3. 479 dəfə oxunub ,   0 şərh   Çap et

92 – əl-Leyl
əl-Leyl (Gecə) surəsi

(Məkkədə nazil olmuşdur, 21 ayədir)

1
And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
2
And olsun işıqlanmaqda olan gündüzə;
3
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
4
Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).
5
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
6
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
7
Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
8
Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
9
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
10
Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
11
(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
12
Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir).
13
Axirət də Bizim, dünya da Bizimdir!
14
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
15
Ora ancaq azğın (kafir) daxil olar.
16
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
17
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).
18
O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
19
O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).
20
O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
21
And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!



Açar sözləri

əl-Leyl surəsi

Şərh yaz