4. 170 dəfə oxunub ,   0 şərh   Çap et

Bu məqalədə valideynə ehsandan bəhs olunacaq. Ancaq ehsan deyərkən valideynlərin vəfatından sonra mərasim zallarında qeyd edilən ehsan məclislərini nəzərdə tutmuruq. Yazımızda Quranı Kərimdə yer alan, Allahın əmri olan “Valideynlərinizə ehsan şuru ilə davranın” ayəsindəki ehsandan bəhs edəcək, eləcə də İslamın valideynlərə qarşı davranış xüsusunda bizlərə nələri tövsiyə etdiyinə toxunacağıq.

Uca Rəbbimiz Quranı Kərimdə bir çox yerində valideynə yaxşı davranma xüsusunda bizlərə müxtəlif tövsiyələr vermişdir. Bu işin əhəmiyyətini göstərmək üçün özünə qulluğu əmr edib, şərik qoşmağı qadağan etdikdən sonra valideynə qarşı yaxşı davranmağı əmr etmişdir.

وَاعْبُدُوا اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْـٔاً وَبِالْوَالِدَيْنِ اِحْسَاناً

“Allaha ibadət edin və ona heç bir şeyi ortaq qoşmayın valideynlərə yaxşı davranın…” (Nisa, 4/36)

Ayədə yaxşı davranın mənasını ifadə edərkən ərəb dilindəki “ihsan” kəlməsi seçilmişdir (dilimizdə “ehsan” kimi işlədilir). Təbiidir ki, Quranı Kərimdə kəlmələrin seçimində bir çox ilahi hikmətləri var. Ehsan kəlməsi, gözəllik, yaxşılıq mənasına gələn “hə-sə-nə” söz kökündən meydana gəlmişdir. Mənası başqalarına yaxşılıq edib, yaxşı davranmaq deməkdir. Ancaq bu kəlmə İslam ilə ayrı bir dərinlik qazanmışdır.

Bir gün Həzrət Cəbrayıl (ə.s) Allah Rəsuluna (s.ə.s) insan surətində  gəlir və ehsanın nə olduğunu soruşur. Allah Rəsulu (s.ə.s) da cavabında “Ehsan, Allahı görürmüş kimi ibadət etməndir hərçənd ki sən onu görməsən də O səni mütləq görür” [1] – buyurmuşdur. Allah Rəsulunun (s.ə.s) tərifləri çərçivəsində ehsan kəlməsini ələ alsaq dərin məna kəsb etdiyini görərik. Yuxarıda qeyd etdiyimiz ayəni də bu tərifi əsas götürüb izah versək, valideynlərə qarşı davranışın hər zaman Allahın rizasını göz önündə tutaraq və ya davamlı Allahın nəzarətində olduğumuzu düşünərək yaxşılıq etmək olduğu başa düşülür.

Allahın özünə qulluğu əmr etmə və şirkdən çəkindirmə kimi mühüm məsələnin ardınca valideyn haqqına toxunur. Bununla bizə ibadət və qulluğumuz nə qədər çox olsa da valideyn haqqına riayət etmədən və ya  valideyni razı salmadan Allahın rizasının da əldə edilə bilməyəcəyini  ifadə edir. Bu fikri dəstəkləyən bir hədisdə Allah Rəsulu (s.ə.s) :رضا الله في رضا الوالدين، وسَخَطُ الله في سَخَطِ الوالدين “Allahın rizası valideynin razılığında, Allahın qəzəbi isə onları qəzəbləndirmədədir” [2]- buyurur. Başqa bir ayədə isə Allah Təala valideynə olan təşəkkür borcumuzu özünə olan şükürlə yanaşı zikr edir və valideyn haqlarının  əhəmiyyətinə diqqətləri cəlb edir.

وَوَصَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِۚ حَمَلَتْهُ اُمُّهُ وَهْناً عَلٰى وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ اَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ ؕ اِلَيَّ الْمَصِيرُ

 “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman 31/14)

Bu İki əhəmiyyətli məsələnin yan-yana zikr edilməsinin səbəbləri bu şəkildə izah edilir.

