9. 014 dəfə oxunub ,   0 şərh   Çap et

Qədərə iman İslamın altı şərtindən biridir. Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, öldükdən sonra dirilməyə iman etmək fərz olduğu kimi, qədərə inanmaq da fərzdir. İslam inancında böyük önəm kəsb edən qədər (alın yazısı) məsələsi eyni zaman­da ən həssas mövzulardan biridir. Ona görə bu mövzuda bilmədən söz açmaq, hələ üstəlik imanı tam oturuşmayan insanlarla danışmaq doğru deyildir. Rəbbimizin inayətinə sığınaraq sırf iman əsaslarından biri olduğuna görə İslam alimlərinə müraciət etməklə mövzu haqda məlumat verməyə çalışacağıq.

Hərfi mənada qədər “ölçmək”, “təqdir etmək”, “formaya salmaq” və “şəkilləndirmək” kimi mənalar verir. Dini termin olaraq isə qədər Allah-Təalanın Qiyamətədək olacaq hər şeyi əvvəlcədən bilməsi, təqdir və təsbit etməsi deməkdir. Qurani-Kərimdə Allah-Təalanın hələ yaratmadan əvvəl hər şeyi ən incə təfərrüatına qədər elm planında təsbit edib, Kitabi-Mubin və ya Lövhi-Məhfuz adlanan və bizim üçün məchul olan bir əsas kitabda yazdığı bəyan olunur: “Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. Suda və quruda nə varsa, O bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın “Kitabi-Mubin”də (Lövhi-Məhfuzda) olmasın!” (“Ənam” surəsi, 59)

“Doğrusu, Sənə vəhy olunan bu kitab Lövhi-Məhfuzda olan şanlı Qurandır!” (“Buruc” surəsi, 21-22)

“(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qə­dər endiririk”. (“Hicr” surəsi, 21)

“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq”. (“Qəmər” surəsi, 49)

Bu ayələrdən açıq-aşkar görünür ki, Allah-Təala hər şeyi varlıq səhnəsinə çıxarmadan əvvəl təqdir və təsbit etmişdir. Olacaq hər bir şeyi ən incə təfərrüatına kimi əsas kitabda yazmışdır. Vaxt-vədəsi yetişəndə də əvvəlcədən yazdığı şeyləri qədər planına uyğun yaratmış və yaratmaqdadır. Kainatın başgicəlləndirici, heyrətamiz nizam və intizamı da bizə bunu göstərir.

Göylərdə, yerdə və yer-göy arasında nə varsa, hikmətli və yerli-yerindədir. Yalnız mikroskopla görünən çox kiçik varlıqlardan quşlara, ağaclara, insana, oradan dağlara, dənizlərə, çaylara, oradan nəhəng səma cisimlərinə qədər hər şeydə xariqüladə nizam-intizam, heyrətamiz ahəng və uyğunluq vardır. Kainatda atomdan hüceyrəyə, hüceyrədən günəş sisteminə və qalaktikalara qədər milyonlarla ildir ki, qüsursuz işləyən möhtəşəm və bir-biri ilə bağlı sistemlər bu gün də  göz önündədir.

Gəlin bu mövzunu bir misalla konkretləşdirməyə çalışaq. Geniş sahədə inşaat işlərinin görüldüyünü təsəvvür edək. Ustalar əvvəlcə metrə ilə sahədə ölçmə işləri aparırlar, müəyyən yerlərə payalar çalıb ip çəkir, işarələr qoyurlar. Bunların ardınca alətlər gətirib və işarələnmiş yerləri qazırlar. Bundan sonra əvvəlcə qazılmış yerə bir lay beton tökür, betonun üstündən dəmir döşəyir, dəmirlərin üstündən yenidən beton töküb bünövrə qoyurlar. Daha sonra qəliblər qurub yenidən dəmir döşəyir və ardınca bir qat da beton tökürlər. Bu əsnada da sahənin o biri tərəfində yeni quyular qazır, əsas binanın ətrafında irili-xırdalı başqa tikililər tikilir. Bu mənzərəyə kənardan baxdıqda hər şey dağınıq və qarma-qarışıq görünür. Hər tərəfə səpələnmiş qum, daş, kafel, metlax, sement dağınıqlıq, plansızlıq təsərrüfatı bağışlayır. Bir müddətdən sonra görürük ki, o kiçik tikililərin hamısı əsas bina ilə əlaqələndirilib, gözəl bir kompleks tikilib. İndi zərrə qədər ağlı olan bir insan deyə bilərmi ki, o ustalar və işçilər kor-koranə, plansız tikməyə başladılar, sonra da bu tikilənlər təsadüfən bir-birini tamamladı və nəticə olaraq gözəl bir kompleks meydana gəldi. Heç belə bir mürəkkəb kompleksin ən xırda detalları da ehtiva edən plan və layihəsiz inşa edilməsini düşünmək mümkündürmü? Təbii ki, xeyir.

İndi isə bir dönüb kainat sarayına da baxaq. Məsələn: bir gülün yaradılışını bir az yaxından izləyək. Torpağın köksünə toxum kimi düşən o çiçəyin milyonlarla formaya düşmə ehtimalı var. Ancaq kökü torpaqdan bərk-bərk yapışır, gövdəsi də yuxarıya doğru boy atır. Budaqları, yarpaqları ən faydalı və ən uyğun şəklə düşür. Deməli, o çiçək qədər proqramına uyğun olaraq böyüyür.

Bir də insanın yaradılışını göz önünə gətirək. İnsan vücudu ziqot adlı bir hüceyrədən necə formalaşır, bütün orqanları vəhdət halında necə meydana gəlir? Həzrəti Adəm əleyhissalamdan bu vaxta qədər başqa-başqa dövrlərdə, müxtəlif coğrafiyalarda dünyaya gələn bütün insanların bədən orqanları oxşar olduğu halda, barmaq izləri, üzü, səsi, xarakteri necə olur ki bir-birindən fərqlənir? Demək, elmi, qüdrəti hər yeri və bütün zamanı ehtiva edən Uca Yaradan hər bir insanın planını, proqramını ayrı-ayrılıqda ən incə təfərrüatına kimi yaratmış və bir əsas kitabda yazmışdır. Bu, o deməkdir ki, canlı-cansız bütün məxluqlar Allah-Təalanın əzəli elmi ilə yazdığı qədər proqramı əsasında yaradılır.

Baxış dairəmizi daha geniş aspektdə, yəni kainata baxdıqda hər şeydə incə bir plan və proqram görürük. Bu aspektdən yanaşanda hər şeyin əvvəlcədən müəyyənləşdirilmiş bir plan əsasında yaradıldığını görmək çətin deyil.

Rəbbimiz bütün İslam əsaslarına olduğu kimi qədərə də Onun razı olduğu şəkildə inanmağı bizlərə nəsib eləsin.




Şərh yaz