Mənəviyyata Açılan Pəncərə

Ən öndəkilər

Allah Rəsulu bir bazar ertəsi namaza durmuş, bütün varlığı ilə Rəbbinə yönəlmişdi. Həmin günün axşamı Rəsulullahın (s.ə.s.) arxasında səf bağlayan şəxs isə Hz. Xədicə idi.[1] Allah Rəsulu Cəbrailin öyrətdiyi dəstəmazı və namazı ilk dəfə ona söyləmiş, o da ilk dərsini şəxsən Rəsulullahdan alaraq ilk namazını Onunla qılırdı. Beləliklə, dünyanın cəhalətə qurban getdiyi bu dövrdə aləmin üzünü güldürəcək bir “ilk hərəkat” başlayırdı.

Artıq Hz. Xədicə də Peyğəmbərimizin sadiq bir vəziri kimi idi; nə vaxt çətin vəziyyətlə qarşılaşsa, Onun yanına gələr və Ona təsəlli verərdi. İmkan daxilində həmişə yanında olmağa çalışacaq və yoluna çıxan bütün maneələri bir-bir dəf etməyə  cəhd göstərəcəkdi.

Dəstəmaz və namaz

Çox keçmədən Cəbrail gəlir, Allah Rəsuluna dəstəmazı və namazı öyrədir. Belə ki, Sevgili Peyğəmbərimiz (s.ə.s.) Məkkənin yuxarı tərəflərinə gedərkən Vəhyin Əmin Elçisi Cəbraili yanında görür. O, vadinin bir kənarında ayağı ilə yeri eşələyirdi. Bir müddət sonra buradan bir bulaq fəvvarə vurur. Həmin sudan əvvəlcə Cəbrail dəstəmaz alır. Allah Rəsulu (s.ə.s.) dəstəmazın necə alındığını öyrənmək üçün Cəbrailə  tamaşa edir. Sonra O da Cəbrailin göstərdiyi kimi dəstəmaz alır. Növbə namaza çatır. Əvvəlcə Cəbrail, sonra da Rəsulullah namaza durur.

Allah Rəsulu xaneyi-səadətinə qayıdaraq dəstəmaz almağı və namaz qılmağı birinci olaraq Hz. Xədicə anamıza öyrədir. Cəbrail kimi əvvəlcə özü dəstəmaz alır, sonra da ona eyni formada dəstəmaz almağı öyrədir. Dəstəmazın ardınca bu dəfə Xədicəyə namaz qılmağı öyrədir. Namazı necə qılmaq məsələsi də aydınlaşandan  sonra ilk namazlarını birlikdə əda edirlər.

Kiçik Əlinin böyük qərarı

Məhəmmədül-Əminin evində yaşanan təlaş və tez-tez Varaqa ibn Nəvfəlin yanına gəliş-gedişlər, Hiradan qayıdandan sonrakı təşviş və Hz. Xədicənin qəlb çırpıntıları yeni şeylərdən xəbər verirdi. Bu dəyişikliklər balaca Əlinin də diqqətindən yayınmamışdı. Heyrətlə onların namaz qılmasına tamaşa edirdi. Həmin vaxtlar Əlinin on yaşı vardı. Əvvəlcə:

− Nə edirsiniz? − deyə soruşur.

Allah Rəsulu belə cavab verir:

− Aləmlərin Rəbbi üçün namaz qılıram.

Hz. Əli bunu ilk dəfə eşidirdi və bütün diqqətini toplayıb yenə soruşur:

− Aləmlərin Rəbbi kimdir?

Allah Rəsulu (s.ə.s.) şəfqətli bir ata kimi onu dizinin üstündə otuzdurur və Hirada başına gələnləri, peyğəmbərlik vəzifəsinin verildiyini bir-bir danışmağa başlayır. Sonra da aramla deyir:

− O, bir və tək olan Allahdır. Onun şəriki olmaz. Bütün məxluqatı O yaratmışdır, ruzisini də O verir. Hər şey Onun qüdrəti əlindədir. Öldürən də, yaşadan da Odur. O, hər şeyə qadirdir.[2]

 Mərhəmətli bir atanın ürək yaxan nəsihətləri kimi idi bunlar və kiçik Əlinin ruhuna xitab edirdi.

Həzrəti Əlinin Ona etimadı o qədərdi ki, Onun üçün tərəddüd etmədən ölümə gedərdi. Ancaq bu qədər əhəmiyyətli məsələdə atası ilə məsləhətləşmədən qərar vermək istəmirdi. Çünki hər nə qədər də olsa, atanın yeri başqa idi. Ancaq Rəsulullahın (s.ə.s.) ondan bir istəyi vardı: öz aralarında danışdıqları bu məsələləri heç kimə söyləməyəcəkdi.

