2. 392 dəfə oxunub ,   0 şərh   Çap et

 İslamda oxuyub-yazmağa əhəmiyyət verildiyi halda, Allah Rəsulunun ümmi olmasının hikməti nədir?

Bəli, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ümmidir. Ümmi yazı yazmağı bilməyən və ya yazmağı öyrənməyib yaşadığı cəmiyyət kimi qalan şəxsə deyilir. Uca Allah  bir sıra hikmətinə bi­naən oxuma-yazma bacarmayan və kitab oxumamış insanı peyğəmbər göndərmişdir. Qurani-Kərimdə Rəsulullahın daha əvvəl oxuma-yazma bilmədiyi açıq bəyan edilir: “(Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu haradansa oxuyub öyrənmişdir, deyərdilər)”.(“Ənkəbut” surəsi, 29/48)

Peyğəmbərimizə vəhy gələndə qırx yaşı vardı və bu müddətdə Məkkədə yaşamışdı. Məkkəlilər onun həyatının necə keçdiyini, nə ilə məşğul olduğunu çox yaxşı bilirdilər. Hətta Məkkədən başqa yerlərə səfər edəndə belə tək deyildi. Həyatının gizli bir tərəfi yox  idi məkkəlilər üçün. Bütün bunlara baxmayaraq, onlar inadkarlıqla inkar edirdilər.

Tarixi mənbələr və ən əsası da Qurani-Kərim Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) ümmiliyini bildirsə də, bəziləri qəsdən Onun oxuma-yazma bildiyini iddia edir. Çünkü bunu isbat etsələr, “vəhy Peyğəmbərin öz sözləridir” və “Qurani-Kərimi Tövrat və İncil əsasında hazırlayıb Ərəb dilinə uyğunlaşdırmışdır” iddialarına dəlil tapmış  olacaqlar.

Rəsulullah  (sallallahu əleyhi və səlləm) dövrünün Məkkəsinə və Onun həyatına baxanda bir mədrəsə və ya bir kitaba rast gəlmirik, ancaq Onunla göndərilən İslam dininin  mükəmməl və cahanşümul olduğunu görürük. Belə bir dinin və ya Qurani-Kərimin dünyagörüşü və əldə edilən biliklərlə meydana gətirilməsi mümkün deyil. Üstəlik o dövrün  Məkkəsində tək-tük adamın yazı savadı vardı. Yazmağı bilənləri isə hamı tanıyırdı. Yəni Allah Rəsulu uşaqlıq illərində və ya daha sonralar bir müəllimdən yazı öyrənmiş olsaydı, bunun gizli qalması mümkün deyildi.

Əshabın Rəsulullaha (sallallahu əleyhi və səlləm) qarşı sonsuz sevgisi siyər kitablarında öz əksini tapır. Səhabələr Ondan qalan ən kiçik xatirələri belə yaşadaraq nəql etmiş və bu xatirələr əsrlərlə qorunub saxlanmışdır. Həqiqətən də, Onun öz dəsti xətti ilə yazdığı yazı olsaydı, qorunub saxlanar və bu günədək gəlib çatardı.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) oxuma-yazma bilsəydi (və Quranı başqa kitablar əsasında hazırlamış olsaydı), kitab əhli Peyğəmbərimizin Quranda əksini tapan  Yəhudiliyə, Xristianlığa və müqəddəs kitablara dair məlumatları, müxtəlif elm sahələrinə aid işarələri və prinsipləri Tövratdan, Zəburdan, İncildən və ya başqa kitablardan götürdüyünü və bir mənada ogünkü Ərəb üsulu ilə nəql etdiyini iddia edərdilər. Lakin Alim və Hakim olan Allah Peyğəmbərimizin ümmi olmasını istəmiş və bu cür iddia və iftiraların ortaya çıxmasına izin verməmişdir.

 Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) həm Quran, həm də onun izahı vəhy olunurdu. Allah Rəsulu da o vəhyləri olduğu kimi ümmətinə təbliğ edirdi. Əksinə, məsələn,  Peyğəmbərimizin zehnində bəzi əlavə məlumatlar olsaydı, zehindəki elastiklik  kəlmə şəklində deyil, məna şəklində bildirilən (qeyri mətluv) vəhyi sağa-sola çəkə və dolayısilə, fərqli izahlar meydana çıxa bilərdi. Lakin Peyğəmbərimiz ümmi idi, zehni dupduru və pak idi, başqa fəlsəfə və mədəniyyətlərin təsirinə məruz qalmamışdı. Allahın yardımı və hikməti ilə qorunmuşdu.

Rəsulullahın “Biz ümmi ümmətik…” bəyanını da bu aspektdə dəyərləndirmək mümkündür. Bu hədisi-şərif də oxuma-yazma bilməməyi deyil, zehnin, düşüncənin başqa mədəniyyət və dinlərə aid bilik qırıntıları ilə kirlənməməsini vurğulayır.  Bəli, səhabələr də ümmi idi, yəni əcnəbi mədəniyyətlərin təsirinə məruz qalmamışdı. Onlar o dövrdə hakim olan Roma və Fars mədəniyyətlərinin təsirindən qorunmuşdular. Buna görə də ze­hinləri tərtəmiz idi. Quranı anlamaq və izah etmək üçün başqa qaynaqlara müraciət etməyə ehtiyacı duymurdular. Halbuki sonrakı nəsillərin zehinlərinin bulanmasında, fikirlərinin qarışmasında, imanın zəifləməsində fərqli mədəniyyətlərin təsiri altında yetişmiş insanlar az rol oynamamışdır.

 Digər tərəfdən, Allah Rəsulunun həqiqi müəllimi Uca Allahdır. Öyrənmək bir ehtiyacdan qaynaqlanır. Rəsulullah (sallal­lahu əleyhi və səlləm) isə lazım olan hər şeyi Ondan öyrənəcəkdi. Aləmlərin müəlliminin Allahdan qeyrisindən öyrənməsinə onsuz da, ehtiyac yox idi. Yoxsa Onun ümmi olması oxuma-yazmağı əhəmiyyətsiz saymasından irəli gəlmir. Yoxsa ilk vəhyin ilk əmri “oxu” olardımı? Uca kitabda qələm və qələmlə yazılanlara and içilərdimi? İnsanları oxuma-yazmağa bu qədər təşviq edərdimi? “Bilənlərlə bilməyənlər eyni olarmı?” bəyanını insanlara çatdırardımı? Bədir kimi əhəmiyyətli döyüşdən sonra əsirlərə oxuma-yazma bilməyən müsəlmanları öyrətmək şərti ilə azadlıq yolunu göstərərdimi?




Şərh yaz