşğul olmağı pis bir şey deyil. Hər bir insan bir işə başlamazdan əvvəl səbəblərə riayət edərək, realist addımlar ataraq qazanc əldə etməyə, ehtiyaclarını qarşılamağa çalışır. Bütün bunlar Allah və Peyğəmbər sevgisini üstələmədiyi müddətcə və insanı kamilliyə aparan yoldan uzaqlaşdırmadıqca heç bir problem yoxdur. Əksinə, yerinə və dərəcəsinə görə bunlar hər bir möminin vəzfəsidir. Ayədə pislənən insanın bu məslələrə daha çox əhəmiyyət verməsi və sadəcə bunlarla məşğul olmasıdır.

Bu iki şey bir-biri ilə qarışdırılmamalıdır. Yəni hər bir insanın bəzi dünyəvi fəaliyyətləri var və bunlarla məşğul olmaqda bir qəbahət yoxdur. Əksinə, bu, insan fitrətinin təbii ehtiyacıdır. Həmçinin onun dünya ilə bağlı bir çox vəzifə və mükəlləfiyyətləri var və bunlara laqeyd qalmamalıdır. Lakin dünyaya aid heç nə Allah ilə insanın arasına girməməli və Allahın ən çox tələb etdiyi şeyləri qabaqlamamalıdır. Bu mövzuda insanın vicdanı ən dəqiq ölçüdür.

Bəzən insanın sahib olduğu övladlar, mal-mülk, sərvət və malikanələr insanın ağlını başından ala bilər. Hətta dünyəvi zövqlər insana əsla unutmamalı olduğu şeyləri də unutdura bilər. Sahib olduqları insanı Allah yolunda edəcəyi xidmətlərdən uzaqlaşdıra bilər. Necə ki, budaqlardan salxım-salxım uzanan meyvələr, insanı rahatladan kölgəliklər, yayın qızmar istisində insanın ən çox axtardığı sərin sular səhabələrdən Kab İbni Maliki belə Təbük səfərindən uzaqlaşdırmış, lakin səmimi tövbəsi və doğruluğu ilə həlak olmaqdan qurtulmuşdur…

Bəzən bağ və bağçalar, istirahət məkanları, əldə edilən qazanclar insana Allah və Rəsulunu unutdura bilər. Belə olduqda insan bəla və müsibətlərə qapı açmış olur. Bu pis aqibətdən qurtulmaq üçün ayədə, möminlərə Allah və Peyğəmbər sevgisinin digər bütün dünyəvi sevgi və istəklərdən üstün tutulmalı olduğunu xatırladılır.

Əgər mömin Allah və Rəsulunu hər kəsdən və hər şeydən çox sevsə, daim bu sevgi ilə həmhal olsa və bunları əhəmiyyət versə, o zaman digər maraq və istəklər ona zərər verməz. Ancaq bunlar birinci planda deyilsə, deməli insan yanlış seçimlər edir və sonra bu seçimlərin əvəzini ödəyir.

Bir qəlbdə iki sevgi olmaz

Məşhur İslam şəxsiyyətlərindən İbrahim Ədhəm həzrətlərinin də dediyi kimi bir qəlbdə iki sevgi olmaz. Əvvəla, mömin kimi sevəcəyini, kimə ürəkdən bağlanacağını doğru müəyyənləşdirməlidir. Elə yuxarıdakı ayədə də bizə bunu öyrədilir. İnsan yaradılışına uyğun olaraq bir çox fani varlıqlara xoş münasibət bəsləsə də bu, ikinci dərəcəli bir sevgi olmalıdır. Əsla övlad və mal sevgisi kimi dünyəvi sevgilər Allah sevgisinin yerinə keçməməlidir. Əks halda aqibətin pis olacağından ehtiyat edilməlidir.