Həmin gecə Əli bu haqda uzun-uzadı fıkirləşir. Allaha iman gətirmək kimi mühüm bir məsələdə ata-ananın fikrini soruşmağa nə lüzum vardı?.. Artıq qəti qərarını vermişdi! Səhər açılar-açılmaz Allah Rəsulunun yanına gəlib:

− Dünən sən mənə nələri danışmış və məni nəyə dəvət etmişdin? − deyə soruşur.  Məlum idi ki, kiçik Əli yaşından böyük davranış nümayiş etdirir və atası ilə məsləhətləşməyə ehtiyac duymadan ilklərin arasına daxil olurdu. Allah Rəsulu onu yanında otuzdurur və şəhadət gətirməyə dəvət edir. Beləliklə, on yaşlı balaca Əli Hz. Xədicədən sonra kəlmeyi-tövhid söyləyən ilk şəxs olur və neçə-neçə böyüklərdən əvvəl İslamı seçərək, içindən gələn bir sevgi və təslimiyyətlə Rəbbi-Rəhiminə iman gətirir.[3] Beləcə, kiçik Əli Allahın Rəsulu − əmisi oğlu Hz. Məhəmmədin yanından heç vaxt ayrılmır və gələn ayələri Rəsulullahın ağzından ilk eşidən şəxs olmaq istəyirdi.

Qulluq və Sükunət

İlk vaxtlarda namaz gündə iki dəfə; səhər və axşam, hər dəfə iki rükət olmaqla qılınırdı. Allah Rəsulu namazlarını qılmaq üçün sakit yer axtarır və buna görə də, əksər hallarda Məkkədən kənara çıxır, xurma ağaclarının arasındakı səssizlikdə Rəhmli Rəbbinə dua və niyazını ifadə edirdi. Yenə bu məqsədlə Məkkədən kənara çıxmış, əmisi oğlu Əli ilə namaza durmuşdu. Halbuki, Hz. Əlinin müsəlman olmasından hələ nə əmilərinin, nə də atasının xəbəri var idi. Olacağa çarə yoxdu: balaca Əlinin atası, dünənədək Peyğəmbərimizin himayədarı olan Əbu Talibin yolu oradan düşmüşdü. Qardaşı oğlu ilə oğlunun hərəkətləri Əbu Talibin diqqətini cəlb etmişdi. Axşam hər ikisi geri qayıdanda gözünə sataşan mənzərənin nə olduğunu soruşur:

−  Ey qardaşımın oğlu!  Sənin din kimi qəbul etdiyin bu şeyin mahiyyəti nədir?

− Ey əziz əmim, − deyə sözə başlayır Allah Rəsulu. İnsanın qəlbinə işləyən bir lətafət vardı səsində. Sonra:

− Bu, Allahın və mələklərinin, peyğəmbərlərinin və atamız İbrahimin dinidir. Allah Məni onunla bütün bəndələrinə göndərdi. Sən isə, ey əmim, bu dəvətə və nəsihətə ən layiq olan, hidayət günəşindən istifadə edəcək və bu mayanın tutmasında mənə kömək edəcək ən ləyaqətli adamsan, − deyir.

Əbu Talib isə belə fikirləşmirdi:

− Ey qardaşım oğlu, − deyə sözə başlayır və davam edir, – mən atalarımın dinini və adət-ənənəsini tərk edə bilmərəm. Ancaq Allaha and olsun ki, nə vaxt bu yolda Səni narahat edən bir şeylə rastlaşsan, mən Sənə kömək edəcəyəm.

Bir tərəfdən bunları deyir, digər tərəfdən də bu sözləri əlavə etməkdən özünü saxlaya bilmirdi:

− Dediklərin  mövzusunda bir sözüm yoxdur. Ancaq vallah, mən bundan sonra camaat içində başıaşağı gəzə bilmərəm.

Sonra da üzünü oğluna çevirib ondan belə soruşur:

− Oğlum, sənə nə olub? Sənin bu halın nədir?

− Atacan! Mən Allah və Rəsuluna iman gətirdim. Həmçinin Onunla gələn hər şeyi qəlbən təsdiq etdim. Onunla birlikdə namaz qılıram və bundan sonra da heç vaxt ayrılmamaq şərtilə Onun arxasınca gedəcəyəm.

