1. 443 dəfə oxunub ,   0 şərh   Çap et

Həyatda uğurlu və xoşbəxt olmaqdan daha dəyərli bir şey var: daxili rahatlıq, qəlb hüzuru. 90-cı illərdən sonra bu mövzu üzərinə çox duruldu. Çünki Sovet cəmiyyətində bu aktual deyildi. Cəmiyyətdə hamı “xoşbəxt və firavan” həyat sürürdü. Sovet hakimiyyətinin süqutu ilə bizlər sosialist ideologiyadan üz döndərdik. Avropa və Amerikanın inkişaf səviyyəsi bizi çaşqın saldı. Ona görə də kapitalist ideologiyanı sanki itirib də, sonradan tapılan dəyərli bir şey kimi qəbul etdik. Yağışdan çıxıb yağmura düşdük. Sosialist ideologiyada cəmiyyətin mənfəəti hər şeyin mərkəzində idi. Kapitalist ideologiya isə şəxsi mənfəəti həyatın mərkəzinə yerləşdirmişdir. Həyatın mərkəzində insanın özü var. O, hər şeyə sahib olmaq istəyir, yeri gələndə hədəfə çatmaq üçün bütün yolları məşru görür, yeri gələndə ətrafındakı insanları əzib keçir, ya da onları görməzlikdən  gəlir. Əslində bəşəriyyətə təqdim olunan hər iki ideologiya materializm fəlsəfəsi üzərinə bina edilmişdir. İnsan/insanlar nəyi axtardıqlarını bilmədikləri üçün, harada tapacaqlarını da bilmirlər. Onların müraciət edəcəyi tək qaynaq var, o da dindir, İslamdır. Bəşəriyyət bütün yolları yoxlaya-yoxlaya ən son gəlib onun qapısı önündə dayanacaqdır.

Ona görə də qərb mədəniyyətində çap olunan kitablar, yayımlanan videolar, filmlər şəxsin uğurları üzərinə fokuslanmışdır. İllərdir bu anlayış üzərinə fokuslanan psixoloqlar, çox çalışaraq, çox qazanaraq. geniş ev, müasir texnologiyalar sahib olaraq, lüks yerlərdə tətil edib, stirahət edərək və s. ilə şəxslərin xoşbəxt olduğunu/olacağını iddia edirdilər. Düşünürdülər ki, insan həyatda uğurlu olsa, yaxşı yaşayışı olsa xoşbəxt olacaq, daxili hüzuru əldə edəcəkdir.

Günümüzdə  bütün bunlara sahib olduğu halda yalnız qalan, həyatdan ümidini kəsən, psixologiyası alt-üst olan, intiharı çıxış yolu görən, zərərli vərdişlərə aludə olan və s. milyonlarca insan var. “Fight club” (Döyüş klubu) filmindəki Edvard Norton yaxşı iş yerinə, ən müasir texnologiya ilə təchiz edilmiş, lüks, komfortlu mənzilə sahib olsa da xroniki yuxusuzluqdan əziyyət çəkir. Cəmiyyət içərisində bu cür insanlar minlərcədir.

Digər bir reallıq da odur ki, həyat hamıya eyni şəkildə gülmür. Bəzən uğuru, maddi imkanları versə də xoşbəxtliyi, bəzən də tam tərsini vermir. Bəzi insanlar da hər ikisindən də məhrum qalır. Elə insanlar da var ki, hər ikisinə də sahibdir, ancaq hüzuru yoxdur. Əsasında insanlara uğurlu olmaq və firavan həyat sürmək fikri deyil, daxili hüzuru necə əldə etmək olar, bu öyrədilməli idi. Əslində hamı daxili hüzuru, qəlbi rahatlığı axtarır. Ona görə də son dövrlərdə tendensiya dəyişməyə başlamışdır.

