79. 594 dəfə oxunub ,   0 şərh   Çap et

Fiqh terminalogiyasında bir namazın vaxtından sonra qılınmasına “qəza (etmək)” deyilir. Ayrıca vaxtında qılınmayan namaza “faitə” də deyilir. Möminin vaxtında qıla bilmədiyi namazı ifadə etmək üçün “qaçmış” mənasına gələn “faitə” sözünün işlədilməsi bir müsəlmanın namazı qəsdən tərk etməyəcəyini, ancaq yuxu və unutqanlıq kimi iradə xaricində olan səbəblərlə namazın “qaçmış” olacağını bildirməsi baxımından gözəl seçimdir. Yəni mömin namazı heç vaxt bilərəkdən tərk etməz, qaçırmaz. Qaçırmışsa, demək bilmədən, qeyri-ixtiyari etmişdir.

Namazlar nə üçün qəzaya qalır?

Namaz müəyyən vaxtlarda yerinə yetirilən bir ibadətdir. Müəyyən edilmiş vaxtlarda bilərəkdən qılınmamasının yeganə səbəbi laqeydlik və tənbəllikdir. Allah Rəsulu (s.a.s.) yatıb qalmağı və unutmağı üzrlü səbəb kimi qəbul etmiş və yada düşən kimi qılmağı əmr etmişdir: “Kim yatıb qalıb, yaxud da unudaraq bir namazı qıla bilməsə, yadına düşən kimi dərhal qılsın,  çünki xatırladığı vaxt qaçırdığı namazın vaxtıdır”.[1]

Məzhəblər arasında fərqli hökmləri bir kənara qoysaq, namazın qəzaya qalmasının heç bir üzrlü səbəbi ola bilməz. Yuxu nə qədər ağır olur-olsun, indiki dövrdə yuxudan qalxmaq üçün  hər cür imkan var. Saat və telefonlardan namaza qalxmaq üçün istifadə olunmalıdır. Hətta bunun üçün yaxınlarımıza, dost-tanışlarımıza xahiş də edə bilərik.

Xüsusən, Hənəfi məzhəbində yatıb qalma və ya unutma kimi üzrlü səbəblərdən qaçan namazın qəzasını qılmaq lazımdır, bilərəkdən qılmayanda isə qəzası mütləq edilməlidir. Hənəfi alimlərinin fikrincə, namazı qəzaya saxlamaq böyük günahdır və bundan ötrü tövbə edilməlidir. Ancaq namaz müsəlmanın Allaha bir borcu olduğu üçün, gecikmiş də olsa, yerinə yetirilməsinin vacibliyini vurğulamış və namazın qəza edilməsini bir çıxış yolu hesab etmişlər. Yəni namazı qəzaya qalan müsəlman  namazı vaxtında qılmadığına görə, günah işləmiş olur, amma sonra qəzasını qılaraq bu günahından qurtulmuş, yaxud da bu günahın bağışlanması üçün mühüm addım atmış olur.

Möminin vaxtında qıla bilmədiyi fərz namazların qəzası fərz, vitr namazının qəzası isə vacibdir. Sünnət namazlarının (sübh namazı istisna) qəzasını qılmağa ehtiyac yoxdur. Bununla yanaşı, növbəti namazın vaxtı girənədək sünnət namazlarını qılmaq mümkündür. Sübh namazının fərzi ilə yanaşı sünnəti də qəzaya qalıbsa, günorta namazınadək hər ikisi birlikdə qəza edilir. Eyni zamanda mömin günorta namazının fərzini camaatla qılmaq niyyəti ilə ilk sünnətini buraxıbsa, fərzdən sonra qəzasını qıla bilər.

