1. 418 dəfə oxunub ,   0 şərh   Çap et

Müsəlman asqıranda “Əlhamdulilləh” deyir. Yanındakı müsəlman da “Yərhamukallah – Allah sənə mərhəmət etsin” – deyə dua edir. Asqıran adam da: “Yəhdinə və yəhdikumullah – Allah bizi də sizi də hidayətdən ayırmasın” – deyə cavab verir.
Asqıran adam ətrafdakıları narahat etməmək üçün üzünü tutub səsini qısmalı və başını sağa-sola çevirməməlidir.
Əbu Hureyrə (radiyallahu anh) Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Müsəlmanın müsəlmanın üstündə altı haqqı var:
1. Ona rast gələndə salam ver,
2. Səni yeməyə dəvət etsə, get,
3. Səndən nəsihət istəsə, nəsihət ver.
4. Asqırıb Allaha həmd-səna edərsə, “yərhamukallah” de.
5. Xəstələnəndə, baş çək.
6. Vəfat edərsə, dəfnində iştirak et.”
Əbu Hureyrə (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: “Asqıran şəxsə təşmid et, üçdən çox asqırsa, artıq o zökəm olub.”
Əbu Hureyrə (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql edir:
“Allah sizin asqırmağınızı sevər, əsnəməyinizdən xoşlanmaz. Kim asqırar və Allaha həmd edərsə, bunu eşidən hər müsəlman “yər­hamukallah” deməyə borcludur. Ancaq əsnəmək isə şeytandandır. Kimə namazda əsnəmə gəlsə, mümkün qədər özünü saxlasın və “hah” deyə əsnəmə səsi çıxarmasın. Çünki bu, şeytandandır, şeytanın ona güldüyünü göstərir.”
Əbu Hureyrə (radiyallahu anh) deyir: Rəsulullah əleyhissəlatu vəs­sələm asqıranda üzünü əlləri ilə və ya paltarının kənarı ilə tutub səsini qısardı.
Həzrəti Ənəs (radiyallahu anh) rəvayət edir: “Rəsulullahın yanında iki adam asqırdı. Peyğəmbərimiz bi­ri­nə təşmid etdi (yəni “yərhamukallah” dedi), digərinə təşmid etmədi. Niyə belə etdiyini soruşanda:
– Bu, Allah-Təalaya həmd etdi, o biri isə Allah-Təalaya həmd etmədi! – cavabını verdi”.
Əbu Musa (radiyallahu anh) nəql edir: “Yəhudilər Rəsulullahın hüzurunda qəsdən asqırar və “yərhamukallah” deməsini gözləyərdilər. Rəsulullah isə onlara: “Allah sizə hidayət versin və ağlınızı islah etsin” – deyərdi.



Açar sözləri

təşmid ədəbi

Şərh yaz