1.İnsanın maddi-mənəvi inkişafında ən önəmli rol Allahın lütfü və ikramından sonra ana-atanın səbəbkarlığıdır. Çünki ana-ata insanın yoxluq aləmindən varlıq aləminə çıxmasının səbəbkarlarıdır. Bu çox önəmlidir. Yaşayıb ömrümüzü sürərkən həyatımızın bir nöqtəsində ölümlə üz-üzə qaldığımız an, bir nəfər bizim xilas olmağımıza vəsilə olarsa, ömür boyu ona bir can borcumuz olduğu minnəti ilə yaşayarıq. Ana-atlarımız isə biz yox ikən var olmamıza səbəb olublar. Bu isə onlara ömür boyu minnət borcumuzun olması üçün kafidir. Bununla yanaşı uşağın böyüyüb boya-başa çatmasında, tərbiyəsində   ən böyük qatqı yenə onlara aiddir.

2.Allah nemətlərini qarşılıqsız verdiyi kimi ata-ana da övladlarına heç bir qarşılıq gözləmədən davamlı ehsan edir. Hətta bəzən özü yemir onlara yedirir, özü geymir onları geydirir. Davamlı ürəyi qəlbi onlarla olur. Ən əsası da ata ana bunu etdiyi an övladından bir qarşılıq gözləmədən edir.

3.Allah (c.c) qullarından razı olduğu zaman onlara olan nemətini artırdığı kimi, ana-ata da övladlarının sahib olduğu dəyərlərin inkişafı üçün əlindən gələni edir.

Valideynə yaxşı davranmamız üçün onların valideyn olması yetərlidir. Onlara yaxşılıq etməmiz üçün onların müsəlman olması yaxud bizə yaxşı davranan valideyn olması kimi  meyarlar axtarmağa gərək yoxdur.

İbn Abbasın (r.a) belə söylədiyi rəvayət edilir:  Atan və anası  müsəlman olan bir mömin Allahdan savab umaraq onlara xidmət edərsə, Allah mütləq ona cənnətdən bir qapı açar. Əgər onlardan biri sağdırsa, bir qapı açar. Əgər onlardan birini qəzəbləndirsə onun razılığını qazanmadığı müddətcə Allah o övladdan razı olmaz. İbn Abbasdan soruşdular:

-Bəs ana-ata o uşağa zülm etmiş olsa necə?

İbn Abbas (r.a) da belə cavab verdi:

-Övladına zülm etmiş olsalar belə (razılıqlarını almadıqca Allah ondan razı olmaz).[3]

Bütün hallarda onlara itaət etməli və onları incitməməliyik. Valideyn insanı, Allahın əmrlərinə, Allahı inkara məcbur etməsi xaric, qalan bütün hallarda onlara itaət edilib qulluqlarında durulmalıdır.

Valideynlərin, Allahın əmrinə ziddiyyət təşkil edən tələblərini tərk edərkən belə, onlara qarşı səsimizi yüksəldib kobud rəftar etmə haqqımız yoxdur. Ən gözəl nümunələrdən biri olan İbrahim peyğəmbərin (ə.s) həyatı bizim üçün misal təşkil edir:

(Atası Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!”  (İbrahim) belə cavab verdi: “Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfükardır, duamı qəbul edər). Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)” (Məryəm 19/46 – 48)

Bütpərəst ata övladını bütlərdən üz döndərməsi səbəbi ilə məzəmmət edir, hüzurundan qovur. İbrahim (ə.s) övlad kimi atanın inkara götürən tələbindən üz döndərsə də valideynə qarşı hörmət-ədəbini pozmur, tam əksinə ona dua edəcəyini söyləyərək, yumşaq davranır.

Ata-anamızın üzərimizdə haqqı olduqca böyükdür. Şəfqət qəhrəmanı analar övladlarını bir müddət qollarında, ölüncəyə qədər də qəlblərində daşıyırlar. Mövlana Cəlaləddin Rumi nə qədər gözəl ifadə edir: “Ana haqqına diqqət et! Onu başına tac et! Çünki analar doğum sancısı çəkməsəydi uşaqlar dünyaya gəlmək üçün yol tapa bilməzdilər.!”

Bəli, valideynlərin haqqı heç bir şeylə ödənə bilməz. Bir gün Abdullah ibn Ömər anasını belində daşıyaraq Kəbəni təvaf edən yəmənli bir şəxsi gördü. O adam öz özünə belə deyirdi. “Mən anamın zəlil bir miniyiyəm bütün miniklər qorxsa da mən qorxmuram.” Daha sonra bu şəxs ibn Ömərə yaxınlaşıb: “Ey Abdullah, mən bu davranışımla anamın borcundan çıxmış ola bilərəmmi?”- dedi. İbn Ömər (r.a) cavabında: “Vallahi, sən, doğum sancısı əsnasındakı ananın bir iniltisini belə ödəyə bilmədin,”- dedi.[4]

İslam dini, hicrət edərkən və yaxud Allahın dinin ucaltmaq uğrunda yola çıxarkən belə valideynin rizasını almağı şərt qoşmuş, valideyn haqlarının əhəmiyyətini vurğulamışdır.