Hər bir namaz öz vaxtında qılınmalıdır. Onu üzrsüz səbəbdən vaxtında qılmamaq böyük günahdır və qəzasını etmək də bu günahı “yumuş” olmur. Qaçırılan namazın qəzasını qılmaq tərk et­məyin günahını yuyur, ancaq vaxtından sonraya saxlamağın günahını silmir. Buna görə də Allah-Təaladan əfv diləmək lazımdır. Yatıb qaldığı üçün sübh namazını qıla bilməyən bir müsəlman heç olmasa həmin günün səhər yeməyini özünə qadağan etməlidir ki, əməlinin cəzasız olmadığını  unutmasın.

Namazın üzrlü bir səbəbdən qəzaya qalması və ya tərk edilməsi günah deyildir. Düşmənin hücum təhlükəsi, bir mamaçanın doğuma hazırlaşan hamilə qadının yanından ayrılması ilə uşaq və ya ananın zərər çəkmə ehtimalı, həkimin əməliyyat masasında əməliyyatı dayandıracağı təqdirdə, xəstənin ölmə ehtimalı üzrlü səbəblərdəndir. Belə üzrlü hallarda namazı qəzaya saxlamamaq insan həyatını təhlükəyə atmaq deməkdir. Belə ki, Allah Rəsulu (s.a.s.) da Xəndək döyüşündə namazlarını gecikdirmişdir. Abdullah ibn Məsud nəql edir:

“Müşriklər Xəndək döyüşündə Allah Rəsulunun (s.a.s.) dör­d vaxt namazı qılmasına imkan vermədilər. Gecə Bilal azan və iqamə oxudu Allah Rəsulu (s.a.s.) ikindi namazını qıldırdı. Sonra Bilal yenə iqamə oxudu, Rəsulullah axşam namazını qıldırdı, sonra yenə iqamə oxudu,  Allah Rəsulu işa namazını qıldırdı”.[2]

Yuxu və unutqanlıq kimi üzrlü səbəbdən namazı qılmayan möminlər, inşallah, günah işləmiş olmaz. Çünki Peyğəmbərimiz (s.a.s.) yatıb qaldıqlarına görə namazı qıla bilməməkdən şikayətlənənlərə belə buyurmuşdur: “Yuxu laqeydlik deyildir. Laqeydlik ancaq oyaq vaxtlara aiddir. Kim unutduğu və ya yatıb qaldığı üçün namazını keçirsə, yadına düşən kimi qılsın”.[3]

Qəza namazları necə qılınır?

Qəzaya qalmış namaz öz vaxtında necə qılınırsa, qəza edi­ləndə də o cür qılınır. Məsələn, səfərdə dörd rükətli namazı qaçıran bir müsəlman istər səfər əsnasında, istərsə də vətəninə qayıdandan sonra, həmin namazın qəzasını iki rükət qılmalıdır. Eyni məntiqlə: adi vaxtlarda qəzaya qalan dörd rükətli namaz da harada olur-olsun, dörd rükət qılınmalıdır.

Qəzaya qalmış namazlardan qiraəti ‒ “Fatihə” və zəmmi-surəsi səssiz oxunan namazlar səssiz qılınır. Qiraəti səsli oxunan namazlarda isə, qəza namazı camaatla qılınırsa, imam səsli oxuyur,  tək qılınırsa, qiraət səsli və ya səssiz oxunur.

Namazı qəza edən müsəlman tərtib sahibidirsə, yəni o vaxtadək altı vaxt və daha çox namazı qəzaya qalmayıbsa, qəza namazı ilə vaxt namazı arasındakı ardıcıllığı gözləməlidir. Daha çox qəzası varsa, bu namazı qəza etmədən digər namazları qıla bilər.

Buna dəlil Allah Rəsulunun (s.a.s.) Xəndək döyüşündə dörd vaxt namazının qəzasını ardıcıllıqla və vaxt namazından əvvəl qılmasıdır. Qəzaya qalan namazların sayı beş vaxtdan çoxdursa, qəza namazlarını qılmaq üçün vaxt məhdudiyyəti qalmır və məkruh vaxtlar istisna, bütün vaxtlarda qəza etmək olar. Qəza namazını məkruh vaxtlara düşməmək şərtilə sübh və ikindi namazlarından sonra da qılmaq mümkündür.

