7. 590 dəfə oxunub ,   0 şərh   Çap et

Qədir gecəsinin feyz və bərəkətindən kim istifadə edər?

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər. O gecə dan yeri ağarana qədər salamatlıqdır (əmin-amanlıqdır).” (Qədr surəsi, 97/1-5)

Peyğəmbərimiz (s.ə.s.): “Allah Qədr gecəsini yalnız bu ümmətə hədiyyə etmişdir.” buyurur. (Suyuti, Camius-Sağir, 2/269) Mələklərin yer üzünə endiyi və bir mənada ruhaniyyətin çoxaldığı Qədr gecəsi (Qədr surəsi, 97/4)  kimi bir lütfü əldən qaçırmaq olmaz. Bu gecənin böyük bir nemət olması onu layiqincə dəyərləndirməyə bağlıdır.

Öncəliklə qeyd etmək lazımdır ki, bu lütfə layiq olmaq üçün Ramazan ayını oruclu keçirmək lazımdır. Oruc tutmağa niyyət etdiyi halda, xəstəlik və s. kimi üzrlü səbəbdən tuta bilməyənlər, ya fidyələrini verər və ya sağaldıq sonra qəzasını edərlər. Belə olarsa onlar da bu müjdədən öz nəsiblərini alarlar. “Kim, fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman 28, Savm 6; Müslim, Siyam 203, Misafirin 175) Quza qəbiləsindən bir şəxs Rəsulullahın (s.ə.s) yanına gəldi.  “Ey Allahın elçisi! Mən, Allahdan başqa ilahın olmadığına və sənin Allahın elçisi olduğuna şahidlik edərsəm, beş vaxt namazı qılarsam, bu ayı (Ramazanı) oruc tutarsam, Ramazan gecələrini namaz qılaraq keçirərsəm və zəkatı verərsəm, buna nə deyirsən?” – deyə sual verdi. Bunun üzerinə Rəsulullah -səllallahu əleyhi və səlləm- belə buyurdu: “Bu hal üzrə ölən şəxs, (Qiyamət günü) siddiqlər və şəhidlərdən olar.” (İbn Hüzeyme Sahih 2212. Albani səhihdir demişdir.) Bu müjdəyə nail olmaq üçün Ramazanın bütün gecələrini əhya etmək də şərtdir. Bəzi gecələrini əhya etmək kifayət deyil. Məlum olduğu kimi, yatsı namazının fərzi ilə birlikdə təravihi də qılan bir insan həmin gecəni əhya etmiş sayılır. Hətta bəzi alimlərə görə, yatsının fərzini belə qılmaq gecəyə vəd edilmiş savabı qazanmağa kifayət edir. “Yatsı namazını camaatla qılan şəxs, gecə yarısına qədər namaz qılmış kimidir. Sübh namazını camaatla qılan şəxs də bütün gecə namaz qılmış kimidir.” (Müslim, Məsacid 260) Osmanlı dövrünün böyük alimi Mehmed Zihni Əfəndi ramazan ayı daxil digər gecələrə də şamil olmaqla “gecənin əhyası”nı bu şəkildə izah edir: “(Hədisdə işlənən) “qiyam”ın mənası gecənin çox hissəsini, bir fikrə görə isə, bir saatını ibadətlə məşğul olmaq deməkdir.” (Mehmet Zihni Əfəndi, Neməti-İslam, s. 357.)

Peyğəmbərimiz (s.ə.s.): “Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi  namaz qılarsa, keçmiş günahları əfv olunar.” (Buxari, Siyam 71.)

“Qədir” sözü “dəyər”, “qiymət” və “ölçü” mənalarına da gəlir. Bu sözün “qüdrət”lə də əlaqəsi vardır. Allah axirətdə hikmətindən çox qüdrəti ilə rəftar etdiyi kimi Qədr gecəsi də hikmətdən çox qüdrət hakim olur. O gecənin qədrini bilənlər bol-bol İlahi lütfə layiq olur, üstəlik bu lütflər də axirətdə möminlərə verilən mükafata tən gəlir. Bu səmavi nemətlərdən faydalanmaq üçün Qədr gecəsini gözəlcə dəyərləndirməliyik. Bu gecə insan mənəvi tərəqqi sayəsində İlahi dərgaha yaxınlaşar.

Qədr gecəsi başdan-başa ilahi lütflə doludur. Əsas məsələ Ramazan günlərini və Qədr gecəsini Allaha yaxınlaşmaq üçün dəyərləndirməkdir. Qədr gecəsi ibadət və nəfslə mübarizə ilə qazanılan sa­vab min ayın savabından xeyirlidir. Bu, sırf Allah-Təalanın Rəsuluna və İslam ümmətinə bir lütf və ehsanıdır.

