150 dəfə oxunub ,   0 şərh   Çap et

Səhrada yolçuluq edən bir şəxs, yolçuluğu əsnasında, bulud içindən “filankəsin bağını sula!” -deyə səs eşitdi. Bunun üzərinə o bulud, qara daşlıq bir yerə səmtini dəyişdirdi və oraya suyunu boşaltdı. Dərələrdən axan su bir yerə toplandı. Adam heyrət içində qaldı. Sonra axıntını təqib etməyə başladı.  Bir az getdikdən sonra bir şəxsin əlindəki kürəklə suyu oraya-buraya çevirərək bağını suladığın gördü.  Ona:

– “Ey Allahın qulu! Adın nədir?”- deyə sual verdi.

Adam, daha öncə buluddan eşitdiyi adı dedi. Bu səfər həmin şəxs soruşdu:

– “Ey Allahın qulu! Bəs adımı nə üçün soruşursan?” O da:

– “Mən bu suyu yağdıran buluddan, “sənin adını verərək filankəsin bağını sula!”- deyə səs eşitdim, ona görə soruşurdum. İndi de görüm, sən hansı xeyir əməl işlədin ki, bu şəkildə lütfə məzhər oldun?”- dedi. Bağın sahibi belə cavab verdi:

– Madam ki, sənə maraqlı gəlir, onda deyim: “Mən bu bağın məhsulunu hesablayıram; üçdə birini sədəqə olaraq dağıdıram, üçdə birini ailəmlə birlikdə yeyirəm, üçdə birini də toxumluq olaraq ayırıram” dedi. (Müslim, Zöhd 45)

Comərdlik nədir

Comərd, farsca cavan-mərd sözünün dilimizə keçərək tələffüzü dəyişmiş formasıdır. İslam əxlaqı kitablarında əsasən səxavət, səxa, cud kəlimələri istifadə olunur. Comərd sözü, dilimizdə əliaçıq, alicənab, mərd insan mənasında işlədilir. Ziddi isə xəsislik, əli bərk olmaqdır. Quranı Kərimdə cud və səxavət ifadələri keçmir. Bunun yerinə infaq, isar, ita, itam, ehsan, ikram, bəzl  kimi ifadələrlə comərdlik fəzilətinin üzərində durulur. Ancaq hədislərdə cud və səxavət sözləri keçir.

Quranı Kərimdə və hədislərdə comərdlik ilah bir sifət və peyğəmbərlərin de sahib olduğu üstün bir fəzilət olaraq qəbul edilir. Allah sonsuz lütf və kərəm sahibidir (Rəhman 55/27, 78; Ələq 96/3). Onun bir adı da Kərimdir (İnfitar 82/6). Bundan başqa Quranda yer alan Rəhman, Rəhim, Vəhhab, Lətif, Təvvab, Ğaffar, Afuv, Rauf, Hadi kimi ilahi adlar də Allahın (cəllə cəlaluhu) comərdliyini fərqli yönləri ilə ifadə edir. Hədisdə buyurulur ki, “Allah comərddir və comərdliyi sevər”. Eyni hədisdə comərd kəlməsinin qarşılığı olaraq Uca Allahın “Cavad” adı işlədilir. (Tirmizi, Ədəb, 41).

Səhabələr Quran əxlaqını ən gözəl təmsil edən Allah Rəsulunu (s.ə.s) insanların ən comərdi olaraq tərif etmişlər. (bax: Buxari, Bədyul-vəhy, 5, Savm, 7, Mənaqib, 23; Müslim, Fəzail, 48, 50). Rəsulullah (s.ə.s) ehtiyacı olub da ona müraciət edən heç kimsəni əliboş geri göndərməyib. (bax: Müsnəd, VI, 130; Müslim, Fəzail, 56, 57)

Allah rizası üçün işlə

Comərdlik əxlaqi fəzilətdir. Başqasına yardım etmək insanda xoşbəxtlik, sevinc kimi hisləri artırır. İslam dini də comərdliyə təşviq edir. Ancaq, onu şəxsin hislərini tətmin etmə vasitəsi olmaqdan çıxarıb Allah rizasını və insan sevgisini qazanmağın yolu olaraq göstərir. İslama görə, var-dövlətini Allah rizası üçün deyil, insanlara göstəriş olsun deyə xərcləyən şəxslərin bu davranışı əxlaqi dəyər daşımır.  Yaxşılıq və yardım etmək Allah rizası üçün olarsa bir məna kəsb edir. (bax: Bəqərə 2/264; Maidə 5/2; Leyl 92/1720).