Bir zaman səhəbələrdən biri Allah Rəsulunun hüzuruna gəldi.

– Ana-atamı gözüyaşlı geridə buraxıb, hicrət etdim, Sənə beyət etməyə gəldim, Ey Allahın Rəsulu! – dedi. Allah Rəsulu cavabında:

– Dərhal onların yanına get və onları ağlatdığın kimi, indi də üzlərini güldür, -buyurdu.[5]

Başqa bir rəvayət isə belədir. Əshabədən bir nəfər Yəməndən hicrət edərək Mədinəyə gəlmişdi. Bu səhabə Allah Rəsulunun hüzuruna çıxaraq cihada qatılmaq üçün ondan izn istədi. Allah Rəsulu ilə arasında belə bir dialoq keçdi.

– Yəməndə kimsən varmı?

– Anam-atam var, ey Allahın Rəsulu!

– Onlar sənə bura gəlmək üçün icazə verdilərmi?

-Xeyr vermədilər.

-Elə isə Yəmənə qayıt və onlardan icazə al! Əgər icazə versələr gəl, cihad et! Yox əgər icazə verməsələr ana-atanı məmnun etməyə çalış![6]

Valideynə qarşı gözəl rəftar insana Allah qatında bir çox dəyər və mükafatlar qazandıracaq bir əməldir. Bunun əksinə onlara qarşı hörmətsizlik. Onların haqqına riayət etməmək insanı xüsrana düçar edəcək təhlükəli bir əməldir. Valideynə olan yaxşılıq insanın gücü çatmayacaq ağır bir daşı yerindən oynadacaq qədər dəyərli, qiymətli bir əməldir.

Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:

Üç şəxs bərabər yol gedərkən  şiddətli yağışa tutulur. Dərhal dağdakı bir mağaraya sığınırlar. Birdən dağın üzərindəki böyük bir daş yuvarlanıb mağaranın ağzını bağlayır. Naəlac qalan bu insanlardan biri digərlərinə belə səslənir:

-Göstəriş və şöhrətpərəstlik niyyəti olmadan, sadəcə Allahın rizasını qazanmaq üçün etdiyiniz yaxşı bir işi xatırlayın. Gördüyünüz o əməli vəsilə edərək dua edin, Allahdan kömək diləyin. Ümid edilir ki, Allah mağaranın qapısını açar.

Bu təklifdən sonra onlardan biri belə dua etdi:

-Ey Allahım! Mənim yaşlı anam-atam və bir də kiçik uşaqlarım var. Mən qoyun sürümü otararaq dolanışığımı təmin  edirəm. Axşam sürünü evə gətirən kimi qoyunları sağıram. Həmin süddən öncə valideynlərimə, sonra da uşaqlarıma içirdirəm. Bir gün otlaq uzaq olduğu üçün evə gec gəlmişdim. Gec olduğum üçün onlar yatmışdı. Yenə südü sağdım və qabda gətirərək baş uclarında gözləməyə başladım. Həm onları yuxudan oyandırmaq istəmirdim, həm də onlardan əvvəl uşaqlarıma süd vermək istəmirdim. Uşaqlar isə ayağımın dibində aclıqdan sızıldayırdı. Həmin gün sübh namazına qədər onların başı ucunda gözləməyə davam etdim. Onları oyandırmadım. Ey Allahım, Sən bilirsən ki, mən bunu sadəcə sənin rizanı qazanmaq üçün etmişəm. Bu əməlimə xatir, bizim üçün bir yarıq aç, bu darlıqdan bizi qurtar!” – deyə dua etdi. Daş yerindən bir miqdar aralandı. [7]

Həzrət Aişə (r.anha) belə rəvayət edir ki, bir gün Allah Rəsulu belə buyurdu: “Yatarkən özümü cənnətdə gördüm və Quran oxuyan bir şəxsin səsini eşitdim.

-Bu kimdir? – dedim

-Harisə ibn Numandır, – dedilər.