Bunu kiçik bir misalla izah edək. Deyək ki, Ramazanda Qədr gecəsini əhya edirsiniz. Bu, min ay hesabı ilə səksən il edir. Yəni səksən ildə əldə edilən savabı qazanır, başqa sözlə, min ay namaz qılmış, min ay oruc tutmuş olursunuz. Buna isə insan ömrü yetməz. Çünki Məhəmməd ümmətində ən uzun yaşayanlar belə səksən ildən bir az artıq ömür sürür. Bu elə min ay, elə səksən ildir ki, içində riya, süma hissi yoxdur… Məsələn, biz, bəzən fərqində olmadan, namazda rüku edəndə “Camaat da gördü ki, necə rüku elədim” deyə ürəyinizdə düşünürük. Burada işin içinə riyakarlıq girir. Bir də tələffüz etdiyimiz sözləri qəsdən, uzadaraq, ağır-ağır deyiriksə bu da süma (eşitdirmək) olur. Halbuki Uca Allah bizim hər halımızdan xəbərdardır. Peyğəmbərimizin səcdəsi haqda: “O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində qıvrım-qıvrım olanda da”, – (“Şüara” surəsi, 26/218-219) buyurur. Riyakarlıq qarışmış səcdə və rükudan bizə ancaq  əyilib qalxmaq, bir də yorğunluq qalar. Qədr gecəsini əhya edərkən səmimi duyğularla yalvarıb-yaxarmaq, içi yana-yana dua etmək insana çox böyük savab qazandırar.

Salehlərdən biri buyurur ki, əgər bir şəxs birinin malını yemiş, birini söymüş, ya da birinin qeybətini etmişsə axirətdə müflis olacaq, qul haqqı günahlarına qarşılıq savabları əlindən çıxacaq. (Buxari, Məzalim, 10) Yəni, Uca Allah sizin savabınızdan götürüb haqq sahiblərinə verəcək. Ancaq Öz fəzli ilə lütf etdiyi savablara toxunmayacaq. Şəxsi qazancınız günahlarınıza qarşılıq verilsə də, günümüz ifadəsi ilə bonus olaraq  verilən  Allahın fəzli, mükafatı səksən ilə bərabər olaraq sizdə qalacaq. Doğrusunu Allah bilir.

Bəli, Ramazan ayı belə xeyirlərə, savablara vəsilə olan bir aydır. Bir də Rəbbani olmaq yolunu seçmiş xas möminlər vardır. Peyğəmbərlərin ən əsas göndəriliş qayəsini özlərinə yol kimi seçən bu şəxslər təbliği həyatlarının mərkəzinə yerləşdirərlər. İmana və Qurana xidmət etmək şüuru ilə yaşayan bu insanların qazancları da qatlanaraq əməl dəftərinə yazılacaq. Onların həyatda əsas amalı  budur, inandığı, hiss etdiyi, qazandığı gözəllikləri başqalarının da yaşamasını arzu edərlər. Bu məqsədlə iftar süfrəsi açar, insanları dəvət edər, heç oruc tutmayan şəxsə oruc tutmağa təşviq edər, məscidə heç vaxt girməyən, alnı səcdəyə dəyməyən şəxsi qolundan tutub məscidə aparar, səxavətli olar, bol-bol infaq edər və s. (Qadınların dadlı iftar yeməkləri hazırlaması, hər gün süfrə açması, bulaşıqları yuması və bunu edərkən bezginlik göstərməməsi, hər gün daha bir şövqlə yorulma bilmədən bu işi görməsi kim bilir onlaraa nə savablar qazandırar.) Belə şəxslər əslində Ramazanı fərqli bir şüurla yaşayar. Bir növ hər gecəni dolu-dolu yaşayar, əhya etmiş kimi savab qazanarlar. İmam Rəbbani həzrətlərinin dediyi kimi, təkcə bir Ramazanı bu şəkildə əhya etməklə bütün ömrünü Haqq yoluna həsr edənlərin mükafatlarına çatmaq mümkün deyildir. Çünki bu insanlar çox gözəl və böyük işlər görür və bəlkə də, hal-hazırda şanlı bir tarix yazırlar. Bu baxımdan, əgər ixlaslı bir insana bir Ramazan ayını əhya etməklə səksən illik ömrün mükafatını qazanırsa, hər halda Quran xadimlərinin mükafatının həddi-hüdudu yoxdur”.

Ramazan feyz və bərəkət ayıdır. Rəsulullah: “Vay o insanların halına ki ramazanı keçirir, amma Allahın əfvinə nail ola bilmir”, – buyurur. Tərsini düşünsək. “Onlar necə xoşbəxtdir ki, Ramazanı gördülər, Allahın əfv və mükafatına nail oldular və günahlardan arınaraq Ramazanı başa vurdular.”

Ramazanın bu savab fürsətlərini qaçırmaq insafdan deyil. İba­dətə qəlbən bağlı olmalı, hər ibadəti dünya ilə vidalaşırmış kimi, son ibadət kimi etməliyik. Gəlin Həzrət Məhəmməd Mustafa (s.ə.s.) kimi yaşayaq. “Bilmək olmaz, bəlkə də, belə bir gecə bir daha nəsib olmayacaq”  düşüncəsi ilə Haqqın hüzuruna üz tutaq. Və qədir gecəsini adına layiq şəkildə dəyərləndirək.



Açar sözləri

qədr qədr gecəsi Ramazan

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz