2. 070 dəfə oxunub ,   0 şərh   Çap et

Yaradılış və təkamül mübahisəsində elmi məlumatların müzakirəsinə keçməzdən əvvəl bir əsas məsələni aydınlaşdırmaq vacibdir. əgər təkamül nəzəriyyəsinin tərəfdarları bu düşüncəyə bir etiqad (inanc) mövzusu kimi ya­naşmış olsa idilər, heç kim onlara bir söz deyə bilməzdi. Çünki inanc və iman kimi məsələlər mü­bahisə predmeti ola bilməz. İnanan və ya iman edən bir insan hansı səbəblə olur-olsun, bir şeyə inanmışsa, bir insan kimi onun inancına ehtiram gös­tərilir. Allaha və yaradılışa inananların inanc və iman haqqı olduğu kimi, bəzi insanların da təkamül hipotezinə və təbiət qüvvələrinin varlıqları təsadüfən ortaya çıxarmasına inanmaq və iman etmək haqqı vardır. Bəziləri ateist, aqnostik və ya deist ola bilər. Bu, onların öz şəxsi işidir. Ancaq bu insanların inandıqlarını “elm” adı altında və “isbat edilmiş mütləq biliklər”, “əksi mümkün olmayan elmi təsbitlər” şəklində zorla insanların beyninə yeritməyə və Allaha inananlara “gerilik” dam­ğası vurmağa haqqı yoxdur.

Bu gün heç kim yerin cazibə qüvvəsini, atmosfer təzyiqini, metalların genişlənməsini inkar etmir, bir çox fiziki hadisələr bunlar vasitəsilə izah edilir, formullarla ifadə olunur və problemlər həllini tapır. Hamıya məlumdur ki, elm sahələrinə aid olan bu mövzuların inanıb inanmamaqla heç bir əlaqəsi yoxdur.

Mələklərin və cinlərin varlığı isə elmin mövzusu deyil, bir inanc, bir etiqad məsələsidir. Bu kimi məsələlər pozitiv elmin dar sahəli metodları ilə araşdırılmasa da, obyektiv təcrübə və müşahidə sahəsinə daxil olmasa da, insanın qəlb və vicdandan istifadə edərək qazandığı şəxsi təcrübələrlə inanc dünyasına daxil edilir.

Təkamül anlayışı yuxarıda verilən fiziki qanunlar növündən olmadığı kimi, insanın qəlb və ruhu ilə yaşayıb inanacağı mahiyyətdə də deyildir. Ancaq təbiətdəki canlıların zənginliyi və canlılardakı bəzi dəyişikliklərin izah olunması ilə varılacaq bir inanc mövzusudur.

Bu aspektdən yanaşdıqda “təkamül hipotezi” din kimi bir inanc və hətta bəzilərinə görə bir növ iman məsələsidir. Necə ki din insan həyatını formalaşdıran dəyərlərin əsas qaynağıdır. Bu inancın əlamətlərini Allaha inanan insanların həyatının hər sahəsində görmək mümkündür. “təkamül inancı” da mənsublarının bütün həyatına təsir edir, bir din kimi onların həyatının formalaşmasında əsas dinamizm rolunu oynayır . başqa sözlə, təkamülə inananlar, təbii ki, bu inanclarını yaşamaqda və təbliğ etməkdə azad olmalıdırlar, ancaq özləri kimi düşünməyən “səmavi (ilahi) din” mənsublarını “elm düşməni” sayıb onlara hücum çəkməsi qəbuledilməzdir.

 ***