Əbu Talibin buna etirazı ola bilməzdi. Dönüb gedərkən dilindən bu kəlmələr tökülür:

− O, səni ancaq xeyrə dəvət edər, Ondan ayrılma. Çünki bu, gözəldir. Mən də bilirəm ki, qardaşım oğlunun dedikləri haqdır və doğrudur. Əgər Qureyş qadınlarının mənə tənə etməsindən çəkinməsəydim, mən də gəlib Ona tabe olardım.[4] Bu, nə böyük xoşbəxtlik idi. Hələ heç kimin olmadığı bir zamanda Onunla birlikdə olmaq (vaxt keçirmək) və elə ilk gündən Allaha qulluqda Onunla çiyin-çiyinə Haqq qapısına üz tutmaq nə böyük bəxtiyarlıqdır! Amma taleyin bir cilvəsi (hikmətlə hörülmüş bir naxışı) idi ki, ən yaxınlarından olan və uşaqlığından gözünü onun üstündən əskik etməyən əmisi bu səadətdən məhrum qalırdı. Belə bir mənzərəyə şahid olan və illər sonra itirdiyi fürsətin əvəzini çıxmağa çalışan Afıf ibn Ömər adlı bir səhabə sonralar kədər və hicran içində bunları danışacaqdı:

− Mən ticarətlə məşğul olurdum. Bir həcc mövsümündə Məkkəyə gəlmişdim. Abbas ibn Abdulmuttalib köhnə dostum idi. Onunla alış-veriş edərdim. Onun harada olduğunu soruşub, Minada olduğunu öyrənən kimi birbaşa oraya getdim. Nəhayət, axtarıb tapdım. Bir müddət oturub hal-əhval tutduq. Biz söhbət edərkən ora bir nəfər gəldi. Əvvəlcə günəşə baxdı və sonra da gözləməyə başladı. Elə günəş üfüqdən əyilmişdi ki, qalxdı və namaza durdu. Sonra bir qadın gəldi, o da namaza durdu. Daha sonra bir uşaq özünü yetirdi və o da onlarla birlikdə namaz qılmağa başladı. Abbasdan soruşdum:

− Ey Abbas, bu nədir? Bu, təzə dindir?

− Bu, Abdullahın oğlu Məhəmməddir. Allahın Onu peyğəmbər göndərdiyini deyir, Kisra və Qeysər saraylarının üzünə açılacağını sanır. Qadın da Ona ilk inanan insan Huveylidin qızı Xədicədir. Uşaq isə Əbu Talibin oğlu Əlidir. Əmisinin oğlu və Ona ilk inananlardandır.[5]

Zeyd ibn Harisənin gəlişi

Bir gün bu evin bir başqa sakini  Zeyd ibn Harisə Peyğəmbərimizin hüzuruna girir. Bəli, o da bəzi yeniliklərin olduğunu hiss edirdi, amma hələ bunun mahiyyətinə varmamışdı. Nə Məhəmmədül-Əmini, nə də xanımı Xədicəni belə görmüşdü: öndə Peyğəmbərimiz, Onun arxasında da əziz həyat yoldaşı Hz. Xədicə ayaq üstə durur və o günədək heç vaxt eşitmədiyi sözlər söyləyirdilər. Onları bir müddət gözləyir. Hər ikisi namaz qılırdı. Heyrət və təəccüb içində rüku və səcdələrin seyrinə dalır bir müddət...[6]  Namazlarını qurtaran kimi Allah Rəsulundan nə etdiklərini soruşur... Artıq vaxt gəlib çatmışdı, Zeydi də qarşısında oturdurub şəfqət dolu bir ata nəfəsi ilə baş verənləri bir-bir danışır... Ardınca Zeydə Qurandan bəzi ayələr oxuyur və onu da açıq şəkildə imana dəvət edir...

Məhəmmədül-Əmin ondan bir şey istəyər, Zeyd də yerinə yetirməzdimi? Onun yolunda anası və atası ilə məsud yaşamaqdan vaz keçmiş, vəhydən əvvəlki hal və hərəkətlərinin vurğunu olmuşdu. İndi isə həyatına yeni bir istiqamət verən və həm dünya səadətinə, həm də ölümdən sonrakı xoşbəxtliyinə aparan bir dəvətlə qarşı-qarşıya idi. Ən əhəmiyyətlisi də dəvəti edən − könlünün gülü, Allahın da Rəsulu idi... Elə oradaca bütün qəlbi ilə tövhid kəlmələrini söyləyir, Hz. Xədicə və Hz. Əlinin ardınca iman karvanına qoşulur... Beləcə, o da insanları Allaha dəvət etmək məsələsində Hz. Əli ilə birlikdə Peyğəmbərimizin ən sadiq dostlarından olur.