Sonra Allah Rəsulu (səs) sözünə belə davam etdi:

-Bax əsl yaxşılıq belə olur, əsl yaxşılıq belə olur. Rəvayətin sonunda Harisənin (r.a) bu mərtəbəyə ucaldan məziyyətin, anasına çox yaxşı davranması olduğu bildirildi. Onun haqqında: “O, anasına qarşı gözəl davranan bir səhabə idi”- deyilir.[8]

Ata atasına yaxşı davranan bir mömin üçün mükafat olaraq Allah Rəsulunun bu duası kafidir: “Ana-atasına yaxşılıq edən nə xoşbəxt insandır. Allah onun ömrünə bərəkət qatsın!”[9]

Valideyninin rizasını qazana bilməyən şəxslər üçün də bu hədis kafidir. Allah Rəsulu  bir gün minbərə çıxarkən  üç dəfə “Amin”  deyir. Daha sonra hikməti nə üçün “Amin” dediyini soruşurlar.  O da cavabında, “Minbərə çıxarkən Cəbrayıl (ə.s) üç dua etdi və mən də “Amin” dedim”.

O dualardan biri: “Ata-anası və ya onlardan biri yaşlandığı dövrdə onların razılığını qazana bilmədiyi üçün cənnətə girə bilməyən şəxsin burnu yerdə sürtülsün.”[10]

Nüfey bin Haris (r.a.) belə rəvayət etmişdir. “Allah Rəsulu bir gün:

–Böyük günahların ən böyüyünü sizə xəbər verimmi ?”- dedi və bunu üç dəfə təkrarladı. Biz də:

Bəli, ey Allahın Rəsulu! – dedik.

–Allaha şərik qoşmaq, ana-ataya itaətsizlik etmək!” – buyurdu. sonra, söykəndiyi yerdən qalxaraq:

– Yaxşı qulaq asın, bir də yalan söyləmək və yalan yerə şahidlik etməkdir.” – buyurdu.

Valideynlərə yaxşı rəftar etmənin meyarını uca Allah İsra surəsində necə də gözəl təlim etmişdir.

وَقَضٰى رَبُّكَ اَلَّا تَعْبُدُٓوا اِلَّٓا اِيَّاهُ وَبِالْوَالِدَيْنِ اِحْسَاناًؕ اِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ اَحَدُهُمَٓا اَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَٓا اُفٍّ َلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلاً كَريماً وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَاني صَغيراًؕ

“Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə! Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!” ( İsra 17/23-24)

Valideyninin övladın yanında yaşlılığın son həddinə gəlməsi ifadəsi çox önəmlidir. Belə ki, valideynlər quruyub son həddə gəlincəyə qədər övladı üçün fədakarlıq üstünə fədakarlıq edir. Belə bir vəziyyətdə övlad irəli baxıb, öz övlad və ailəsi ilə əlaqədar olub maraqlandığı  kimi, geriyə dönüb qurutduğu ata-anasının da qayğısına qalmalıdır.

Ayənin bizlərə verdiyi önəmli dərs onlara “of” ifadəsi ilə olsa belə səsimizi yüksəltməməkdir. Bəlkə onlar yaşlılıq səbəbi ilə bir az uşaq kimi olacaqlar, bizim səbrimiz daralacaqdır. Bu onlara ən kiçik narazılığı belə dilə gətirməyimiz üçün haqq qazandırmır.

Ola bilsin ki, onlar  bizləri acılayacaq, bəlkə gileylənəcək, bəlkə də son dərəcə baxıma möhtac vəziyyətdə olacaq, ancaq heç bir halda onlara qışqırıb, acı söz söyləmə haqqımız yoxdur. Onlarla ancaq xoş rəftar olmalı, onlara təbəssüm etməliyik. Valideynlərimiz bizimlə bərabər yaşamasını böyük bir qənimət kimi dəyərlənmdirməliyik.

Biz evə girərkən onların  gözü üzümüzdə qalacaq. Bu halda üzümüzdəki təbəssümlə, səsimizdəki məlahətlə hər zaman onların bizimlə bərabər olduqlarından ötrü xoşbəxt olduğumuzu onlara hiss etdirməliyik.

Ata-anamız zəif düşüb bizim himayəmizə möhtac qalarsa, bizdə onlara təkəbbür və qabalıqla deyil,  əksinə onlara qarşı təvazökarlıqla rəftar etməli, mərhəmət qanadlarımızı açmalıyıq. Unutmayaq ki, onların haqları heç nə ilə əvəz edilməz.

