Dua ərəb mənşəli söz olub “səslənmək”, “çağırmaq”, “köməyə çağırmaq”, “kömək istəmək”, “Allaha yalvarmaq”, “Ondan diləmək”, “Ona yalvarıb-yaxarmaq”[1]deməkdir.
“Dua”nın lüğəvi mənası kiçikdən böyüyə, aşağıdan yuxarıya, acizdən güclüyə doğru yüksələn istək və niyazdır. Yəni dua Allahla qul arasında–kiçikdən böyüyə, aşağıdan yuxarıya doğru gedən dilək və niyazdır.
Dua anlayışı bir məfhum kimi, qulun Allaha sığınması və yalvarması, Allahın böyüklüyü qarşısında qulun gücsüzlüyünü, acizliyini etiraf etməsi, sevgi və ehtiram hisləri ilə lütf, kömək və əfv diləməsi kimi mənaları ehtiva edir. İnsan ehtiyacını əldə etməkdə aciz və gücsüz olduğunu, Rəbbinin isə duasını eşidəcəyini və istəsə, ehtiyacını qarşılayacağını bilir. Çünki insan fani, məhdud, zəif, arzu və ehtiyaclarla dolu bir varlıq kimi yaradılmışdır. Allah isə yaradandır; gücü sonsuz, neməti bol, mərhəməti genişdir. Dua “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)” (“Fatir” surəsi, 35/15) məallı ayənin də bildirdiyi kimi, insanın Allahın hüzurunda öz acizliyini və çarəsizliyini etiraf edərək diləyini Ondan istəməsidir.
Başqa bir ifadə ilə dua ruhun qidasıdır və bu qida ruha aramsız verilməlidir. Dua insanın iradəsini qüvvətləndirən ovsundur. Bu gücün sirrini hər anını dua ilə süsləyən insan bilər ancaq! Dua insanın həm səbəblərə baxmadan Allahın qüdrətindən mədəd umması, həm də acizliyini elan etməsidir.
Duada əsas məqsəd bəndənin halının Allaha ərz edilməsidir, buna görə də dua bəndə ilə Allah arasında irtibatdır, əlaqədir. Bu zaman bəndə halını onu yaradan və ruzi verən Rəbbinə ərz edir, acizliyini, gücsüzlüyünü dilə gətirir, səhvlərini və nöqsanlarını bildirir, buna müqabil o “Uca dərgah”dan kömək, əfv, mərhəmət, güc və dəstək istəyir. Bu, qulun Allaha bağlılığı və təslimiyyətidir.[2]
Din alimləri duanı ibadətin bir hissəsi kimi qəbul etmiş və: “Dua ən böyük ibadətdir,” – demişlər. Bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də: “Dua ibadətin elə özüdür” və ya “Dua ibadətin əsası, iliyidir,”[3]– buyurmuşdur. Bu baxımdan duaya namaz qədər əhəmiyyət verilməlidir. Aşağıdakı ayə də buna işarə edir: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin” (“Əraf” surəsi, 7/55).
Bəli, dua, ibadətin əsası, qulluğun bir parçasıdır. Dua etməyənin Allah dərgahında dəyəri yoxdur. Çünki ayədə dua etməyi qüruruna sığışdırmayan kafirlərə xitab edilir: “(Ya Rəsulum, müşriklərə) de ki: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?”” (“Furqan” surəsi, 25/77)
Burada diqqətçəkən məqam dua etməyənlərin dəyərsizliyi və Allah dərgahında əhəmiyyətli bir cəhətə malik olmamasıdır. İstər insan, istər heyvan bütün varlıqlar özünəxas dillə dua edir. Ancaq hal (hərəkət və davranışlarla bildirmə) dili ilə dua etmək və fitrət dili ilə Allahı yad etmək daha çox heyvanlara və dilini anlamadığımız digər varlıqlara məxsusdur. Bildiyimiz və başa düşdüyümüz bir dillə dua etmək isə yalnız insanlara və cinlərə aiddir.