Əbu Bəkrin təslimiyyəti

Bu vaxtlar Əbu Bəkir ticarət məqsədilə Yəmənə getmiş və uzun sürən səfərdən sonra Məkkəyə qayıdırdı. O dövrün Məkkəsində Əbu Bəkir imkanlı, mötəbər bir adam idi. Məkkəlilər diyət (qan pulu) və mirasla bağlı problemlərini onsuz həll etməz, bir dediyini iki etməzdilər. Məkkəyə yaxınlaşanda Uqbə ibn Əbi Muayt, Şeybə, Rabiə, Əbu Cəhil və Əbul Baxtəri kimi Qureyş böyüklərinin onu gözlədiyini görür. Onların duruşunda xeyir əlamətləri yox idi. Yəqin idi ki, Əbu Bəkrin Məkkədə olmadığı vaxtlarda burada mühüm hadisələr olmuşdu. Odur ki, təlaşla:

− Mən yox ikən buralarda nələr baş verdi? Təzə bir şeymi var? − deyə soruşur.

Onlar da bunu söyləməyə  fürsət axtarırdılar. Kin və nifrətlə sadalamağa başlayırlar:

− Həm də necə bir hadisə, ey Əbu Bəkir! Əbu Talibin i peyğəmbər olduğunu zənn edir. Sən olmasaydın, heç gözləməz, işini bitirərdik. Amma indi sən gəldin, artıq məsələni də həll edərsən.

Onlar bunu danışarkən keçmiş Əbu Bəkirin yaddaşında canlanır. İllər saniyələrə sığmışdı. Kəbənin həyətində Zeyd ibn Amrdan eşitdiklərini... Yarmarkaların qoca mürşidi Quss ibn Saidənin nəsihətlərini və Şamda gördüyü yuxunu yozan rahibin sözlərini bu qısa vaxtda beynindən keçirdi bir-bir... Yoxsa zaman Onun zamanıydı artıq?

Hələ Yəməndəki qocanın sözləri... Yəmənə girərkən baş çəkdiyi əzdli qocanın dedikləri gerçəkolurdu. Onu ilk dəfə görüncə üstünə suallar yağdırmış, Harəmdə ortaya çıxacaq Son Peyğəmbərdən bəhs etmiş və Onun yanında səf tutacaq ilklərin xüsusiyyətlərindən söz açmışdı. Əbu Bəkiri daha yaxından tanıyınca tərəddüdsüz:

− Kəbənin Rəbbinə and olsun ki, sən də ilklərdənsən, − deyərək Hz. Əbu Bəkirin Peyğəmbərliyin ilk günündən Allah Rəsuluna sadiq köməkçi olacağını müjdələmişdi. Bundan başqa, Onun haqqında yazdığı şeirlərini oxumuş və bəzilərini də Hz. Əbu Bəkirə vermişdi.

Ticarət üçün Yəmənə gedən Əbu Bəkir ağır məlumat yükü ilə geri qayıdırdı. Qocanın dedikləri yol boyu zehnini məşğul edirdi. Bunları Varaqa ibn Nəvfələ danışmağa tələsir, mənzilə çatmaq üçün sürətlə hərəkət etməyə çalışırdı. İndi isə qarşısında Qureyşin böyükləri dayanmış və baş verən yeni hadisələrdən bəhs etməklə sanki qocanın söylədiklərini təsdiqləyirdilər.

Qırx illik ömründə yalnız həqiqəti danışan Məhəmmədül-Əmin indi durub Allahın adından yalan danışası deyildi ki... Şübhəsiz, artıq gözlənilən an gəlmişdi.

Əbu Bəkir heç nə hiss etdirmədən onların könlünü alıb yanlarından uzaqlaşır. Əbu Bəkir qüdrətli adam idi və onun bu məsələni həll edəcəyinə inanırdılar. Buna görə də heç nə demədilər.

Əbu Bəkrin Varaqa ibn Nəvfəlin yanına gedib vaxt itirməyə halı yox idi. Ümidləri, sanki, gerçəkləşirdi, yuxularında qulağına pıçıldayan Şəxsə[7] vəzifəsini təbliğ etmək əmr edilmiş, həqiqəti açıqlamaq zamanı da gəlib çatmışdı. Və birbaşa Hz. Xədicənin evinə yollanır. Tale onu bir yola qoymuşdu, o da əmin addımlarla bu yolda addımlayacaqdı.

Əbu Bəkir çox keçməmiş Hz. Xədicənin qapısını döyürdü. Qapını açan aradığı şəxs idi. Bu simada yalan ola bilərdimi heç? Marağından az qala çatlayırdı, amma əmin olmaq üçün əvvəlcə məsələyə bir az məsafəli yanaşır:

− Ey Məhəmməd! Sən camaatın adət-ənənələrini tərk edib babalarının dinindən əl çəkmisənmi?