Bir gün bir İslam alimindən II Dünya müharibəsi ilə bağlı “Müsibət cinayətin nəticəsi, mükafatın müqəddiməsidir. Hansı hərəkətinizlə qədərə fitva verdiniz ki, bu müsibətə hökm etdi?” deyə soruşurlar. Cavab belə olur: “Allah yirmi dört saatdan yalnız bir saatı beş vaxt namaz üçün bizdən istədi. Təmbəllik etdik. Əvəzində beş il yirmi dörd saat məşəqqətlə namaz qıldırdı. Həmçinin ildə yalnız bir ay nəfsimiz üçün bizdən oruc tutmağımızı istədi. Lakin biz nəfsimizə məğlub olduq. Əvəzində kəffarə olararq beş il oruc tutdurdu. Malın yalnız qırxda birini zəkat istədi. Bunu da layiqincə yerinə yetirmədik. O da bizdən artıqlaması ilə zəkatı aldı.”

Məsələyə bu cür yanaşanda İslamı əksik yaşayan zaman Allahın insanları fərqli şəkillərdə cəzalandırdığını görərik. Ayədə “Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin” cümləsi də elə bunu ifadə edir.

Hətta müsəlmanların hal-hazırda məruz qaldıqları çətinliklərə də bu cür yanaşa bilərik. Günahkarı kənarda axtarmağa ehtiyac yoxdur. Bizi hər tərəfdən əhatə edən zalım və təcavüzkarlara söyüb bəddua edərək təsəlli tapmaqdansa, əvvəlcə dönüb özümüzlə üzləşməliyik. “Görəsən nə etdik ki, başımıza bunlar gəldi?”, deməliyik. Əgər müsəlmanlar ayədə sadalananları Allah, Peyğəmbər və dinin əsaslarından üstün tutarsa, Allah da onları fərqli şəkillərdə cəzalandırar. Bu baxımdan əvvəlcə qüsur və xətalarımızı görməli və bunları aradan qaldırmalıyıq.

Təəssüf ki, dövrümüzdə Allah lazım olan qədər düşünülmür. Rəsulullah da layiq olduğu qədər sevilmir. Onun adını dünyanın dörd tərəfinə çatdırmaq üçün lazımınca cəhd edilmir. Bu sözlər sui-zənn kimi görünə bilər. Ancaq ümmətin bugünkü halına baxdıqda gəlinən qənaət budur.

Həzrət Ömərin Rəsulullaha olan bağlılığı çoxlarına məlumdur. Belə ki, Rəsulullah (s.a.s) vəfat etdikdə həzrət Ömər qılıncını çəkir və “Kim Muhamməd öldü desə, kəlləsini bədənindən ayıraram.” – deyir. Amma bir gün Peyğəmbərimizin qarşısına çıxıb: “Ya Rəsulullah səni yoldaşımdan, uşaqlarımdan, hərkəsdən çox sevirəm.” – dedikdə Rəsulullah:  “Ey Ömər, məni nəfsindən də çox sevmədikcə imanın kamilləşməz.” – deyə buyurur.

Bu məsələlər vicdanla ölçülməlidir. Vicdanın həssas tərəzisi ilə özümüzü ölçməli, dəyərləndirməli və İslam nöqteyi-nəzərindən harada olduğumuzu təyin etməyə çalışmalıyıq. Həqiqətən durmalı olduğumuz yerdəyik? Yoxsa, durmalı olduğumuz çərçivənin xaricinə çıxaraq sərhədləri pozur və günaha giririk? Allah ayənin sonunda bu cür insanlara hidayət nəsib etməyəcəyini bildirir.

Kaşki müsəlmanlar olaraq hər zaman Allah və Peyğəmbər sevgisi və onları kainata tanıtmaq eşqi ilə dolub daşsaq… Kaşki həmişə özümüzü sorğulayaraq nöqsan və xətalarımızı aradan qaldırmağa çalışsaq… Kaşki insandığımız dəyərlər üçün daha çox nələr edə biləcəyimizin dərdini çəksək… Kaşki insanların qəlbini qazanmaq üçün fərqli yollar axtarsaq… Axirətdə kaşki deməməyin yolu da məhz bunları etməkdən keçir…

 




Bənzər məqalələr

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?

Qul haqqı

Qul haqqı deyəndə insanın canı, malı, qeyrət və namusu, cəmiyyətdəki etibarı və s. kimi əsas haqları nəzərdə tutulur. Bunlar toxunulmazdır. Bu haqların ödənməsi ancaq haqsızlıq edən şəxsin, bütün imkanlardan istifadə edərək haqq sahibini razı salması ilə mümkündür.


Şərh yaz