1. 818 dəfə oxunub ,   0 şərh   Çap et

İkinci Şam səyahəti

Hz. Məhəmməd (s.ə.s.) artıq iyirmi beş yaşında idi. Bir gün əmisi Əbu Talib Onu qarşısında oturdur və bunları deyir:

− Ey qardaşım oğlu! Bilirsən ki, mən malı-mülkü olmayan bir adamam. Gündən-günə sıxıntılarımız da çoxalır və hər il xoşagəlməz çətinliklərlə qarşılaşırıq. Ortada nə malımız qaldı, nə də ticarətimiz.

Məlum idi ki, bu sözlərin ardınca bir təklif gələcəkdi. Çünki bunlar uzun müddət düşünülüb bir-bir seçilmiş cümlələr idi. Bunları deyərkən Əbu Talibin üzündə yanlış bir işə addım atmaq  ehtimalından doğan bir tərəddüd oxunurdu. Bəlli ki, çətin bir qərar qəbul etmək üzrə idi:

− Eşitdim ki, yaxınlarımız ticarət məqsədilə Şam tərəflərə bir karvan hazırlamışlar. Hüveylidin qızı Xədicə də bu karvanda vəzifə verməyə, ticarətdə özünə şərik olmağa etibarlı bir adam axtarırmış. Mən sənin Şam tərəflərə getməyinə nə qədər razı olmasam da, oradakı bəzi paxıl din adamlarının Sənə pislik edəcəyindən nə qədər qorxsam da, əlacsızam. Onun yanına getsən, sanıram ki, Sənə duyulan etibar, əminlik hissi, həmçinin təmiz fitrətinə görə bu iş üçün  başqalarının əvəzinə Səni seçəcəkdir…

“Get” demək asan idi, amma sözü əmələ çevirib getmək asan görünmürdü. Buna görə də işi ehtimallara buraxmaq olmazdı. Bu məqamda Peyğəmbərimizin xalası Atiqə söhbətə müdaxilə edir və “həya abidəsi bir insan” üçün özünü ifadə etməyin çətin olduğunu diqqətə çatdırır. Belə ki, Peyğəmbərimizin xalası Atiqə Xədicə binti Hüveylidin qardaşı və Zübeyr ibn Avvamın da atası olan Avvam ibn Hüveylidlə evli idi. O, hər iki tərəfi yaxşı tanıyan bir insan kimi danışır və həyata keçməsini arzuladığı bir işə rəhbərlik etmək istəyirdi.

Bəli, işin çoxu Əbu Talibin çiyinlərinə düşürdü. Ancaq buna görə də əvvəlcə Məhəmmədül-Əminin razılığı alınmalı idi. Fəqət bu da çətin olmayacaqdı. Cavab gözləyənlərə Sultanlar Sultanı:

− Necə istəyirsiniz, elə də olsun, − deyir və məsələni  müsbət qarşılayır.

Xədicə ilə ilk qarşılaşma

Əbu Talib Hz. Məhəmmədin (s.ə.s.) razılığını alar-almaz Xədicənin yanına gedir. Hz. Xədicəyə qardaşı oğlunu şəxsən tanıtmaq lüzumunu hiss edirdi. Çünki O, Məkkənin ən etibarlı və qabiliyyətli insanı idi. Belə ki, Onunla iş qurarkən bu cəhət nəzərə alınmalı və Ona veriləcək əmək haqqı da başqalarından fərqli olmalı idi. Bu iş üçün Hz. Xədicənin başqalarına nə qədər əmək haqqı verdiyini bilirdi və buna görə də Hz. Xədicədən onun iki qatını istəyəcəkdi.

Çox keçməmiş Əbu Talib artıq Xədicənin yanında idi. Hal-əhval tutduqdan sonra Əbu Talib sözü karvana gətirdi və qardaşı oğlu Məhəmmədül-Əminin fəzilətlərindən söz açdı…

Məhəmməd… əl-Əmin… Bu ad Xədicə üçün də yad deyildi. Xüsusilə, əmisi oğlu Varaqa ibn Nəvfəlin dilindən düşməyən bir ad idi. Kiçik yaşlarından qulağına həmişə Onun xəbərləri pıçıldanmış, gördüyü yuxuların yozumlarında da Onun izləri sezilmişdi.[1]

İndi bu, nə böyük lütf idi. Onu göydə axtararkən yerdə tapmağın həyəcanı var idi Hz. Xədicənin simasında… Tale “yoluna su səpmişdi”. Hələ karvan yola düşməmiş ən böyük qazancını əldə etmişdi və bu qismətin sevincini yaşayırdı iliklərinə qədər… İndiyə qədər ən faydalı ticarətini edirdi. Bütün malını istəsə, bəlkə də, vermək üçün tərəddüd göstərməzdi… Əbu Talibin sözləri onu diksindirir:

− Ey Xədicə! Bu işin müqabilində zəhmət haqqı iki dəvə verəcəyini eşitmişəm, amma mənim qardaşım oğlu Məhəmməd Əmindir və mən Onun üçün bunun iki qatını istəyirəm.

Bir müddət bu istəyi götür-qoy edir zehnində… Belə bir qazanc üçün heç bazarlıq etməyə dəyərdimi? Dünya və axirət səadətinə qapı açılmışkən dəvə söhbətinə ehtiyac vardımı? Beləcə Əbu Talibin ardınca bunları deyir:

− Ey Əbu Talib! Doğrusu, sən çox asan və xoşa gələn miqdarda zəhmət haqqı istəyirsən. Bundan qat-qat çox istəsəydin, vallah, mən onu da qəbul edər və heç bir tərəddüd etmədən verərdim. Sən bunu heç sevmədiyim və uzaq bir adam üçün də istəsəydin, edərdim. Halbuki sən onu mənim çox istədiyim yaxın bir adam üçün tələb edirsən![2]

Artıq əməkhaqqı məsələsində də razılaşdıqları üçün karvanın yola çıxmasına heç bir əngəl qalmamışdı. Əbu Talib əvvəlki Şam səfərində qarşılarına çıxan rahib Bahiranın sözlərini yadına salıb qardaşı oğluna daha diqqətli olmağı tapşırır və dünya mənfəəti əldə edərkən qardaşı oğlundan məhrum olmamağın əndişəsini ifadə edirdi.

Yola düşmək vaxtı gəlib çatır,  Peyğəmbərimiz karvanla Məkkədən uzaqlaşır. Bu səfər ərzində heç bir məqam gözdən qaçmayacaqdı. Meysərə[3] adlı bir adam Məhəmmədül-Əmini addımbaaddım izləyir, demək olar ki, yanından ayrılmadan bütün hərəkətlərinə göz qoyurdu. Bu səfər üç ay çəkəcəkdi. Səfər əsnasında karvan əhli  bir-biri  ilə qaynayıb-qarışmış və Peyğəmbərimizi daha yaxından tanımaq imkanı əldə etmişdi.

 And

Uzun sürən məşəqqətli bir səfərin sonunda, nəhayət, Şama gəlib çatırlar. Hər kəs gətirdiyini yaxşı qiymətə satıb yeni yüklər almaq üçün səy göstərirdi. Məhəmmədül-Əmin də bu məqsədlə bazara yollanmışdı. Beləcə bir nəfərlə alış-veriş etmiş, ticarət məsələlərində razılaşmış və məsələ artıq sonuncu nöqtənin qoyulmasına gəlib çıxmışdı. İşin bu məqamında adam inadkarlıq edir, Məhəmmədül-Əminin and içməsini istəyir. Həm də o dövrün ən böyük bütləri hesab edilən Lat və Uzzanın adına… Həyatı boyu əl açmadığı bu əldədüzəlmə zavallıların adına heç and içilərdimi?! Əlbəttə, Allah Rəsulu (s.ə.s.) belə mənasız bir tələbə etiraz edir və:

− Mən əsla onların adına and içmərəm, onsuz da onlar qədər xoşlamadığım heç nə yoxdur, − deyir, öz şərtləri qəbul edilməyincə belə bir razılığın mümkün olmayacağını bildirirdi.[4]

Bir tərəfdə hadisələri izləyən Meysərə üçün bunlar çox mühüm məlumatlar idi. Allah Rəsulu onların yanından uzaqlaşınca adam xəlvətcə Meysərənin yanına yaxınlaşır, Lata və Uzzaya and içməkdən imtina edən bu adamın kim olduğunu soruşur:

− Onu tanıyırsanmı? Bu adam kimdir?

Və Meysərənin dillənməsinə macal vermədən qərarını verir və bunları söyləyir:

− Onu əsla tərk etmə. Şübhəsiz ki, O, Peyğəmbərdir.[5]

Rahib Nastura

Nəhayət, Şamdakı işləri də qurtarmış, yola düzəlmiş, geri qayıdırdılar. Yolun məşəqqəti dözülməz həddə çatanda dincəlmək üçün dayanırlar. Hərə bir tərəfə çəkilib həm hesab-kitabla məşğul olur, həm də dincini almağa çalışırdı. Allah Rəsulu da qoca bir ağacın altında oturub kölgələnirdi.

Bir qədər keçmişdi ki, Meysərə bir nəfərin qaça-qaça yaxınlaşdığını görür. Bu, onları  uzaqdan seyr edən məşhur rahib Nastura idi. Meysərənin yanına gəlir və:

− O ağacın altında oturub istirahət edən kimdir? − deyə soruşur. Bu sualın cavabı  Meysərə üçün heç də çətin deyildi. Tərəddüd etmədən:

− O, Məhəmməd ibn Abdullahdır. Harəm əhlindən bir gənc, − deyə cavab verir.

Cavabı eşidən rahib başını yelləyir. Aydın idi ki, eşitdiyi kəlmələr­dən və üslubdan xoşu gəlməmişdi. Çünki sual verərkən halından nəyəsə işarə etdiyi hiss olunurdu. Sanki: “Siz bilmirsiniz!” – demək istəyirdi. Meysərəyə başqa bir sual da verir:

− Onun gözlərində azacıq qırmızılıq varmı?

− Bəli, var, − deyə cavab verir Meysərə.

Rahibin qənaəti bir az da qətiləşir və and içərək bunları söyləyir:

− And olsun ki, bu günədək bu ağacın altında Peyğəmbərdən başqa heç kim dayanmamışdır.[6]

Bəlli ki, rahibin deyiləcək çox sözü vardı və hələ danışmaq istəyirdi:

− Şübhə yoxdur ki, O, bu ümmətin gözlədiyi peyğəmbərdir. Həm də peyğəmbərlərin ən  sonuncusudur.[7]

Meysərəni heyrət götürmüşdü. Bütün bu hadisələrə bir məna verə bilmirdi. Yalnız sahibəsi Xədicənin tapşırığını layiqincə yerinə yetirmək üçün qulağını dörd açmışdı, heç bir təfərrüatı nəzərdən qaçırmadan yaddaşına həkk etməyə çalışırdı.

Rahibdən öyrənməli çox şey vardı. Aydın idi ki, o da axtardığını bu qədər yaxınlıqda tapınca Onun haqqında daha çox şey öyrənmək istəyirdi. Buna görə də Meysərəyə ağacın altında istirahət edən Allah Rəsulu haqqında suallar verir və yol boyunca qarşılaşdıqları qeyri-adi hadisələrdən bəhs etməsini istəyirdi. O da alış-veriş əsnasında baş vermiş andlaşma məsələsini rahibə danışır. Rahibin həyəcanı daha da artmışdı. İçi içini yeyirdi. Verdiyi hökm artıq qətilik ifadə edirdi və özünə arxayın şəkildə yenidən bunları söyləyir:

− Vallah, bu, bizim gözlədiyimiz Peyğəmbərdir. Nə olar, Ona yaxşı bax, göz-qulaq ol![8]

Sonra da həyəcanla Məhəmmədül-Əminin yanına yüyürür. Əvvəlcə hörmətlə alnından öpür, sonra da ayaqlarına qapanıb bunları söyləyir:

− Mən şəhadət edirəm ki, Sən Allahın Tövratda zikr etdiyi həmin Şəxssən.[9]

Yenə eyni bulud

Fasilədən sonra karvan yenidən Məkkə istiqamətində yola düzəlir. Havalar çox isti idi və Meysərə yolda bulud şəklində iki mələyin Allah Rəsuluna kölgə saldığını görmüş və heyrət içində donub qalmışdı. Bu qədər isti havada iki bulud… Həm də daim bir nəfəri izləyən iki bulud… Getdiyi yerə gedən, dayananda da  dayanan iki bulud…

O isə halını pozmadan, arxayın-arxayın, heç bir şey olmamış kimi yoluna davam edirdi. Bütün bunlar Meysərədə elə bir məhəbbət hasil emişdi ki, artıq o, varlığını Məhəmmədül-Əminə həsr etmiş, özünü Onun bir qulu kimi görürdü.[10]

Məkkəyə çatanda günün ən isti vaxtı idi: yeri-göyü yandırırdı. Günəş, demək olar ki, səmanın tən ortasına qalxmışdı. Karvanın xəbərini alan Hz. Xədicə də hündür bir yerə çıxaraq onların gəlişinə tamaşa edirdi. Birdən gözləri bir mənzərəyə sataşır. İki mələk onun ticarət ortağı Məhəmmədül-Əminin üzərində qanadlarını açmış, Onu günün qızmar şüalarından qoruyurdu. Gördüklərini yaxın rəfiqələrinə də göstərmək istəyirdi. Onları dərhal yanına çağırır, karvan istiqamətini göstərir. Həqiqətən, gözoxşayan bir mənzərə idi. Görənlər heyrət və təəccübünü gizlədə bilmirdi.[11]

Səfərin hesabatı

Əlbəttə, bu səfər Meysərə üçün əvvəlkilərdən çox fərqli idi: yol boyu nə bir haqsızlığa məruz qalmış, nə də bir təhlükə ilə üzləşmişdilər. Apardıqlarını Şamda yaxşı qiymətə satmış, gətirdikləri malları da Məkkədə qat-qat baha satmışdılar. Məlum idi ki, nəhayət, Hz. Xədicə axtardığı keyfiyyəti  tapmışdı. Əvvəllər bir çox adamla ticarət etmişdi, amma  şübhəsiz, İnsanlığın Əmini onlardan fərqli  idi.