Allah Rəsulu (s.ə.s.) köhnə dostu ilə necə davranacağını çox yaxşı bilirdi. Onu yaxşı tanıyırdı:

− Mən Allahın Rəsuluyam, ey Əbu Bəkir, − deyir, sonra da əlavə edir:

− Allah Risalətini təbliğ etmək üçün Məni sənə və bütün insanlara Peyğəmbər olaraq göndərdi. Səni də Ona dəvət edirəm. Vallah, ya Əbu Bəkir, səni dəvət etdiyim Allah Haqdır. O, bənzəri olmayan yeganə Təkdir. Biz Ondan başqasına qul ola bilmərik... Gəl sən də Allaha iman gətir...

Əbu Bəkir hələ də ehtiyatı əldən vermir, qənaətini daha da qüvvətləndirmək istəyirdi. Buna görə:

− Yaxşı, bu məsələdə dəlil-sübutun nədir? − deyə soruşur.

Risalətlə ucaldılan Sevgili Sultan da onun halını anlamışdı və aydın idi ki, anladığı dildə danışmaq istəyirdi. Onu heyrətə salan cavab lazım idi. Buna görə:

− Yəməndə rastlaşdığın yaşlı adam, − cavabını verir.

Onun Yəmənə getdiyini eşidə bilərdi, amma Yəməndəki yaşlı adamı haradan bilə bilərdi? Yoxsa aralarındakı söhbətdən xəbərdar idi? Bu qədərini bilən, əlbəttə, öz mövqeyindən də  xəbərdar idi. Yenə də təmkinli olmalı idi. Özünü toplayır və əlavə edir:

− Yəməndə o qədər yaşlı adamla rastlaşdım ki!...

Bu, Əbu Bəkirin “Hansından bəhs edirsən?” mənasında vaxt qazanmaq həmləsi  idi. Ancaq qarşısında nəbzinin döyüntülərindən də xəbərdar olan bir Mürşidi-Kamil dayanmışdı və sözü əyib-bükmədən nəticəni ortaya qoyacaq, son həmləsini edəcəkdi. Dodaqlarından bu kəlmələr süzülür:

− Sənə o beytləri verən qoca.

Bundan böyük əlamət ola bilməzdi. Bütün vücudunu heyrət bürümüş, bir söz deməyə halı da qalmamışdı. Yalnız:

− Bu xəbəri sənə kim verdi, ey sevgili dostum? − deyə bilir.

Cavabı:

− Məndən əvvəlkilərə də gələn o böyük mələk, − şəklində idi. Daha Hz. Əbu Bəkir üçün bir iş qalmamışdı. Əllərini uzadıb:

− Uzat əllərini, Sənə beyət edəcəyəm, − deyir bütün səmimiyyəti ilə. Sonra da riqqət dolu səslə könlünün həyəcanını hayqırır:− Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də, şübhəsiz, Onun Rəsulusan...[8]

Bəli... Əbu Bəkir də təslim olmuşdu... Bu, ayrılmaz, sağlam bir təslimiyyət idi və axtardığını tapmağın sevinci ilə gözlərində yaş çağlamışdı, artıq göz çeşmələrindən də qətrə-qətrə  səadət damcılayırdı.

Əlbəttə, sevincdən ağlayan təkcə Əbu Bəkir deyildi. Evinin gülü Hz. Xədicə gənc Zeyd və əmisi oğlu Əlidən sonra bir könül də hüzuruna gəlib müsəlman olmuşdu. Məkkə dağları arasında heç kəs Rəsulullah qədər sevincli-sürurlu deyildi, ola bilməzdi də...

O günədək onsuz da iman etməyə hazırlaşan Hz. Əbu Bəkir (radiyallahu anh) o qədər sürətlə qərar vermiş və o qədər asan iman gətirmişdi ki, gün gələcək Allah Rəsulu (s.ə.s.) bunu belə ifadə edəcəkdi:

− Əbu Bəkirdən başqa kimi İslama dəvət etmişəmsə, bir müddət çəkinmiş, qətiyyətsizlik və tərəddüd göstərmişdir. O isə məsələni açar-açmaz heç tərəddüd etmədən qəbul etdi.[9]

Şübhəsiz ki, Əbu Bəkirin müsəlman olması xəbəri dərhal yayılmış və sözün əsl mənasında Məkkəni sarsıtmışdı. Necə ola bilərdi ki, məsələnin həllini həvalə etdikləri adam gedir və  mövqeyini  dəyişdirirdi? Deməli, məsələ göründüyündən də ciddi idi.