Qəzaya qalmış namazların qılınması nafilə namazlardan önəmlidir. Hənəfi məzhəbinə görə, vaxt namazları ilə birlikdə mütəmadi olaraq qılınan nafilələr (rəvatib sünnətlər) bunun xaricindədir. Yəni namazın sünnətlərinə əməl olunmalı və bu sünnətlər qəza namazı bəhanəsi ilə tərk edilməməlidir.

Çoxlu qəza namazı olan şəxslər, məsələn, namaza gec başlayanlar keçmiş namazların qəzasını qılarkən “… qəzaya qalmış ilk sübh (ilk günorta, ilk ikindi, ilk axşam, ilk işa) namazını qılmağa” və ya “.. qəzaya qalmış axırıncı sübh (axırıncı günorta, axırıncı ikindi, axırıncı axşam, axırıncı işa) namazını qılmağa” şəklində niyyət edə bilər. Beləcə, hansı namazı qəza etdiyini müəyyən qədər dəqiqləşdirmiş  olar.

Sünnət namazlarının yerinə qəza namazı qıla bilərik?

Bu gün qəza namazları ilə əlaqədar belə bir fikir səsləndirilir: “qəzaya qalmış namazları olan müsəlmanlar fərz namazlarının sünnəti əvəzinə qəza namazı qılmalıdır”

Bütün İslam tarixini incələsək, görərik ki, keçmişdə bugünkü qədər qəza namazı problemi olmamışdır. Bu gün isə hər xırda şeyə görə namazlar qəzaya saxlanılır. Paltarın ütüsü belə namazdan vacib olur, bəzən. Bir yerdə bir toplantının keçirilməsi, iş yerində şəraitin olmaması kimi hallar üzrlü səbəb kimi göstərilir.

Bir də sünnətin tərk edilib əvəzinə qəza namazı qılınması “Fərz borcu olan adam sünnət namazları tərk etməlidir” kimi bir düşüncə ilə edilsə belə, doğru deyildir. Bu, qaş düzəldərkən vurub göz çıxarmaqdır. İbadət həyatının əsas sütunlarından olan namazı qəzaya buraxan və bundan peşman olub həyatını sahmana salmaq istəyən bir insan sünnətə əhəmiyyətsiz yanaşmaqla ikinci xətanı etmiş olur. Qılınmayan namazlar bir borcdur. Namazı qəzaya saxlamaq bir hörmətsizlik, sünnətləri qılmamaq da ikinci hörmətsizlikdir. Sünnətlər Peyğəmbərimizin şəfaətində mühüm rol oynayır. Onun şəfaətinə səbəb olan hər bir ibadət bizim üçün dəyərlidir. Peyğəmbərimizin qıldığı sünnət namazlar Rəbbə bağlılığın işarəsidir. Buna görə də əvvəllər namazı qə­za­ya qalmış insan bir tərəfdən namazın qəzasını qılmaqla borcunu qaytarmağa çalışmalı, digər tərəfdən də sünnət namazlara daha bərk sarılaraq Peyğəmbərimizin şəfaətini qazanmaq üçün əlindən gələni etməlidir.

Hənəfi məzhəbinə görə, bir müsəlmanın qəza namazından ötrü sünnəti-müəkkədələri (Peyğəmbərimizin hər zaman yerinə yetirib nadir hallarda tərk etdiyi ibadətlər) qılmamaq caiz deyil. Hətta təsbih, quşluq namazı kimi bəzi nafilələri də tərk etmək düzgün deyil. Deməli, sünnətlər sünnət kimi, qəza namazı da ayrıca borc kimi qılınmalıdır. “Qəza namazı qılıram” deyib sünnətləri tərk etmək və bunu da adətə çevirmək məsləhət görülmür. Ancaq lap çox qəza namazı varsa, bir müddət sünnətlərə ara verməklə qəzaları qılıb qurtarmaq mümkündürsə, sünnətləri üzülərək təxirə salmaq olar. Yoxsa sünnəti tərk etmək üçün bir əsas yoxdur.

Şafei məzhəbinə görə, qəza namazı olanlar sünnət qılmamalıdır. Qəzalarını tezliklə qılmalı, borcu qurtarıb sonra sünnətə başlamalıdır.

Sünnə namazlarına həm sünnə, həm də qəza namazı kimi niyyət edə bilərik?

Niyyət ibadətin əsasıdır. Bu baxımdan bütün ibadətlərdə olduğu kimi namazda da niyyət etmək şərtdir. Niyyət qəti bir iradə və məqsəd ortaya qoymaqdan ibarətdir. Niyyət qəlbin bir şeyə qərar verməsi və bir işin nə üçün görüldüyünü bilməsi deməkdir.

Namaza edilən niyyət Uca Allahın razılığı üçün ixlasla namaz qılmaq istəmək və hansı namazın qılınacağını bilmək deməkdir. Bu izahdan da göründüyü kimi, niyyət bəlli olmalı, insan hansı namazı qıldığını bilməli və ona niyyət etməlidir. Bir namazda həm sünnətə, həm də qəza namazına niyyət etmək doğru deyil. Alimlər çoxlu qəzası olanlara bir çıxış yolu göstərsələr də bu cür niyyət etmək olmaz. Hər əmr özü üçün keçərlidir. Allah bütün ibadətləri müəyyən etmiş, Peyğəmbərlər də onları ümmətinə əməli şəkildə göstərmişdir.

Nafilə ibadətlər haqqında “cəbrən lin-nöqsan”, yəni “qırıq-çıxıq üçün sarğı” ifadəsi işlədilmişdir. Nafilə namazlar fərz ibadətlərinin əyər-əskiyini düzəltməyə, “qırığı-çıxığı sarımağa”  kömək edir. Bu da insanın vicdanına qalmış bir işdir. Məsələn, bir insan fərz namazlarını bir müddət bütün varlığı ilə Allah-Təalaya yönəlmədən qılır. Gün gəlir, niyyətin həqiqətini dərk edir, onu qəlbin məqsədi və yönəlməsi şəklində anlayır. Təvəccöhü (yönəlişi) isə qəlbi Allahdan başqa hər şeydən təmizləmək, o anda hər şeyi unudub yalnız Allahı düşünmək kimi başa düşür. Niyyətin mahiyyətini anlayan belə bir insan namaza bu düşüncə ilə durmayıbsa, namaz qılmamış sayılır. Bu məsələdə hər kəs öz səviyyəsinə uyğun hərəkət etməlidir. Bütün varlığı ilə Allaha yönəlmiş bir insan: “Namaz vaxtlarını boş keçirməmişəm, amma bilmirəm ki, ibadətləri layiqincə yerinə  yetirmişəm, yoxsa yox . “Cəbrən lin-nöqsan” etməliyəm, yəni nafilələri qılmalıyam” deyə bilər. Allah (c.c.) bir otuz il də ömür versə, hər gün bir günlük qəza namazını qılar və əyər-əksiyini tamamlamış olar.

Nafilə namazlar qəzaya qalmış fərzlərin yerinə keçə bilər?

Hər ibadət öz vaxtında və öz şəklində qılınması ilə dəyərli olur. Yağış (istisqa) namazı üçün yağışlı gün gözləmirik. Onun vaxtı quraqlıqdır. Günorta namazı qəzaya qalan bir mömin ikindi namazını qılarkən ilk sünnətə: “Bu sünnət həm də qəzaya qalan günorta namazım olsun”, – deyə niyyət edə bilməz. Bu səbəbdən belə bir niyyət məqbul deyil. Ancaq nafilə (sünnət) namazları əhəmiyyətsiz görmək olmaz. Bir hədis bizə nafilə namazların dəyərini  belə anladır:

 “Allah-Təala:

− Qulumun namazları tamdırmı? – deyə soruşur.

Mələklər cavab verir:

− Tamdır.

Allah-Təala:

− Onda o, keçsin, – buyurur.

