1. 532 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: “Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.”(Ali İmran, 3/159) İnsanlarla münasibətdə möminlərin mülayim rəftar etməsini necə anlamalıyıq?

Sualda qeyd olunan ayə Uhud müharibəsi münasibətilə nazil olmuşdur. Uhudda müsəlmanlar müvəqqəti məğlubiyyət yaşadılar. Fətanət sahibi Allah Rəsulu (s.ə.s), müharibənin sonrakı günü həyata keçirdiyi taktika ilə məğlubiyyəti zəfərlə çevirdi.

Ayədə, Allah Təala, فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ  [1] فَبِمَا   ifadəsindəki “bə” hərfi-cəri (ədat) yaxınlıq bildirir. O zaman ayəni bu şəkildə tərcümə etmək olar: “Sən, Allahın rəhməti, inayəti, nəzarəti, qoruması sayəsində onlara qarşı yumşaq davrandın.” İlkin olaraq bilmək lazımdır ki, Rəsulullah (s.ə.s) Uca Allahın (cəllə cəlaluhu) himayəsi, qoruması altındadır və onun xəta etməsi mümkün deyil.

Allah Təala, Həzrət Musa (ə.s) və Həzrət Harunu (ə.s) Fironla görüşməyə göndərir. Onlara, Fironla görüşərkən   فَقُولاَ لَهُ قَوْلاً لَيِّنًا  “Ona yumşaq söz söyləyin.”( Ali İmran 3/159) – mülayim danışın deyir. Peyğəmbərimizə xitabda isə لِنْتَ لَهُمْ  “Onlara yumşaq davrandın.” – buyuraraq, Onun fitrətən zatən belə olduğunu vurğulayır.

Ayənin davamında Allah Rəsulunun (s.ə.s) sahib olduğu Quran əxlaqının üstünlüyü göstərilir. وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ  “Əgər Sən, – haşa – kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” – buyurularaq yüksək əxlaqi səciyyə nəzərə verilir. فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ  

“Elə isə onları əfv et və onların bağışlanmaları üçün dua et. Görəcəyin işlərdə onlarla məsləhətləş.”

Ayənin davamında Allah Rəsuluna (s.ə.s)  əshabəni xətalarına görə əfv etməsi, Allahdan onlar üçün bağışlanma tələb etməsi və görəcək işlərində onlarla məşvərət etməsi üçün üst-üstə göstərişlər verilir.

Məğlubiyyət necə zəfərə çevrildi

Allah Rəsulu (s.ə.s), Uhuda çıxmadan öncə əshabə ilə məşvərət etmişdi. Məşvərət prinsipinin təsis olunması üçün səs çoxluğunu əsas alaraq onların görüşünə görə qərar vermişdi. Yaşana biləcək problemləri nəzərə alaraq müəyyən bir strategiya ortaya qoymuşdu. Müharibə başladıqdan sonra ilkin mərhələdə üstünlük yenə müsəlmanların əlində idi. Səhabə əmrə itaətdəki incəliyi tam qavraya bilmədiyi üçün daha sonra müharibənin gedişi dəyişdi. Çox sayda itki verdilər, məğlubiyyət yaşandı. Bu tablo qarşısında Allah Rəsulunun (s.ə.s) qəlbində inciklik yaranmasın deyə onları əfv etməyi, onlar adına Allahdan məğfirət diləməyi, həmçinin görüləcək işlərdə onlarla məşvərət etməsi istənilir.

Sonrakı gün…

Müşriklər, qələbə sevinci ilə Məkkəyə qayıdırdı. Allah Rəsulu (s.ə.s) səhabəni topladı və düşmən ordusunu təqib etmənin əhəmiyyəti vurğuladı. Onlar da hamı bir ağızdan qəbul etdilər. Əvvəlki gün Uhuda iştirak edən sahabə arasından bir nəfər də geridə qalmadı.[2] Halbuki aralarında öncəki gün çox ağır yara alan, hətta yürümə qabiliyyəti olmayan şəxslər də vardı. Bu səfərin adı Hamraul-Əsəd adlanır.  Qeyd etmək yerinə düşərdi ki, öncəki gün baş verən müharibəyə iştirak etməyən Cabir ibn Abdullah (r.a) da onlarla çıxmışdır. Onun  xaricində müharibədə iştirak etməyən heç kimsə gəlməmiş, bəlkə də gəlməsi istənilməmişdi. Aldıqları ağır yaralara baxmayaraq hamının bir nəfər kimi iştirak etməsində məşvərətin böyük təsiri var. Onlar artıq müharibə öncəsində məşvərət zamanı öz fikirlərində israr etmənin qarşılığını canları bahasına öyrənmişlərdi. Məkkəlilər, müsəlmanların arxadan onları təqib etdiklərini xəbər alınca at və dəvələrini  mahmızladılar. Sevincləri bir anda qursaqlarında qaldı. Bir an öncə Məkkəyə çatmağa tələsirdilər. Öz-özlərinə “qələbəmizi məğlubiyyətə çevirməyək” deyirdilər. Hamraul-Əsədə qədər müsəlmanlar gedib çatdılar. Müşriklərin qorxaraq uzaqlaşdığı xəbərini də alınca öncəki gün yaşanan həzimət, məyusluq bir anda qələbəyə, sevincə çevrildi.

