3. 999 dəfə oxunub ,   0 şərh   Çap et

20 – Taha
Taha surəsi

(Məkkədə nazil olmuşdur, 135 ayədir)
1
Ta, Ha!
2
Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi).
3
(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).
4
O, yeri və uca göyləri yaradandan (Allahdan) nazil olmuşdur.
5
Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).
6
Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.
7
(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir).
8
Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur!
9
Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı).
10
(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”
11
(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa!
12
Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə – Tuvadasan!
13
Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!
14
Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!
15
O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə büruzə verir).
16
Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!
17
Ya Musa! Sağ əlindəki nədir?”
18
(Musa) dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”
19
(Allah) buyurdu: “Ya Musa! Onu (əsanı yerə) at!”
20
(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sürətlə sürünməyə başladı.
21
(Allah) buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!
22
Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən) başqa bir möcüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi gözqamaşdırıcı şəfəq saçsın).
23
Və Biz də (bununla) sənə ən böyük möcüzələrimizdən (bir neçəsini) göstərək.
24
(Ya Musa! Bu möcüzələrlə bir peyğəmbər kimi) Fironun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır (Allahlıq iddiasına düşmüşdür)”.
25
(Musa) dedi: “Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət;
26
İşimi yüngülləşdir;
27
Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,
28
Sözümü yaxşı anlasınlar!
29
Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver –
30
Qardaşım Harunu!
31
Onunla arxamı möhkəmləndir.
32
Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,
33
Səni çox təqdis edib şəninə təriflər deyək.
34
Və Səni çox zikr edək (daim yada salıb şükr-səna edək).
35
Sən, şübhəsiz ki, Bizi görürsən!”
36
(Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa!
37
Sənə (bundan əvvəl də) bir dəfə nemət bəxş etmişdik
38
Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.
39
(O zaman ki, Mən anana buyurmuşdum: ) “(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün”. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Firon özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi).
40
O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa!
41
Və Mən səni Özümə (peyğəmbər) seçdim! (Qırx yaşına çatan kimi sənə peyğəmbərlik bəxş edib möcüzələrlə Fironun yanına göndərdim).
42
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər).
43
Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır.
44
Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”
45
Onlar: “Ey Rəbbimiz! (Fironun möcüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” – dedilər.
46
(Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!
47
Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (möcüzə ilə) gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun!
48
Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!”
49
(Firon:) “Elədə Rəbbiniz kimdir, ya Musa?” –deyə soruşdu.
50
(Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”
51
(Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?”
52
(Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!”
53
O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik.
54
(Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda (gördüyümüz bu işlərdə) ağıl sahibləri üçün (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır!
55
Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.
56
Biz, ayələrimizin (dəlillərimizin və möcüzələrimizin) hamısını ona (Firona) göstərdik. Lakin (Firon) onları yalan sayıb (heç birini) qəbul etmədi.
57
(Firon) dedi: “Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub çıxartmağa gəlmisən?
58
Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir yerdə olsun!” (Görək kim-kimə qalib gələcək!)
59
(Musa) dedi: “Sizə verilən vədə sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!”
60
(Bu söhbətdən sonra) Firon dönüb getdi, nəhayət, bütün hiylə (və sehr) vasitələrini (sehrbazlarını) yığıb (vəd olunmuş vaxtda həmin yerə) gəldi.
61
Musa onlara (sehrbazlara) dedi: “(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O, sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar (muradına çatmaz)”.
62
Onlar (bu Musa heç sehrbaza oxşamır; əgər qalib gəlsək, heç; yox əgər qalib gələ bilməsək, ona iman gətirərik, deyə) öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar.
63
Onlar (uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (əyan-əşrafınızı öz tərəflərinə çəkmək) istəyirlər.
64
Ona görə də bütün hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetişəcəkdir!)”
65
Onlar dedilər: “Ya Musa! (Özün seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci tullayaq!
66
O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür.
67
Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin).
68
Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən!
69
Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”
70
(Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!” – deyib səcdəyə qapandılar.
71
O (Firon), dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”
72
(Sehrbazlar) dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən!
73
Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza) görə bağışlasın. Allah (sən Firondan) daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!”
74
Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gözləyir. O, orada nə ölər, nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz).
75
Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir –
76
Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır.
77
(İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!”
78
Firon öz ordusu ilə onları təqib etdi, dəniz də (şahə qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə!
79
Firon (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı.
80
Ey israil oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!
81
Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.
82
Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!
83
(Allah buyurdu: ) “Ya Musa! Səni öz camaatından (Tur dağına getdiyin yetmiş kişidən) ayırıb (bu məqama) tələsdirən nə idi?”
84
(Musa) belə cavab verdi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!”
85
(Allah: ) “Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı (buzova sitayiş etdilər)”, – deyə buyurdu.
86
Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə gözəl bir vəd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”
87
Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz (Firon) tayfasının (bir bayram günü əmanət olaraq aldığımız) zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları (“əmanətə xəyanət haramdır” -deyərək günahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri də bizim kimi (özündə olan bəzək şeylərini oda) atdı”.
88
(Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan çıxartdığı bir neçə kişi) dedilər: “(Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”. (Musa heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir).
89
(Məgər bu cansız heykələ sitayiş edənlər) buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?! (Nə böyük cəhalət!)
90
Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”
91
Onlar: “Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” – deyə cavab vermişdilər.
92
(Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: “Ya Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
93
(Möminləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)”
94
(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum.
95
(Musa: ) “Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi?” – deyə soruşdu.
96
(Samiri) belə cavab verdi: “Mən (İsrail oğullarının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun).
97
(Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir. İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!
98
Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (Öz əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir!”
99
(Ya Rəsulum!) Keçmişin xəbərlərinin (olub keçənlərin) bir qismini sənə belə nəql edirik. Sənə Öz dərgahımızdan (insanların düşünüb daşınması, ibrət alması üçün) Quran da vermişik!
100
Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir.
101
Belələri (o günah yükünün) altında (yükü ilə birlikdə Cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!
102
Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqdan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün
103
Onlar öz aralarında pıçıldaşıb bir-birinə: “(Dünyada) cəmi on gün qaldınız!” deyəcəklər.
104
Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!” – deyəcək.
105
(Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq;
106
Dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına salacaq);
107
Və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələ-kötürlük) görməyəcəksən!”
108
O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının (hamını məhşərə çağıran İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən!
109
O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!
110
(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və günahları, dünyada və axirətdə aqibətlərinin necə olacağını Öz əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!
111
(O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
112
Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar!
113
(Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Quran olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Quran onlara öyüd-nəsihət versin!)
114
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” – de.
115
Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.
116
Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” – deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
117
Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!)
118
Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!
119
Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”
120
(Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”
121
(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).
122
Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.
123
(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!
124
Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”
125
O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”
126
(Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!”
127
Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!
128
Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!
129
Əgər Rəbbindən (bu ümmətin əzabının axirətə saxlanılması haqda) öncə bir söz (hökm) və (lövhi-məhfuzda bu kafirlərin əzabı üçün əzəldən) müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (dünyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi.
130
(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!
131
(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!
132
Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!
133
(Kafirlər) dedilər: “Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir möcüzə gətirmir?” Məgər (Quranda) onlara əvvəlki (ilahi) kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi?!
134
Əgər Biz onları (Məkkə müşriklərini) bundan (Peyğəmbər və Quran gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?!
135
(Ya Rəsulum!) De: “Hamı (axirət) gözləməkdədir, siz də gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər (biz, yoxsa siz) olduğunu və kimin haqq yolu tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!”



Açar sözləri

Taha surəsi

Şərh yaz