8. 366 dəfə oxunub ,   0 şərh   Çap et

Qurani-Kərimdə cənnət və cəhənnəm həqiqəti tez-tez xatırladılır. Cənnətə kimlər gedəcək? Hansı əməllər, hansı hal-vəziyyətlər, düşüncə və davranışlar insanı cənnətə aparır? Cən­nətdə möminləri hansı nemətlər və gözəlliklər gözləyir? Bunlar təfsilatı ilə anladılır. Eyni zamanda insanı cəhənnəmə sürükləyən əməllər, hallar, düşüncə və davranışlar, cəhənnəm əzabının qorxuncluğu da tez-tez dilə gətirilir. Beləcə Allah-Təala hər vəsilə ilə insanları cənnətə çağırır və cəhənnəmdən çəkindirir. Bu mövzu hədisi-şəriflərdə geniş əksini tapır.

Yaxşı, bu məsələyə həm Qurani-Kərimdə, həm də hədislərdə niyə bu qədər geniş yer verilir? Gəlin buna bir misalla aydınlıq gətirək. Ata və analar övladlarının oxuyub özlərini inkişaf etdirməsini, yaxşı sənət sahibi olmasını çox arzu edir, elə deyilmi? Valideynlər uşaqlarına “vaxtında əziyyət çəkib elm öyrənsən, gələcəkdə də bir çox yaxşı imkan və üstünlük əldə edəcəksən” deyib oxumağa həvəsləndirir, “əksinə, tənbəllik göstərib  vaxtı hədər etsən, nə qədər çətinliklərlə üzləşəcəksən” deyə xəbərdarlıq edirlər.

İndi isə gəlin düşünək. Bir insan, istisnaları nəzərə almasaq, ən tez 22-23 yaşda universiteti bitirir. İyirmi üç-iyirmi dörd yaşlarında da yaxşı-pis bir iş tapır. İnsan ömrünün orta hesabla 65-70 il olduğunu nəzərə alsaq, bu adamın yerdə qırx-qırx beş il ömrü qalır. Ata-anaların fövqəladə diqqəti, əziyyəti də övladın bu qırx-qırx beş illik ömrü rahat yaşaması üçündür. Bir də ki insan dünyada xətalarını düzəltmə, itirdiklərini geri qaytarmaq imkanı tapa bilir. O fürsət tapa bilməsə belə, bu qısa dünya həyatı bu və ya digər şəkildə axıb-gedir. Halbuki ölümdən sonra sonsuzadək davam edən bir həyat var və bir də yenidən dünyaya qayıdıb səhvləri düzəltmək şansı yoxdur. Məhz bu səbəbə görə mərhəməti sonsuz Rəbbimiz qullarını israrla cənnətə təşviq edir, cəhənnəmdən də çəkindirir.

İnsan cənnətin gözqamaşdırıcı möhtəşəm gözəlliyini və orada möminləri gözləyən sonsuz nemətləri azacıq dərk etsə, Rəbbimi­zin bu təşviqlərini və qullarına sevgisini, mərhəmətini daha yaxşı anlayır. Hərçənd bəzi gözəlliklər və ləzzətləri görmədən, dadmadan və yaşamadan anlamaq olmaz. Üstəlik axirət yurdu olan cənnəti dünya meyarları ilə ölçmək tamamilə qeyri-mümkündür. Biz bir daha ayə və hədislərin işığında cənnətdə möminləri gözləyən sonsuz nemətləri və saysız-hesabsız gözəllikləri az da olsa, anlatmağa çalışaq.

Allah cənnətdə saleh qulları üçün altından çaylar axan yüksək köşklər hazırlamışdır. Bu köşklərin kərpic qızıl və gümüşdən, suvağı isə müşkdəndir. Ər və arvadlar hər cür rahatlığa malik bu köşklərdə gözəl işlənmiş ləl-cövhər taxtların üstündə qarşı-qarşıya otururlar. Əyinlərində incə ipək və parlaq atlasdan heç vaxt köhnəlməyən libaslar var. Xidmətçilər əllərində qızıl məcməyi və kuzədə onlara xidmət edirlər. Orada göz-könül istəyən hər şey mövcuddur: hər növ meyvələr, bir-birindən ləziz sular, qoxumayan sudan, dadı dəyişməyən süddən, süzmə baldan çaylar və daha nələr, nələr…

Həm də dünyada insanın hüzur və xoşbəxtliyinə kölgə salan kin, qısqanclıq, düşmənçilik kimi bütün pis ehtiras və hislər cənnət sakinlərinin qəlbindən uzaqlaşdırılacaq. Hamı bir-biri ilə canbir, qəlbbir dost və qardaş olacaq. İnsanlar neçə yaşda ölsələr də, cənnətə gənc halda daxil olacaq və həmişə də gənc qalacaqlar. Gözəl və yamyaşıl ağacların kölgəsində, daim şırhaşır axan bulaqların başında şirin-şirin söhbət edəcəklər.

Orada nə aclıq, nə susuzluq, nə qəm, nə kədər, nə yorğunluq, nə də kədər verən başqa bir şey olacaq. Əksinə, cənnət əhli bi­tib-tükənməyən nəşə, hüzur və xoşbəxtlikdən zövq alacaq. Yeri gəlmişkən, bir müqəddəs hədisdə bəyan edildiyi kimi saleh qullar üçün orada “Gözlərin görmədiyi, qulaqların eşitmədiyi, xəyala da gəlməyən nemətlər hazırlanacaq”. (Buxari, Bədül-Xəlq:8; Müslim, Cənnət: 2)

Əlbəttə ki, məsələnin ən önəmli və gözəl tərəfi də bu gözəllik və xoşbəxtliyin əbədi olmasıdır.

İnsan bu dünyada ən gözəl məkanlarda yaşasa da, hər cür imkanı olsa da, bir müddət  sonra sıxılmağa başlayır. Əvvəlcə xoşuna gələn şeylər bir müddət sonra ləzzət vermir. Cənnətdə isə belə bir bezginlik və yorğunuq olmayacaq, çünki orada ən aşağı dərəcəli möminə belə ucsuz-bucaqsız cənnət bağçaları lütf ediləcək. Orada möminləri heyrətə gətirən nemətlər, mütəmadi olaraq təzələnən gözəlliklər, şirin və xoş mükafatlar olacaq.

Mömin bütün bu cənnət nemətləri ilə yanaşı, cənnətə düşən bütün sevdikləri ilə, Allah dostları ilə, Allahın ən seçilmiş qulları peyğəmbərlərlə bərabər olacaq. Nəbilər Sultanı Sevgili Pey­ğəm­bərimizlə (sallallahu əleyhi və səlləm) görüşmək imkanı əldə edəcək. Sadəcə Həmd sancağının altında, Kövsər hovuzunun başında Sevgili Peyğəmbərimizi bir neçə dəqiqəliyinə də olsa, görmək belə hər cürə sıxıntıya və fədakarlığa dəyməzmi?

Bunlardan da üstün bir nemət var, o da bütün gözəlliklərin yaradıcısı, Gözəllər Gözəli Rəbbimizin razılığını qazanmaq və bənzərsiz camalını müşahidə etməkdir (görməkdir, baxmaqdır). Cənnətin ən dadlı meyvəsi, məhz budur. Bir İslam alimi belə deyir: “Dünyanın ən məsud, ən xoşbəxt min illik həyatı cənnətin bir saatına çatmaz. Cənnətin də min illik həyatı Allah-Təalanın camalını bir saat görməyə tən ola bilməz”.

Xülasə, cənnət tükənməz və sonsuz gözəlliklərlə, nemətlərlə, mükafatlarla süslənmişdir. Ən gözəl nemət isə Rəbbimizin razılığını qazanmaqdır, ilahi rizadır. Qısaca, dünya həyatı üçün bütün səy və bacarıqlarımızı ortaya qoyub can-başla çalışdığımız halda, əbədi səadətə laqeyd yanaşmaq doğrudurmu?

Burada bir önəmli məsələni də xatırlatmaq faydalı olar. Belə əbədi səadəti itirmək bir insan üçün olduqca kədərli haldır, amma bundan betəri də var: cənnəti itirən cəhənnəmi qazanır, çünki cənnətin bircə alternativi var, o da cəhənnəmdir.

Allah-Təala belə bir aqibətdən bizi və bütün sevdiklərimizi qorusun. Bizlərdən razı olsun və bizi cənnətdə Peyğəmbərimizə qonşu eləsin.



Açar sözləri

cennet

Bənzər məqalələr

Xristianlar cənnətə girə bilərmi?

İslam dininə görə, “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah (Allahdan başqa ilah yoxdur, həzrət Muhamməd (s.ə.s) Allahın elçisi, peyğəmbəridir.)” deməyən, bu həqiqətə inanmayan cənnətə girə bilməz. Xristianların və digər qeyri-müsəlmanların uşaqları həddi-büluğa çatmadan ölərsə mükəlləf olmadıqları üçün bəlkə də cənnətə girə bilərlər.

Heyvanlar cənnətə girəcək?

Uca Allahın adlarından biri də Hakimdir. Hakim hikmətlə yaradan, hikmətlə iş görən deməkdir. Bu ad, yaradılan hər şeyin bir hikmətlə yaradıldığını, israf edilməməsini tələb edir. Bundan hərəkətlə heyvanların da yox olub getməyəcəyi, müxtəlif şəkillərdə həyatlarını davam etdirəcəyi qənaətinə gələ bilərik.


Şərh yaz