418 dəfə oxunub ,   0 şərh   Çap et

İnsan danışarkən, yazarkən istifadə etdiyi sözlərə diqqət etməlidir. Ağızdan çıxan, yazılan söz özü ilə birlikdə insana məsuliyyət gətirər. Bəzi sözlər də vardır ki, onlar müqəddəs dəyərlər, mənəviyyat ilə əlaqəli olur, insanın imanına, könül dünyasına zərər verər, söyləyən şəxsi uçurumun kənarına aparar. Peşmançılıq hissi, tövbə, istiğfar araya girməsə, Allah qorusun, imanın itirilməsinə belə səbəb ola bilər. 

İman, insanı bütün varlığın tək sahibi Allaha yönəldən və Ona bağlayan əhəmiyyətli bir şeydir. İman, insan üçün hüzur və mənəvi güc qaynağıdır. İman sayəsində insan Yaradanına bağlanır, Onunla münasibətinə görə insanın dəyəri yüksəlir. Bütün varlığın ən dəyərlisi, Allahın isimlərinin təcəlli etdiyi və sənətinin naxışlarının bərq vurub əks etdiyi prizma halına gəlir. İnancsızlıq isə o bağı qoparır. O bağ qopunca, sanki gecənin qaranlığında şölə saçan böyük şəhər elektrikin kəsilməsi ilə necə zülmət içərisində qalırsa, insan da qaranlığa boğular, ilahi sənətin əksləri gizlənər. İnsan, imanını itirincə bəlkə ilk zamanlar hiss etməz, ancaq dərin bir boşluğa düşər. Qəflət, əyləncə, telefon (Youtube, Tik-tok, Facebook və s.), oyun ilə o boşluğu örtməyə çalışsa da, zaman-zaman təkbaşına qalıb düşündüyü zaman çılğına dönər, depressiyanın cəngindən qurtula bilməz. 

İnsan çox zəif və aciz bir varlıqdır. Özünün və ya başqalarının başına gələn müsibətlərdə çox vaxt əlindən bir şey gəlməz. Bu müsibətlər, imansızları və ya imanı zəif olan şəxsləri çox dərindən sarsıdar, darlıq içinə salar və hüzursuz olar. Nə qədər çırpınsa da əlindən bir şey gəlməz.  

İmanlı insan isə hər şeydə İlahi rəhmətin izini, özünü görür. Hər şeydə onun hikmətini, ədalətinin gözəlliyini müşahidə edər, Rəbbinə təslimi olar, onun rizasını göz önündə tutaraq müsibətə də səbirlə yanaşar, “bunda da bir xeyir vardır” düşüncəsi ilə sonucunu gözləyər. Qarşılaşdığı çətinliklər qarşısında müqavimətli olur. Müxtəlif müsibətlərə məruz qalanlara əlindən gələni edər, geri qalanı “Allahın mərhəmət və şəfqətindən çox heç kim mərhəmətli olmaz” düşüncəsi ilə Ona həvalə edər. Bilər ki, hər kəsin kamal nöqtəsinə çatması, yetişməsi fərqli-fərqlidir. Kimi darlıqla, kimi də varlıqla imtahan olunar.    

Digər yandan imanın insana qazandırdığı ən mühüm fayda, insanı nəfsin və şeytanın vəsvəsələrinə qapılmadan, hüzurlu bir şəkildə qəbirə imanlı olaraq götürməsidir. Bu şəkildə insan həm bu dünyanın, həm də axirət yurdunun səadətini eldə edər. 

 Yuxarıda qeyd edilən ölçülərdə iman edən şəxs, daha sonra imanını qorumaq üçün də çalışmalıdır. İman arta, azala, tamamı ilə yox ola bilər. Hər mövzuda ölçülü olmaq gərəkli olduğu kimi, insan imanı mövzularda da ölçülü olmalı, ağzından çıxan sözlərə diqqət etməlidir.

İstisna halı

Qəzəb anında insan düşünmədən ağzından xoşagəlməz bu qəbil sözlər çıxa bilər, əslində çıxmamalıdır. Psixologiyada güclü ruhi həyəcan vəziyyəti mənasına gələn və “affekt” adlandırılan psixoloji hal var. Affekt, insanlarda qəflətən yaranan güclü, qısamüddətli, emosional haldır. Bu hal kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətli cərəyan edən hisslərdir. İnsanın affekt halı bəzi hallarda onun fəaliyyətinə pozucu təsir göstərir. Çünki belə vəziyyətdə insan şüuru və danışığı üzərində nəzarəti itirir. Nəticədə insanın beynində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanıq sahələrdə ləngimə baş verir. Bu səbəbdən də affekt vəziyyətində insanlar nə dediklərini, necə hərəkət etdiklərini bilmirlər. Bu hal keçdikdən sonra şüur özünə qayıdınca, insan etdiyi işdən, söylədiyi sözdən peşman olmalıdır.