Ona görə də biz onlara mərhəmət şəfqət qanadlarımızı açmaqla də kifayətlənməməli, onların haqqını vermə xüsusunda acziliyimizi anlayaraq Rəbbimizə  əl açıb  onlar üçün dualar etməliyik .

“Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”

Ayənin bu dua ilə bitməsi bəlkə də bizim onların bizi körpə ikən göstərdiyi nəvaziş və mərhəməti heç vaxt onlara göstərə bilməyəcəyimizə, onların haqqından ödəyə bilməyəcəyimizə işarədir.

Hədislərdə da ata-anaya yaxşı davranmanın necə olacağına dair bir çox nümunələr var.

Həzrət Aişə (r.a) belə nəql edir:

Allah Rəsulunun yanına bir şəxs gəldi yanında da yaşlı bir nəfər daha var idi. Allah Rəsulu:

-Ey filankəs, yanındakı kimdir?” deyə soruşdu.

-Atamdır, – cavabını verdi. Allah Rəsulu ona belə tənbeh etdi:

“Onun önündə addımlama, ondan əvvəl oturma, onu adıyla çağırma və onu təhqir etmə!”

Valideynlərə hörmət etmənin bir düsturu da onları söydürməməkdir.

Allah Rəsulu (səs) bir gün ata-ananınıza söyməyin dedi. Səhabələr:

-Ey Allahın Rəsulu, necə olar ki, bir insan öz ata-anasını söysün?!” dedilər

Allah Rəsulu isə belə cavab verdi:

-Bir şəxs başqasına naxoş bir söz söyləyər, o da qayıdıb onun ata- anasına söyər.” buyurdu.[11]

Valideynlərə ediləcək ən böyük yaxşılıq onların sağlığında edilən hörmət və qayğıdır. Ancaq bununla yanaşı bir insan valideynin vəfatından sonra onun adına Allahın rizasını qazandıracaq xeyir işlər, yaxşılıqlar, dualar edərək valideyninə olan ehsanını davam etdirə bilər.

Malik ibn Rəbia (r.a) belə rəvayət edir:

Bir gün Allah Rəsulunun hüzurunda oturarkən Səlimoğullarından bir şəxs gəldi və Allah Rəsuluna sual verdi:

-Ey Allahın Rəsulu, anam ilə atam vəfat etdikdən sonra onlar üçün edə biləcəyim bir şey varmı?

Allah Rəsulu da cavab olaraq buyurdu ki:

-Bəli, onlar üçün dua edib Allahdan bağışlanma dilə, vəsiyyətlərini yerinə gətir, qohum-əqrəbana göz-qulaq ol və onların dostlarına hörmət göstər.[12]

Bütün hallarda valideynlərə itaət vacibdir. Yalnız Allaha üsyan və onun əmrinə müxalif davranma xüsusunda itaət etmək olmaz. Ancaq qeyd etdiyimiz kimi, bu kimi hallarda da onların bu uyğun olmayan söz və təkliflərindən ədəblə, incitmədən üz döndərməliyik.

Uca Allah Loğman surəsində bu məsələni belə ifadə edir:

“Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”(Loğman 31/15)

Allah Bizlərə valideynlərimizə layiq övlad olmağı, onlara razı salacaq şəkildə qayğılarına qalmağı, eyni zamanda da övladlarımıza da layiqli valideyn olmağı nəsib etsin!

Yazını, İbrahim surəsində Uca Allahın bizə öyrətdiyi bu dua ilə sonlandıraq.

رَبَّنَا اغْفِرْ ل۪ي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِن۪ينَ يَوْمَ يَقُومُ الْحِسَابُ۟

“Ey Rəbbim! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!” (İbrahim 14/41)

Xudavənd Məhərrəmov

İlahiyyatçı

 

[1] Buxari İman 1, Müslim İman 1

[2] Tirmizi, Birr 3

[3] Buxari, Ədəbül-müfrəd

[4] Buxari Ədəbül-müfrəd, 11-ci hədis

[5] Əbu Davud, Cihad 31

[6] Əbu Davud, Cihad 31

[7] Buxari, Buyu 98

[8] Əhməd ibn Hənbəl, Müsnəd, VI/151

[9] Heysemi, Məcməuz-zəvaid, VIII, 137

[10] Buxari, Ədəbül-müfrəd – 1419/1998, Riyad- 1/338; 

[11] Buxari, Səhih, Ədəb 4

[12] Əbu Davud, Ədəb 119, İbn Macə, Ədəb 2



Açar sözləri

ata ana valideyin

Şərh yaz