10. 329 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Estetik əməliyyat, saç əkdirmək və bəzənməyin hökmü necədir?

İnsan yaradılış etibarilə canlılar arasında xüsusi yerə sahibdir. O, ən gözəl biçimdə xəlq edilmişdir. Təkcə xarici görünüşcə deyil, daxilən də xariqüladədir. Bəşər övladı başqa canlılardan fərqli olaraq, duyğu, hiss, qəlb və vicdana malikdir. Əfsuslar olsun ki, zahirən və daxilən mükəmməl yaradılan insan estetik əməliyyatla daha da gözəl olacağını sanır. Qurani-Kərimdə insanın mükəmməl yaradılışı haqda buyurulur: “Biz insanı ən mükəmməl surətdə yaratdıq”. Yaradan da Allahdır. İnsana bu şəkli verən də Odur. “De ki: “Sizi yaradan və sizə qulaq, göz və qəlb verən Odur. Nə qədər də az şükür edirsiniz”. [1]

İnsanı ən gözəl şəkildə yaradan Uca Allah onun ilahi əmrlər çərçivəsində bəzənməsinə, gözəlləşməsinə də icazə vermiş, hətta bəzi hallarda bunu əmr etmişdir. Uca Allah yaxşı və gözəl şeylərin halal, pis və çirkin şeylərin isə haram olduğunu buyurmuşdur: “(Ya Rəsulum!) Səndən hansı şeylərin halal olduğunu soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə əhliləşdirdiyiniz ov heyvanlarının (ov iti, şahin və s.) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və üstlərində Allahın adını çəkin. Allahdan qorxun. Çünki Allah haqq-hesaba tez çəkəndir!”.[2]

Sevgili Peyğəmbərimiz də hədislərinin birində gözəl geyinmək haqqında verilən suala: “Allah gözəldir, gözəlliyi sevər”,[3] – şək­lində cavab vermişdir. Özü də həmişə təmiz və səliqəli olmuş, ümmətini sadə və gözəl geyinməyə, gözəl ətir vurmağa təşviq etmişdir. Gözəl qoxunun mələkləri çəkib gətirdiyini bildirmişdir.

Əksinə, insanın fitri xüsusiyyətlərinin dəyişdirilməsi məqsədi ilə edilən hər cür estetik və tibbi əməliyyatlar İslamda caiz sayılmamış, fitrəti – yaradılış şəklini pozan müdaxilə kimi qəbul edilmişdir. İslamiyyət bu cür müdaxilələri qadağan edir. “O şeytan ki: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi əmr edəcəyəm və onlar Allahın yaratdıqlarını dəyişdirəcəklər” dedi. Kim Allahı tərk edib Şeytanı dost tutarsa, ziyana uğramışdır”.[4] Ayədə heyvanların yaradılışdan gələn xüsusiyyətlərinin dəyişdirilməsi şeytanın bir hiyləsi kimi verilir. Şeytan insanı yaradılışa qarşı çıxmağa sövq edir, ona aldanan insan da Allahın yaradılışına qarşı çıxaraq heyvanları bu hala salır.

Cəmiyyətdə estetik əməliyyatlar ümumiyyətlə ya insanların diqqətini çəkmək, daha gözəl görünmək, yaxud da müalicə məqsədi ilə edilir. Diqqəti cəlb etmək, daha gözəl görünmək üçün yaradılışdan gələn xüsusiyyətlərin dəyişdirilməsi dinimizə görə, fitrəti pozmaqdır və qadağandır. Allah Rəsulu (s.a.s.) bəzənmək məqsədi ilə dəriyə döymə vurdurmaq, dişləri incəltmək kimi halları fitrəti pozmaq kimi dəyərləndirmiş, bunu edənləri və etdirənləri qınamışdır.[5]

Müalicə məqsədi ilə edilən estetik əməliyyatlara isə dinimizdə icazə verilmişdir. Belə ki, bir döyüşdə burnu qopan Arfəcə adlı səhabə gümüşdən burun düzəltdirmişdi. Pis qoxu verdiyinə görə bu dəfə qızıldan burun hazırlatmış, Allah Rəsulu da buna icazə vermişdi. Buna görə də xəstəlik səbəbi ilə saçı tökülənlərin, qəza nəticəsində burun, qulaq, göz kimi orqanlarını itirənlərin və ya bədənində anadangəlmə, yaxud da sonradan əmələ gələn qüsurları olanların estetik əməliyyata girməsi bir növ müalicədir və fitrəti pozmur.

Xülasə, istər anadangəlmə, istərsə də iş və avtomobil qəzası nəticəsində əmələ gələn fiziki qüsurların fitrətə uyğunlaşdırmaq üçün estetik əməliyyatına icazə verilir. Belə hallarda da insanların öz fikirlərindən çox, həkimlərin və mütəxəssislərin məsləhətinə müraciət etməsi daha məqsədəuyğundur. Əks halda, insan nəfsani arzulara uyub müəyyən çərçivədə icazə verilən bu əməliyyatlarda həddi aşar ki, bu da son dərəcə təhlükəlidir.

Bundan başqa, son zamanlar saç əkdirmək də geniş yayılmışdır. Yuxarıda vurğuladığımız ayə və hədisləri nəzərə alaraq, bunları deyə bilərik. Necə gəldi, gəlişigözəl saç əkdirmək olmaz. Anadangəlmə və cavan vaxtlarda saçın çıxdığı yerlər haradırsa, həmin nahiyələrə saç əkilməlidir. Yoxsa yeni bir saç stili olsun deyə saç əkdirmək günahdır. Burun, dodaq və s. orqanlarda estetik əməliyyatlar haramdır və dində günah sayılır. Bunlar fitrətə müdaxilədir. Bir də məsələnin israf tərəfi vardır. Caiz olmayan estetik əməliyyatlara xərclənən pullar israfçılıq sayılır.

Qadının burnunu deşdirməsinin hökmü nədir?

Dinimizdə fitrətə müdaxilə etməmək önəmli bir əsasdır. Fitrətdə dəyişiklik etmək Allahın yaratdığını bəyənməmək kimi qiymətləndirilir. Estetik əməliyyat, qaş aldırmaq, dişləri incəltmək kimi hallara icazə verilməməsi də bundan irəli gəlir. Allah Rəsulu dırnaqları kəsməyi, bəzi nahiyələrin tükünü tə­miz­ləməyi, sünnət olmağı, bığları qısaltmağı bilavasitə əmr etmiş və bunların edilməsini fitrətdən saymışdır.

Fitrətə müdaxilənin yanlış olmasının dəlili Qurani-Kərim­dəki bu ayədir: “O şeytan ki: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi əmr edəcəyəm və onlar Allahın yaratdıqlarını dəyişdirəcəklər”, – dedi. Kim Allahı tərk edib Şeytanı dost tutarsa, ziyana uğramışdır”, – dedi”.[6]

Buna görə də qadının burnunu deşdirməsi fitrətə müdaxilə­dir və caiz deyildir. Bundan başqa, qadınların zinətlərini naməhrəmə göstərməsi də caiz deyil. Buruna taxılan zinət əşyasını başqalarından gizlətmək çətin olduğu üçün bundan çəkinmək  zəruridir.

Çanaq və qarın nahiyələrində yığılmış piy təbəqəsini götürtmək günahdır?

Müasir dövrün aktual problemlərindən biri də köklükdür. Köklük xəstəlikdir, insana əziyyət verir. Piy qatını götürtmək çıxış yolu sayılırmı? Əməliyyat olmaqdan başqa çarə yoxdur?­ Mə­sələn, yeməyi rejimə salmaq olmazmı? Belə bir cərrahi əmə­liyyatın vücudun tarazlığını pozma ehtimalı varmı? Bu sualları sözügedən sahəni bilən və dinini yaşayan bir həkimdən soruşmaq lazımdır. Əgər xəstə “İbadətləri daha yaxşı yerinə yetirərəm, əməliyyatdan sonra yemək-içməyimi rejimə salaram” – deyirsə, piyi götürtmək olar. Ancaq sırf zahiri görünüş məqsədilə cərrahi əməliyyat etdirmək doğru deyildir.

[1] “Mülk” surəsi, 67/23

 [2] “Maidə” surəsi, 5/4-5

 [3]  Müslim, “Səhih”, 1, 247

 [4] “Nisa” surəsi, 4/118-119

 [5] Buxari, “Səhih”, 15, 155

 [6] “Nisa” surəsi, 4/119

 




Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 

Oruc və günahlardan təmizlənmə

Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?


Şərh yaz