Sosial elmlərlə məşğul olan tədqiqatçılar, bu sahədə çıxışlar edən natiqlər iç hüzurun daha əhəmiyyətli olduğunu etiraf etməyə başlamışlar. 21 əsrin ilk rüblüyündə gəlinən son fikir bu şəkildədir. İnsanın xoşbəxtliyi təkcə maddi şeylərdə ödənilmir, mənəviyyata da ciddi ehtiyac vardır.

Burada illər öncə şahid olunan bir hekayə yada düşür, Yaşlı qadın ətrafı bağlı boş ərazidə çörək qurudub, onlarla təbiətdə yaşayan quşları bəsləyirdi. Topladığı çörəkləri yığıb buraya gətirir, xırdalayıb quşları yemləyirdi. Yüzlərlə quş boş əraziyə səpələnmiş çörək parçalarını yeyirdi. Nə üçün bunu etdiyi soruşulduqda verdiyi cavab çox maraqlı idi. “Oğlum müharibədə şəhid olduqdan sonra evə-eşiyə sığmırdım, hər şey mənasını itirmişdi. Ölüb qurtulmaq istəyirdim. Hətta intiharı, həyatıma qəsd etməyi belə düşünürdüm. Tamamilə hüzurum qaçmışdı. Axırda bu şəkildə çıxış yolu tapdım. Daha sonra qonşularla razılaşdım, məhəllədəki iki marketlə də danışdım. Onlar quru, köhnə çörəkləri mənə verməyə başladılar. Mən də hər gün onları toplayıb bura gətirirəm. Doğrayır, sonra da isladıb əraziyə səpəliyirəm. Quşlar da gəlib yeyirlər. Bu mənə rahatlıq, qəlb hüzur verir.”

Daxili hüzur, qəlbi rahatlıq maddi imkana sahib olmaq, firavan həyat yaşamaq deyildir. Yüz, yüz əlli il öncə ən varlı insanlar belə bu gün kasıb təbəqə insanlarının sahib olduğu imkanlara sahib deyildilər. Ancaq cəmiyyətdə hüzur hakim idi, hər kəs sadə həyat yaşamasına baxmayaraq, iliklərinə qədər hüzuru hiss edirdi. Onların sahib olduğu, ancaq bizim bu gün axtarıb da tapmadığımız şey nə idi?! Onlar, insanın məsuliyyətinin nə olduğunu yaxşı bilirdilər, ona görə də hüzurlu idilər.

Başqalarının  fayda verən işlər gördükləri üçün hüzurlu idilər. Onlar nə sosialist idilər, nə də kapitalist. Ancaq hamı bir-birinə kömək edir, darda qalana, çətinliyə düşənə hamılıqla əl tuturdular, çox işi iməciliklə aşırırdılar. Əlində olanı qonşusu ilə paylaşırdılar. “Qonşusu ac ikən tox yatan bizdən deyildir,” sözü cəmiyyətin ən incə damarlarına da işləmişdi. Günün sonunda hər kəs yorğun olsa da, axşam başını yastığa qoyduğu zaman dərin yuxu çəkir, səhər olduqda isə dingin şəkildə oyanırdılar.

Deməli, həyatın qayəsi hamının axtardığı, ancaq nə olduğunu bilmədiyi daxili hüzuru əldə etmək olmalıdır. Bu zaman sual yaranır, qəlb hüzuru bu qədər əhəmiyyətlidirsə, bəs onu necə əldə edəcəyik?

1. Ətrafımızdakı insanlara faydalı olmaq, cəmiyyətin yararına yaxşı işlər görmək. İnsanın daxili hüzuru qaçdığı zaman tutulduğu xəstəliyin adı depressiyadır. Bu gün psixoloqlar depressiya ilə mübarizə aparan xəstələrin başqalarına fayda verən işlər gördüyü zaman xeyli rahatladığını bildirirlər. Pasiyentə tapşırıq verilir: “Get, insan ola bilər, heyvan ola bilər, hətta bitki belə ola bilər, ona fayda verəcək bir iş gör!” Belə şəxslərin depressiyasının azaldığı müşahidə olunmuşdur. Bəli, başqalarına faydalı olmaq bəlkə bizdən bir şeylər alacaq, ancaq bizim özümüzü hüzurlu hiss etməmizi təmin edəcəkdir.