Duanın insan həyatında yeri olduqca əhəmiyyətlidir. İnsan bilərək-bilməyərək günün hər saatı, hər anında bədən üzv¬lərinin dili ilə dua edir. Şüurlu şəkildən edilən dua isə ibadət olmaqla yanaşı bəzi məsələlərin də həll olunmasına vəsilədir.
Duada əsas məqam qulun Allaha möhtac olduğunu, Ondan başqa çarə olmadığını bilməsi, dərk etməsidir. Məhz qəbula ən yaxın olan dualar da bu düşüncə, bu anlayışla edilən dualardır. Yəni çətin vəziyyətdə, dənizin ortasında köməksiz qalan çarəsiz insantək Allaha edilən niyazlar ən məqbul dualardandır.
Başqa bir ifadə ilə dua: “Qulun qarşılaşdığı çətinliklərin, ha¬disələrin təsiri ilə bir şey üçün və ya Allah üçün Allaha yönəlməsidir”. İnsan çətin vəziyyətdən qurtulmaq, pis hallarla qarşılaşmamaq üçün Allahı yad edir, aciz, gücsüz olduğunu və nöqsanlarını səmimi etiraf edərək Ondan kömək istəyir. Çətin vəziyyətdən qurtulmaq istəyi insanı günahlardan peşman olmağa və qəlbini, ruhunu təmizləməyə, Allahı mədh etməyə, əfv diləməyə sövq edir. İnsan bəzən də çətinlikdən qurtulduğu, rahatlıq tapdığı üçün məmnunluğunu dilə gətirir. Dua bəzən təbiətdəki müvazinət, gözəllik və mükəmməlliyi dərk edən, həqiqəti sezən insanın heyrətinə tərcüman olur.
“DUA – QULDAN RƏBBƏ YÜKSƏLƏN QULLUQ NİŞANI” kitabından
İbadətin şəri (dini, şəriət) mənası “xalis bir niyyətlə, savab qazanmaq niyyəti ilə, Allaha yaxın olmağı düşünərək edilən ibadət”dir. “İbadət” deyəndə həm itaət, həm də qürbət, yəni Allaha yaxınlaşma mənaları da nəzərdə tutulur.
Bir kimsəyə həcc ibadətinin fərz olması üçün prioritetli olaraq bu kimsənin Müsəlman olması, ağıllı və yetkinlik çağına çatmış ol/tapılması, azad olması; həcc edə bilməsi üçün bədəni və maliyyə imkanlarının kafi olması lazımdır ki, buna fiqh kitablarında, güc çatdıra bilmə, edə bilmə mənasına “istitaat” deyilir.
Dini mükələfiyət nə deməkdir ? İslam dini ağıllı və yetkinlik yaşına çatmış müsəlman kişi və qadınlara Allahın əmrlərini yerinə yetirməyi, qadağalarından çəkinməyi əmr edir. Bu əmr və qadağalara “təklif ”, əmr və qadağalara riayət edən müsəlmanlara da “mükəlləf ” deyilir. Mükəlləf olanların yerinə yetirməli olduğu əməllərə isə “əfali-mükəlləfin” (yerinə yetirilməsi və ya yetirilməməsi zəruri olan […]
Allah ləfzi ilə bağlı İslam alimləri -Onun özünü qullarına tanıtmış olduğu bəyanları əsas götürərək- belə demişdirlər: Allah varlığı özündən (Vacibul-vücud) olan və bütün həmd və təriflərə layiq olan ən uca varlığın adıdır. Bu tərifdəki ‘varlığı özündən olan’ ifadəsi Allahın yoxluğunun düşünülə bilməyəcəyini, var olmaq üçün başqa bir varlığın dəstəyinə möhtac olmadığını, bu səbəbdən Onun kainatın yaradıcısı […]
Dua ruhun qidasıdır və ruh bu qidanı fasiləsiz almalıdır. Dua Allaha qulluğun başqa bir adıdır. Dua səbəb və vasitələrin fövqündə həm Allahın qüdrətinə etimad və güvən, həm də bir insan kimi acizliyi, zəifliyi elan etmək deməkdir.