Artıq Məkkədə özünü başqalarının imanına həsr etmiş bir Rəsul və Onunla ölümə belə getməyə gözünü qırpmadan and içmiş səhabələri vardı. O, ətrafında halqalanan camaatına Allahın ayələrini oxuyur, həqiqətə susayan könüllərə hikmət və kitabı öyrədirdi.[10] Onlar isə ən dəruni hislərlə Rəsulullaha üz tutmuş, qəlb qapılarını hikmət şəlalələri kimi axıb gələn bəyanlara açaraq imanda dərinləşdikcə dərinləşir, kamillik zirvəsinə addımlayırdılar.[11]

Zübeyr ibn Avvam

Hz. Əbu Bəkirin İslamı qəbul etməsindən bir neçə gün keçmişdi ki, Rəsulullahın hüzuruna təxminən on beş yaşlarında[12] gənc bir oğlan gəldi. Bu cavan Allah Rəsulunun bibisi Safiyyə binti Abdulmuttalibin oğlu Zübeyr ibn Avvam idi. Bu gəliş onun üçün dönüşsüz bir gəliş idi və Zübeyr Allah Rəsuluna o qədər yaxın olacaqdı ki, bir gün Allah Rəsulu onun haqqında:

− Hər peyğəmbərin bir həvarisi var, mənim həvarim də Zübeyr ibn Avvamdır, − buyuracaqdı.

Məkkənin çətin günlərində vahid bir cəbhəyə çevrilmiş azğın müşriklərə qarşı Allah yolunda ilk dəfə qılınc çəkən də o olacaqdı. Bir gün Məkkədə Peyğəmbərimizin müşriklər tərəfindən həbs edilməsi xəbəri çıxmış və qısa vaxtda şəhərə yayılmışdı. Psixoloji bir müharibə aparılırdı və həmin vaxtlar da cəmiyyətə hökm edən insanlar müəyyən şayiələr çıxarıb insanları istədikləri istiqamətə yönəltməyə  çalışırdılar.

Xəbəri eşidər-eşitməz yaydan çıxan ox kimi yerindən sıçrayan gənc Zübeyr qılıncını çəkib deyilən yerə tərəf qaçacaqdı: Rəsulullaha toxunmağa kimin həddi çatardı? Ona toxunan əllər qırılmalı, uzanan dillər də kökündən qoparılmalı idi. Zübeyr izdihamı yara-yara  Məkkənin yuxarı məhəllələrinə qədər gəlmiş və ildırım sürəti ilə hədəfə doğru gedirdi. Birdən:

− Sənə nə olub, ey Zübeyr? − nidası ilə diksinir. Allah Rəsulu idi, halbuki Zübeyr: “Onun başına bir iş gələr,” − deyərək gəlmişdi. Dərhal səsin gəldiyi tərəfə dönür. Rəsulullah (s.ə.s.) bütün əzəmət və heybəti ilə qarşısında dayanmışdı. Deməli, müşriklər yenə yalan danışmış və yenə möminlərin əhvali-ruhiyyəsinə  zərbə vurmağa çalışmışdılar. Əvvəlcə dərindən nəfəs alır və sonra da:

− Sənin  həbs edildiyini eşitmişdim, − deyə bilir.

Bu həssaslıq təqdirəlayiq idi və Peyğəmbərimiz də əvvəlcə ona təşəkkür edib bu həssaslığının əhəmiyyətini yanındakılarla bölüşəcək, sonra da mübarək əllərini qaldırıb həm Zübeyr, həm də əlində gəzdirdiyi qılınc üçün dua edəcəkdi.[13]

Kəbədəki bütlər

Yer üzündə Allah üçün inşa edilən ilk bina Kəbə zaman keçdikcə əsl mahiyyətindən uzaqlaşdırılmış, bütlərlə doldurulmuşdu. İnsanlar özlərindən heç cür uzaqlaşdıra bilmədikləri ibadət duyğusunu əlləri ilə düzəltdikləri taxta və daş parçalarının qarşısında dayanıb təmin etməyə çalışır, mühüm qərarları verməmişdən əvvəl bunların yanına gələrək püşk atır, şükürlərini bütlərə qurban kəsməklə yerinə yetirdiklərini düşünür və qorxduqları vaxt da yenə onların yanına getməklə yüngülləşməyə çalışırdılar.

Əksəriyyət etibarilə, bu bütlər onların nüfuzlu dədə-babalarının heykəlləri  idi. Əvvəllər hörmət əlaməti olaraq Hubəl, Nailə, İsaf, Lat kimi məşhur bütlərin yalnız rəsmlərini çəkirdilər, sonralar heykəllərini də düzəltməyə başlamış və beləliklə, onları da öz saxta ilahlarının cərgəsinə qoyub tanrılara çevirmişdilər.

