2. 127 dəfə oxunub ,   0 şərh   Çap et

Dua ərəb mənşəli söz olub “səslənmək”, “çağırmaq”, “kömə­yə çağırmaq”, “kömək istəmək”, “Allaha yalvarmaq”, “Ondan diləmək”, “Ona yalvarıb-yaxarmaq”deməkdir.

“Dua”nın lüğəvi mənası kiçikdən böyüyə, aşağıdan yuxarıya, acizdən güclüyə doğru yüksələn istək və niyazdır. Yəni dua Allahla qul arasında – kiçikdən böyüyə, aşağıdan yuxarıya doğru gedən dilək və niyazdır.

Dua anlayışı bir məfhum kimi, qulun Allaha sığınması və yalvarması, Allahın böyüklüyü qarşısında qulun gücsüzlüyünü, acizliyini etiraf etməsi, sevgi və ehtiram hisləri ilə lütf, kömək və əfv diləməsi kimi mənaları ehtiva edir. İnsan ehtiyacını əldə etməkdə aciz və gücsüz olduğunu, Rəbbinin isə duasını eşidəcəyini və istəsə, ehtiyacını qarşılayacağını bilir. Çünki insan fani, məhdud, zəif, arzu və ehtiyaclarla dolu bir varlıq kimi yaradılmışdır. Allah isə yaradandır; gücü sonsuz, neməti bol, mərhəməti genişdir. Dua “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bü­tün işləri bəyəniləndir!)” (“Fatir” surəsi, 35/15) məallı ayənin də bil­dirdiyi kimi, insanın Allahın hüzurunda öz acizliyini və çarəsizliyini etiraf edərək diləyini Ondan istəməsidir.

Başqa bir ifadə ilə dua ruhun qidasıdır və bu qida ruha aram­sız verilməlidir. Dua insanın iradəsini qüvvətləndirən ov­sundur. Bu gücün sirrini hər anını dua ilə süsləyən insan­ bilər ancaq! Dua insanın həm səbəblərə baxmadan Allahın qüdrətindən mədəd umması, həm də acizliyini elan etmə­si­dir.

Duada əsas məqsəd bəndənin halının Allaha ərz edil­mə­sidir, buna görə də dua bəndə ilə Allah arasında irtibatdır,­ əlaqədir. Bu zaman bəndə halını onu yaradan və ruzi verən Rəb­binə ərz edir, acizliyini, gücsüzlüyünü dilə gətirir, səhv­lərini və nöqsanlarını bildirir, buna müqabil o “Uca dərgah”dan kömək, əfv, mərhəmət, güc və dəstək istəyir. Bu, qulun Allaha bağlılığı və təslimiyyətidir.

Din alimləri duanı ibadətin bir hissəsi kimi qəbul etmiş­ və: “Dua ən böyük ibadətdir,” – demişlər. Bir hədisdə Peyğəm­bərimiz (sallallahu əleyhi və səlləm) də: “Dua ibadətin elə özüdür” və ya “Dua ibadətin əsası, iliyidir,”[ – buyurmuşdur. Bu baxımdan duaya namaz qədər əhəmiyyət verilməlidir. Aşağıdakı ayə də buna işarə edir: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin” (“Əraf” surəsi, 7/55).

Bəli, dua, ibadətin əsası, qulluğun bir parçasıdır. Dua etmə­yənin Allah dərgahında dəyəri yoxdur. Çünki ayədə dua etməyi qüruruna sığışdırmayan kafirlərə xitab edilir: “(Ya Rəsulum, müşriklərə) de ki: “Əgər duanız olmasa, Rəbbimin ya­nın­da nə qədir-qiymətiniz olar?”” (“Furqan” surəsi, 25/77)

Burada diqqətçəkən məqam dua etməyənlərin dəyərsizliyi və Allah dərgahında əhəmiyyətli bir cəhətə malik olmamasıdır. İstər insan, istər heyvan – bütün varlıqlar özünəxas dillə dua edir. Ancaq hal (hərəkət və davranışlarla bildirmə) dili ilə dua etmək və fitrət dili ilə Allahı yad etmək daha çox heyvanlara və dilini anlamadığımız digər varlıqlara məxsusdur. Bildiyimiz və başa düşdüyümüz bir dillə dua etmək isə yalnız insanlara və cinlərə aiddir.

Duanın insan həyatında yeri olduqca əhəmiyyətlidir. İnsan bilərək-bilməyərək günün hər saatı, hər anında bədən üzv­lərinin dili ilə dua edir. Şüurlu şəkildən edilən dua isə ibadət olmaqla yanaşı bəzi məsələlərin də həll olunmasına vəsilədir.

Duada əsas məqam qulun Allaha möhtac olduğunu, Ondan başqa çarə olmadığını bilməsi, dərk etməsidir. Məhz qə­bu­la ən yaxın olan dualar da bu düşüncə, bu anlayışla edilən dualardır. Yəni çətin vəziyyətdə, dənizin ortasında köməksiz qalan çarəsiz insantək Allaha edilən niyazlar ən məqbul dualardandır.

Başqa bir ifadə ilə dua: “Qulun qarşılaşdığı çətinliklərin, ha­disələrin təsiri ilə bir şey üçün və ya Allah üçün Allaha yönəlməsidir”. İnsan çətin vəziyyətdən qurtulmaq, pis hallarla qarşılaşmamaq üçün Allahı yad edir, aciz, gücsüz olduğunu və nöqsanlarını səmimi etiraf edərək Ondan kömək istəyir. Çətin vəziyyətdən qurtulmaq istəyi insanı günahlardan peşman olmağa və qəlbini, ruhunu təmizləməyə, Allahı mədh etməyə, əfv diləməyə sövq edir. İnsan bəzən də çətinlikdən qurtulduğu, rahatlıq tapdığı üçün məmnunluğunu dilə gətirir. Dua bəzən təbiətdəki müvazinət, gözəllik və mükəmməlliyi dərk edən, həqiqəti sezən insanın heyrətinə tərcüman olur.



Açar sözləri

dua dua nədir

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz