4. 713 dəfə oxunub ,   0 şərh   Çap et

Allah niyə insanları bərabər yaratmadı? Niyə bəzilərini kasıb, bəzilərini varlı, bəzilərini şikəst, bəzilərini də sağlam xəlq etdi?

Hər şeydən əvvəl qeyd edək ki, belə bir sualı ancaq yaradılışın hikmətini anlamaq üçün verə bilərik. Əks təqdirdə, Allah qorusun, Allahı sorğu-suala çəkmək mənası çıxar ki, buna da heç kimin həddi və haqqı yoxdur. Çünki yaşadığımız dünya, tənəffüs etdiyimiz hava, içdiyimiz su, bizə xidmət edən ay, günəş – hər şey Onun mülküdür. Sahib olduğumuz və ya ola bilmədiyimiz hər şey Ona aiddir. Mülk sahibi mülkünü istədiyi kimi idarə edər.

Bunu belə bir misalla daha yaxşı anlaya bilərik. Olduqca səxavətli bir şəxs üç adamı götürüb üç şərəfəli (minarədə azan oxunan yer) bir minarəyə aparır. Hər şərəfənin pilləkəni ayrıdır. Hər birini bir pilləkənə yönəldir və hər pillədə – borcu olmadığı halda – onlara bir hədiyyə verir. Şərəfəyə çıxanda da hər birini daha böyük hədiyyə ilə mükafatlandırır. Ancaq birinci şərəfənin pilləkənləri ikincidən, ikinci isə üçüncüdən  az olduğuna görə birinci adam ikinci və üçüncüdən, ikinci isə üçüncüdən az hədiyyə alır. İndi birinci adam ikinci və üçüncüyə, ikinci isə üçüncü adama baxıb: “Niyə mənim çıxdığım pilləkənlərin sayı azdır? Niyə mənə daha az hədiyyə verdin?” – deyərək o səxavətli insana etiraz edə bilərmi? Əgər edərsə, bu, böyük bir nankorluq və ədəbsizlik sayılmazmı?

Rəbbimiz bizi yoxdan var etmiş, daş, torpaq, ot, yerdə sürünən böcək yaratmağa qadir olduğu halda məhz insan kimi xəlq etmişdir. Bununla kifayətlənməmiş, bizə saysız-hesabsız nemətlər bəxş etmişdir. Bütün kainatı əmrimizə vermişdir. Bunlardan daha önəmlisi bizləri qulluq rütbəsi (məqamı ilə) ilə şərəfləndirmiş və yer üzündə xəlifəsi etmişdir. Bütün bunlardan sonra bir insanın durub: “Mənim malım niyə azdır və ya mən niyə koram, niyə şikəstəm?” – kimi sözlərlə etiraz etməsi Rəbbimizə nankorluq olmazmı? Haşa, Rəbbimizdən bir alacağımız var ki, üstəlik Ona bir etiraz da edək? Bizim vəzifəmiz də Rəbbimizin vermədiyinə deyil, lütf etdiyi saysız-hesabsız nemətlərə baxıb şükür etməkdir.

Allah-Təalanın insanları fərqli vəziyyətlərdə yaratmasının bildiyimiz və bilmədiyimiz bir çox hikmətləri vardır. Bildik­ləri­mizdən bir neçəsindən burada bəhs etməyə çalışaq.

Birincisi: Allahın bir çox isimləri (adları) vardır və bu isimlər də yaradılışda müxtəlifliyi tələb edir. Məsələn: Rəzzaq ismi ruziyə möhtac canlıları, Şafi ismi xəstələrin olmasını tələb edir ki, bu ilahi isimlər təcəlli etsin. Yenə Allah Mucib ismi ilə darda qalanların, Kabiz ismi ilə qəflətə düşənlərin, Bəsit ismi ilə çətinlikdə boğulanların imdadına yetişir. Beləcə Rəbbimiz saysız-hesabsız isimləri ilə bizə Özünü tanıtdırır ki, əslində, bizim yaradılış qayəmiz də məhz Onu tanımaqdır.

