2. 402 dəfə oxunub ,   0 şərh   Çap et

38 – Sad
Sad surəsi

(Məkkədə nazil olmuşdur, 88 ayədir)

1
Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qurana and olsun!
2
(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).
3
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.
4
Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır!
5
Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir.
6
Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir).
7
Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır.
8
Məgər Quran aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Quranım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!
9
Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəbbinin rəhmət xəzinələri onlara məxsusdur?!
10
Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)
11
Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.
12
Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Firon da (peyğəmbərləri) təkzib etmişdi.
13
Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) – bu firqələrin
14
Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib oldu.
15
Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz!
16
Onlar (istehza ilə): “Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!” – dedilər.
17
(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-nemətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).
18
Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şəninə təriflər deyərdilər.
19
Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.
20
Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).
21
(Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) məbədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.
22
Onlar Davudun yanına gəldikdə (Davud) onlardan (məbədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”
23
(Onlardan biri dedi: ) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: “Onu mənə ver! (Məni ona sahib et!)” – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi”.
24
(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.
25
Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu nemət, axirətdə isə gözəl sığınacaq – Cənnət gözləyir).
26
Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!
27
Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!
28
Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!
29
(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!
30
Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi).
31
(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman
32
O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”.
33
(Süleyman dedi: ) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı).
34
And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı.
35
(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi).
36
Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.
37
(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası,
38
Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)
39
(Və ona belə buyurduq: ) “Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu nemətlər barəsində haqq-hesab tələb olunmayacaqdır)”.
40
Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu nemət, axirətdə isə gözəl sığınacaq – Cənnət vardır).
41
(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
42
(Ona belə buyurduq: ) “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi).
43
Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.
44
(Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəzasının yüngülləşdirilməsi üçün ona belə buyurduq:) “Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.
45
(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!
46
Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-nemətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər).
47
Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!
48
(Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsəi və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!
49
Bu, (onları təriflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Quran sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir!
50
Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!
51
Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər.
52
Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır.
53
Haqq-hesab günü üçün (axirətdə) vəd olunduğunuz (nemətlər) bunlardır.
54
Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.
55
Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri –
56
Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!
57
Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!
58
(Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır.
59
(Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər: ) “Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər: ) “Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!”
60
(Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!
61
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”
62
(Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: “(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul möminləri) niyə burda görmürük?
63
Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlər?!”
64
Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir!
65
(Ya Rəsulum!) De: “Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur!
66
O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
67
De: “O (Quran Allah dərgahından nazil olan) çox böyük xəbərdir!
68
Siz isə ondan üz döndərirsiniz!
69
(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.
70
(Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün bir vəhy olunur!”
71
(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72
Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
73
Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74
Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75
(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
76
(İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
77
(Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78
Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”
79
(İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
80
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,
81
(Dərgahımda) vaxtı məlum olan günə (qiyamətə) qədər!”
82
(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
83
Yalnız Sənin sadiq bəndələrindən başqa!
84
(Allah) buyurdu, “Həqiqətən, doğru deyirəm,
85
And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”
86
(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Quran mənim sözüm deyil, Allah kəlamıdır!)
87
Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!
88
Siz onun verdiyi xəbəri (Quranda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!”



Açar sözləri

Sad surəsi

Bənzər məqalələr

38 – Sad surəsi

Mekke’de indirilmiş olup 88 âyettir. Adını başındaki sâd harfinden alır. Sûrenin asıl gayesi, Allah’ın elçilerini dinlemeyenleri uyarmaktır. Müteakiben Peygamberimize itaat konusu üzerinde özellikle durulur, müteaddit peygamberlerin tebliğleri pek kısa bir şekilde anlatılır.


Şərh yaz