2. Müqayisə etməmək lazımdır. İnsan özünü başqa insanlarla müqayisə edərsə hüzuru qaçar. Bəli, insan ətrafındakı insanlara baxaraq, onların sahib olduğu şeyləri özü də əldə etmək üçün hədəf seçə bilər, bu uğurda əziyyət çəkərək həmin şeyləri əldə edə bilər. Bu qibtədir, bir nöqtəyə qədər qəbul edilə bilər. Elə şeylər vardır ki, onlara sahib olmağa gücümüz çatmaya bilər və ya çox çalışmaq tələb edə bilər. Ancaq əziyyət çəkmədən sahib olmaq istəyi, paxıllıq, həsəd halı içində özünü, sahib olduğu şeyləri müqayisə etmək insanın hüzurunu qaçırar. Çox istəyincə azdan da olar. Qabın dolu deyil, boş olan qisminə fokuslanınca sahib olduğumuz onca şeyi göz ardı edərik. Öz gözümüzdəki tiri görməz, başqaların gözündə çör-çöp axtararıq. Bu həyatda hərənin imtahanı başqadır. Müqayisə edərkən tək bucaqdan baxır, bütünü görə bilmirik. İnsan müqayisə etdiyi şeyi bütünü ilə ələ alarsa, sahib olduğu şeylərin qarşı tərəfdən çox olduğunu görər.

3. İnsan özü ilə barışıq olmalıdır. İnsan özünü sevməldir. Sahib olduğu şeylərə qane olmalıdır. Güzgüyə baxdığı zaman əksini gördüyündə narahat olmamalı, mənim filan şeyim əskikdir, xoşuma gəlmir, mən gözəl deyiləm deməmlidir. Ona görə insan öz bədənini, öz ağlını, öz ruhunu da sevməyi bilməlidir. Sosial mühitini, yəni ailəsini, həyat yoldaşını, uşaqlarını, ata-anasını, qohum qardaşını sevməlidir. “Nə yaxşı ki, mən bunlara sahibəm,” deməyi bacarmalıdır. Sadalananlar hamısı birlikdə bizi biz edir, bizi bütün edir, tamamlayır. Bu bütünü insan sevdiyi zaman qəlbi hüzuru əldə edəcəkdir. Əskik tərəflərimiz olsa da bütünə sahib olmaq, onları görməzdən gəlməmizə yardım edəcəkdir.

4. Problemləri həll etmək. Problemsiz həyat olmur. Hər gün fərqli problemlə qarşı-qarşıya qalırıq. Birini həll etdiyimiz zaman, bir başqası qarşımıza çıxır. Sanki bir əngəli aşırıq, qarşımıza yeni bir əngəl çıxır. İnsan qarşılaşdığı bu problemləri həll etməli, çözməlidir. Problemdən qaçmaq, ertələmək, xalı altına süpürmək doğru davranış deyildir. Yoxsa onlar üst-üstə yığılar, biz də altında qalıb əzilərik.

Burada bilməmiz gərəkli bir üsulu xatırlatmaq lazımdır. İnsan həyatda qarşılaşdığı bütün problemləri çözə bilməz. Bəziləri həll edə, aşa bilər. Bəzilərini isə qismən həll edər. Elələri də olar ki, onlar bizi aşar, heç nə edə bilmərik. Bəli, insan yolu üstünə çıxan təpələri bir-bir aşar.Elə təpələrlə qarşılaşar ki, onu aşmaq çox vaxtını, enerjisini alar. Bəzi təpələr vardır ki, onu aşmaq üçün uzun vaxt lazımdır. Ancaq yolda qarşımıza dağ çıxdığı zaman onu aşmağa çalışmamalı, ətrafından dolanaraq yolumuza davam etməliyik. Dağın böyüklüyünə baxıb, niyə buranı aşa bilmirəm deməmliyik. Elə problemlər də vardır ki, onu həll etmək olmur. Bunu da həll edəcəyəm deyib, ömrü o uğurda tükətməmək lazımdır. Ona görə də insan çözə bildiyi problemi çözməli, çözə bilmədiyini də həyatın axınına buraxmalı, bəzən də o problemdən uzaqlaşmalıdır. Əlimdən gələn bu idi deməli, əlimizdən gəlməyən şey üçün isə üzülməməliyik. “Mən hamısını həll edəcəm,” deyən şəxsin hüzuru qalmayacaqdır. Unutmayaq ki, bəzi problemlər vardır ki, onun həlli yolu bizdə deyildir, bəlkə başqalarının əlindədir.