 “Namazları yarımçıqdır” deyilirsə, Allah:

− Nafilələri varmı?, – deyə soruşur.

− Var, – deyiləndə Allah-Təala:

− Nafilələri fərzlərin yerinə qoyun, – buyurur.

Əgər nafilələr əyər-əskiyi tam düzəltmirsə, Allah-Təala:

− Qulumun qıldıqları xatirinə qılmadıqlarını da əfv etdim, – buyurur.

Sübh namazının qəzası necə qılınır?

Sübh namazının sünnəti beş vaxt namazın sünnətləri arasında ən əhəmiyyətlisidir. Peyğəm­bərimizin sübh namazının sünnəti ilə bağlı bu sözləri diqqət çəkir: “Düşmən atlıları arxanızca düşüb sizi qovsa belə, sübh namazının iki rükət sünnətini tərk etməyin”.[4]

Başqa bir hədisdə isə belə buyurulur: “Sübh namazından əvvəl qılınan nafilə namaz bütün dünyadan xeyirlidir”.[5]

Həzrət Aişə (r.a) nəql edir: “Allah Rəsulu (s.a.s.) heç bir nafiləyə sübh namazının sünnəti qədər diqqət göstərməmişdir”.[6]

Sübh namazının sünnəti ilə bağlı Peyğəmbərimizdən (s.a.s.) nəql olunan başqa hədislər də vardır. Bir dəfə Peyğəmbərimiz və səhabələr səfər əsnasında sübh namazına qalxa bilməmiş və  günəş doğduqdan sonra sünnətlə birlikdə fərzin qəzasını da qılmışdılar.

Bu səbəbdən fiqh alimləri sübh namazının sünnətini ən qüv­vətli sünnət hesab etmişlər. Başqa sünnətlərin qəzası qılınmadığı halda, qılınmamış sübh namazının qəzası həmin gün günorta namazından əvvəl qılınırsa, sünnəti də qılınmalıdır.

Əgər mömin sübh namazının sünnətini qılmadan camaat fərzə başlasa, ikinci rükətdə də olsa, fərzə çatmaq imkanı varsa,  sübh namazının sünnətini qılmalıdır. Əgər fərzin ikinci rükətinə belə çata bilməyəcəksə, sünnəti tərk edərək imama qoşulur və fərzdən sonra sünnətin qəzasını qılmır. Yəni “sünnət qılınmadan fərzi qılmaq olmaz” deyə bir hökm yoxdur, çünki sübh namazının sünnəti sünnəti-müəkkədədir. Camaat namazını qaçırma və ya vaxtın azlığına görə, fərzi çatdırmama təhlükəsi yoxdursa, sübh namazının sünnəti tərk edilməməlidir. Bu halda fərzdən sonra sübh namazının sünnəti qılınmır.

Başını səcdədən qaldırmayan bir mömin ibadətdən doymaz, etdikləri ilə kifayətlənməz. Fərzləri yerinə yetirəndən sonra, nafilələri nə qədər, necə yerinə yetirmək insanın özünə aid məsələdir. Bir insan qıldığı namazlar haqqında: “Mən bunları hüzurlu qəlblə qıla bilməmişəm, layiqincə əda edə bilməmişəm, heç olmasa bunların yerinə nafilə qılım və ya diqqətsiz qıldığım bu namazların qəzasını edim”, − deyə bilər. Özü üçün müəyyən miqdar təyin edə bilər. Ölümün vaxtını bilmək olmaz. Ona görə də hər gün bir neçə günün qəza namazını qılaraq əyər-əskiyini tamamlayar.


[1] Buxari, “Səhih”, 2, 451

[2] Buxari, “Məvaqit”, 36, 38

[3] Müslim, “Səhih”, 3, 455

[4]  Əbu Davud, “Sünən”, 4, 10

[5] Tirmizi, “Səhih”, 2, 194

[6] “İthaf”, 2, 359



Açar sözləri

namaz qeza namazı qəza

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.


Şərh yaz