“Qiyamət günü ilahi hüzura Allahın ona hər cür var-dövlət, imkan bəxş elədiyi şəxs gətirilir. Allahın ona verdiyi nemətləri xatırladılır. O da xatırlayar və doğru olduğunu etiraf edər. “Yaxşı sən bu nemətlərin qarşılığında nə etdin?”- deyə sual verilir.  “Verilməsini istədiyin, razı olduğun heç bir yerdən əsirgəmədim. Yalnız sənin rizanı qazanmaq üçün verdim, xərclədim.”- deyə cavab verər. “Yalan deyirsən. Halbuki sən, bütün gördüyün işləri ‘Nə comərd adamdır.’ Desinlər deyə elədin. Bu da sənin üçün zatən söyləndi.” Əmr olunur ki, bu şəxsi üz üstü cəhənnəmə atın.” (Müslim, İmarə 152)

Əl tutanın əlindən tutulur

“Comərd insan Allaha yaxındır, insanlara yaxındır, cənnətə yaxındır. Xəsis isə, Allaha uzaqdır, insanlara uzaqdır, cənnətə uzaqdır.  Cahil də olsa comərd insan, abid xəsisdən Allaha daha yaxındır.” (Tirmizi, Bir,40) “Bir insanın qəlbində xəsislik və iman asla bir arada durmaz.” (Nəsəi, Cihad, 8) Əshabədən Hakim ibn Hizam (r.a) Həzrət Xədicə (r.anh) anamızın qohumu idi. Comərd, müşfiq, xeyirxah adam idi. Cahilliyə dövründə qızlarını diri-diri basdırmaq istəyən atasından onları satın alır, həyatlarını qurtarar və himayə edərdi. Müslüman olduqdan sonra bir gün Rəsulullaha (s.ə.s): “Ey Allahın Rəsulu, cahilliyə dövründə elədiyim xeyir əməllər var: Sədəqə vermək, kölə azad etmək, qohum-əqrəbanı himayə etmək kimi… Bunlara müqabil mənə əcir, savab verilirmi?”- deyə soruşdu. Allah Rəsulu (s.ə.s) belə cavab verdi: “Sən zatən, daha öncədən elədiyi bu yaxşılıqlar sayəsində İslamla şərəfləndin, yəni müsəlman oldun!” (Buxari, Zəkat 24; Müslim, İman, 194-196) Xətasız qul olmaz. İnsanın zaman-zaman ayağı büdrəyə bilər. Comərd insanı Allah tutub qaldırar.  “Comərdin qüsuruna, xətasına baxmayın, zira o, hər dəfə ayağı sürüşüncə Allah Təala onun əlindən tutar.” (Heysəmi, VI, 282)

İslam əxlaqına görə comərd ola bilmək üçün başqalarına yardım etmək yetərli deyil. Ayrıca bu yardımın istəyərək və sevərək etmək lazımdır. (bax: Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.” (Həçr, 59/9). Comərdlik üstün əxlaqi fəzilət olduğu üçün onun insanda məziyyət kimi yerləməsi də vacibdir. Buna görə istəksiz, zorla edilən yaxşılıq comərdlik sayılmaz. Ancaq, imkanı olmasa da başqalarına əl tutmaq üçün can atan, niyyət və iradəsi bu istiqamətdə olan şəxs yardım edə bilməsə də comərd sayılır. (Qazzali, III, 53, 58, 60). Comərdliyin insanda xasiyyət kimi formalaşması üçün güclü iradə tərbiyəsi lazımdır. Allah Rəsuluna (s.ə.s) bir gün sual verirlər, “hansı sədəqə daha dəyərlidir”. O da belə cavab verir: “Yaşama sevincin yerində, var-dövlətə düşkün olduğun, zənginliyi arzuladığın, kasıbçılıqdan qorxduğun zaman verdiyin sədəqədir.” (Buxari, Zəkat, 11).