İkincisi: hər şey öz əksi ilə məlum olur. Qaranlıq olmasa, gündüzün, xəstəlik olmasa, sağlamlığın, aclıq olmasa, toxluğun, kasıblıq olmasa, zənginliyin, çətinlik olmasa, rahatlığın qiyməti bilinməzdi. Şikəstlər olmasa, bütün üzvləri sağlam və yerində  olan insanlar bu nemətin fərqinə varmaz, bir bədən üzvü şikəst və ya olmayanlar da digər orqanların qiymətini tam anlamazlar. Qaldı ki, xəstəlik, şikəstlik və müsibət kimi hallar istisnadır. Xəstəlik və müsibətlər altmış-yetmiş illik insan ömründə çox qısa zaman kəsiyini əhatə edir. Şikəst insanlar da dünya əhalisinin kiçik hissəsini təşkil edir. Digər tərəfdən xəstəlik və şikəstlik hallarının əksəriyyəti də insanların səhlənkarlığından qaynaqlanır.

Üçüncüsü: bu dünya imtahan yurdudur. Allah insanları bəzən var-dövlət, bəzən kasıblıq, bəzən xəstəlik, bəzən də sağlamlıqla imtahan edir. Gözəllik, güc, sərvət, şikəstlik, sağlamlıq – bunların hamısı imtahan vəsiləsidir. “Bəqərə” surəsinin 155-ci ayəsində Uca Allah: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edə­rik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edənlərə müjdə ver!” – buyuraraq bu həqiqəti ifadə edir. Bu ayənin ardınca gələn ayələrdə də səbir edənlərin xüsusiyyətlərindən və Allah qatında böyük mükafat alacağından bəhs olunur. Allah heç kimə gücü çat­mayan yükü yükləməz və kimsəni sahib olmadığı bir şeyə görə də hesaba çəkməz.

Dördüncüsü: Allah mütləq ədalət və sonsuz mərhəmət sahibidir. Qullarına əsla haqsızlıq etməz, amma Allahın ədalətini tam anlamaq üçün dünya və axirəti birlikdə götürmək lazımdır. Dünya fani və müvəqqətidir, əsl həyat axirət həyatıdır. Dünya sadəcə axirətin tarlasıdır. Xəstəliklər və müsibətlər inanan və səbir edən bir insan üçün ibadətə çevrilir, altmış-yetmiş illik qısa ömründə kor olduğuna görə dünyanın fani gözəlliklərindən məhrum qalan bir mömin əgər səbir edərsə, cənnətdə əbədiyyən misilsiz gözəlliklərlə mükafatlandırılar. Allah birini alır, amma əvəzində qat-qat artıq verir. Əsas odur ki, insan buna səmimi qəlbdən inansın və səbirli olsun.

Beşincisi: Allah insanı bu dünyaya qulluq üçün göndərmişdir. Həqiqi hüzur və xoşbəxtlik Allaha yaxın olmaqda, Onun razılığını qazanmaqdadır. Xəstəliklərə, sıxıntılara, bəla və müsibətlərə məruz qalanlar acizliyini – bolluq içində və firavan yaşayanlara nisbətən – daha asan anlayıb mənən Allaha yönəlmə ehtiyacını hiss edir. İbadətlərə daha həssas yanaşır və daha çox savab qazanmağa və yaxşı işlər görməyə çalışırlar. Dünyada əsl qayəmiz bu deyilmi? Əgər bu cür hallar bizim xətalarımızdan qaynaqlanmırsa, cəza kimi başa düşülməməlidir. Əksinə, Allahın bir lütfü olaraq qəbul edilməlidir. Əlbəttə ki, heç kim xəstəlik, bəla və müsibəti arzu etməz, amma başa gələndə də kamil bir mömin: “Biz Allaha məxsusuq və (vaxtı çatanda) Onun yanına (Onun hüzuruna) qayıdacağıq!” – deyib səbir edər. (“Bəqərə” surəsi, 156)

Rəbbimiz bizi bolluqda, qıtlıqda, xəstəlikdə, sağlamlıqda – hər halımızda Ona üz tutan və mələklərin cənnətdə: “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gö­zəl­dir!” – deyib qarşılayacağı bəxtəvər qullarından eləsin.  (“Rad” surəsi, 24)




Şərh yaz