İmanı pozan sözlər

“Allah gəlsə belə, əlimdən ala bilməz!” Bir şəxs, yuxarıda qeyd etdiyimiz qəzəb halı olmadan, şüuru açıq ikən bu sözləri söyləyərsə, deməli həmin şəxsin Allahın güc və qüvvəti haqqında az da olsa məlumatı yoxdur. Allahın gücünün və qüvvətinin sərhədi yoxdur, sonsuzdur. “Və huvə alə külli şeyin qadir,” yəni “Onun hər şeyə gücü yetər.” ifadəsi, Quranda neçə yerdə təkrar olunur. “Hər şey” ifadəsinin içərisinə Allahdan başqa yaradılan hər nə varsa daxildir, yəni Allahın yaratdığı bizim bildiyimiz və bilmədiyimiz hər şey bu ifadənin içində yer alır.

“Allahın buna gücü yetər, buna yetməz; bunu edə bilər, bunu edə bilməz; bu insanın öhdəsindən gələr, bunun öhdəsindən gəlməz…” ifadələri də yanlışdır.

Bəzən ətrafımızda baş verən zülm və haqsızlığın cəzası həmən görülmür. İnsanlar da onun hikmətini anlaya bilmir. Ehtimallar çoxdur. Ola bilsin ki, Allah zülm edən şəxsə möhlət verir, bəlkə peşman olar deyə, ya da onun cəzası çox ağır olacağı üçün axirətə qalır. Bu şəkildə müxtəlif izahlar gətirə bilərik. Ancaq həqiqi mənada hikməti-ilahinin nə olduğunu bilmərik.

İnsanın gücü, qüvvəti bəllidir. Elə şeylər var ki, əli ilə qaldıra bilər, elə şeylər də var ki makinaların yardımı ilə tonlarla ağırlıqda yükü qaldıra bilər. Bir nöqtədə isə bu güc dayanır, tükənir. Allah üçün isə az-çox, kiçik-böyük, aşağı-yuxarı məfhumları doğru deyildir. Uca Allahın güc və qüvvəti sonsuz olduğu üçün günəşi yaratmaq ilə ağcaqanadın qanadını yaratmaq arasında fərq yoxdur. Ağcaqanad deyilincə də bəsitə almamaq lazımdır. Çünki kiçik deyə bir şey yoxdur. İnsan kiçik deyə baxdığı şeyləri belə yaratmaq üçün sonsuz elm, güc və qüdrət lazımdır.    

Bu prizmadan baxıldığı zaman bilir-bilməz şəkildə, harada gəldi, anlamlı-anlamsız, nə mənaya gəldiyini düşünmədən bu ifadələri istifadə etmək həmin şəxsin cahilliyini göstərir. Ancaq unutmayaq ki, bu söz bəzən Ərşi-əlaya toxunar, sahibi ilahi qəzəbə tuş gələr. Sonradan nə məruz qaldığına çaşıb qalar.

“Bura Allahın yaddan çıxardığı yerdir!”, “Allah bizi yaddan çıxarıb!” Bu da çox təhlükəli cümlədir. Allahın unutması mümkün deyildir. Dünyada yan-yana gəlməyəcək iki kəlmə varsa, o da “Allah” və “unutma” sözləridir. Quranı Kərim Allah üçün unutma bənzətməsini şiddətlə rədd edir.  Həzrət Musanın (ə.s) dili ilə: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!” (Taha, 20/52) Başqa bir ayədə Cəbrayıl (ə.s) dili ilə:  “Biz ancaq Rəbbinin əmri ilə enərik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, hamısı Ona məxsusdur. Rəbbin unudan deyildir”. (Məryəm, 19/64)

Unutmaq ifadəsi nöqsan bildirir. Allah Təala da hər cür nöqsandan uzaqdır. İnsan fərqində olmadan belə bir ifadə işlədərsə, Allah qorusun, çıxılmaz girdabın içinə düşər, imanı əlindən gedər.  

 “İşiniz Allaha qalıb.” Bəzən insanlar çıxılmaz vəziyyətə düşdükdə və hər yerdən ümidi kəsilincə, bu ifadəni işlədir. Əslində səbəb sükut və süqut etdiyi zaman insan onu anlayıb Allah üz tutarsa Yunus (ə.s) peyğəmbər kimi sahilə çıxar. İşin Allaha qalması çox gözəldir. Ancaq bu söz daha çox el arasında hər şey etdik, bütün qapıları döydük, dolaşdıq bizə faydası olmadı, “niyə belə olur İlahi”, “niyə üzümüzə bir qapı açılmadı” deyə bir növ Allaha üsyan, sitəm daşıyan mənasında işlədilir. Əslində həmin şəxs Allahım bu məqamda səbəblər süqut etdi, umduğumuz qapılar üzümüzə açılmadı, çarəsiz qaldım, yardım elə İlahi! deyə dua edərsə heç ummadığı yerdən fərqli fürsətlər önünə çıxa bilər.

 “Allah baba qəzəblənər, acığı tutar!” Bəzən böyüklər uşaqlarını qorxutmaq üçün bu ifadəni işlədirlər. Allah üçün baba ifadəsini işlətmək doğru deyildir. Əsasən xristian mədəniyyətindən dilimizə düşən bu ifadəni iAllaha ata və oğul isnad edilməz, mümkün də deyildir. İxlas surəsində Uca Allah özünü bizlərə “Ləm yəlid vələm yuləd.” (“O nə doğmuş, nə də doğulmuşdur.”)- deyə tanıdır.  Yəni, nə doğan, nə də doğulan Yaradıcı, Allah olar.

“Allah sənin canını alacağına mənim canımı alardı!”, “Vaxtsız getdi.” Bəzən ölən adamın arxasınca bu qəbil sözlər işlədilir. Bunlar da yanlışdır. Ölüm hər kəs üçün müqəddərdir. Kiminə tez, kiminə gec gəlib çatsa da, əvvəl-axır hamı öləcək. Hər kəsin nə vaxt öləcəyi ilahi elmdə məlumdur. Yaşlılar, xəstələr vəfat edincə zahirən insanlar ayrılıq acısı yaşasalar da, həm vəfat edən şəxs, həm də özləri üçün rahatlıq olduğu zamanla ortaya çıxır. Əslində insan ölümün o biri üzünü dərk edə bilsə, vəfat edincə insanın yox olmadığını anlasa hər şeyə baxışı da dəyişəcəkdir. Ölüm yox olmaq deyil, ruhun bədənin dar məhbəsindən qanad açıb sonsuzluğa uçmasıdır.

“Allah bizə zülm edir.”, “Mən Allah mallah tanımıram.”  “Allahın işi gücü qurtarıb, səninlə maraqlanacaq?!” “Haram yemək nə şirin şeymiş?” “Allah filan şəxsə o qədər var dövlət verdi, mənə isə heç nə. Bu necə ədalətdir?!” “Nə üçün namaz qılım; malım var, mülküm, Allah mənə nə verib ki!?”

Bir müəllimimdən eşitdiyim ibrətlik hekayə var. Konfrans üçün bir şəhərə gedirlər. Axşam vaxtı oradakı dostları ilə köhnədən birlikdə işlədiyi, indi xəstə ola müəllim yoldaşına baş çəkmək istəyir. Evinə ziyarətə gedirlər. Adam insult keçirmiş, bədənin yarısı iflic olmuşdu. Yatağından qalxa, hətta suyunu belə özü içə bilmirdi. İlahiyyat fakültəsi məzunu olduğu üçün dini savadı vardı. Halını-xətrini soruşarkən belə cavab verdi: “Görürsünüz də nə hala düşmüşəm. Allahın rəhməti (haşa) bu mu olmalıydı?! Uşaqlığımdan bəri namazımı qılır, orucumu tuturdum. İndi məni düşürdüyü vəziyyətə baxın?!” Müəllim yoldaşlardan biri: “Allaha ağır gedər. Betərin də betəri var, səbirli ol!”- desə də xəstə oralı olmadı. Sonra da: “Bundan betər nə olacaq?!”- dedi. Biz də çox pis olduq. Söhbəti çox uzatmadan yanından ayrıldıq. Aradan üç-dörd həftə keçmişdi. Təkrar bir iş üçün həmin şəhərə yolum düşdü. İşim qurtardıqdan sonra parkda dostlarla birlikdə çay içirdik. Birdən gözüm xəstə yoldaşımın qızına ilişdi. Başında qara örpək vardı. Yanına yaxınlaşıb atasını soruşdum. Dedi: “Xocam, hər halda eşitməmisiniz, atam yenə yataqda xəstə yatır. İki qardaşımı 15 gün öncə avtomobil qəzasında itirdik.” Bu səfər dostlarla baş sağlığı üçün xəstə yoldaşımızı ziyarətə getdik. Gözləri yaşlar içində: “Niyə Allah mənim canımı almadı, onları məndə qoparıb apardı?!”-dedi.

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar. Şüurlu bir şəkildə bu sözləri söyləyənlər də bilməlidir ki, bu ifadələr insanın imanını əlindən alar. İman gedincə də insan ya qəflətə düşər, nəyə uğradığını bilməz, ya da qaranlıqla boğuşar.

Allaha üsyan ifadə edən bu cümlələri yazmağa belə insan utanır. Məqsədimiz doğru olan göstərmək olduğundan Allahdan həm bizi, həm onları bağışlaması niyaz edirəm. 

 

 

 



Açar sözləri

affekt iman qəflət

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.


Şərh yaz