Comərdliyin şərtlərindən biri də etdiyi yardıma müqabil kömək, iş, mükafat, tərif və təşəkkür kimi hər hansı bir maddi və ya mənəvi qarşılıq gözləməmək lazımdır. “Onlar öz nəfsləri çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Onlar yemək yedirdikləri kimsələrə belə deyərlər:) “Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik. Şübhəsiz ki, biz çətin və ağır bir günə görə Rəbbimizdən qorxuruq”. (İnsan, 76/8-10), göstərişdən və yardım edilən şəxsi rəncidə edəcək davranışlardan diqqətli şəkildə uzaq durmaqdır. “Mallarını Allah yolunda infaq edib sonra verdiklərinin arxasınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları Rəbbi yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır). Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz. (Bəqərə, 2/262-265).

Comərdliyin şərtlərindən biri də, yardım edərkən gözdən çıxarılan malı deyil, dəyəri olanı, özümüzün də bəyəndiyi şeyi vermək lazımdır. “Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükürə layiqdir.” (Bəqərə 2/267). (Yaşanmış bir hadisə) Məcidin alt mərtəbəsi yay tətili dövründə Quran kursu kimi fəaliyyət göstərirdi. Məktəblər bağlanmadan öncə imam oranın divarlarının boyanıb, pəncərələrinə pərdə taxılması üçün camaata müraciət etdi. Xeyirxah bir şəxs bunu üzərinə götürdü. Boyama işi qurtarmışdı. Pərdələri almağa imamla birlikdə getdilər. Adam onu bahalı pərdə mağazasına apardı. İçəri daxil olarkən, imam təəccüblə “buranın qiymətləri çox baha deyilmi!?”- dedi. Xeyirxah insan, “Xocam, evdəki pərdələri də buradan almışam. Məsciddə Allahın “evidir”. Orada da eynisindən alacam.” Bəli, comərdlik Allah üçün edilən yaxşılığı ön gözəl şəkildə etməkdir. Rəvayət olunur ki, keçmişdə səxavətli bir şəxs verdiyi pullara ətir vurub verirmiş. Niyə belə etdiyini soruşan olsa, “Kimin rizası üçün verdiyimə baxırmırsanmı?”- deyə cavab verirmiş.

“Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir.” (Ali İmran, 3/92) Ayə nazil olunca hər əshabə özünə sual verdi “var-dövlətindən ona sevimli, şirin gələn şey nədir?” Əbu Talha Allah Rəsuluna (s.ə.s)  gəlib belə dedi: “Ya Rəsulullah! Var-dövlətim içində ən çox sevdiyim bu xurma bağıdır. Onu vəqf edirəm (yəni, Allah yolunda bağışlayıram), Allah sənə necə yol  göstərirsə o şəkildə xurma bağını dəyərləndir.” Peyğəmbərimiz (s.ə.s) belə dedi: “Maşaallah, maşaallah. Nə karlı ticarətdir. Ancaq mən onu qohumların arasında bölüşdürməni daha uyğun görürəm.” (Buxari, Zəkat, 44) Zeyd ibn Xarisə isə çox sevdiyi Sebəl adlı atının yalmanından tutub məscidə gətirdi. “Ya Rəsulullah! Allah sevdiyiniz şeyi infaq edin dedi, mən də bu atımı çox sevirəm, şahid ol onu infaq etdim.”- dedi. Allah Rəsulu da atın üzərinə oğlu Üsamə ibn Zeydi mindirdi. Zeyd: Ya Rəsulullah! Mən onu infaq etmək istədim?!”-dedi. Rəsulullah (s.ə.s): “Allah onu səndən infaq olaraq qəbul etdi.”– deyə cavab verdi. (Zaməhşəri, Kəşşaf, Ali İmran 92)

Comərdlik, sadəcə maddi yardımdan ibarət deyil. Yeri gəldikdə bir işə vaxt ayırmaq, bir tədbirdə feli olaraq iştirak etmək, başqasının problemi ilə maraqlanmaq da comərdlik sayılır. “Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir.” (Bəqərə, 2/263) Allah Rəsulu (s.ə.s) belə buyurur: “(Mömin) qardaşına təbəssüm etmən sədəqədir. Yaxşılığı əmr edib, pis işlərdən çəkindirmək sədəqədir. Yolunu azan şəxsə yol göstərmək sədəqədir. Yol üstündən daş, tikan, sümük kimi şeyləri təmizləmək də sənin üçün sədəqədir.” (Tirmizi, Birr, 36)