5. Minimalist olmaq lazımdır. İnsan, hər şeyə sahib olacam düşüncəsi ilə dəridən-qabıqdan çıxır. İnsan əlində olanlarla yetinməyi bilməli, buna qane olmalıdır. Bizə zərər verən, evdə lazımsız yer tutan, baxıldığı zaman mənfi emosiyaları oyadan əşyalardan qurtulmaq lazımdır. Əşyalarda olduğu kimi, ətrafımızda bu cür insanlar vardırsa onlardan da uzaqlaşmaq lazımdır. Bu cür insanlar və əşyalar həyatımızdan çıxdığı zaman insan özünü hüzurlu hiss edər.

6. Yeniliyə, dəyişməyə hər daim açıq olmalıyıq. İnsan yeni şeyləri öyrənməyə maraqlı olarsa hüzurlu olar. Öyrəndiyimiz yeni şeylər bizim həyatımızı da yeni rəng qatar. Tutucu olar, yeniliyə açıq olmazsaq, zamanla sahib olduğumuz şeylər köhnələr, yeni şeylərə sahib olmamaq bizi məyus edər, özümüzü həyatın mərkəzindən uzaqlaşdırarıq.

Bəzən müasirlik adı altında bizə təqdim olunan təzə, yeni olan şeylər bizi biz olmaqdan, bizi özümüzdən, əslimizdən. dəyərlərimizdən, kökümüzdən uzaqlaşdıra bilər. Belə olan halda seçici davranmaq lazımdır. Bizi biz edən, tarixən süzülüb gələn, bəşəriyyət tərəfindən “bu doğrudur” deyə qəbul olunan insanlığın ortaq mirası ümumbəşəri dəyərlər sistemi var. Əgər yeni kimi bizə təqdim olunan şey bu dəyərlər sisteminə yaddırsa onlardan da uzaq qalmaq lazımdır. Unutmayaq, “ağac kökü üstə bitər”. Müasirlik adı altında bizi kökümüzdən qoparan şeylərdən də uzaq qalmaq lazımdır.

Nəticə olaraq deyə bilərik ki, qəlb hüzuru, daxili rahatlığı əldə etmək hər bir insanın həyatının qayəsidir. Daxili hüzuru əldə etmək maddi imkanlara sahib olmaq deyildir. Daxili hüzur baqşqalarına faydalı olmaq, sahib olduğu şeylərə qane olmağa bağlıdır. İnsan onu məşğul edən problemlərdən qaçaraq deyil, onları çözərək hüzuru əldə edə bilər.

Rövşən Məmmədov




Bənzər məqalələr

İtirdiyimiz xöşbəxtlik

Hər bir insan bu dünyada xoşbəxt olmaq üçün can atır. İnsanın xoşbəxtliyi də imanda, Allaha bağlılıqda yatır. Allah hər bir şeyə fitrət toxumu yerləşdirib. İnsan fitrətinə də əkilən toxum da ibadət etmək, Allaha qulluq etmək, Onun istədiyi, cızdığı kimi həyata yaşamaqdır.

Zikr və hüzur

Sual: “Rad” surəsində məalən buyurulur ki, “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə hüzur tapmışdır.


Şərh yaz