Allah Rəsulu Məhəmmədül-Əmin isə bütpərəstlik düşüncəsini aradan qaldırıb həqiqi tövhid inancını inşa etmək qayəsi ilə gəlmişdi. O hələ peyğəmbərlik verilməmişdən əvvəl də bunlara etiraz edir və qətiyyən onlardan bir təmənna ummurdu. Gənclik illərində də əmilərinin və bibilərinin təkidinə baxmayaraq, onların bütlərlə bağlı dediklərini heç vaxt yerinə yetirməmiş və onlara da etdiklərinin (bütə sitayişin) pis olduğunu söyləməkdən çəkinməmişdi.

İndi isə O (s.ə.s), peyğəmbərlik vəzifəsi verilmiş bir şəxs idi, həm də hər kəsin intizarla gözlədiyi Son Peyğəmbər! Kəbəni ilk günkü təmizliyinə məhz O qovuşduracaq, ilah kimi qəbul edilib ora yerləşdirilən saxta məbudları (bütləri) “taxtından salaraq” insanları haramlardan uzaqlaşdıracaqdı.

Ancaq bütün bunların baş verməsi üçün zaman lazım idi. Çünki milçəkləri öldürub bataqlığı qurutmaqla və məsələni kökündən həll etmək mümkün deyildi. Onunla birlikdə gələn ilahi bəyan təkcə Kəbədəki deyil, bütün dünyadakı bataqlığı qurutmaq amalına xidmət edirdi. Buna görə də hislərə qapılıb məsələni çıxılmaz vəziyyətə salmağın bir mənası yox idi.

Lakin Rəsulullahın (s.ə.s.) Hz. Əli və Hz. Zeyd kimi yaxınları ilə birlikdə Kəbəyə daxil olanda oradakı bütlərə qarşı davranışı zamanın dözülməzliyinə rəğmən, səbrin nə qədər çətin olduğunu göstərirdi. Belə ki, Rəsulullah (s.ə.s.) Zeyd ibn Harisə ilə Kəbəyə girəndə gördüyü bütlərdən narahat olmuş, əlinə götürdüyü bez parçasını isladıb onların üstünə vurmuş və:

− Allah o insanları qəhr etsin! Necə olub ki, yaratmaq məsələsində Allahla yarışmağa bir təşəbbüs göstərir və bunları düzəldirlər, − deyə tənbeh etmişdi.[14]

Allah Rəsulunun (s.ə.s.) bu məsələyə münasibəti iki gəncin − Hz. Əli və Hz. Zeydin də diqqətindən yayınmır və onlar da fürsət tapanda heç bir faydası və zərəri olmayan bu daş və taxtalara etiraz edirdilər.

Bir gün ikisi bir yerdə Kəbəyə gəlmişdi. Çox qəribədir ki, ətrafda ikisindən başqa heç kim görünmürdü. İbrahimvari bir hərəkət etmək gəlmişdi ağıllarına... Əslində ən gözəli onları zibilliyə gömmək  idi... Amma onlar hələ bunu edəcək mövqedə deyildilər. Lakin bununla yanaşı, qəlblərində baş qaldıran dərin həyəcanı bir şəkildə ifadə etmək lazım idi... Deməli, bunlar hələ bir yol-istiqamət tapmayan hiss-həyəcanlar idi. Beləcə, gedib  bir qədər toz-torpaq və çirkab gətirmiş, Məkkə müşriklərinin böyük dəyər verdiyi bu bütləri bulaşdırmışdılar.

Səhər açılanda bütləri toz-torpaq və çirkabın içində görən Məkkə müşriklərinin başına sanki qaynar su tökülmüşdü. Bunu edənlər haqqında ən ağır ittihamlar səsləndirir, digər tərəfdən də:

− Bunları bizim tanrılarımıza kim etdi? − deyə deyinir, onları süd və su ilə yuyur və danışmağa dili və düşünməyə beyni olmayan bu şüursuz daş və taxta parçalarından üzr istəyirdilər.[15]

 O günə kimi, bəlkə də, heç belə davranmamışdılar, deməli, bu cür hissi davranış Məkkə müşriklərini təhrik edir və onların köhnəlmiş fikirlərə daha çox sarılmasına, sahib çıxmasına və qarşıdurmanın körüklənməsinə səbəb olurdu. Elə isə bu yol məqbul deyildi. Məsələnin fərqinə varılarsa,  bu, onları da təhrik edər  və (haşa) Allaha qarşı uyğun olmayan hərəkət və davranışa sövq edərdi. Artıq müşrik­lər də söylənməyə başlamışdı və açıq-aşkar təhdid edirdilər:

− Ey Məhəmməd! Ya Sən bizim tanrılarımız haqqında pis söz deməkdən əl çəkəcəksən, ya da biz Sənin Rəbbin haqqında ağlımıza gələni deyəcəyik.