Əslində, Hz. Xədicənin dərdi qazanc üstə qazanc gətirmək deyildi. O, Meysərənin gəlməsini həyəcanla gözləyirdi və gələr-gəlməz yol boyu şahid olduqlarını bir-bir soruşmağa başlayır.

Meysərə əvvəlcə rahibin sözlərini nəql edir. Ardınca gələrkən gördüyü iki mələkdən bəhs edir. Şamda bir nəfərin and tələbini, Məhəmmədül-Əminin etiraz etməsini, sonra da həmin adamın sözlərini bir-bir çatdırır Hz. Xədicəyə. Yolda gördüklərini təkrar-təkrar danışır, Onun etibar və mətanətini tərifləyir.

Xədicənin istədiyi də elə bu idi. Qəlbindəki həyəcanı və ruh dünyasındakı çırpıntıları gizlətməyə çalışırdı. Necə olmasın ki, bütün yollar daima Onu göstərirdi.

Varaqa ibn Nəvfəlin izahları

Hz. Xədicə dərhal kamil mürşidi Varaqa ibn Nəvfəlin yanına gedir. Meysərənin danışdıqlarını əmisi oğluna deyəcəkdi.

Varaqa da eşitdiklərindən həyəcanlanmışdı. O da artıq gözlədiyini tapdığına əmin idi. Bütün bunlara izah gözləyən Hz. Xədicəyə:

− Ey Xədicə, əgər bu danışdıqların doğrudursa, şübhəsiz ki, Məhəmməd bu ümmətin Peyğəmbəridir. Mən də bilirdim ki, bu ümmətin gözlənilən bir Peyğəmbəri vardır. Məhz bu dövr Onun zamanıdır,[12]  − deyir.

Çünki Varaqa Tövratı və İncili ibrani dilində orijinaldan oxuyub-yazan nadir adamlardan biri idi. Kitablarda oxuduqları onu da daim gözləməyə vadar etmişdi və “Nə vaxt?” deyə-deyə Onun intizarını çəkirdi. Beləcə  şeirlər yazır, hər fürsətdə gəlişinin gecikməsindən  duyduğu kədəri  dilə gətirirdi.

Varaqanın sözləri Hz. Xədicə üçün çox əhəmiyyətli idi. Göründüyü kimi, hər şey Ona işarə edir, Onu göstərirdi. Bu günə kimi eşitdikləri, Məkkənin şahidliyi və Meysərənin danışdıqları, yolların daim birləşdiyi yeri − Məhəmmədül-Əmini, yəni doğru ünvanı göstərirdi. Hz. Xədicənin artıq tərəddüdü qalmamışdı. İllərlə gözlədiyi Peyğəmbər çox yaxınlığında idi. Ailə həyatı qurmağı beynindən silmişdi, amma bu gün Ona daha yaxın olmağın başqa bir yolu da görünmürdü.


[1]. Bax: Burak, Bekir, Hazreti Hatice, 2005 s. 15 və b.

[2]. İbn Sa’d, Tabakat, 1/156; Süheyli, Ravdü’l-Ünf, 1/122

[3]. Meysərə Peyğəmbərimizin bütün hərəkətlərini izləyib hesabat vermək üçün Hz. Xədicə anamız tərəfindən təlimatlandırılmış xüsusi adam idi.

[4]. İbn Sa’d, Tabakat, 1/130

[5]. Yemani,”Ummül Müminin Haticetu bintu Huveylid Seyyidetun fi Kalbil-Mustafa”, 119.

[6]. İbn Sa’d, Tabakat, 1/130

[7]. İbn Sa’d, Tabakat, 1/130

[8]. İbn Sa’d, Tabakat, 1/130

[9]. Suyuti, Hasaisu’l-Kubra, 1/51

[10]. İbn Sa’d, Tabakat, 1/130, 131; Taberi, Tarih, 2/196

[11]. Taberi, Tarih, 2/197

[12]. İbn Hişam, Sire, 2/10




Şərh yaz