Həyatımızda elə zamanlar ola bilər ki, hər şeyimizi belə itirə bilərik. Lider olan şəxslər belə hallarda əsla ümidini itirməməli, Allaha təvəkkül etməli, “olanda xeyir var” deyə bilməlidir. Əsla təqsirkar axtarmamalı, hamı bir araya gəlməli, olan-oldu, keçən-keçdi deyib, gələcəyə, görüləcək işlərə baxılmalıdır.

Digər yandan, əgər, olduğumuz yerdə insanlara rəhbər olma, cazibə mərkəzi olma tələbimiz varsa, yumşaq sözlü, mülayim, xoşrəftar olmalıyıq.  Ayədə qeyd edildiyi kimi, sərt çıxışlar, kobud rəftar, mərhəmətli olmama insanların ətrafımızdan dağılmasına gətirib çıxaracaqdır.

İnsanları baş verən xətalar, nöqsanlar yönü ilə təhqir və tənqid etmək, yerdən-yerə vurmaq, arxasına çönüb getmək hər biri fərqli sərtlik tərzləri olub, qırıcı, dağıdıcı davranışlardır. Bu şəkildə rəftarın nə ailədə, nə iş yerində, nə də cəmiyyətə faydası olmaz, əksinə var olanı yıxar-dağıdar.

İlahi əxlaqı, peyğəmbərlərin yolunu  özümüzə rəhbər götürməliyik. İlahi əxlaq, tanrı olduğunu iddia edən Firona belə yumşaq, mülayim danışmağı əmr edir, Peyğəmbərimizin (s.ə.s) mülayim davranışı təqdir edilir. Bizə düşən də buna əməl etməkdir.

Quranı Kərimdə, bu prizmadan yolumuza işıq tutacaq bir neçə ayəni də qeyd etməkdə yarar vardır. “onlar … qəzəblərini udar və insanları bağışlayarlar.” (Ali İmran 3/134)

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir!” (Əraf, 7/199)

“Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar.” (Fussilət, 41/34)

Mülayimliyin də sərhədi olmalıdır

Bununla birlikdə utanmadan, sıxılmadan bir adam, eyni xətanı, nöqsanı təkrarlayar, yanlışında israr edər, nəsihət də fayda verməz, inadından dönməzsə haqqın xətrini ali tutmalı, həddi bildirilməlidir. Yəni, halal-haram demədən hər şeyə əlini uzadan, şüursuzca gününü keçirən, başqalarına zərər vuran şəxsə öncə üslubuna uyğun doğru olanı başa salmaq lazımdır. Əgər bunu da anlamırsa ona cəbhə alınmalı, reaksiya bildirilməlidir.

وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لاَ مَلْجَأَ مِنَ اللهِ إِلاَّ إِلَيْهِ

“(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.” (Tövbə 9/118)

ayəsi Təbuk Səfərinə iştirak etməyən üç nəfər haqqında nazil olmuşdur.[3]

Təbuk səfəri İslam tarixində həll edici rol oynamışdır. Yeni qurulmuş müsəlman dövlətini gözləyən təhlükə vardı. Yayın istisi, məsafənin uzaq olması, ərzağın qıtlığı, məhsul yığım dövrünə az zaman qaldığı bir dövrdə səfərə çıxılmışdı. Bu ciddi bir imtahan idi. Hər kim bu hərbi çağırışdan boyun qaçırarsa böyük günah işləmiş olacaqdı. Üç səhabi heç bir üzrlü səbəbi olmadan səfərə iştirak etmədi. Təbuk səfərində Allahın rəhmət əsəri olaraq savaş baş vermədi. Hər kəs sağ-salamat evinə qayıtdı. Bu səfərə münafiqlər iştirak etməmişdi. Ayədə bəhçi keçən üç səhabi gəlib Allah Rəsulundan (s.ə.s) bağışlanma tələb etdilər. Mömin olsalar da, etdikləri səhv ümumun hüququna təcavüz olduğu üçün Allah Rəsulu (s.ə.s) onları bağışlamadı. Hər kəsin onlarla əlaqəni kəsməsini tələb etdi. Əlli gün, onlar bir növ cəmiyyətdən təcrid həyatı yaşadılar. Əllinci gün sonsuz mərhəmət sahibi Rəbbimiz onları əfv etdiyini fərman buyurdu.

 Əslində mömin əxlaqı mülayimlik, yumşaqlıqdır. Hər kəsə durduğu yerə görə də dəyər vermək lazımdır. Möminin könlü geniş olmalı, hamı orada özünə oturacaq yer tapmalıdır. Ancaq yaxında olanla, uzaq durana münasibət həmişə eyni olmur, olmaz da. Yaxın olan da yaxınlığın haqqını verməlidir. 

Könül körpüləri

Mömin, imanın, inandığı dəyərlərin gözəlliyini başqalarına çatdırmaq üçün könüllərə gedən yollar açlmalı, körpülər qurmalıdır. Zatən onun könlü hər kəsə açıqdır. İnsanlarla münasibət qurarkən rifq və mülayimlə yanaşmalı, şirin söz, yumşaq dildən istifadə olunmalıdır. Bu şəkildə münasibət qurulmazsa nə qədər dəyərləri ülvi olsa da, qarşı tərəfdə rəğbət hissi yaranmayacaqdır. İnandığı dəyərlərdən, ən azından qismən nəsiblənmək, olmasa belə ‘bu insan xoş insandır, zərər vurmaz, zərər gəlməz’ deməsi üçün yumşaq rəftardan daha gözəl üslub, yol yoxdur.

Bəli, “aləmlərə rəhmət olaraq göndərilən”[4] Rəsulullah (s.ə.s) söz, rəftar və felləri ilə bütün həyatı boyu necə mərhəmətli insan olmaq olar, onu yaşayaraq göstərmişdir. Məsələn, Məkkəyə daxil olduqdan sonra insanlar bir az qorxu, bir az tərəddüd keçirsələr də, Onun hər kəsi bağışlayacağı ümidi ilə ətrafında toplandılar. Keçən dövr ərzində etmədikləri zülm-cəfa harada isə qalmamışdı. Bunun qisasını almağa da haqqı var idi. Rəhmət Peyğəmbəri (s.ə.s) üzünü onlara tutub:  Həzrət Yusufun (ə.s) qardaşlarına dediyi kimi لاَ تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ يَغْفِرُ اللهُ لَكُمْ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ  “Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir.”[5]deyərək qorxu dolu qəlblərə su sərpmiş, bağışlamağın, mülayimliyin və tolerantlığın zirvəsini göstərmişdi.[6]

Bir zamanlar məkkəlilər Onun amansız düşməni idi. Bütün qəbilələri Mədinəyə qarşı ayağa qaldırmışdılar. ( xatırlayın Xəndək müharibəsi) Mücəssəm Rəhmətin (s.ə.s)  məkkəliləri əfv etməsi  xəbəri ətrafa qısa zaman ərzində sürətlə yayıldı. Allah Rəsulunun (s.ə.s) rifq və mülayimliyi nəticə vermişdi. İnsanlar dəstə-dəstə, qəbilə-qəbilə bir-bir Mədinəyə gəlib Allahın dininə girirdilər. (Nəsr 110/2)

Tarix xətti deyil, dövrü təkrarlar ilə inkişaf edir. Baş verən hadisələrdə zaman, məkan, insan dəyişsə də hadisənin mahiyyəti eyni olaraq qalır. Tarix təkrar edir. Bu gün bizlər də, insanların İslamı din kimi seçib, həyatını onun əmirləri istiqamətində formalaşdırmasını istəyiriksə seçəcəyimiz yol rifq, mülayimlik və yumşaqlıdır. İslamın insana qazandırdığı üstün əxlaqi keyfiyyətləri, imanın həqiqətini özümüz inanaraq yaşasaq İslam dini hər kəs üçün rəğbət ediləcək həyat sistemi halına gələcək. 

Əgər belə bir yola girərsək Allahın da rızasını qazanmış olarıq. Gözlər riza üfüqündə olarsa, əllər də dua tələbində xəsis olmamalıdır. Allah Rəsulu (s.ə.s):  مَنْ لَا يَرْحَمُ النَّاسَ لَا يَرْحَمْهُ اللهُ “İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz!”[7] , اِرْحَمُوا مَنْ فِي الأرْضِ يَرْحَمُكُمْ مَنْ فِي السَّمَاء  “Siz yerdə olanlara mərhəmətli olun ki, səma əhli də sizə mərhəmət eləsin!”[8] buyurur.

Günümüzdə möminlər Allah Rəsulunun (s.ə.s) həyatını, sirəsini özünə rəhbər təyin etməli və bu yolda yürüməlidir. Hər kəs qabiliyyətinə görə bir üfüqə yaxınlaşa bilər. Könüllərə təsir edən iksir rifq və mülayimlik, şirin dil, yumşaq rəftardır. 

 

1. Ali İmran 3/159.

2. İbn Hişam, Sirə  4/52, İbn Kəsir, əl-Bidayə 4/49.

3. Buxari, Məğazi 79; Müslim, Tövbə 53.

4. Ənbiya, 21/107

5. Yusuf suresi, 12/92.

6. Nəsəi, Sunənul-kübra 6/382; Beyhaqi, es-Sünənül-kübra 9/118.

7. Buxari, Ədəb 18; Müslim, Fəzail 65.

8. Tirmizi, Birr 16; Əbu Davud, Ədəb 58.



Açar sözləri

mülayim rifq yumşaq

Şərh yaz