Vəziyyət yenə gərginləşirdi ki, Cəbrailin yeni bir bəyanla gəlməsi xəbəri ətrafa yayılır. Gələn ayə açıq-aşkar bunu ifadə edirdi:

− Onların Allahdan başqa “tanrı” deyə yalvardığı ilahlara həqarət etməyin ki, onlar cahillik üzündən həddi aşıb Allahı təhqir etməsin və pis sözlər deməsin![16]

Artıq bu ayə bütlər mövzusunda fasilə vermə əmri idi və bundan sonra məsələ kökündən həll edilənə qədər bir daha bu səviyyədə gündəmə gəlməyəcəkdi. Çünki Allah hər kəsə öz etdiklərinin özlərinə bər-bəzəkli göstərildiyini bəyan edir və başqalarının bütləri ilə məşğul olub vaxt itirməməyi vurğulayırdı.



[1]. İbn Abdilberr, İstiab, 3/1096
[2]. İbn İshak, Sire, 2/118
[3]. İbn Hibban, Sahih, 1/63
[4]. Halebi, Sire, 1/436. Aradan bir müddət də keçəcək, Əbu Talibin digər oğlu Cəfər də müsəlman olacaqdı. Əbu Talib onun da  namaz qıldığını bilincə: “Əmioğlunun (Rəsulullahın) yanında, sol tərəfində qıl,” − deyə onu təşviq edəcək, digər oğlunun da müsəlman olmasını qeyri-adi qarşılamayacaqdı.
[5]. Bunları dedikdən sonra, Afıf ibn Ömər: “Kaş ki onların dördüncüsü mən olyadım,” − deyəcək, ilk günlərdə iman gətirmə fürsətini əldən vermənin üzüntüsü ilə qovrulacaqdı. Bax: ibn Sa’d, Tabakat, 8/18
[6]. İlk günlərdə namaz iki rükətli idi; günəşin doğmasından əvvəl və axşam günəş batdıqdan sonra qılınırdı. Müşriklərin hədəfinə çevrilməmək üçün çox vaxt gizli və tənha yerlər seçilir və qədir-qiyməti bilinməyən bir dövrdə ibadətlər gizlicə əda edilirdi.
[7]. Hz. Əbu Bəkir (r.a.) bir gün yuxusunda Məkkə üzərinə enən bir ay görmüş və bu ayın bir parçasının bütün Məkkə evlərinə girdiyinə şahid olmuşdu; hər evə o aydan bir parça işıq girirdi. Daha sonra sanki Əbu Bəkir bütün bu işıq şüalarını öz qucağında toplamışdı. Oyananda bu yuxunu müdriklərə danışmış və onların yozumlarında yeni gələcək bir Peyğəmbərdən bəhs edildiyini eşitmişdi. Onun zühur vaxtının çox yaxınlaşdığı bildirilmiş, bu günlərdə də özünün Ona köməkçi olmaqla ən bəxtiyar insan olacağı şəklində izahlara şahid olmuşdu. Bax: Süheyli, Ravdü’l-Ünf, 1/165
[8]. Bax: Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/415. Hz. Əbu Bəkirin müsəlman olmasından danışarkən bəhs etdiyimiz bu hadisə xatırladılmadan onun birbaşa məscidə gəlməsi, insanların danışdıqlarının doğru olub-olmadığını soruşması və aldığı cavabların qarşısında tərəddüdsüz dəvəti qəbul edib müsəlman olması ilə bağlı da rəvayətlər var. Bax: ibn Sa’d, Tabakat, 3/171
[9]. İbn Hişam, Sire, 2/91; Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/415
[10]. Bax: Cumuə, 62/2
[11]. Bax: “Ənfal” surəsi, 8/2
[12]. Müsəlman olarkən Hz. Zubeyrin on iki və ya on altı, yaxud da səkkiz yaşlı olması ilə bağlı rəvayətlər var. Bax: İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/307
[13]. Bax: Beyhaki, Sünenu’l-Kubra, 6/367; ibn Ebi Şeybe, Musannef, 5/344
[14]. Peyğəmbərimizin Hz. Əli ilə birlikdə bura gəldiyi bir vaxtda əmisi oğlunun Kəbənin damındakı bir bütü qırmasına heç nə deməməsi şəklində rəvayət də var, Bax: Heysemi, Mecmaü’z-Zevaid, 6/23
[15]. El-Hindi, Kenzu’l-Ummal, 14/107 (38084)
[16]. Bax: Ənam, 6/108; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, 224, 225. Bu ayənin Məkkə böyüklərinin Əbu Talibin yanına vəfatından əvvəl gələrək vasitəçi olmasını istəməsi ilə bağlı nazil olması şəklində də rəvayət var. Bax: Vahidi, q.o.ə. s. 225