1. 690 dəfə oxunub ,   0 şərh   Çap et

اَلْيَدُ الْعُلْيَا خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى

Verən əl alan əldən üstündür”.[1]

Hədisdə verən əl “üstə olan əl”, alan da altda olan əl kimi ifadə edilmişdir. Bu ifadələr Allah Rəsuluna aiddir.

Cahiliyyə dövründə ərəblərin dolanışıq mənbəyi əsas etibariylə ticarət, heyvandarlıq və kənd təsrrüfatı idi. Ərazilərin böyük hissəsi çöl, səhra, qayalıqlardan ibarət olduğu üçün içməli suyun yerlədiyi vahələr çox az idi. İnsani dəyərlərini də itirdikləri üçün yağmaçılıq, qaçaqçılıq, yol kəsmələr adi hal kimi sayılırdı. Haram aylar xaricində heç kim məskunlaşdığı yeri tərk edə bilmirdi. Tüfeyli həyat sürmək, çalışmadan qazanmaq meyar sayılırdı. Belə bir cəmiyyətdə dilənçilik də xeyli yayılmışdı.

Allah-Təala da Rəsulunu məhz insani dəyərlərini itirmiş belə bir cəmiyyətə rəhbər olaraq göndərmişdi. Peyğəmbərimiz (s.a.s.) hər sahədə olduğu gündəlik həyatda çalışmanın, alın təriylə pul qazanmağın əhəmmiyəti dəyişik vəsilələrlə ifadə etmişdir.

Hədisdə verən əl alan əldən xeyirlidir deyilir. Ancaq alan əl xeyirsizdir deyilmir. Deməli bəzi hallarda alan əl də xeyirli ola bilər. Bu ifadədən də belə bir məqam ortaya çıxır: verən əl alan əldən həmişə xeyirli olmur. İnsan ehtiyac içindədirsə almasında bir qəbahət yoxdur. Bəzən elə hallar olur ki, alan kimsənin fəziləti verən şəxsdən üstün olur. Bəzən insan sədəqə verərkən göstəriş üçün bunu edər, verdiyində ötrü minnət qoyar, başına qaxarsa[2] alan kimsədən qat-qat aşağıda olar.
Ancaq cəmiyyət içərisində kasıb olsa da, səbir edən insanlar vardır ki, onlara füqərayi-sabirin[3] deyilir. Onların halı daima pərişan olur.”Belə şəxslər həyalı olub dilənçilikdən çəkinliklərinə görə nadanlar onları dövlətli hesab edirlər. Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər.”[4] İki Cahan Sərvəri olan Peyğəmbərimizin bəyanına görə, onlar bir məsələdə Allaha and içsələr, Allah onları andlarında yalançı çıxarmaz. Bəra ibn Malik də bunlardandır[5]. Müsəlmanlar müharibədə çətinliyə düşüncə Bəra ibn Malikə müraciət edər və qalib gələcəklərinə dair ona and içirərdilər. O and içər, müsəlmanlar da qalib gələrdilər.[6] Demək ki, alan əl belə bir insan da ola bilər…

Səhabələrdən Səvban çox kasıb idi. Amma Allah Rəsulu ona heç kimdən heç nə istəməməyi tövsiyə etmişdi. O gündən heç kimdən heç nə istəmədi. Hətta dəvəsinə minib gedərkən bəzən qamçısı yerə düşərdi, dərhal dəvəsindən enib qamçısını götürər, qayıdıb dəvəsinə minərdi[7]. Alan mövqeyində olan bu və bu kimi şəxslərin fəziləti, Allah qatında dəyəri “verən”lərdən heç də aşağı deyildir. Həzrət Aişə anamızdan rəvayət edilən bir hədisdə də görürük ki, belə insanlara bir şey verilərkən verilən şey əvvəlcə keyfiyyət və kəmiyyətinə baxılmadan Allah-Təalanın dərgahına göstərilir, daha sonra Allah-Təala da onu ehtiyac sahibinə çatdırır.[8]

Tövsiyələr

Allah Rəsulu bu hədisi ilə bizə bu tövsiyəni verir: “Ləyaqətlə yaşayın. Dilənçilik edərək, başqalarına əl açaraq özünüzü alçaltmayın. Həm fərd kimi, həm də dövlət kimi heç vaxt “alan əl” vəziyyətinə düşməyin, həmişə “verən əl” mövqeyini qorumağa çalışın. Beləcə həmişə üstdə olar, izzətinizi mühafizə edərsiniz. Unutmayın ki, “üst” daim arxayın-arxayın verər, “alt” isə əndişə ilə alar, narahat yaşayar. Siz hakim əl olun, məhkum əl olmayın. Əliniz üstdə olarsa, hakim əl olar”.

Dövlətlərarası meyar

Bu hədis bizim üçün dövlətlərarası münasibətdə də dəyişməz meyar mahiyyətini daşıyır. Əgər “üst əl” ola bilsək, beynəlxalq arenada da öz mövqeyimiz, nüfuzumuz olar. Beləcə hegomon güclər tərəfindən istismar edilən insanlarımız belini doğrultmağa fürsət tapar və qurtularlar. Əks halda istismardan, həqarətdən xilas ola bilməz. Hal-hazırda müsəlman coğrafiyada ümumi mənzərə bu şəkildədir… Hegomon güclər görünüş xatirinə verdikləri beş-on qəpiyi həmin millətlərin qanını soraraq, onları istismar edərək çıxarırlar ki, bu gün biz də “alan əl” olmağın zillətini, məşəqqətini çəkir və çarəsizlik içində udqunuruq. Elə isə həm fərd, həm də millət olaraq öhdəmizə düşən vəzifə çalışmaq, səy göstərmək və bütün İslam aləminin, hətta bir mənada bütün bəşəriyyətin bizdən gözlədiyini ortaya qoymaqdır.

Bu meyarda şairimiz nə gözəl demişdir:

Olsa da artıq nə qədər zəhməti
İşləməyə var o qədər qeyrəti.

Çünki bilir rahət əziyyətdədir,
Şad yaşamaq səydə, qeyrətdədir.

İndi əgərçi ona zəhmət olar,
Qışda əyali, özü rahət bular

Cəm edəcək tarlasının hasilin,
Bəsləyəcək ailəsin, həm elin.

Mirzə Ələkbər Sabir.



[1] Buxari, “Zəkat” 18; Müslim, “Zəkat” 94-97; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 2/4.

[2] Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. (“Bəqərə” surəsi,264)

[3]Səbir edən yoxsul

[4] “Bəqərə”,273

[5]Tirmizi, “Mənaqib” 54; Beyhaqi, “Şuabül-iman”, 7/331.

[6]İbn Həcər, Əl-isabə, 1/281.

[7]    Əbu Davud, Zəkat 27; İbn Macə, Zəkat 25.

[8]    Buxari, Zəkat 8; Müslim, Zəkat 63-64; İbn Həcər, Fəthül-Bari, 3/279.

 



Açar sözləri

alan əl verən əl

Şərh yaz