Comərdlik var-dövlətin artması üçün vəsilədir. Girişdə sərlövhə etdiyimiz hədis bunun parlaq nümunəsidir. Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.” (Bəqərə, 2/262) “İnsanları səhərə çıxdıqlarında hər gün iki mələk yer üzünüə enir. Mələklərdən biri, “Allahım, malını xeyir yolunda xərcləyən şəxsə (xərclədiyi malın yerinə) yenisini ver.”-deyər. Digəri isə, “Allahım, malını (xeyir yolunda xərcləməyən) yığıb saxlayan (xəsislik edən) şəxsin malını tələf elə.”-deyər.” (Buxari, Zəkat, 27)

Comərdliyin dərəcələri

Comərdliyin ən aşağı dərəcəsi fərz buyurulan zəkatı vermək və ailənin dolanışığını təmin etməkdir. Bundan əlavə, yaxşılıq etmək insanın əxlaq və fəzilətdə kamillik dərəcəsinə bağlıdır. Bu baxımdan bəzi əxlaqçılar səxavəti üç əsas dərəcəyə ayırmışlar: şəfqət, cud və isar. İnsan sərvətinin çoxunu özü üçün ayırıb, az olanı sədəqə üçün istifadə edərsə, buna səxavət; azını özü üçün saxlayıb çoxunu başqalarına verməsi cud; lazım gəldikdə özünün ehtiyacını göz ardı edib əlindəki tamamilə başqasına vermək isə isar adlanır. “Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.”(Həşr, 59/9) Peyğəmbər (s.ə.s) Nadir oğullarının (dövlətə xəyanət etdiyi Mədinədən sürgün edilən yəhudi qəbiləsi) mallarını mühacirlər arasında bölüşdürdü. Ənsardan da çox kasıb olan üç sahabiyə, yəni Əbu Dücanə Simak ibn Harəşə, Səhl ibn Hüneyf  və Xaris ibn Sımmə xaricində kimsə bir şey vermədui. Daha sonra ənsara səsləndi:  “İstəyirsiniz var-dövlətinizdən və torpaq sahələrinizdən mühacirlərə pay verin və bu qənimətə onlarla ortaq olun; istəsəniz de mal-mülkünüz sizin olsun və sizə bu qənimətdən heç nə verilməsin.” Ənsar da bir ağızdan: “Yox!.. Biz həm mal-mülkümüzdən onlara pay verəcəyik, həm də qənimətdən pay almayacayıq.”- dedilər. Ayə bunun üzərinə nail oldu. (Zahmaşəri, Kəşşaf) halbuki, ənsarın da ciddi maddi sıxıntıları vardı. Ancaq onlar, hər şeylərin geridə buraxaraq Mədinəyə hicrət edən qardaşlarını özlərinə tərcih etdilər.

Nəticə olaraq deyə bilərik ki, comərdik üstün əxlaqi keyfiyyətdir. İslam əxlaqına görə, ancaq Allah rizasını qazanmaq üçün sərf edilən mal-mülk insana savab qazandırar. Digər şəkildə edilən yaxşılıqlar altında umulan dünyəvi faydalar verdir. Comərdlik insana istiqamət qazandırar, cənnətə gedən yolu asan edər. Yeri gələndə gözəl, edilən təbəssüm də sədəqə sayılır. Comərdliyin də öz içində dərəcələri vardır. Ən ali dərəcəsi özün ehtiyacı olduğu halda sahib olduğu imkanları, əlinə keçən fürsətləri başqa ehtiyac sahiblərinə sərf etməkdir. Comərdlik insanı Allah yaxınlaşdıran, Onun rizasını qazandıran önəmli vəsilədir.




Bənzər məqalələr

İsar nədir?

İnsanın ehtiyacı olduğu halda sırf Allah rizası üçün başqalarının ehtiyacını qarşılaması, fədakarlıq etməsi və əliaçıqlıq göstərməsi, səxavətli, comərd olmasıdır.

İsraf və qənaət

İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.

İnfaq nədir?

İnfaq, insanın alın təri ilə qazandığından, ruzi olaraq ona lütf edilən nemətlərdən, sahib olduğu var-dövlətindən Allahın rizasını qazanmaq niyyəti ilə ehtiyac sahibi insanlara  verməsidir.

İsar ruhu

Onlar özlərinin ehtiyacı ola-ola sırf Allah rizasını qazanmaq üçün yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.


Şərh yaz